post-title

Azərbaycan necə olacaq: sekulyar, yoxsa...?

\"Namaz qılan vətəndaşlar arasında bunu başqaları üçün yox, təşviqat, reklam məqsədiylə deyil, məhz özləri üçün edənlər var və onlar istisnasız olaraq dünyəvi cəmiyyətdə yaşamağı üstün tuturlar. Ancaq məncə, belə insanların sayı dindar kütlənin içində çox azdır. Ən azından bunun faiz məsələsində belə olduğu dəqiqdir\".

 
 
Bu gün bu sualların cavablarını heç olmasa təxmini bilmək çox vacibdir:
 
1. Azərbaycanda vətəndaşların nə qədəri dindardır, onlar İslamın məhz hansı məzhəbini dəstəkləyirlər? 
 
2. Müntəzəm namaz qılan və dini qayda-qanunları dəstəkləyənlərin nə qədəri dinin dövlətdən ayrı olduğu dünyəvi ölkədə yaşamaq istəyir, nə qədəri isə konkret olaraq İslam dövlətini üstün tutur? 
 
Bu sualları bilmək nəyə görə vacibdir? Çünki dindarlığın sürətlə artması cəmiyyətimizdə 3-4 ən ciddi narahatçılıqdan biridir, çox güman elə birincisidir. Bilmirəm bizim dövlət orqanları belə informasiyaların toplanmasıyla məşğul olur, ya yox. Əgər cavab bəlidirsə, onda bunun məhz hansı metodla həyata keçirildiyini və yuxarıda sadalanan suallarının cavabının necə olduğunu bilmək maraqlı olardı. 
 
Mənim subyektiv fikrimə görə, sekulyar cəmiyyətdə namaz qılanların sayı ən yaxşı halda təxminən 40%-dir. Bu hələ yaxşı göstəricidir, əgər dindarlığın cəmiyyətdə sürətlə yayıldığını nəzərə alsaq (bu aydındır ki, belədir), o zaman yaxın gələcəkdə 40% faiz göstəricisi 50%-dən 60%-ə qədər arta bilər.
 
Hətta 40% vətəndaş belə deyək, dünyəvi ölkədə yaşamaq istəməzsə, bu, sekulyar cəmiyyətimizin yetərincə böyük təhlükə altında olduğu deməkdir. 
 
Bəli, mən əminəm ki, namaz qılan vətəndaşlar arasında bunu başqaları üçün yox,  təşviqat, reklam məqsədiylə deyil, məhz özləri üçün edənlər var və onlar istisnasız olaraq dünyəvi cəmiyyətdə yaşamağı üstün tuturlar. Ancaq məncə, belə insanların sayı dindar kütlənin içində çox azdır. Ən azından bunun faiz məsələsində belə olduğu dəqiqdir. 
 
Azərbaycan vətəndaşları arasında şəriət qaydalarıyla, İslam dövlətində yaşamaq istəyənlərin sayı gün keçdikcə artır. 
 
Biz gənclərimizin böyük bir qisminin onların həyatında İslamın ən yaxşı məfhum ola biləcəyi fikrinin qətiləşdiyi anı təəssüf ki, tuta bilmədik. 18-25 yaş arası vətəndaşlarımızın çox böyük hissəsi məhz belə düşünür. Onların fikrini dəyişmək, dünyagörüşlərinə təsir etmək və müasir Azərbaycan cəmiyyəti fikrini yeritmək mümkün deyil. Bunun üçün obyektiv səbəblər var. 
 
Çox maraqlı mənzərə alınır. 100 il əvvəl dünyəvi hakimiyyət ölkənin sadə vətəndaşlarının simpatiyasını qazanmışdı (“Sovet hakimiyyətini bizdə sevmirdilər, əhali arasında onların nüfuzu yox idi”, - demək heç də obyektiv olmazdı), məhz ona görə ki, kommunizm-sosializm xalqa bərabərlik, hər kəsə eyni hüquqlar, ədalət, maddi nemətlərin bərabər bölüşdürülməsini, pulsuz səhiyyə, təhsil və s. vəd edirdi. Dindarlıq həmin dövrdə daha çox xalqı avam və itaətdə saxlamağa çalışan varlılara və hakimlərə sərf edirdi. İnsanlar bunu sevmirdirlər və daha yaxşı həyat vəd edənləri fəallıqla dəstəklədilər. 
 
İndi yüz il keçəndən sonra biz proseslərin əksini müşahidə edirik. Artıq dini xadimlər, fərqi yoxdur sünnidir, sələfidir, şiyədir və yaxud başqasıdır - insanlara bərabərlik, ədalət, şəriət qanunlarına uyğun olaraq qanun qarşısında bərabərlik, dürüstlük, korrupsiyanın, meşşanlığın tam aradan qaldırılmasını vəd edir və insanları bu dəfə Tanrı qarşısında diz çökməyə və itaət etməyə çağırır.  
 
Korrupsiyadan, ədalətsizlikdən bezən saysız-hesabsız vətəndaş - xüsusilə son illərdə təhsilin deqradasiyaya uğraması nəticəsində normal təhsil ala bilməyən gənclər, təhsil həyatları 90-cı illərə təsadüf etdiyindən normal təhsil ala bilməyən orta yaşlı insanlar ruhanilərin qulağa xoş gələn ədalət, bərabərlik, qardaşlıq və dürüstlük kimi moizələrinə tez aludə olurlar. 
 
Bəli, bunu etiraf lazımdır ki, onlardan bəziləri sözlərini əməldə gerçəkləşdirirlər. Bir misal: sekulyar cəmiyyətin qızğın tərəfdarı olan bir dostum bu yaxınlarda mənə dedi ki, artıq ancaq sələfilərlə ticarət aparmağa qərar verib. Niyə, çünki onlar “atmırlar”. İnsanın asanlıqla alınıb-satıldığı bizim cəmiyyətdə digərlərindən fərqli olaraq, onlar atmırlar.
 
Bizim indi müşahidə etdiklərimizdə kimin günahkar olduğunu deməyə ehtiyac yoxdur. Ən azından bu, vəziyyəti heç bir halda dəyişməyəcək.  
 
Fakt faktdır ki, bizim sekulyar cəmiyyətimiz getdikcə dayaqlarını itirir. Əgər Bakıda, xüsusilə şəhərin mərkəzində yaşayırsınızsa, Nyuşanın konsertinə gedirsinizsə, sinif yoldaşlarınız arasında uşağının başını bağlayan yoxdursa, bu hələ o demək deyil ki, yuxarıda bəhs etdiyim situasiya mənim kor təxəyyülümün məhsuludur. 
 
Tanışlarınızla danışın, regionlarda, heç olmasa Abşeronun, paytaxtın hüdudlarında yaşayanlardan xəbər alın ki, nə qədər insan Azərbaycan ordusunda, dövlət və özəl sektorda, o cümlədən dindən uzaq əyləncə sektorunda xidmət eləməyə həvəslidir (və restoranlarda, klublarda, ticarət mərkəzlərində işləyə-işləyə nə qədər insan islam dövlətində yaşamağı arzulayır)? 
 
Mən soruşuram, maraqlanıram, bunu müntəzəm edirəm. Əhali arasında dindarlığın yayılmasından narahat olan ölkənin sekulyar vətəndaşları – dostlar, tanışlar, hətta qeyri-tanış vətəndaşlar da belə məlumatları hər görüşdə və sosial şəbəkələrdə paylaşırlar.  
 
Heç kimi qorxutmaq istəmirəm, istisnasız olaraq öz fikrimi deyirəm, məndə şəxsən belə bir hiss tam əminliklə yaranıb ki, artıq bir çox vətəndaşlarımızın həyatında dinin rolu hüdudları aşıb və indi artıq hətta hansısa sərt ölçülərlə belə vəziyyəti dəyişmək mümkün deyil.
 
Buna görə də bunları mütləq nəzərə almaq lazımdır: 
 
- Cəmiyyətdə dindarlığın artması Azərbaycanın xarici siyasətinin gərgin dövr keçirdiyi zamana təsadüf edir (Qərbin təzyiqi getdikcə artır);
 
- Şiyə İranı şiyə əhalisi olan ölkələrə nüfuz etməyini zəiflətmək niyyətində deyil (və vacib deyil bu və ya digər ölkədə şiyələr əhalinin neçə faizini təşkil edir);  
 
- Ölkədə sələfi tərəfdarlarının da sayı artır;
 
- Bizdən elə də uzaq olmayan Yaxın Şərq regionunda situasiya xaotikdir və getdikcə pisləşir, eyni zamanda isə bizim yaxın müttəfiq əlaqələrimizin olduğu Qərb və Rusiya arasındakı münasibətlər də kəskinləşir; 
 
- Bizim çox ciddi şəkildə asılı olduğumuz neftin qiymətinin yaxın gələcəkdə artması ehtimalı yoxdur;
 
- Nəhayət, ölkə rəhbərliyi Qərbin tələblərini yerinə yetirmək fikrində deyil, bu o deməkdir ki, 1-ci  bəndə baxmalıyıq. 
 
Hesab edirəm ki, vəziyyət getdikcə gərginləşəcək və insanların dünyagörüşündə hansısa tərəqqinin və cəmiyyətdə özünütanıma göstəricisinin artacağını gözləməyə dəyməz.  
 
Yenə də. İslam dövlətinə doğru gedən dindarların sayını azaltmaq və sekulyar həyat tərzinin tərəfdarlarını artırmaq üçün  hansısa yol varmı? Yəqin ki, var. Bunun üçün təcili addımlar atmaq və radikal islahatlar gerçəkləşdirmək lazımdır. Əks təqdirdə 4-5 ildən sonra Bakının küçələrində nəinki hicablı qadınların, hətta niqablı qadınların da sayı artacaq, ondan sonra vətəndaşlara sekulyar həyat tərzinin əhəmiyyətini başa salmağın heç bir mənası olmayacaq, çadrasını atan azad qadın heykəlinin devrilməsinin qarşısını isə bütöv bir polis kütləsi də ala bilməyəcək. 
 
Bizim sekulyar təbəqəmizdə “necə edim, aradan çıxım?” trendinin hakim olduğunu nəzərə alsaq, pessimizm daha da artır.
 
Həmid Həmidov
 
ANN.Az
Yuxarı