post-title

Allah eləməsin, bütün azərbaycanlılar yox olsa...

Tutaq ki, Üzeyir bəy sovetlərlə əməkdaşlıq etməyəydi və ona qarşı mübarizə aparaydı, onda nə qazanardıq?..

BÜTÜN GÖZƏL SÖZLƏR DEYİLSƏ DƏ....
 
Onun haqqında yazmaq elə də asan deyil, bəlkə də çox, olduqca çətindir, çünki bu adam baqqında bütün gözəl sözlər deyilib...
 
Ona görə də çox götür-qoy etdim. Fikirləşdim ki, Allah, mən bu yazının adını nə qoyum?..
 
Qəfil ağlıma gəldi ki, yazının adını elə “Ən legitim dahi” qoyum. Ona görə ki, bu adam – Üzeyir bəy Hacıbəyli Azərbaycanda bəlkə də yeganə, bəli, həqiqətən də yeganə yaradıcı insandır ki, onun dahi olduğunu hamı etiraf edir...
 
Amma bu dünyada, elə Azərbaycanın öz tarixində də dahilər çox olub. Elələri olub ki, işığı-ziyası yalnız özünü işıqlandırıb.
 
Amma Üzeyir bəyin ziyası hələ də bütün millətin üstündədir. Hələ məlim deyil, bu işıq bundan sonra nə qədər musiqiçinin sənət yolunu işıqlandıracaq, onlara ruh verəcək!..
 
O QƏDƏR ALİ MUSİQİ TƏHSİLİ OLAN VAR Kİ...
 
Qərəz, sentyabr ayında Üzeyir bəyin anadan olmasından düz 130 il keçir. Nə demək olar bu haqda?
 
Bəlkə də bizim millət xoşbəxtdir ki, onun belə bir oğlu olub. Bir dəfə söhbət zamanı bir həmkarım dedi ki, Üzeyir bəyin yaradıcılığında bir az primitivizm əlamətləri var...
 
Amma bu fikirlə razılaşmadım və indi də razılaşmıram. Bəli, kimsə deyə bilər ki, bəs onun tam ali musiqi təhsili yox idi...
 
Kimsə də qayıda bilər ki, bəs o, yaradıcılığında xalq musiqisinə həddən ziyadə çox yer verirdi...
 
Fəqət, bütün bunlarla razılaşmaq mümkün deyil. Axı nə deməkdir tam ali təhsil? Bizim müəllimimiz vardı – akademik Yakov Zeldovich. Bəli, o, düz üç dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdu, sovet atom silahının yaradıcılarından biri idi, böyük nəzəriyyəçi fizik və kimyaçı idi. Amma ali təhsili yox idi. Ali təhsil haqqında diplomu ona akademik seçiləndən sonra vermişdilər!..
 
Əgər insan daim öz üzərində işləyirsə, ona nə ali təhsil?! Vaqif Mustafazadəni də bəstəkarlıq diplomu olmadığına görə İttifaqa üzv etmirdilər. Amma gəl ki, indi hamı onun dahi musiqiçi olduğunu etiraf edir...
 
Yaxşı yadıma düşüdü. Bir dəfə haradasa belə bir şey oxumuşdum ki, sovet hakimiyyətinin ilk illərində məhz iddia olunan klassik musiqi təhsili boşluğunu doldurmaq üçün rusiyalı bəstəkar Reynhold Glier-i Bakıya dəvət ediblərmiş.
 
Amma az keçmir ki, Bakıya guya ki, öyrətməyə gələn R.Glier özü öyrənməyə başlayır, özü də Üzeyir bəydən...
 
O ki qaldı xalq musiqisi məsələsinə, Üzeyir bəyə qədər də bu musiqi vardı, bəli, o vaxta qədər də muğam vardı, xalq mahnıları vardı, hətta mərsiyyələr də mövcud idi. Amma Üzeyir bəyin sayəsində hamı milli musiqini özü üçün elə bil yenidən kəşf etdi...
 
O, musiqini hiss edirdi. Bunu isə təhsillə əldə etmək mümkün deyil. Musiqi təhsili daha çox texnika verir, amma musiqi duyumu Allahdan gəlir, o, ya var, ya da ki, yoxdur...
 
 
ƏVƏZİNDƏ “KOROĞLU”NU QAZANDIQ....
 
Üzeyir bəy mənim üçün təkcə bəstəkar deyil. Amma əvvəl daha bir məsələni də deyim... Onu Azərbaycanın iki himnini yazmaqda qınayırlar. Amma mənə elə gəlir ki, Üseyir bəy düz etmişdi. O, sovet hakimiyyətilə əməkdaşlığa getdi və bunun nəticəsində “Koroğlu”nu qazandıq, konservatoriyanı qazandıq və böyük bir musiqi məktəbi qazandıq! Tutaq ki, Üzeyir bəy sovetlərlə əməkdaşlıq etməyəydi və ona qarşı mübarizə aparaydı, onda nə qazanardıq?..
 
Sadəcə, Sibirə yollanan azərbaycanlılardan biri artacaqdı...
 
MİLLİ İDENTİKLİK MƏSƏLƏSİ...
 
Hər millətin özünün etnik-mədəni pasportu olur. Elə bir opera olur ki, deyirsən ki, bu, əsl Azərbaycan operasıdır. Elə bir roman olur ki, elə bir film olur ki, dərhal deyirsən ki, bəli, bu, Azərbaycan filmi, Azərbaycan romanıdır...
 
Üzeyir bəyin “O olmasın, bu olsun”u, “Arşın mal alan”ı bizim etnik - mədəni pasportumuzdur. Bu əsərlərin qəhrəmanlarına baxanda əsl azərbaycanlı tiplərini görürsən...
 
Sonrakı dövrlərdə mədəniyyətdə bu cür etno-mədəni identiklik məsələsi bir az arxa plana keçdi (guya ki, sovet adamı yarandı!), amma Üzeyir bəydən qalma böyük ənənələr tamam-kamal da unudulmadı, onlar yaşadı, bu gün də yaşayır və gələcəkdə də yaşayacaq...
 
HƏR ADAMA BƏY DEMİRDİLƏR...
 
Sovetlərin süqutundan sonra çox adam özünə bəy dedizdirməyə çalışdı. Halbuki bir-iki adam vardı ki, hətta sovetlərin vaxtında da onlara bəy deyirdilər...
 
Bu, sizə adi görünməsin. Hətta sovetlər bu adamların əsilzadə, kübar insan olduğunu etiraf edirdi. Bellərindən biri, tək-tük adamlardan biri də Üzeyir bəy idi...
 
Elə bir bəstəkar tanımıram ki, onda musiqi istedadı ədəbi istedadla bu qədər çulğaşmış olsun. Üzeyir bəy hətta böyük bəstəkar olmasaydı belə, ölkənin və millətin tarixində gözəl dramaturq, jurnalist və ədib kimi qalacaqdı...
 
Qərəz, Allah ona hər şeyi bəxş etmişdi. İstedad və ağayana görkəm! Yaradan sanki ondan heç nə əsirgəməmişdi...
 
Hətta əvvəl onu qəbul etməyənlər də sonradan etiraf edirdilər ki, bəli, Üzeyir bəy haqlı imiş...
 
Ona görə də ona tək bəstəkar kimi baxmıram. Üzeyir bəy əslində filosof idi. Həmişə düşünmüşəm ki, bizim fəlsəfi xəzinəmizin bir hissəsi molla Nəsrəddin lətifələrində hifz olunub. Amma onun bir hissəsi də Üzeyir bəyin musiqisində kodlaşdırılıb...
 
Deyilənə görə, “Uliss”i yazmamışdan öncə yazıçı James Joyce deyirmiş ki, elə bir əsər yazacam, hətta Dublin şəhəri tamam dağılsa belə, onu mənim bu əsərim əsasında bərpa etmək mümkün olsun...
 
İndi Allah eləməsin, əgər birdən azərbaycanlılar da yox olsa, onları da heç bir çətinlik çəkmədən Üzeyir bəyin əsərləri əsasında bərpa etmək olar...
 
Hüseynbala Səlimov
 
Oxu Zalı
Yuxarı