post-title

Ağalar Qut: Son vaqona minmə, ay kişi, deyənlərə cavab

İslam ərəb matriarxat kultuna qarşı yarandığı üçün, o, yarandığı gündən qadınlara, qadınlığa, qadın mövqeyinə qarşı düşmən münasibətdə olmuşdur. Yeni yaranmış islam ideologiyası ərəb matriarxatını məhv etməyə çalışmış, qadın cinsinin özünə də az qala düşmən kəsilmişdir.

 

“Sonuncu vaqona kişilər minməsin” dini təklifinə qarşı mənim “Aralı dur, ara burax!” sivil təklifim.

"Bir saqqallı islamçı özünün dişi ehtiyacını həll edə bilməmiş kişidir. Çadraya bürünmüş dişinin ağlında isə kişidən başqa heç nə yoxdur.

Ayıb sayılan insani qüsurlar tarixən hər yerdə eyni olmamışdır, indi də eyni deyildir; sözgəlişi, qədim yunan kulturasında şəhvət yox, qarınqululuq əsas insani nöqsan sayılırdı; əski türklərdə, o cümlədən də bizim islamdanqabaqkı keçmişimizdə ən əsas insani nöqsan qorxaqlıq idi. Şəhvət, seksuallıq, qadın məsələləri ərəblərin islamına yoluxmağımızdan qabaq heç vaxt bizim kulturamızın əsas problemi olmayıb, heç indi də o qədər deyil.

İslam ərəb matriarxat kultuna qarşı yarandığı üçün, o, yarandığı gündən qadınlara, qadınlığa, qadın mövqeyinə qarşı düşmən münasibətdə olmuşdur. Yeni yaranmış islam ideologiyası ərəb matriarxatını məhv etməyə çalışmış, qadın cinsinin özünə də az qala düşmən kəsilmişdir.

İslam öz tarixi ənənəsinə sadiq qalaraq indi də qadın problemini o dərəcədə qabardır ki, sanasan, bu təlim qadın oxu üzərində fırlanır. İslamda qadın məsələsi o dərəcədə mərkəzdə dayanır ki, islamçılar öz qadın təsəvvürlərinə bir sıra düzəlişlər edə bilsəydilər, bütün dünyada islam problemi azalmış olardı.

Azərbaycanda öz qadın problemlərini həll etməmiş gənclərin bir hissəsi indi seksual manyak, bir hissəsi araq içib intihar etmək istəyən “şair” və “yazar” (melanxolik-bohemiyen həyat tərzi), bir hissəsi də saqqallı islamçı olur.
Bir saqqallı islamçı özünün dişi ehtiyaclarını həll edə bilməmiş kişidir. Çadraya bürünmüş dişinin ağlında isə kişidən başqa heç nə yoxdur.

İslamçılar körpə qızları çadraya bükürlər ki, onlara qarşı şəhvət oyana bilər. Əsas kitabları Quranda qadın ikinci sort insan cinsi yerinə qoyulur, döyülməkləri tapşırılır, bir kişi bir neçə qadın alır və s. Özlərinə nümunə götürdükləri peyğəmbərlərinin isə şəxsi qadın reputasiyası dillərdə dastandır… Bütün bunları nəzərə aldıqda, islamçıların modern kişi-qadın problemlərinə düzgün həll yolları təklif edə biləcəklərinə inam azdır. Bunları ona görə yazdım ki, “Sonuncu vaqona kişilər minməsin” təklifinin arxa planını azacıq da olsa görə bilək.

Bakıda ictimai minik vasitələrində yaranan sürtünmə (petting) probleminin səbəblərindən biri insanlararası “iraqlıq” (məsafə, distansiya) anlayışının bilinməməsidir; bəzən tanımadığın, yaxınında durmaq istəmədiyin, hətta çəkindiyin bir şəxs sənin hətta ağzının içinə girə bilər, səni qucaqlaya, öpə də bilər. Fərqi yoxdur əks cins olsun, ya olmasın, bu, istər-istəməz diskomfort yaradır.
Avropa cəmiyyətlərində ictimai yerlərin çoxunda növbədə arxa-arxaya dayanmış insanların öz hədəflərinə (satıcıya, kassaya, məmura və b.) yaxınlaşdıqdan sonra növbəti şəxsin arxada bir az aralıda dayanmasını tələb edən xüsusi xətt və ya yazı olur. Azərbaycanda isə sən bəzən öz hədəfinə (satıcıya, kassaya və s.) çatırsan ki, sözünü deyəsən, sənin arxanda dayanıb hələ gözləməli olan tanımadığın şəxs artıq gəlib dayanır düz sənin böyründə, başlayır sənə baxmağa, qulaq asmağa və s.

Azərbaycanlı nazirlər və məmurlar camaatı toplu şəkildə qəbul edirlər. Təsəvvür eləyin, 50 adamın içində utana-sıxıla ayağa qalxıb problemini danışmalısan. Orda heç kim danışa bilməz. Nazirlər və başqa məmurlar ya gönüqalınlıqlarından bunu qanmırlar, ya da lap yaxşı qanırlar, ancaq bilərəkdən insanlara belə şərait yaradırlar. İnsanların privat zonasının qapalılığı və toxunulmazlığı qorunmalıdır. Bunun üçün sivil cəmiyyətlərdə iraqlıq (məsafə, distansiya) anlayışı var.
Avropa cəmiyyətləri üçün bir neçə iraqlıq ölçüsü ayırd edilir: intim iraqlıq – ailə üzvlərinin və çox səmimi dostların buraxıldığı radius, nəfəsin duyulduğu qədər ara (0-50 sm.); danışıq iraqlığı – məsələn, mağazada kassirlə aramızdakı iraqlıq, qol uzunluğu qədər ara (50 sm. – 1 m.); sosial iraqlıq – məsələn, küçədə nəsə soruşduğumuz tanımadığımız bir yoldan ötənlə aramızdakı iraqlıq (1 m. – 4 m.); publik iraqlıq – məsələn, çimərlikdə qumun üstündə çılpaq uzanmış şəxslə öz aramıza qoyduğumuz iraqlıq (4 m.-dən başlanır).

Bu iraqlıqların ölçüsü kulturadan kulturaya dəyişir. Sözgəlişi, Asiya və Latın Amerika ölkələrinin kulturası, bu sıradan bizim kulturamız da istiqanlı kulturalar olduqları üçün bu iraqlıqlar olduqca qısadır. Biz istiqanlı asiyalılar bir-birimizə əlimizlə toxunmağı, qucaqlamağı və s. canıyananlığımızdan edirik, ya da elə başa düşürük. Bir də kənd və rayon yerlərində bu iraqlıqlar daha da qısa olduqları üçün və son illər Bakıda kənd və rayonlardan gələn insanların çoxalması da bu iraqlıqları az qala yox etmişdir.

Avropa insanının soyuqqanlılığıyla yanaşı Avropada sıxlığın (hər kvadrat metrə düşən insan sayının) az olması da insanlararası iraqlıqların çox geniş olmasına imkan yaradır. Bakıda isə təkcə ictimai minik vasitələrində – avtobusda, metroda yox, bütövlükdə şəhərdə sıxlıqdır. Bu isə Bakının urbanistik baxımdan neçə illərdir düzgün genişləndirilməməsindən yaranmışdır.

Haqqında danışdığım bu iraqlıqlar fərdin toxunulmazlıq çevrələrinin (zonalarının) radiuslarıdır. Özü də təkcə əks cinsə qarşı deyildir, hamıya aiddir; təkcə seksual niyyətə qarşı deyildir, ümumiyyətlə, insanın privat zonasına girilməzliyi ifadə edir. Bunlar insanlararası ictimai sərhədlərdir. Üstəlik, icazə verilməyən privat zonaya təkcə fiziki yaxınlaşmayla deyil, baxmaqla da girmək olmaz; sözgəlişi, başqasının balkonuna boylanmaq, maşınının içində qucaqlaşanlara əyilib baxmaq, kimisə dincələrkən güdmək və s. bunlar təkcə ayıb deyil, eyni zamanda hüquqi pozuntu sayılmalıdırlar.

Sonda mənim bir təklifim var:
“Kişilər sonuncu vaqona minməsin!” aksiyasına qarşı mən “Aralı dur, ara burax!” aksiyası təklif edirəm.
Bizim istiqanlı asiyalılığımız, kəndli canıyananlığımız, Bakıdakı darlıq və s. aralı durmağı, ara buraxmağı indilik çətinləşdirsə də, mən bu problemin uzunmüddətli, başqa bir çox problemin həlli üçün də yararlı və nəhayət sivil həllini belə görürəm. Həm də düşünürəm ki, bir-birindən aralı durmaq qaydası və ənənəsi bizim bir xalq kimi sıxılmağımızı dayandırar və bəlkə də genişlənmək (ekspansiya) arzularına təkan verə bilər.

 

https://agalarqut.wordpress.com

Kultura.az

 

Yuxarı