post-title

Müsəlmanın günahı nədir?

Bu ilin əvvəlində “Şarli Hebdo” karikatura jurnalına hücum təşkil edilib jurnalistlər qətlə yetiriləndə, bütün dünyanın gözü müsəlman dünyasına zillənmişdi. İndi də düyünlü qaşların altından eyni cür baxışlar zillənib. Və bu dəfəki Paris faciəsinin miqyası daha böyükdür - 150-dən çox ölü, onlarla yaralı var.

Barbarların terror aktlarından ən böyünü törətdiyi ünvan əlamətdardır: Parisin ən böyük prospektlərindən biri olan Volter prospektindəki teatr binası. Dünən tamaşaya baxmağa gələn 100-dən çox adam qətlə yetirilib, onlarla da yaralı var. Digər iki faciə isə restoranda və stadionun yaxınlığında törədilib. Futbol matçını izləməyə  gələn Fransa prezidentini və nazirləri stadiondan təxliyyə ediblər, gecə Parisdə insanlara küçəyə çıxmamaq göstərişi verilib. Fransada fövqəladə vəziyyət və matəm elan edilib. 
 
Kinoda belə şeyləri görsək inanmarıq, amma elə bil dövrə gəlib çıxmışıq ki, reallıq kino fantaziyalarını aşır.  
 
Terror hadisələrinin arxasında İŞİD, ya da hansısa bir radikal islamçı təşkilatın olduğu güman edilir. Əslində, artıq bu tip faciələr baş verəndə, əksəriyyət onların arxasında fanatik islamçıların durduğuna şübhə belə etmir. Çünki bu, artıq normaya çevrilib və bu çox şey deməkdir... 
 
Dünəndən Azərbaycanda da sosial şəbəkələrdə müzakirələr, daha doğrusu mübahisələr gedir. Ortadakı mənzərə elə terror mühitini xatırladır. Əsasən iki tərəf var və bir-birlərini ittiham edirlər. Bir tərəf Avropa və avropalıları göylərə qaldırıb, müsəlmanları heç nəyə yaramaz orqanizm adlandırır, onları Avropadan qovmağın vacibliyindən dəm vurur, digər tərəfsə təqribən belə deyir: “Əcəb olur avropalılara, Suriyada, İraqda milyonlarla adam öldürüləndə heç kimin cınqırı çıxmır, amma Parisdə 5-10 nəfər öldürüləndə haray-həşir ərşə qalxır, Parisdə öldürülənlər adamdı, o birilər adam deyil? Vaxtında imperialistlər bu ölkələri çapıb talamasaydılar, indi başlarına belə işlər gəlməzdi...”
 
Bunlar bəzi “facebookçu” azərbaycanlıların məhdud və xırda faşizm ritorikasıdır. Qəti və barışmaz “facebookçu” azərbaycanlı bu çıxışlarında bəyənmədiyi digər tərəfin mövcud olmamasına haqq qazandırır...
 
Amma bu qəbildən olan adamların xırda inkvizisiya bəyənatları nə qədər dayaz olsa da, terror mühitinin doğurduğu fenomendir. Güzəşt və həmrəylik yoxdur, diskriminasiya və qisas hissi var! 
 
Terror - xaos yaradaraq istəyinə nail olmaq istəyənlərin əlində böyük silahdır. Terroru fanatiklər törədirlər. “Fanatiklərinin cilovu çox vaxt fırıldaqçı adamların əlində olur, onların əlinə xəncəri də bunlar verirlər” (Volter). 
 
Xaos olan yerdə sağlam məntiq, həmrəylik və təmkinlilik görmək qeyri-mümkündür, əsəblər tarıma çəkilir, gərginlik artır, aqressiya baş qaldırır. 
 
Parisdə dünən baş verən hadisə də fırıldaqçıların və dələduzların işinə yarayacaq. Terror baş verən kimi Avropa ölkələri sərhədlərini bağlamağa başladı. İndi çox güman müsəlman ölkələrindən olanların Qərb ölkələrinə getmələri daha da çətinləşəcək. Bu da öz növbəsində təhsil, səhiyyə dalınca gedənlərin də sayına təsir edəcək, inteqrasiya zəifləyəcək. Ölkələrindən Avropaya pənah aparan on minlərlə qaçqın və mühacirə münasibətin necə olacağı naməlumdur. İndi  Avropada faşistlərin önü açılacaq. Qısası, gələcək qaranlıqdır...
 
“Şarli Hebdo” jurnalına təşkil edilən hücumdan sonra müsəlman əsilli Qərb yazarları ortaya vacib bir fikir atmışdılar. Fikrin məğzi beləydi ki,  müsəlmanların adının terrorçu kimi çıxmasında, İslamın terrorla eyniləşdirilməsində mülayim müsəlmanların da müəyyən qədər rolu var. 
 
Bu rol nədən ibarətdir? Tamaşaçı olmaqdan!
 
Özündə məsuliyyət hiss edən, terrorun düzgün olmadığını, günahsız insan ölümünün cinayət, bəşəriyyəti öldürməklə tən olduğunu düşünən, İŞİD-in əsl İslam olmadığını deyən hər bir inanclı, ayıq müsəlman sadəcə tamaşaçı olmaqla kifayətlənməməli, bunlarla real və ardıcıl şəkildə mübarizə aparmalıdır. Yalnız bundan sonra indiki qaranlıq mühiti aydınlatmaq olar.
 
Əlbəttə ki, bir fransız bir müsəlmandan artıq deyil, bütün insanlar bərabərdirlər. İraqda, Əfqanıstanda, Suriyada qətlə yetirilən müsəlmanın da canı candır. Onun da yaşamaq hüququ əlindən alınıb və bu, ədalətsizlikdir. 
 
Amma sual olunur.
 
Allahına, dininə inanan, sakitcə ibadətiylə məşğul olan müsəlman bunun qarşısını almaq üçün nə edir? Axı belə müsəlmanların sayı az deyil, milyarddan çoxdur. Bəs niyə səsləri eşidilmir? Nəyə görə yalnızca arada bir “bu, əsl islam deyil” deməklə kifayətlənirlər? Nəinki hansısa uzaq ölkədəki hadisəyə münasibət bildirirlər, özlərinin ölkəsində, şəhərində, kəndində baş verənlərə də biganə yanaşırlar. 
 
Bir çox faciələrə səbəb olan da bu biganəlikdir.
 
Sual olunur. 
 
Nəyə görə, sekulyar Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətindən savayı (islamçılar hakimiyyətə gələndən sonra bu ölkənin də üzərini qara buludlar alıb), bütün müsəlman ölkələrində despotizm, avtoritarizm, feodal zehniyyət və gerilik hökm sürür? Beş, altı varlı ərəb ölkəsi var, onlar heç özlərinkinin əlindən tutmurlar, əksinə açıq-aydın terrora sponsorluq edirlər. Şiyə İranı şiyə qardaşı adlandırdığı milyonlarla azərbaycanlıya öz dilində məktəb açmağa icazə vermir, əksinə bu ölkədə azərbaycanlılar daim təhqir olunurlar. Nəyə görə əksər müsəlman ölkələrində xalqla hakimiyyət arasında nökər naib münasibətləri hökm sürür? Nəyə görə 100-150 fransızın ölümü milyonlarla müsəlmanın ölümündən daha böyük ajiotaja səbəb olur? 
 
Böyük problemlərin açarı sıravi müsəlmanın əlindədir, amma o nədənsə hər şeyə biganədir, onun üçün günahı kiminsə boynuna atmaq daha asandır. Hər dəfə bu tip terror hadisələri olanda real fəaliyyət əvəzinə, bəraətlər, bəhanələr və konspirologiya nəzəriyyələri işə düşür: masonların işidir, Amerikanın, Rusiyanın əli var...
 
Ola bilsin, kimlərinsə əli var, ola bilsin, bunlar müsəlmanları gözdən salmaq üçündür. Bəs sıravi müsəlman bunun qarşısını almaq üçün nə edir? Sayları Milyard Yarımdan çoxdur, bu nəhəng rəqəmdən az qala adamın dili uçuqlayır, amma fəaliyyət sıfıra bərabərdir.  
 
Çox uzağa getməyək, elə götürək Azərbaycanı. Ölkədə sovetlərin qoyub getdiyi sekulyar irs zəifləməyə və din güclənməyə başlayanda, dindarların küçələrə çıxmasının ilk səbəblərindən biri yetkinlik yaşına çatmayan məktəbli qızlara hicab taxmaq üstündə idi. Körpə balalar hicab taxsın deyə, həbsxanaya çürüməyə gedənlər oldu. Bəs təhsil, mədəniyyət, elm, gələcək? Bütün bunlar, uşaqların gələcəyi vacib deyil? Savad, bilik, texnologiya lazım deyil? Niyə indiyə qədər təhsilə, mədəniyyətə, elmə, irfana görə küçələrə çıxan olmadı, ancaq yetkinlik yaşına çatmayan uşaqların hicab taxmasına görə oldu?
 
Sizcə də burda bir problem yoxdurmu?
 
Bu problemləri kim həll edəcək? 
 
Cənnətə düşmək üçün dünyanı cəhənnəmə döndərənlərin qarşısını doğrudanmı alan olmayacaq?
 
Cəhənnəmdə gülə-gülə oyun oynayan uşaqlar təsəvvür edə bilirsinizmi? 
 
Cavid Ramazanlı
 
Qaynar.info 
Yuxarı