O dövrün Bakısını xatırlayanda, künc-bucaqdakı təmirsiz parklar, bağlar, sınıq-salxaq skameykalar, heykəllər, şəhərin mərkəzindəki köhnə fənər dirəkləri, tarqovının qırmızı daşları, mamırlamış fəvvarələri, səkilərdə kitab, suvenir satan nimdaş adamlar gözümün qarşısına gəlir. Bütün bunlar sanki bir gün ərzində toz kimi sovrulub yoxa çıxdı. Gözlərimizi yumub açdıq və tamamilə başqa bir Bakını gördük: qəfildən qarşımızda modern, göydələnlərlə bol, parlaq, yad və bahalı bir şəhər peyda oldu...
Bu günlərdə Orxan Pamukun “BBC”yə verdiyi müsahibəni oxuyurdum. Pamuk jurnalistlə söhbətində deyirdi ki, o, bir şəhərin 40 ildə dəyişməsinə şahid olan nadir yazıçılardandır. Əgər Parisdə, Londonda yaşasaydı, bu proses 200-250 il çəkərdi, ancaq İstanbulda yaşayıb deyə, qısa zaman ərzində, 40 ildə şəhərin tamamilə dəyişdiyini görə bilib, buna görə də özünü bir yazıçı kimi şanslı hesab edir, sonuncu yazdığı “Başımdakı qəribəlik” romanını da elə bu mövzuya həsr edib.
Pamukun fikirlərini oxuyanda gözlərimin qarşısına Bakı gəldi. Biz o dərəcədə nadir insanlarıq ki, bir şəhərin nəinki 40, cəmi 10 il kimi qısa müddət ərzində tamamilə dəyişməsinə şahid olmuşuq.
Köhnə fikirli deyiləm qətiyyən. Şəhərlərin dəyişməsi, gözəlləşməsi, proqres hər zaman yaxşıdır. Ancaq şəhərin simasının gözəlliyi daxilində əks olunmayanda, o, insanda şübhə və ögeylik yaradır. Mən müasir Bakının küçələrində gəzəndə, özümü yad hiss edirəm, özümü onun bir parçası kimi görə bilmirəm, onunla aramda ruhi bağlılıq yoxdur.
Hərdən axşamlar şəhərin mərkəzində gəzəndə ətrafdakı binaların qaranlıq pəncərələrinə şübhəylə baxıram. “Sanki bura naməlum insanların şəhəridir, - deyə düşünürəm, ya da bəlkə də heç kimin şəhəri deyil...”
Yeniyetməliyimdə mərkəzə yaxın orta məktəbdə oxuyurdum, həftənin üç günü dərsdən çıxandan sonra tarqovıda yerləşən şahmat məktəbinə gedirdim, ordan çıxanda ya Malakan, ya da Sahil bağına gedib dondurma və s. yeyirdim, axşamlar İçərişəhərdə dostlarımla futbol oynayırdım və elə bilirdim bütün şəhər mənim məhləmdir, onunla aramda belə bir doğmalıq vardı. İndi isə şəhərin mərkəzinə düşəndə tez-tez fikirləşirəm: “Nə işim var burda - podiuma çıxmışcasına əzilə-büzülə gəzən, kafelərdə oturub poza verən insanların arasında. Nə itim azıb bu yad küçələrdə, niyə burdayam?..”
Şəhərlə insanlarının ruhi bağlılığı vacibdir, bu bağlılığın ən gözəl ifadəsi isə incəsənətdir. Dünyanın ən gözəl, maraqlı şəhərləri küçə incəsənəti olan, küçələrində incəsənət yaranan şəhərlərdir. Yeniyetməliyimdəki Bakıda Xaqani ticarət mərkəzinin qarşısında pasaj vardı, yəqin, çoxlarının xatirindədir. Orda açıq havada cürbəcür rəsmlər, əl işləri, suvenirlər satılırdı, küçə rəssamları oturub sifarişlə şəkillər çəkirdilər. Bura tarqovının ən maraqlı yeriydi. Elə bir insan olmazdı ki, ordan keçəndə ayaq saxlayıb rəsmlərə, suvenirlərə baxmasın. Bakı dəyişəndə bura da qəfildən yoxa çıxdı, əvvəlcə deyəsən, rəssamları, satıcıları zirzəmilərə qovdular, sonra deyəsən, ordan da çıxardılar. Bəlkə də hələ də o zirzəmilərdədilər, orda nəynənsə qurdalanırlar...
İndi həmin pasajın olduğu məkan çıxarılmış göz yeri kimi boşdur. Təkcə bir zirzəmidə disko klub fəaliyyət göstərir, hərdən ordan aşırı makiyajlı, zövqsüzcə açıq-saçıq geyinmiş qızlar çölə çıxıb görünür, sonra da tez içəri qayıdırlar...
İstər şərqdə, istər qərbdə şəhər adına iddia edən elə bir yer tapılmaz ki, orda küçə incəsənəti olmasın. Şəhərlərin, insanların mədəni səviyyəsi fərqli ola bilər, amma həyatın qaynadığı küçədə özünü ifadə etmək, sənət yaratmaq, bunu insanlara nümayiş etdirmək və yaratdığını istəyənlərə satmaq əsrlərlə davam edən ənənədir və hətta bu ənənə bir çox şəhərlərin identifikasiyasıdır. Adlı-sanlı şəhərləri şəhər edən həm də onların küçə incəsənətidir. London meriyası hər bazar günü Hayd Parkın yerləşdiyi küçə başda olmaqla, şəhərin bir çox parklarını, bağlarını, küçələrini rəssamların üzünə açıq elan edir, kimin ürəyi istəyir burda rəsm çəkib sata bilər, beləliklə, həm sənət yaranır, həm də sənətkarlar özlərini dolandıra bilirlər.
Bəlkə uzağa getməklə hələ səhv edirəm. Bundan uzun illər əvvəl qonşumuz Gürcüstanın paytaxtı Tbilisilisinin küçələrində yoxsul bir rəssam şəkillər çəkirdi. Niko Pirosmaninin qəpik-quruşa satdığı rəsmləri çox adam başa düşməsə də, sonradan onun adı çöx böyük hörmət və ehtiramla anılmağa başladı. Bu gün isə Pirosmani primitivizm cərəyanının dahisi hesab olunur və buna görə o, gürcü xalqının fəxridir. İndi Pirosmani istənilən xarici ölkədə sıravi gürcünün vizit kartı sayıla bilər.
Bu yay Tbilisinin incəsənət muzeyində Pirosmaninin şəkillərinin orijinallarına baxanda fikirləşirdim ki, bu məftunedici gözəllik nümunələri böyük, işıqlı emalatxanalarda deyil, allah bilir hansısa küncdə-bucaqda, küçədə, kafedə necə böyük zəhmət və əziyyət bahasına, həm də böyük sevgiylə yaradılıb. Pirosmani çox kasıb ömür yaşamışdı, qəpik-quruşa satdığı rəsmləri isə bir qarın yeməyinə güclə çatırdı...
Bakı isə müasir dünyanın tək-tük böyük şəhərlərindən biridir ki, burda küçə incəsənəti adına demək olar ki, heç nə mövcud deyil. Burda küçə rəssamı, küçə yaradıcılığı adlı bir şey yoxdur. Olmaz, icazə verilmir, vəssalam!
Bizdə incəsənət başqa cür başa düşülür: bizdə qlamur, bərbəzəkli sənətsevər təbəqəylə yaradıcı təbəqə sərgi salonlarında görüşür, qırmızı şərabdan qurtumlayaraq, bir-birlərini rusca tərifləyir, nəticədə bir qism sənətlə maraqlandığını, digər qism isə sənət nümunələri yaratdığını güman edir.
Bizdə incəsənətin üzündən rifah yağır, o doyub, təmin olunub, tox və halından məmnundur...
Mədəniyyət, incəsənət müasir dövrümüzdə artıq çoxdan küçələrdədir. İndi küçələrdə sənət əsərləri yaradan Benksilərin dövrüdür. Yeri gəlmişkən, hələ Romanın dövründə sıravi xalqın siyasətçilərə, ictimai xadimlərə etiraz etmək, lağa qoymaq üçün yararlandığı qraffiti sənəti bu yaxınlarda Bakıda çox maraqlı bir mutasiyaya uğradı. Böyük ehtimal turistlərə cəlbedici görünüsün deyə, şəhərin küçələrində yuxarıların sifarişi ilə “Biləcəri” və s. kimi ifadələr yazılmış “qraffitilər” çəkilirdi. Bu məsələ haqqında çox da danışılmadı, amma məmurların sifarişi ilə qraffitilərin çəkildiyi ilk ölkə olmaq doğrudan da əlamətdar hadisə idi...
Müasir tarqovıda səkilərin kənarlarında, keçidlərdə gitara dınqıldadıb, türkcə mahnılar zarıyan tək-tük gənclər gözə dəyir. Bilmirəm onları küçə incəsənəti nümayəndələri kimi göstərmək nə dərəcədə doğrudur, ancaq sonuncu mogikanlar deyəsən, elə onlardır. Yay-qış, isti-soyuq demədən, boğazlarını yırta-yırta mahnı oxuyurlar: “Kara gözlerinden bir damla yaş düşünceeeeee....eee...”. Onları da polis tez-tez ora-bura qovalayır.
Bir yerdən qovulanda, gedib başqa yerdə bardaş qurub oxumağa başlayırlar: “Sen ağlamaaaa... Bir damla göz yaşın yeteeeeeeer...”.
Yanlarından keçənlər hərdən onların qarşısına qəpik atırlar...
Cavid Ramazanlı
Qaynar.info