Seyfəddin Hüseynlinin tərcüməsində Zaxar Prilepinin “İsti araqla dolu çəkmələr” hekayəsini təqdim edirik.
İki dostum vardı mənim: ağbəniz və qarayanız. Birinci məndən yeddi yaş böyük idi, ikinci yeddi yaş kiçik. Birinci, gecələr mənə zəng edər, həmişə də eyni sözləri deyərdi:
- Özünü vurmağa hazırlaşanda məni yığarsan, qardaş. Məndə o cür hal olub, sənə köməyim dəyər. Elə bilirsən, həmişə xoşbəxt olacaqsan? Sən cavansan, kalsan hələ. Yeddi il keçər, qara lüləni soxarsan ağzına. İri, tərli, buza dönmüş barmağını son dəfə tərpədib tətiyi sıxmazdan əvvəl, mənim dediklərimi xatırla və zəng elə.
- Mütləq, Denisciyim, lüləni soxan kimi dərhal yığaram səni – iri, buza dönmüş barmağımla.
- Həm də tərli.
İndi budur, öz məqamımı gözləyirəm, telefona baxa-baxa, barmaqlarımı bir-birinə sürtüb, onlarda buz kimi tər axtarıram.
O biri – yaşca kiçik dostum heç nə deməzdi, istehza dolu, çoxbilmiş gözlərini yuxarı dikərdi.
Başını əyəndə dinməzcə onun əmgəyinə baxardım.
- ... hə, indi nə düşünürsən? – sidq-ürəkdən soruşardı, hərçənd özü məndən də yaxşı düşünər, mənə çatmayanları da sezər, nadir rəngləri, qəribə çalarları görərdi.
- Mən, ümumiyyətlə, düşünmürəm, Saşa, – deyərdim cavabında və biz iri parçları, kiçik qədəhləri toqquşdurub çıq-çıq çıqqıldadardıq; onlar, hədsiz mehribanlığımıza görə, heç vaxt bir-birimizdən udmadığımız şahmat fiqurları kimi masanın üzərinə düzülmüş olardı.
Biz yığcam, hüznlü kitablar yazırdıq və üçümüz birlikdə Rusiyanın ən istedadlısıydıq. Ancaq birinci – yaşca böyük olan, ağbəniz və üçüncü – kiçik, qarayanız bir-birindən heç xoşlanmazdı. Əvəzində, mən onların ikisini də çox istəyirdim.
Böyük – çılğın və qızışqandı, hönkürərdi də, dalaşardı da; dağ çaylarına dov gələr, dırnaqlarıyla gen sinədə şırım açardı. Nə yardan doyardı, nə əldən qoyardı: şan-şöhrət də istərdi, səadət də, rahatlıq da, amma bunların heç birinə səbri-qərarı çatmazdı.
Kiçik – dərhal seçilirdi: gursəsliydi, məğrur gəzərdi, hər ədası eləydi ki, deyərdin, əlində görünməz bir bayraq tutub. Bu kiçiyimizin bəxtinə çox şey düşmüşdü, amma o, daha artığını istəyirdi.
Səhərim ağbənizlə açıldı – ayrı düşəndən sonra paytaxtda tapışmışdıq. Şərikli üçüncü kitabımız çıxmışdı və biz yarmarkada piştaxtaların, arakəsmələrin, stendlərin, səsgücləndiricilərin, mikrofonların arasında veyllənir, bir qəlyanaltı yerindən o birinə keçirdik.
- Əlli-əlli? – mən təklif elədim.
- Yüz-yüz, – o dirəşdi.
- Əlli, üstəlik, pivə.
- Mən pivə içmirəm.
Pivə içən deyildi o.
- Yüz-yüz, mənə həm də pivə, – sifariş verdim.
Üçüncü dövrənin tamamında kərə yağı yaxılan isti çörək kimi yumşalmışdıq. Sifətimiz işıldayırdı, başqasının payını yemiş itlər təki yalmanırdıq. Amma yenə də Denis qəti əmin idi ki, payına düşən tikə onun halal haqqıdır.
Mən, əksinə, öz gülünc həyatımın hər dəqiqəsi üçün qəhqəhə çəkib qışqırırdım: “Kiməm mən? Burda nə gəzirəm? Məni niyə çağırmısınız? Məzələnmirsiniz ki?”
Mənə çatan hər bir yaxşılıq, sevinc özümə həddən artıq böyük gəlirdi. Denis isə, öz növbəsində, qismətinə düşənlərdən narazı görünürdü.
Ola bilsin, bizim ikimizdən bir ağlıbaşında adam düzəltmək lazım idi. Hərçənd başqa yöndən baxanda, mən özümə xirtdəyəcən yetərdim, ona isə özü də artıqlıq edərdi.
Qızıl balıqlı buterbrod atışdırdıq. Denis narazı halda üzünü turşutdu: balıq düz-əməlli deyildi, nə qızıllığı vardı, nə balıqlığı.
- Özündən xoşun gəlir sənin? – onsuz da şimallılara xas biçimdə – qıyıq olan, xumarlıqdan rəngi bulanıb axşamayaxın lap qıtıqotu suyuna çalan, oynaq bəbəkli gözlərini daha da qıyıb soruşdu.
- Hm, hə! – sevincək cavab verdim. – Xoşum gəlir! Bəs sən bəyənmirsən özünü?
- Axır vaxtlar lap az, – cavabı bu olsa da, nədənsə səsinin uzaq bir çalarından elə anlaşılırdı ki, əslində özünə yox, mənə acıqlanıb.
Sonra bu duyğu keçib-getdi və biz növbəti dövrəni başladıq. Mən axsayırdım, ayağımda təzə, qəşəng çəkmələr vardı, onlar ayağımı vururdu.
Qarayanız, inqilabın yuxarıdan olmasına tərəfdar idi, mən isə aşağıdan; ağbənizin isə hər cür inqilabdan zəhləsi gedirdi.
- Sən başa düşmürsən, – deyirdi o və bu, mənə müraciətdə ən sıx işlətdiyi ifadə idi. – Hər şeyin varsa, nə hərləyirsən inqilabı?
- “Hər şeyin var”ın bura nə dəxli?
- Başa düşmürsən sən.
Gülür və artıq neçənci dəfə nəsə anlatmağa çalışırdım.
- Yaman tez-tez danışırsan, – həmişə də sözümü eyni kəlmələrlə kəsirdi. – Tez-tez və çox.
- Bəs necə olmalıdır?
- Ağlabatan şeylər danışmaq lazımdır.
- Onları da gərək tez-tez danışasan ki, çoxlu ağlabatan şeylər olsun.
Ağbəniz pis-pis güldü, gözlərindəki “qıtıqotu suyu” çalxalandı.
- Gülməlidir, – gülüşünü belə əsaslandırdı.
Bu, onun sevimli kəlməsi idi. Əslində, bu, iki ayrı kəlməydi.
Bəzən “gülməlidir”i elə yatımlı, kişiyana tələffüzlə deyirdi ki, xoş, qəşəng səslənirdi, etibar oyadırdı.
Bəzən - əvvəlcədən yanlış, xoşagəlməz bildiyi bir şeydən söhbət gedəndə - isə, “gülməlidir”i elə bil möhür kimi çırpırdı. Onda bu söz qısa və boğuq çıxırdı. Mənimlə bağlı məqamlardakı kimi.
- Gəl başqa söhbət edək, – xoş bir təklif irəli sürdüm.
- Ed-dəək! – sarsaq səslə cavab verdi, bu da onun bir başqa sevimli ifadəsi idi.
- Bu gün mağazada kişilər üçün möhtəşəm bir hədiyyə dəsti gözümə dəydi – təraş köpüyü, duş üçün gel, bir də prezervativ. – Bunu belə açıqladı ağbəniz. –Təraş olursan, duş alırsan, prezervativi taxıb çıxırsan gəzməyə – necədir? Ağlabatandır.
Onda qadınlara qarşı qızğın, şiddətli, sönmək bilməyən istək vardı. Qadınlar buna qarşılıq verməyə çox da həvəs göstərmirdilər və zənnimcə, o, arvadına bircə dəfə də xəyanət eləməmişdi.
Mən isə “qadın söhbəti”ni xoşlamıram, odur ki, dördüncü dövrə boyu kəlmə kəsmədik.
Küçəyə çıxanda ayıldıq, allanmış sifətimiz əyildi, büzüşdü.
- İyul nə gözəldir, buludlar, həzinlik... adamın gözləri axır, – sükutu bu sözlərlə pozdum. – Ayların ənənəvi adları məni bezdirib artıq. Gərək İyulun adını dəyişib “Bəyaz Qular” qoyaq. Noyabrı isə “Qara Durnalar” ayı.
- Onda belə deyə bilərik: “Bəyaz Qular” ayında özünüzü vurmayın”, – ağbəniz mənim fikrimə calaq verib, yanağındakı bir damla “qıtıqotu suyu”nu silib atdı. O, hərdən ağlayırdı; yəni bacarırdı bunu.
Günün sonrası qarayanızla keçdi.
Qarayanız, arvadından ayrılmışdı. Qadınları sevməzdi o, əvəzində, qadınlar onu birmənalı – səmimi qəlbdən sevirdilər. Siyasətin isə vurğunuydu qarayanız, siyasətə qarışmaqdan, qəfil addımlardan xoşlanırdı.
Qısa zamanda qaynar bir karyera qurmuşdu və onun qüsursuz dərəcədə gözəl çöhrəsinə, dürüst qamətinə, adamı – yetkinliyi ilə cinləndirsə də – məftun edən buratinosayağı sərt əl-qol hərəkətlərinə, özünü niyəsə siyasətçi adlandıran xortdansifətlərin yığıncağında tez-tez rast gəlmək olardı.
Qarayanız o qədər yüksəlmişdi ki, qorxurdum daha onunla əl verib görüşməyə cürətimiz çatmaz. Ancaq o axşamkı görüşümüz məni sakitləşdirdi – rahat alındı. Sadə bir səbəbdən: mən ona zərrəcə həsəd aparmırdım, amma heç o da havalanmamışdı, hələ də özünə və ətrafına istehzayla baxa bilirdi.
- Görüşümüz təsadüfi deyil! – gözlərini geniş açan qarayanız dilləndi.
Üzünün cizgiləri aramsız səyriyirdi.
Əla söz duyumu olduğu üçün bəlağətin imkanlarından bəhrələnirdi.
- Mən bu görüşdə bir məna görürəm! – qarayanız bunu deyib gözlərini qıydı və masanın üstündən mənə tərəf əyildi. – Bu gün çox qəşəng bir təklif almışam. Orda... – başıyla xəfifcə işarə elədi.
Biz Kremlə yaxın bir kafedə oturmuşduq.
Mən qarayanızın işarə etdiyi səmt üzrə çəpləndim.
- Necə bilirsən? – soruşdu məndən, bu sualı o, tez-tez verirdi, adətən, özünün nə düşündüyünü söyləməyə həvəsli olan ağbənizdən bununla da fərqlənirdi.
- Elə bilirəm, möhtəşəmdir, – tərəddüdsüz cavab verdim. – Gərək razılaşasan.
- Razılaşmışam, – qəti və təntənəli səslə dilləndi.
Qarayanız o axşam içmədi, amma biz yenə də qalxıb bir başqa kafeyə getdik, Kremldən uzaqlaşdıq ki, nəhəng daş qüllələrdən bizi dinşəyən olmasın.
Küçədə yağışa düşdük, mən damcıları sifətimə sürtdüm, qarayanız isə saçlarına çəkdi. Onun saçları üzünə tökülürdü.
Gecələmək üçün ağbənizlə bərabər tanış bir qadının evinə yollandıq, onun əri ezamiyyətə getmişdi. Bu mövzuda yüngülcə məzələnəndən sonra, dalbadal iki şüşə araq vurduq.
İçə-içə xeyli söhbətləşdik: ağbəniz əsəbi, mən dinc ovqatda.
“Gülməlidir! – ağbəniz məni dinlədikcə sıx-sıx təkrarlayırdı. – Gülməlidir!” – hey “möhür”ünü çırpırdı.
- Nədir, sən ona lətifə danışırsan? – tanış qadın dözmədi, yan otaqdan boylanıb məndən soruşdu.
- Aha, lətifədir, – deyib güldüm. – Bu öküz isə gülməyi bacarmır, ona görə də, sadəcə, sözlə deyir ki, gülməlidir, ya yox.
- İndicə rəfiqəm bizə gələcək, onu əyləndirərsiniz, – belə bir vəd eşitdik.
Ağbənizin tükü duruldu, gözlərindəki “qıtıqotu suyu” oynadı, sifəti canlandı.
Rəfiqə çox sevimli çıxdı, onu əyləndirmək elə xoş idi ki, gedib bir şüşə də araq almalı olduq.
Onlar qabaqda gedirdilər: ağbəniz təmkinli, qətiyyətli, qız isə həlim, söhbətcil idi. Mən arxada taytayırdım.
- Niyə geri qalırsan? – qız qanrılıb soruşdu.
- Təzə çəkmə almışam, ayağımı döyür, – gileyli dilləndim.
Qız ayaqqabımı gözdən keçirib dedi:
- Əla bir üsul bilirəm. Çəkmələr ayaqlarını sıxırsa, gərək onların içinə isti araq tökəsən.
Ağbənizlə bir-birimizə baxdıq.
- İsti araqla dolu çəkmələr, – təsirli bir səslə dilləndi ağbəniz.
- Hekayə üçün əla addır, – dedim mən.
- Mən yazacam birinci, mən, – ağbəniz car çəkdi.
- Yox, mən, – deyə səsləndim.
Axşamımız qəşəng keçdi, əsas da ağbəniz bizim təzə tanışımızın pəncəsinə göz yetirib lirik bir tərzdə “hər şeyin xırdası xoşdur” deyəndən sonra.
Mən o məqamda şkafdan tapıb çıxartdığım çox kiçik, üsküyə oxşar qədəhi dostuma uzatdım.
- Bu dəqiqə sənə xırdaca siqaretlər gətirərəm, sən də onları çəkib bala-bala tüstü həlqələri buraxarsan, – bunu deyəndə gülməkdən boğulurdum. – Səhər səndən ötrü xırda, barmaq başı boyda kotletlər qızardarıq. Onları yeyərsən, ayaqqabılarının xırdaca iplərini çəkib bağlarsan, bala-bala yola düşüb gedərsən. Amma gözlə, o xırdaca istedadını yolda salıb itirməyəsən...
Biz bu söhbətə xeyli gülüşdük və ağbəniz hamımızdan bərk qaqqanaq çəkdi, amma sonra qəfil məyuslaşıb zarafatı boşladı.
Gecənin yarısı qız bizi mətbəxdə araq şüşələri ilə, pendir-çörəklə bir arada qoyub çıxdı. Uzunboğazını geyməsi xeyli çəkdi, bu müddətdə ağbəniz yuxarıdan aşağı onu süzürdü.
Biz iri, möhkəm bir çarpayıda, təmiz döşəkağının üstündə, yumşaq yastıqlara baş qoyub, lap süd qardaşları kimi sakitcə uzandıq.
Səhərisi ağbəniz, gözlərindən “qıtıqotu suyu” buğlana-buğlana, məni inandırmağa çalışırdı ki, guya gecə onun başına tumar çəkib deyirmişəm: “Mənim böyük, ağbəniz dostum! Hirslənmə!”
Bir də baxdıq ki, kitab yarmarkasındayıq, orada qoşa saat əqrəbi kimi elə hey fırlanır, bərabər dövrə vururduq: ağbəniz qəti addımlarla, mən isə daha da şiddətlənən ağrıdan axsaya-axsaya, yazıq bir halda. İçimizdəki maye çalxalanıb-bulanır, dumduru gözlərimizə sıçrayırdı.
Mən dözməyib, qarayanızın məsələsini ağbənizə danışdım: qürurdan başım səhradakı qüllə kimi dikəlmişdi. “Qüllə”nin ömrü çox çəkmədi, dost uğuru haqda təmtəraqlı təriflərin ardından, ağbənizin önündə yerlə bir oldu.
- Təsəvvür edirsənmi, bu səhərdən etibarən o kimdir? – tələsik danışır, az qala ağbənizi dartıb öz sevincimə şərik eləmək istəyirdim.
- Gülməlidir, – ağbəniz dilxor dilləndi. – Heç kim idi o, elə indi də heç kimdir.
- Nə danışırsan? – doğrudan, onu anlamırdım. – Necə dilin gəlir belə deməyə? Bu ölkədə yüz əlli milyon insan var, bizim qarayanız Saşka isə indilərdə on-on iki ən vacib, ən əsas adamın sırasına qoşulur.
- Sən ki həmişə onlara nifrət edərdin, – ağbəniz cavab verdi.
- İndi də nifrətim var. Amma onların arasındakı yeganə pak adam olacaq Saşa.
- Gülməlidir, – ağbəniz elə dediyini deyirdi.
- Səfehsən də, – dedim cavabında, amma biz daha öcəşmədik, sadəcə, mən təkbaşına sevinməli oldum. Ürəyimdə xoş bir çırpıntı duyurdum.
Gün boyu ətrafımızda bir hərarət, arı yuvasındakı kimi bir qaynaşma vardı.
Növbəti dövrədə girdiyimiz kafedə televizor açıq idi və qarayanızın solğun sifətini dərhal gözüm aldı. Üzündə fotoaparatların işığı bərq vururdu, bədəninə oxlar sancılmış Müqəddəs Sebastyan kimi, neçə mikrofonun arasında qalmışdı. Qarayanızı divara qısnayanların əmələ gətirdiyi yarımdövrəyə sığışmayanlar isə fotoaparatlarını yuxarı qaldırıb onun əmgəyini – mənim lap bu yaxınlarda şəfqətlə süzdüyüm, az qala, qara zəncirotu kimi üfürmək istədiyim nöqtəni - çəkirdilər.
- Bax! Özün bax! – yenə də dayana bilməyib, ağbənizdə sevinc və doğmalıq duyğusu oyatmaq istədim. – Budur o! Odur bu! Bax, odur! Odur, bax!
Bu sevinclə biz dozanı ikiqat artırdıq və mən hər saatbaşı xəbərlərə baxmaq üçün kafeyə yüyürürdüm.
Qarayanız kabinetinə keçmişdi. Qarayanız – mikroinsult kimi xəfif sensasiya doğuran ilk sərəncamını vermişdi. Qarayanız iki nüfuzlu klan arasında qüvvələr nisbətini dəyişmişdi.
- Gördün, nə yaman oğlandır, yox? – ağbənizi dümsükləyirdim. – Axı o hələ çox cavandır! Lap uşaqdır axı!
Ağbəniz dilxor, qaşqabaqlı oturmuşdu. Ağ, ağır əlləri masanın üstündəydi. Yumruğu qeyri-iradi yığılıb-açılırdı, elə bil məni vurmaq istəyirdi, amma qəti qərar verə bilmirdi.
- Adamlar təzə-təzə torpaqda kök salıb oturuşurlar, – ağbəniz, nəhayət, dilləndi. – Bu dəmdə cavan bir əclaf çıxır ortaya, başlayır çiçəkləri tapdamağa, kökləri dartıb qoparmağa.
- Sənin köklərini niyə qoparmalıyıq ki? – məni gülmək tutdu. – İbtidai insanlarıq bəyəm? Köklərin özünə qalsın... Di bəsdir, ay ağbəniz!
Dövrə vurmaqdan əhədimiz kəsilmişdi, axşam gücümüz ancaq bir şüşə konyaka çatdı, o da iki cavan yazıçını tamam haldan saldı. Gecə soyuq olmuşdu, oyananda tər içindəydim. Tərim kəskin spirt qoxuyurdu.
Açıq televizorda gedən səhər xəbərləri günortaya doğru qarayanız dostumun dünənki təyinatı ilə bağlı hadisələrdə yeni dönüş vəd edirdi. Bəd gümanlar içində otaqda var-gəl edir, qarnımı qaşıyır, gicgahlarımı ovuşdururdum.
Ağbəniz dəli bir həvəslə duş alırdı, iti şırnaqdan tonlarca su axıdandan sonra çıxdı: təzə kələm kimi şux, təravətliydi.
Həmin əsnadaca əlində iri qırmızı bayraq tutmuş, əyninə - o incə, hündür bədəninə şıq oturan - mixəyi rəng uniforma geyinmiş gənc qarayanız az qala ekrandan çölə sıçrayacadı: bir neçə il əvvəlin çəkilişiydi.
- Bizim başçı cındırın biridir! – o, başları keçəl qırxılmış bir topa yeniyetmənin arasında bağırırdı. – Boş odekolon şüşəsi kimi iy verir bizim başçı! Binanın havasını dəyişmək lazımdır!
- Bu nədir? – kələm yarpağı qoxuyan ağbənizdə qəfil bir sevinc oyanmışdı.
Ekrandakı yeniyetmələr sısqa yumruqlarını yuxarı qaldırır, xırıltılı səslə “Rusiyaya eşq olsun” hayqırırdılar.
Qarayanızı tapdalayırdılar – mən ekranda bunu görürdüm əslində. Qarayanızı əzib toza döndərirdilər – mən bunu eşidirdim. Qarayanızın axırına çıxırdılar – bunu anlayırdım mən.
- Qətiyyən aydın deyil ki, cavan bir oğlan, belə mövqedə ola-ola, hakimiyyətə necə yol tapıb, – iynəli təbəssümünü güclə boğan teleaparıcı döşədi.
Gizli kamera ilə çəkilmiş, kim bilir, hardan tapılıb üzə çıxarılmış köhnə mitinq kadrlarının nümayişindən bir neçə saat sonra ölkədəki əsas adamın bircə işarəsi ilə mənim dostumu Kreml divarları arasından bayıra çıxarmış, evinin yanında maşından düşürmüş, elə oradaca həmişəlik unutmuşdular.
O, axşam mənə zəng vurub, harada olduğumu soruşdu.
- Mən hər zaman yanındayam, – dedim cavabında. – Gəl.
Həmin vaxt mən ağbənizlə birlikdəydim, donuz qulaqlarına və tünd içkilərə xeyli pul xərcləmişdik. Qulaqlar dişlərimizin arasında xırçıldayırdı.
Saşka restorana çaşqın və qəmgin halda girdi, mən hələ onu belə görməmişdim. Başını silkələdi, üzündə xəfif, ilıq təbəssüm yarandı. Sezdiyim bu təbəssüm istər-istəməz öz dodaqlarımda da təkrarlananda az qala ağlayacaqdım.
Ağbəniz əyilib, rahatca özünə böyük bir qədəh araq süzdü və son üç gündə ilk dəfə qədəhlərimiz çıqqıldamadı.
- Hakimiyyət kürsüsü necəydi? – ağbəniz, ovqatındakı təntənəni gizlətmədən soruşdu.
- Mən oraya dürüst getdim, dürüst də qayıtdım, – qarayanız, masadakı süfrəni uzun barmaqlarıyla sığallaya-sığallaya, toxtaq səslə dedi.
- Hə, necədir oralar? Yuxarılar çoxmu havalıdır? – ağbəniz dirəşib durmuşdu.
- Oradakılar da bizim kimi adamlardı. Ancaq daha betərdilər.
- Mən isə elə bilirəm, sizdən betəri yoxdur, – ağbəniz cavab verdi. – Görünür, on iki yaşacan sənin ayaqqabını dayə bağlayıb – öz əlindən gəlmirmiş. İndi də... Nə yaramaz adamlarsınız siz...
Ağbəniz özünə bir qədəh də araq süzdü və höcətə düşüb təkrarlamağa başladı:
- Gülməlidir. Ay əbləh, necə gülməli, necə gülməlidir.
- Bəlkə, mumlayasan sən? – təpindim ona.
- Sən kimsən e? – ağbəniz mənə girişdi. – Çezmisiniz siz, içiniz çürüyüb. Ağlaya bilirsiniz barı? Sən, axırıncı dəfə nə vaxt ağlamısan sən? – Bunu deyəndə masanın üstündən əyilib sifətimi büsbütün ovcuna almaq istədi.
Mən yayındım, belə olanda o biri əlini qarayanızın sifətinə uzatdı, yenə də alınmadı.
Yerimizdən sıçradıq, stullardan taqqıltı-guppultu qopdu, bir müddət ayaqüstə qaldıq, guya bizim masadakı hansısa gözəgörünməz müştərilərin qulluğunda durmuş ofisiantlar kimi, nəfəs almadan, diqqətli və gərgin dayanmışdıq.
- Bəs gicləmək? – ağbəniz, pıçıltıyla soruşdu. – Axırıncı dəfə nə vaxt gicləmisiniz? Bax elə sən... – deyib, iri əlini – barmaqlarının beşini də – mənə tuşladı.
Cavab verməyib masaya oturdum. Təzə çəkmələr ayağımı ağrıdırdı, dayana bilmirdim.
Qarayanızın yanağı səyridi, o da oturdu. Özünə araq süzüb, tək içdi – mən bu dəfə də kənarda qaldım. Başını aşağı əydi, əmgəyi soyumuş bürünc kimi işıldadı.
- Sən niyə məni bura çağırdın? – baxışlarını qaldırmadan, qəmli-qəmli soruşdu qarayanız.
- Məni niyə bura çağırdın sən? – baxışlarımız toqquşanda ağbəniz acıqlı-acıqlı sual verdi.
- Belə çıxır ki, anım günüdür, – deyib mən də qədəhimi toqquşdurmadan başıma çəkdim.
Dostlarım durub çıxdılar, arxalarınca baxmadım.
Ofisiantı çağırıb, boğaz ağrısından gileyləndim. Diqqətlə dinləyib, heyrət içində başını yellədi.
- Siz mənə bir şüşə isti araq gətirə bilməzsiniz? – soruşdum ondan.
- Olar, isidərik, – dedi cavabında.
İsidib gətirdilər. Çəkmələr indi ayaqlarımın yanındaydı –içiboş, sərt, peşman çəkmələr. Onları masanın üstünə qoydum, sonra da bir-bir qaldırıb içinə araq tökməyə başladım: əvvəl birinə, sonra o birinə, gah birinə, gah da o birinə. Ürək bulandıran qarışıq iy – tər, gön və araq qoxusu masanın üzərində qatılaşdı.
- Cavan oğlan, bu nə hərəkətdir? – ofisiant qadın mənə tərəf yüyürə-yüyürə qışqırdı.
Məcməyi iyrənc araqla dolmuşdu.
Yekəpər nəzarətçilər peyda olub, məni nəzakətlə qoltuqladılar. Çəkmələrim masanın üstündə qaralırdı, bir neçə dəfə qanrılıb intizarla onlara baxdım, sanki dalımca gələcəkdilər. Amma olmadı.
Ağır qapı qarşımda açıldı, od-alovun, hay-küyün, boşluğun içinə atıldım. Ayaqyalın düşdüm Moskvanın ortasına.
Bu hekayəni birinci mən yazdım. Mərci mən uddum.
Tərcümə: Seyfəddin HÜSEYNLİ
Kulis.az