Rus dilindən Araz Gündüz çeviribdir.
VİKTOR VLADİMİROVİÇ YEROFEYEV
STALİNƏ ALQIŞ
Bu həftə, “Rusiyanın adı. 2008-ci ilin tarixi seçimi” layihəsində, böyük səs çoxluğu ilə, Stalinin birinci yerdə olduğu, ikinci və üçüncü yerləri isə Vladimir Vısotski ilə Vladimir Leninin tutduğu bəlli oldu.
Stalinin ölkənin tarixində birinci şəxs sayılmasıdan da böyük bir biabırçılıq ola bilməzdi.
Heç vaxt Stalini sevən adamı aşağılama. Onun üstünə qışqırma, ayaqlarını yerə döymə, özündən çıxıb acıqlanma, ondan mümkün olmayan şeyi tələb eləmə.
Bu, çox ağır xəstəliyə yoluxmuş birisidir, bu insana xas olan xəstəlik deyildir, onun mənəviyyatında çıxıq vardır.
Ona yazığın gəlməsin, sənin acımağın onu quduzlaşdıra bilər. Onu inandırmağa çalışma, beləsini inandırmaq mümkün deyildir.
Bütün emosiyalarını qapat, gözlərinin işığını söndür, ona soyuq və laqeyd bir baxışla bax – onun xəstəliyini törədən sənin emosiyalarındır, onun ruhu sənin acıqlanmağına möhtacdır. Ən yaxşısı, onun üçün Stalinin portretini al və səliqə ilə divara mıxla.
Nə yaxşı, ölkənin yarısı Stalini sevir! Birdən bütün ölkə onu sevsəydi, onda bundan da pisini düşünmək olmazdı. Ölkənin yarısı Stalini sevir – bunun özü gələcəyə ümidlə baxmaq üçün yetərli deyilmi?
Mən Stalini sevmirəm. Ölkənin yarısı Stalini sevir. Mən indi, ölkənin onu sevən bu yarısı ilə nə edim?
Vətənində yaşayanların yarısı Stalini sevirsə, bu, öz ölkəndən üz döndərmək üçün çox yaxşı bir səbəbdir, üstəlik, öz xalqının üstündən qara bir xətt də çəkmək olar.
Siz Stalinə səs verirsiniz? Onda mən öz ölkəmdən ayrılıb gedirəm! Mən xalqın üzünə tüpürürəm, onun bu sevgisinin dəyişilməz olduğunu bilsəm də, özümün xalqıma qarşı bəslədiyim bu utanmaz münasibətimi də gizlətmirəm.
Mən ona öz məqsədlərim üçün yararlana biləcəyim mal-qara kimi baxıram. Habelə, mən bu utanmazlığımda nə qədər dərinə gedirəmsə, bir o qədər də Stalinə yaxınlaşıram, onun kimi, sözümlə əməlimin haçalanması baş verir və mən də onun bir tayı oluram.
Mən qələbə çalmaq üçün milyonlarla insanların ölümünə acımıram, bunu yaxşı bilirəm: onlardan sağ qalanları mənim ayaqqabılarımı yalayacaqlar.
Çox uzun bir müddətdə Stalini sevənlərdən zəhləm gedib. Mənə elə gəlirdi, Stalini yalnız əbləh (idiot) olmaqla sevmək mümkündür. Ancaq sonradan bu mövqeyimi dəyişdim.
Mən əbləhlərlə bağlı başqa cür düşünməyə başladım. Əbləh olmaqda heç bir utanmazlıq yoxdur. Rus ziyalıları özlərinin yüngülağıllıqları ilə həmişə, insana olduğundan artıq dəyər vermişlər.
Stalinə olan sevgi, bizə verilən bu yüngülağıllıq irsini xərcləməkdir. Kim deyir, Stalin ölüb? Stalin bizim aramızda yaşayır.
O, ədalət arzusu ilə yaşayan xəstə qocaların ürəyində yaşayır, o, insan kimi yaşamaq hüququ əlindən alınmış, alçaldılmış və təhqir olunmuş adamlarda yaşayır, o, adam öldürməkdən çəkinməyən banditlərdə və canilərdə yaşayır, o, özlərinin cəzasızlığına inanan polislərdə və məmurlarda yaşayır, o, ölkəni idarə eləməyi bacardıqlarını düşünən hakimiyyətin yuxarı qatında yaşayır, o, hakimiyyətin yuxarıdan aşağıya yönələn bütün qatlarında yaşayır.
O, məsuliyyət duyğusunun nə olduğunu bilməyən gənclərdə yaşayır, o, bizim hamıdan yaxşı olduğumuzu düşünən millətçilərdə yaşayır, o, Stalinin uzun illər müttəfiqlik elədiyi faşistlərin bugünkü törəmələrində yaşayır, o, Rusiya imperiyasını bərpa eləyib diriltmək istəyən, öz qonşularına yuxarıdan aşağı baxan, sonra isə qonşularının, öz şəxsində yaratdığı Stalindən iyrənib üz döndərdikləri ilə bağlı qara-qışqırıq qoparanlarda yaşayır.
Stalin yaşayır – Sovet İttifaqının himninin, üstündə əl gəzdirilib, Rusiyanın himninə çevrilmiş mətnində yaşayır, satqın jurnalistlərdə yaşayır, dinlə slavyan millətçiliyini öz ideologiyalarına qarışdırıb, bizanssayağı riyakarlığa qapılan kommunistlərdə yaşayır.
Stalin yaşayır – o, sinif yoldaşlarına qarşı zorakılıq eləyən məktəblilərdə yaşayır, qayda-qanun yaratmağı dustaq nəzarətçiliyi səviyyəsində anlayan güc strukturlarının nümayəndələrində yaşayır.
Biz özümüzün bədbəxt tariximizin qurbanları olduğumuz üçün və bunun belə olduğunu anlayıb öyrənmək istəmədiyimiz üçün, Stalin hələ də yaşayır.
Sadomazoxizm bizim sevimli xalq oyununa çevrildiyi üçün, Stalin yaşayır. Ah, gör bizdə nə qədər Stalin yığılıbdır!
Stalini sevmək – hər şeydən öncə, sənə oxşamaq istəməyənlərdən gülünc şəkildə qisas almaqdır. Stalin – bizim yaramazlıqlarımızın qaynayıb daşdığı çirkab çənidir.
Mən Stalinlə bağlı rəyimi heç vaxt dəyişməyəcəyimi yaxşı bilirəm: bu, mənim dəyişilməz mövqeyimdir.
Ancaq bir çoxlarının düşüncəsinə görə, Stalini sevən adamların böyük çoxluğunun mənəviyyatını köklü surətdə dəyişə bilsək, onlar bu sevgilərindən daşınacaqlar: onların anlamazlıqlarını aradan qaldırsaq, gözlərini açsaq, insanlara sayğı göstərməyə öyrətsək və ürəklərini insani duyğularla doldursaq, onlar bu yanlışlarından əl çəkəcəklər.
Ancaq belə düşünmək sadəlövh bir yanlışlığa qapılmaqdır. Stalin bizim bir xalq kimi bütünlüyümüzün qarantı və əbləhliyimizin dayağıdırsa, onu sevməmək mümkün deyildir.
Rus mədəniyyəti üçün anlaşılmaz olan, uzaqlardan gəlib buralara çıxmış Stalin, Rusiya üçün heç bir yaxşılıq eləməmişdir. Heç bir. Yaxşı olan nəyimiz varsa, xalqın dedi-qodusunun gücünə, Stalinin adına yazılmışdır, onun firavan həyat qurmasından tutmuş Alman faşizmi üzərində qələbəsinədək, bütün deyilənlərin hamısı ağ yalandır.
Ancaq biz təkcə elə Stalinin oğulları və qızları deyilik, biz onun tarixi valideyinləriyik. Stalin ancaq bizim torpağımızda kök ata, meyvə yetirə bilmişdi. Biz özümüz öz gücümüzlə heç nə eləyə bilmədiyimiz üçün onu sevirlər.
Bizə gah gürcü diktator, gah da holland futbol məşqçisi gərək olur. Biz yaşamağı bacarmırıq.
Bizə kilsə zəngləri altında araq içmək və başımızın üstündə oynayan qamçı gərəkdir, yoxsa biz özünəməxsusluğumuzu itirərik.
Qamçı bizə mane olmur, araq isə Stalindən sonra Vısotskini xalq qəhrəmanına çevirib sevə bilməyimizə kömək eləyir. Heç vaxt, Stalini sevən adamı alçaltma: onsuz da o özü bütün ömrünü alçaltmışdır.
“Oqenyok” jurnalının 14-20 iyul, 29-cu sayı, 2008-ci il
OxuZali.az