Balaca bir tarixçə: 1857-ci ilin 8 martında Nyu-Yorkda 40 min toxucu qadın daha yaxşı şəraitdə, daha yaxşı şərtlərlə işləmək üçün bir tekstil fabrikində tətil elan edir. Lakin polis fəhlə qadınlara hücum edir və onlar fabrikə kilidlənir, sonra yanğın baş verir, fabrikin önündə qurulan barrikadaları keçə bilməyən yüzlərlə fəhlə qadın həmin yanğında həlak olur. 53 il sonra 1910-cu ildə Klara Setkinin təklifi ilə 8 Mart günü əbədiləşdirilir
UNESCO 1999-cu ildən 21 Martı Dünya poeziya günü elan edib. Demək artıq poeziya da təqvimlərdə “əbədiləşməyə” başlayır. Belə getsə, bir azdan beynəlxalq səviyyədə 21 Mart iş günü olmayacaq.
***
Kapitalizmin məntiqi sadədir: qiyməti etiketi yapışdırıb hər şeyi satmaq! Fərq etməz, bu köynəkdir, yoxsa şeir kitabı; onun üçün malın yaxşısı-pisi yoxdur, təki çox satılsın. Çox satılmaq statusdur və bu müəyyən müddətdən sonra dəyərləri baş-ayaq edir, illüziya yaradır: çox satılırsa deməli yaxşıdır. Çox satılan Pis olsa da, bir müddətdən sonra Yaxşı kimi qəbul edilir, kəmiyyət keyfiyyətə qalib gəlir.
Hansı şeir kitabı çox satılar? Cavab sadədir: asan başa düşülən, yüngül olan, səthi olan, düşüncə əziyyəti tələb etməyən, tez həzm olunan. Bu vəziyyətdə bir problem gündəmə gəlir: şeirin mənası. Kobud ümumiləşdirmə aparsaq, şeir əslində iki cür olur: “Şair burda nə demək istəyib?” sualına ehtiyac olmayan şeirlər, yəni mənasını anlamaq üçün oxucunun heç bir intellektual hazırlığa, zehni zəhmətə ehtiyacı olmadan anlayacağı şeirlər. Bir də var mənasını anlamaq üçün oxucudan zəhmət tələb edən, yalnız bu zəhməti özünə rəva görənlərə faş olan, bir növ mənası əvvəlcədən təklif olunmuş yox, oxucu zəhməti ilə qazanılan şeirlər. Əgər sənət estetik həzz, dədə-baba diliylə desək, mənəvi qidadırsa, onda biri var dadı, ləzzəti üçün əziyyət çəkilən təamlar, biri də var atüstü, ayaqüstü atışdırmaq üçün nəzərdə tutulan qidalar – fast foodlar, daha dəqiqi “fast şeirlər”. Necə deyərlər, aclıq güc gələndə, snikerslə! Bugün hamısı olmasa da, şairlər (nə gizlədim, elə mən özüm) pop çağında duruş gətirmək üçün “fast şeirlər” də yazmalı olurlar. Təəssüf!
***
Nobel mükafatı laureatı, meksikalı şair Oktavio Pas esselərinin birində ortaya belə bir sual atır: “Şeir haqqında düşünəndə veriləsi birinci sual budur ki, neçə nəfər şeir kitabı oxuyur və bunlar kimlərdi?” Pas yazır ki, istər çox, istər az olsun, şeirin oxucusu cəmiyyətdə heç vaxt çoxluq təşkil etməyib. Oktavio Pas maraqlı bir statistika təqdim edir: “Beat nəslinin məşhur simalarından olan Laurens Ferlingettinin “A Coney İsland of Mind” adlı şeir kitabı bir milyon nüsxə satılıb, amma Artur Rembo 1873-cü ildə çap olunan və sonradan XX əsr poeziyasına çox ciddi təsir edən “Cəhənnəmdə bir mövsüm” kitabının ilk nəşrinin xərcini özü çəkib, üstəlik, Rembo öz kitabından 6 dənəsini özü alıb, qalan nüsxələrini isə 1901-ci ildə bir kitabsevər xilas etməsəydi, yəqin it-bata düşəcəkdi.”
George Steinerin yazdığına görə XX əsrin nəhənglərindən olan Borxes 1932-ci ildə nəşr olunan kitabının cəmi 37 ədəd satılmasından gileylənmək yerinə, sevinibmiş. Borxes belə deyib: “Bu kitabları alan adamların hamısı həqiqi, gerçək adamlardı, hamısının üzü var, ailəsi, yaşadığı evi, küçəsi var.”
Sevimli şairlərimdən olan Xuan Ramon Ximenes “Kimin üçün yazırsınız?” sualına belə cavab verib: “Ucsuz-bucaqsız azlığa.” Dəqiq ifadədir.
Qayıdıram Oktavio Pasa. O, bestseller olmağı yox, long-seller, yəni uzun müddət satılmağı, sürəkliliyi, zamana tab gətirməyi kriteriya kimi təklif edir və yazır: “İstər roman olsun, istər aktual mövzuda yazılmış bir kitab, meteor kimi görünür, sonra itir. Hamı o “meteor”u satın almaq üçün arxasınca qaçır, amma o “meteor” tezcə göy üzündə gözdən itir.”
Əlbəttə, bütün bunlar o demək deyil ki, çox satılan bütün əsərlər yalnız ticari kitablardı. Çünki qəribə bir statistika da var ki, zamanında heç satılmayan kitablar sonralar bestseller ola bilir.
Ədəbi əsəri əyləndirici, nə bilim maarifləndirici kitabdan ayıran əsas xüsusiyyət mənə görə belədir: əyləndirici əsər vaxtı öldürmək, ədəbi əsər isə vaxtı səhifə-səhifə, hər oxunuşda təzədən diriltmək üçündür.
Qismət
Kulis.az