post-title

Cavid Ramazanlı: Rasim üçün

Rasimin atası qıraqda dayanırdı, dalğın-dalğın ora-bura gedirdi, heç özü də bilmirdi nə edir. Bir dəfə dedi ki, mənə elə gəlir, bütün bunların hamısı yuxudu, sabah yuxudan durub görəcəm ki, Rasim evdədi...

 
Hər bir övlad əzizdir, amma azərbaycanlılar tək oğul məsələsində xüsusilə çox həssasdılar, evin dirəyinin, nəslin davamçısının itkisi heç nə ilə müqayisə olunmayacaq dərddir. Belə bir oğulun itirilməsi isə ümumiyyətlə… 
 
Rasim tanıdığım ən özünəməxsus adamlardan biriydi. Elə adamlar var, onlarla ünsiyyət adama hədsiz xoş olur. Heç uzun-uzadı dialoqlar qurmursan, ağıllı-ağıllı söhbətlər eləmirsən. İki-üç kəlmə ordan-burdan danışırsan, zarafatlaşırsan, vəssalam. Bu ünsiyyət adama müsbət enerji verir. 
 
Rasim də elə adam idi, danışığı-davranışı qaydasında, təmkinli və zarafatcıl. Onda heç bir ifrat cəhət görməzdin, mübahisəyə, konfliktə can atmır, sakitcə işini görür, aradabir kiminləsə zarafatlaşır və çıxıb evinə gedirdi. 
 
Onunla hər gün işdə görüşəndə zarafatlaşırdıq. Aramızda "rəsmi" tonda təxmini belə bir dialoq olurdu:
 
- Salam, Rasim bəy, necəsiniz?
- Yaxşıyam, Cavid bəy, siz necəsiniz? 
- Mən də yaxşıyam. Rasim bəy, görəsən bu işlərin axırı necə olacaq?
- Yaxşı olar, çox da ürəyinə salma, düzələcək hamısı.
 
Bu dialoq əksər günlər təkrar olunurdu. 
 
İş həftəsi bitir, Rasimlə sağollaşırsan, hərə gedir iki günlük istirahətini eləməyə. Amma o birisi gün Rasimin möhkəm döyüldüyü xəbərini eşidirsən, ondan sonrakı gün isə artıq vəfat etdiyini. Sonra da gedirsən gənc, gözəl bir insanı dəfn etməyə. 
 
Doğrudanmı hər şey bu qədər sadə və qəddardır? Doğrudanmı bunların hamısı həqiqətdir? 
 
Başını itirən valideynlərini, ağlamaqdan-qışqırmaqdan özünü həlak edən nişanlısını, gözləri qızarmış, üzləri şişmiş dostlarını, başını aşağı salan kədərli tanışlarını, əqidə yoldaşlarını görəndə başa düşürsən ki, bəli, bunların hamısı həqiqətdir, nə qədər sadə və qəddar olsa da, belədir. 
 
Elmar Hüseynov, Rafiq Tağı kimi adamlar qaranlıqda öldürüləndə "İşıqlı adamları qaranlıqda öldürürlər" ifadəsi məşhurlaşmışdı. Rasimin timsalında isə göründü ki, işıqlı adamları daha qaranlıqda deyil, günün günorta çağı da öldürə bilirlər. Bir ölkədə insan ömrü bu qədər ucuzdursa, fərqi nədir, kimdir, nəçidir, xasiyyəti necədir, sevdikləri kimdir, yaxınlarının ona olan münasibəti necədir – öldürürsən və insanlara da başa salırsan ki, onlar necə bir məmləkətdə yaşayırlar.
 
Bir ölkədə isə insanları günün günorta çağı küçənin ortasında döyüb ölümə göndərirlərsə, oranın gələcəyi qaranlıqdır. 
 
Rasimin ölümü bir daha göstərdi ki, bu ölkədə siyasət də, idman da, səhiyyə də, mədəniyyət də, insanlararası münasibətlər də, ümumiyyətlə hər şey iflasa uğrayıb, cəmiyyət deqradasiyaya məruz qalıb. Qələbələr, sevinclər çox keçmədən qaranlığa, qana boyanır. Çünki bu deqradasiya xərçəng xəstəliyi kimidir, işıqlı nə varsa, hamısını bir-bir udur. Bunu görmək üçün bir döyünən ürək, bir cüt də göz lazımdır, başqa heç nə…
 
Kimisi deyir xarici qara qüvvələrin işidir, kimisi deyir özünün günahıdır, gərək getməyərdi görüşə, kimisi də deyir ki, "facebook"-un səbəb olduğu problemdi. 
 
Xarici qara qüvvələr anekdotunu bir tərəfə qoyaq. Adamı aldadaraq, tək görüşə çağırmaq və üstəlik bu adamın arıq-cılız olduğunu görə-görə, 6-7 nəfərin birləşərək onu ölümcül döyməsi hansı məntiqə sığır? Bu nədir, igidlik, cəsarət rəmzidir? Əvvəllər buna namərdlik deyərdilər, amma ola bilsin indi trend dəyişib. 
 
Əgər futbolçudan söhbət gedirsə, Kristiano Ronaldodan çox tənqid olunan, söyülən başqa birisi çətin tapılar. Amma heç vaxt eşitməmişik ki, Ronaldonun xalasıoğlanları, bibisioğlanları gedib kimisə ölümünə döysünlər. Ronaldo mətbuatda, "Facebook”da ona olan tənqidlərə oyunu ilə, peşəkarlığı ilə cavab verir, daim öz üzərində işləyir, uğurlarını sıralayır. Üstəlik dünyada ən çox xeyriyyəçiliklə məşğul olan adamlardan biridir. Yoxsullara, kimsəsizlərə milyonlar xərcləyir. Amma biz hələ indiyə qədər yağnan-balnan bəslənən idmançılarımızın ağzından bir ağıllı söz eşitməmişik, bir nümunəvi hərəkət görməmişik. Bir balaca uğur qazanan kimi ya gedib vəzifəyə düzəlirlər, ya obyekt açırlar, ya da kimisə döyməklə-hədələməklə məşğul olurlar. 
 
Rasimin ölümü bir daha göstərdi ki, Azərbaycanda heç kimi tənqid eləmək olmaz. Ümumiyyətlə, heç kimi. İrili-xırdalı peyğəmbərlərlə doludu ölkə. Onların bütün hərəkətləri idealdı, onların hamısı işlərinin öhdəsindən mükəmməl şəkildə gəlirlər. Balaca, primitiv eqolarını bəsləmək üçün onlar haqqında ancaq mədhiyyələr yazmalısan. Reket və yaltaq jurnalistsənsə, kef elə, get camaatı aldat, tərif denən, sənə qayğı göstərəcəklər, cibinə pul basacaqlar, toyda, məclisdə səni ən baş masaya əyləşdirəcəklər. Ancaq tənqidçi jurnalistsənsə, peşənə uyğun fəaliyyət göstərirsənsə, onda səni istənilən adam təhqir edə, döyə, söyə, əzişdirə bilər. Bunu əminliklə demək olar: Azərbaycan dünyanın tək-tük ölkələrindən biridir ki, azad jurnalistika bu qədər təzyiqlərə, itkilərə məruz qalıb. 
 
Bir insanın ölümü bütün bəşəriyyətin ölümüdür. Bir neçə saatdan sonra öləcəyimizi bilsək, valideynlərimizin, sevdiyimizin, dostlarımızın bizə görə nə qədər göz yaşı tökəcəyini, ürəklərinin parçalanacağını; ən əsası öz arzularımızın, planlarımızın bir də heç vaxt reallaşmayacağını dərindən dərk etsək, bəlkə də elə on kədərimizdən yerimizdəcə ölərik. Yəqin, bunu dərk edə bilmirik deyə, hələ ki, ölmürük, yaşamaqda davam edirik, başqalarının da ölümünü, itkilərini tamlıqla dərk edə bilmirik…
 
Rasim, çox təəssüf ki, səninçün hər şey tez bitdi, ömrün qısa oldu. Evini təmir edə, evlənə, işini davam etdirə bilmədin. Ancaq sən öz xarakterin, peşən və davranışınla bizim üçün bir nümunə oldun və çox vacib bir yolun davam etməsinə töhvə verdin. 
 
Səni tanımaq, səninlə həmkar olmaq, səninlə zarafatlar etmək böyük bir zövq idi. Nur içində yat, mənim qardaşım, sənin işıqlı xatirən daim bizimlə olacaq.
 
Cavid Ramazanlı
 
ann.az
Yuxarı