post-title

Riyakarların qaçqın sevgisi

Heç vaxt özümlə, uşaqlığımla bağlı nəsə yaza bilməmişəm. Zaman-zaman cəhd etmişəm, amma alınmayıb. Bəlkə də, xoş xatirələrin azlığındandır, bəlkə də, o hissləri kiminsə başa düşə bilməməsi qorxusu var içimdə...

Amma son zaman baş verən hadisələr məni xatırlamaq istəmədiyim uşaqlığıma qaytardı. Uşaqlığım müharibə dövrünə düşüb. Tam dəqiq ifadə etsəm, müharibə zamanı doğulmuşam. 
 
Gözümü açıb, ətrafı dərk edəndə bu sözü eşitmişdim: "qaçqın". Tam formada bunun nə demək olduğunu başa düşmürdüm. Necə yəni qaçqın, bu xüsusi bir imtiyazdırmı? Yoxsa nə? 
 
Ailəmizin böyük övladı mənəm. 
 
Valdeyinlərim gözləmədikləri anda bütün hər şeyləri əllərindən çıxmışdı -  tam bir iflas. Təkcə canlarını götürüb çıxmışdılar. Daha doğrusu, anam və yerdə qalan qadınlar çıxmışdı. Atam isə müharibədə döyüşdə olub. Təsəvvür edirsiniz? Gənc bir ailə - yüzlərlə arzuları olduğu halda, bütün hər şeyləri gözləri önündə məhv olur və onlar ancaq sağ qalmaq uğrunda mübarizə aparırlar. 
 
Hər şey yenidən başlayır -  arzular da, ümidlər də, yaşamaq da. Biz ölkəmizdə qaçqın düşmüşdük. Qarabağdan Aran bölgəsinə - Bərdəyə gəlmişdik. Hamı bir-birinin dilini başa düşürdü. 
 
Amma bir aqressiya vardı. Zaman-zaman bunu hiss edirdik - məktəbdə, stadionda, həyətdə, toyda... Uşaq vaxtı ən çox davalarım da bu sözün üstündə olurdu. "Gedin torpağınızı alın", "qaçıb rahat yerə gəlmisiniz", "bura bizim rayondur, kənddir" və daha nələr, nələr, nələr...
 
Hərdən fikriləşirdim ki, necə olur axı... Biz ki, bir millətik. Başqa vaxtı əti-ətimizdən, qanı-qanımızdandır deyirik. Bəs bu olanlar nədir? Niyə axı bu qədər aqressiya var bizə qarşı? Axı biz istəmədən olmuşdu bu hadisələr, həm də biz başqa ölkəyə deyil, öz ölkəmizin sərhədlərində qaçqın idik. Bunları yazmaqla duyğusallıq, sentimentallıq etmək kimi fikrindən uzağam. Onsuz da xarakterim belə deyil. 
 
Sadəcə, son günlər baş verənlər - Avropaya yol alan qaçqın axı, yazılan yazılar, paylaşılan fikirlər bunları xatırlamağıma səbəb oldu. Bu hadisələri, müəyyən mənada bayaq da yazdığım kimi, yaşadığımdan müharibənin, qaçqınçılığın nə demək olduğunu çox yaxşı bilirəm. 
 
İki gündür ki, sosial şəbəkələrdə bizim vay-şüvən salıb suriyalı qaçqınların halına "yananlar"a baxıram. Bunlar o adamlardır ki, hələ də öz ölkəsində 20 ildən də artıq bir zaman keçməsi baxmayaraq, yenə "qaçqın" söhbətləri edirlər. Fürsət düşən kimi, "qaçqın kimi danışma", "qaçqınlıq etmə" və sair və ilaxır. İndi bu adamlar durub Avropanın sərhədlərini niyə açmamasından, milyonlarla qaçqına sahib çıxmamadından danışırlar. 
 
Avropa öz dəyərlərinə hörmət edir. Elə son olaraq sərhədlərin açılması, yüz minlərə imiqrantın qəbul ediməsinə razılıq verilməsi, hətta onlar üçün xüsusi qatarların ayrılması. Bəli, bu, Avropadır - dəyərləri, sekulyar baxışları olan Avropa. İllərdir müsəlman və qeyri-müsəlman ölkələrindən gələn insanlara öz qucağın açıb. Onları qəbul edir, normal yaşaması, təhsil alması üşün mübarizə aparır.
 
Bilmirəm, əslində, bunu niyə deyirəm, niyə yazıram... Axı illərdir bir xeyli mövzuda yazılsa da, danışılsa da, xeyri olmayıb. Bunun da bir xeyri olmayacaq. 
 
Amma əksəriyyətiniz öz ölkəsində qaçqın olan vətəndaşlarına qarşı bu münasibəti göstərmədiniz. İmkan düşdükcə aşağılamağa, utandırmağa, cəmiyyətdən kənar tutmağa çalışdınız. İndi isə "humanistlik" edirsiniz. Yox bu humanistliyiniz keçməz. Bəli, bu gün Azərbaycan dövləti yüz suriyalı vətəndaşı qəbul etsə, həmin mənzərə yenə təkrarlanacaq. Yenə necə yarımçıq, kompleksli olduğunuz üzə çıxacaq. Amma indi imkan düşdükcə bu yarımçıqlıq hissinizi gizlətmək istəyirsiniz. 
 
Suriyalılar isə belə deyirlər: "Məkkə və Mədinə bizə (İraq və Suriya qaçqınlarına) Almaniyadan da daha yaxın idi, amma Angela Merkel bizi qəbul etdi. Tanrı onu qorusun".
 
Elkin Xəlilov
 
Qaynar.info
Yuxarı