Bir az geriyə gedək, Sovet dövrünə. Sovet dövründə çap edilən bütün kitabların giriş hissəsi sosial-realizm baxış bucağından analiz edilmiş mətnlərdən ibarət idi. Ön söz və ya giriş çevrilib olmuşdu idealoji-analitik mətn. O dövrdən qalmış kitablar arasında ən çox oxuduğum bədii ədəbiyyat olub. İlk dövrlərdə kitabın harasından başlamalı olduğumu bilmirdim, yəni “girişi” oxuyum ya bir başa mətnə keçim deyə tərəddüd edirdim. Təbii ki, əfəl, naşı olduğumdan bütün kitabları “girişdən” başlayaraq oxumağa başladım. Sonradan bu, xoşuma gəldi, çünki oxuduğumu rahatlıqla “anlayırdım”. Geriyə dönüb baxanda, belə etməklə səhv etdiyimi, özümü dar idealoji çərçivəyə saldığımı, düşüncə azadlığımı məhdudlaşdırdığımı, öz yolumla deyil, mənə təlqin edilən yolla getdiyim üçün mətni öz daxilimdə həll edə bilməmişəm. Peşmanammı? Hə, peşmanam, gərək kitabları girişindən oxumayardım.
O dövrün kitabları ilə təması olmayanlar üçün bir az aydınlıq gətirim. Deməli, məsələn, Cek Londonun “Martin Eden” romanını oxumaq istəyirsən. Kitabda romanla bağlı “giriş” yazan tənqidci və ya Cek Londonçu romanı sosializm baxış bucağından analiz edir. Romandakı müəyyən hissələrdən misal verərək, kapitalist cəmiyyətinin iyrənclikləri kimi təqdim edir. Siz, yəni, oxucu, romanı oxuduqca, giriş hissədə verilmiş bu yönləndirmə ilə romana yanaşır, onu başqasının baxış bucağından dərk etməyə başlayırsız. Buna uyaraq oxuduğunuz romanı anladığınızı fikirləşirsiz, amma, əslində, artıq o mətn, o roman sizin deyil, siz onu anlamamısız. Siz romanı özünüz təkbaşına həzm edə bilməmisiz. Siz, sistemlə, süni yolla qidalandırılmısız.
Bu tipli analizin digər mənfi tərəfi odur ki, romanı bir insanın yazdığını unudursuz. “Giriş” sizi idealoji-siyasi bataqlığa salır, roman insanilikdən çıxıb siyasiləşir. Siz romanı oxuduqca, fərdin yaşadığı faicələrə– aclığa, yoxsulluğa, hətta sevgiyə, nifrətə - insani baxışdan deyil, siyasi sistem, kapitalist-iqtisadiyyatın fəsadları bucağından baxırsız. Məsələn, bu girişin dediyinə görə, A-nın, B-yə olan sevgisinin faciə ilə nəticələnməsinin səbəbi mövcud siyasi-sosial-iqtisadi sistemdən qaynaqlanır. Gülməlidir deyilmi? Mən də o cür oxumuş, o cür alqılamışdım.
Daha sonralar fərqli dillərdə kitablar alıb oxumağa başladıqda, bu kitablarda girişlərin olmaması, romanın birbaşa başlaması məni çaşdırdı. İlk vaxtlar qorxu-hürkü məni bürüyürdü, axı mən izahat olmadan necə oxuyacam bunları? Qorxurdum ki, oxuduğum romanı, mətni anlamayacaq, onu başa düşməyəcəm. Hər yeni kitabda bu qorxunu yenidən yaşayır, kitabı oxuyub bitirdikdən sonra bu dəfə də “görəsən, yazıçının demək istədiklərini anladımmı?” sualının yaratdığı qorxunu yaşayırdım. Özümü heç bir xəritə, kompas olmadan açıq dənizə buraxılmış kimi hiss edirdim, hara gedəcəm, necə gedəcəm, gedib çatdıqdan sonra nə edəcəm (bu sonuncu suala cavabın axtarışı yenə də “girişlər” tərəfindən mənə aşılanmışdı, sanki hər şey sonda mənalanmalıdır deyə) bilmirdim. İlk vaxtlarda çətin oldu, amma, dostlarla oxuduqlarımız üzərinə müzakirələr açdıqca, kitabı özümün anladığım baxış bucağından izah etməyə başlayır, yavaş-yavaş öz yolumu tapırdım. Bu həyəcanverici idi, sanki dənizi özüm üzmüş, sahilə xətasız-bəlasız yan almışdım.
Bu yazı ilə sosializmə qarşı olduğumu demirəm. Mənim mübahisələndirdiyim, yanlış hesab etdiyim, ümumiyyətlə, yazıçı ilə oxucu arasına girmiş mətnlərlə bağlıdır. Bunun solu-sağı yoxdur, mən bütün izahatlar, girişlər, ön sözlər barədə danışıram. Ədəbiyyat, məxsusi olaraq, bədii ədəbiyyat yazıçı ilə oxucunun arasına pərçimləndirilmiş, institutlaşmış analizlərdən təmizlənməlidir. Dünya artıq bunu çoxdan edib.
Orta məktəbdə oxuyanda ədəbiyyat dərsliyində bu cür mətnlər itə-tök idi. Yəqin indi də durur, dəqiq bilmirəm. Bu dərsliklərdə romanları, şeirləri, ümumi olaraq desək, mətnləri analiz etmiş tənqidcilər oxucunu öz arxasınca sürükləyir, ona yön verir. Mən, Nizaminin “İsgəndərnamə”sini oxuyanda orda kommunist cəmiyyəti axtarmamalı idim, başqa cür ifadə etsəm, ya özüm bunu kəşf etməli idim, ya da mənim tapdığım bu cəmiyyətə özüm ad qoymalı idim. Nizaminin İsgəndərnaməsində komunist cəmiyyətdən danışıldığını heç kim mənə diktə etməməli idi, çünki məhz bu yönləndirmənin nəticəsidir ki, mənim o kitabdan yadımda qalan sırf bu olub. Daha dəqiq, mən bu gün də düşünürəm ki, Nizami bu kitabı utopik cəmiyyət təsvir etmək üçün yazıb. Əslində isə, o kitabda başqa çox mətləblər olub, anlamamışam.
İtalo Kalvino “Hekayələr” adlı kitabıın giriş hissəsində yazır:
...Montalenin “Occasioni” (Fürsətlər) notlarını xatırlayırsız? Gənc bir oxucu kimi, xüsusən də çətin anlaşılan bir şeir oxuduqdan sonra, dərhal kitabın sonundakı kiçik notlar hissəsinə baxırdım, bir yardım, bir kömək varmı deyə. Xeyr, gözlədiyimiz şey haqqında heç bir şey deməyən, məlumat xarakterli kiçik notlar idi bunlar. Amma həqiqi dərs də məhz burda idi: özün təkbaşına həll et! Bəlkə də, bu bizə verilən ən yaxşı dərs idi”.
Sonda, bir daha başlığa geri qayıdaraq deyim ki, mənə görə yazıçı ilə oxucunun arasına girmiş mətn oxucunun özü istədiyi kimi düşünüb anlamaq, dərk etmək azadlığına müdaxilədir. Oxucunun nə anlamasını onun özünə buraxmalı, onun nəticələrə gəlməsinə kömək edilməməlidir. Düşünürəm ki, kitab haqqında girişlər analitik yox, informatik əsaslı olmalıdır. İndiki internet əsrində oxucu özü istəsə, gedib kitab haqqında yazılmış analizləri tapıb oxuya bilər.
Emin Aslan
Meydan.tv