Dünyagörüşlər, musiqi qavramları fərqlidir. Bu üzdən də kimlərsə nəyisə bəyənmir, digər tərəfi rədd edir, biri təhqir olunur, alçalır- bir sözlə meyar itir. Sonda itirən sənət olur. Məhz bunun nəticəsidir ki, hətta yemək adları ilə “şərəfləndirilən” musiqi janrı əmələ gəlib. Çox zaman məclislərdə, musiqi məkanlarında və ya dostlar arasında fikrimizi bildirməyə çəkinirik. Birdən sənin zövqün haqqında heç də yaxşı olmayan fikirlər deyildi, birdən gülən olar, ciddi qəbul etməzlər və s. Yaxşı, o zaman neyləyək, nə dinləyək, necə edək ki, hamı zövqümüzə “əhsən” desin. İstəyirəm bütün bu sualları geridə qoyaraq, hansı musiqini dinləməliyik, sualına cavab axtaraq.
Əslində, kimsənin digərinin zövqünə və istəyinə müdaxiləsi düzgün deyil. Təbii, insanın zövqü başqasının təsiri ilə formalaşmayıbsa, müəyyən çərçivələrlə məhdudlaşmayıbsa və müəyyən maraqlara tabe deyilsə...
Bəli, bir çoxları üç qara paltarlı adamın yanında ağ libas geyinməyə çəkinir. Yəni, fərqlənməməyə çalışır. Bu məqam insana öz zövqünü formalaşdırmaq və istəklərini ifadə etmək imkanını məhdudlaşdırır. Belə olan halda fərdi dünyagörüşü həmin üç nəfərin şəxsin istəklərinə (kütlə şüuru) tabe olur .
Bəziləri özünə əziyyət vermək istəmir, seçim etmədən rahat şəkildə əlinə keçəni dinləməyi üstün tutur. Zövqü formalaşdırmağın özü də bir istək, zəhmət, bacarıq və savad tələb edir. Bəzi avtomobillərdə, ictimai nəqliyyatda elə mahnılar səslənir ki, gəl görəsən. İnsanlar asan qavranılan, sadə və nəhayətdə primitiv musiqi, ritm və söz axtarışındadır. Bu qədər gərgin həyat tərzi ilə, hazırlıqsız vəziyyətdə olan adamın beyni Məhəmməd Füzulinin qəzəlini oxumaq, Qara Qarayevin, Soltan Hacıbəyovun musiqisini dinləyərək informasiya kimi qəbul etmək iqtidarında deyil.
10 ildən artıqdır studiyada çalışıram və insanların bir çox məqamlarda canlı ifa və canlı alətlə, real ifadan artıq rəqəmsal texnologiyanın imkanlarına üstünlük verdiyini müşahidə edirəm. Bu nisbət isə faizlə pisliyə doğru daha sürətlə dəyişməkdədir. Qısaca, səs necə olursa olsun bilgisayar onu istənilən formada yoğura bilir və qəlibə salır. Amma bu canlı səs deyil, onun ən azından əhvalının daşıyıcısıdır. Digər tərəfdən də aranjiman olunan musiqidə real alət ifaçılarına ehtiyac qalmır. Bu özü ifaçılıq sənətinə çox pis bir zərbə vura bilər. Bir çox maşınlarda hind ritmləri üzərində uşaq səsi ilə oxunmuş səviyyəsiz mahnılar eşitməmiş olmazsınız. Əslində bu səs, kişi səsini qadın vəya uşaq səsinə çevirən elekton süni səs effektidir. Belə bir “musiqi”ni dinləmək və ondan bu dərəcədə zövq almaq istəyinin hansı tələbatdan yarandığının fərqinə varanda heyrətə gəlirsən.
Musiqi ünsiyyət vasitəsi və insanın dünyanı duymaq, dərk etmək, dünyanın gözəllikləri ilə yaşamaq istəyidir. Biz musiqi dinləməklə, düşünməli, istirahət etməliyik. Gözumüzlə görür, burnumuzla qoxuları hiss edir, barmaqlarımızla toxunur, ayaqlarımızla məsafə qət edirik. Özü də bütün bunların ən yaxşısına, xeyirlisinə nail olmaq istəyirik.
Bəs qulağımız? Beyinə ən yaxın duyma orqanına düşmənmi kəsilmişik? O bizə necə xidmət edə bılər? Biz nələri eşidə bilərik? Musiqi insanın bütün duyğularını daha da gücləndirə və ya tam zəiflədə, yaxud öldürə bilər. İctimai həyatımızda musiqinin yeri əvəzsizdir. Musiqi insanın əhvalı ilə birbaşa təmasda olan canlı varlıqdır.
Keyfiyyətsiz, beyinləri zəhərləyən “musiqi”- səslər toplusu isə əksinə. Təsəvvür edin ki, dağıdıcı gücə malik musiqi nələr edə bilər. Biz əslində musiqi seçimi mədəniyyətini formalaşdırmaqla belə böyük gücün bizə təsirinə daha həssas yanaşarıq, həm özümüzü qorumuş olarıq həm də mənən zənginləşərik.
Özümüzə sual verək- heç kamilləşmək, inkişaf etmək üçün axtarış və mübarizə aparmısınızmı? İstər rep, istər caz, pop, klassika. Müxtəlif saytlar youtube.com, soundcloud.com, ən bəsiti google.com da musiqi janrını yazsanız istədiyiniz qədər maraqlı musiqi parçaları çıxacaq. Biri digərindən həzin və ya ritmik ola bilər.
Bir çürük meyvə yemək istəmədiyiniz kimi, musiqinin də sağlamını, xeyirlisini seçin, əhvalınızı yüksəldən, ruhunuzu təmizləyən, sağlamlığınızı möhkəmləndirən keyfiyyətli musiqi axtarın. Zövqünüzü və maraq dairənizi genişləndirin! Bu - əslində sağlam həyat tərzi, yüksək şüur formalaşdırmaq, insanın orqanizminə şüurlu yanaşması deməkdir.
Azər Hacıəsgərli
Bəstəkar