Azərbaycanda azadlıq düşüncəsi
Rəqabəti, azad seçim etmək hüququnu, marağı, azad d&u…
Əsər həm də bizim üçün həmin dövrə nəzər salmaq üçün bir ayna rolu oynayır. Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, Bakı milyonçularının bir-biri ilə bəhsə girmələri, xəsislikləri, həmin dövrün adət-ənənələri hər biri çox incəliklə əsərdə öz əksini tapır.
Bir yazarın kitab təqdimatından çıxıb, şəhərə çay içməyə yollandıq. Dostum (Şəmşad Ağa) xahiş etdi ki, 28 Mayda başqa bir kitab təqdimatı da var, ora da gedək. Düzü, həm müəllifi tanımamağım, həm də yorğun olduğumdan getmək istəmirdim.
Amma dostumun da xahişini yerə sala bilmədim. Kitab təqimata olan mağazaya daxil olduq. Vaxtın tez keçməsi üçün kitab rəflərinin arasını gəzişmək qərarına gəldim. Gözləmədiyim bir anda gözümə bir kitab sataşdı. Bəli, mən səhv görmürdüm. Bu o kitab idi; tam 5 ildir axtardığım, ən köhnə bukunistlərə belə gedib tapa bilmədiyim kitab - Banin "Qafqaz Günləri". İnanılmaz dərəcədə sevinib, tələm-tələsik kitabı aldım. Həm də ürəyimdə dostuma bir minətdarlıq hissi duydum. Bəlkə də, bu mağazaya gəlməsəydim, bu kitabın varlığından çox gec xəbər tutardım.
Banin mənim diqqətimi niyə çəkdi?
Birinci kursda oxuduğum vaxtlar bir müəllimimdən Ümmülbanin haqda eşitmişdim. Bir vaxtlar Bakının ən məşhur milyonçularından sayılan Mirzə Əsədullayevin qızının yazdığı xatirələr... həm də Bakıdan. Müəllimin isə bir az da marağıma maraq qatdı. Bu kitab bir xeyli yeri ixtisar edilib, kitabda qadağan olunan bölmələr var. Daha sonra isə bir dəfə Banin haqqında yazı oxumuşdum. Bir sözlə, kitabı tapmağım sevincimə sevinc qatdı. Və elə evə qayıdanda artıq kitabın səhifələrini bir-bir arxaya çevirirdim.
Banin kim olub?
Ümmülbanin məşhur Bakı milyonçusu Şəmsi Əsəsdullayevin varisi Mirzə Əsədullayevin ailəsində dünyaya gəlib. Banin Bakıdan köçdükdən sonra görkəmli "Banin" təxəllüsünü götürür. Baninin həyatının ilk 13 yaşına qədər olan vaxtını qayğısız bir halda keçirir. Çətinlik görməyən, sadəcə əyləncə axtaran, bəzən dərslərdən bezən, tez böyüyüb sevmək istəyən balaca qızcığaz gözləmədiyi bir həyatla rastlaşır: Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsi ilə digər milyonçular kimi həyatları alt-üst olan Əsədullayevlər çətin duruma düşürlər. Gözləmədikləri anda milyonları əllərindən çıxır, ailə təziqlərə məruz qalır, acınacaqlı və səfil həyat başlayır. Banin Azərbaycanda bir o qədər də tanımasa da, Fransada və hüdudlarından kənarda kifayət qədər tanınıb. Onun "Qafqaz günləri" əsəri ilə yanaşı, Fransada həyatından bəhs edən "Paris günləri" İslam dinindən imtina edərək, xiristan dini seçməsi barədə yazdığı "Mən tiryəki seçdim" əsəri və bu əsərdən sonra başına gələnlər barədə bəhs edən "Sonra" əsəri var.
Baninə məşhurluq gətirən isə "Mən tiryəki seçdim" əsəri hesab edilir. Bu roman Niderland, alman, italyan, ispan, yapon dillərinə çevrilərək, təkrar nəşrlərlə çıxıb. Banin Fransada əvvəlcə maniken kimi fəaliyyətə başlayır. Sonralar Paris dəftərxanasında katibə işinə düzəlir. Eyni zamanda da tərcüməçiliklə məşğul olur. Bainin şəxsi həyatda da bəxti gətirmir. İş adamı Balabəy Qocayevlə ailə həyatı qurur, övladları olmadığından isə ayrılmalı olur. Sonra da memar Ferik Töle ilə ailə qurur. Bu barədə isə elə də çox məlumat yoxdur. Banin ömrünün son günləri daha ağır keçir. Sanki həyat ailəsinin qisasını Banindən alırdı. Banin ömrünün sonlarına yaxın Bakıya qayıtmaq, Bakını görmək arzusunun olduğunu dilinə gətirirmiş. Amma həyat buna imkan yaratmır. Banin avtomabil qəzasına düşərək, yataq xəstəsinə çevrilir. Və o bir zamanlar şən və qayğısız böyüdüyü şəhəri görmədən həyatdan köçür. Banin öləndə vəsiyyət edib ki, onu məzarlqıda dəfn etməsinlər, meyidini Anatomiya İnstitutuna versinlər.
Banin "Qafqaz Günlərin"də nədən yazıb?
"Qafqaz Günləri" avtobioqrafik əsər hesab edilir. Romanda müəllif Bakıda baş verən hadisələrdən, ailəsindən, yaxın qohumlarından, qulluqçularından, ailəsinin sərvətinin müsadirə olunmasından və Fransaya getməsinə gətirib çıxaran səbələrdən bəhs edir. Əsər Azərbaycan dilinə ilk dəfə tərcümə edilərkən xeyli ixtisara yol verilib. Amma hazırda "Xan" nəşriyyatı tərəfindən çap edilən bu kitabda həmin ixtisarlar bərpa edilib.
Müəllifin "Qafqaz Günləri"ndə yazdığı bəzi acı gerçəklər çoxlarının xoşuna gəlməyib. Hətta Banin özü də bu gerçəkliyə görə sevilmədiyini bilirmiş. O, buna əsəs səbəb kimi isə "Qafqaz günləri"ndə erməni-müsəlman davasında hər iki tərəfi günahkar görməsini deyib...".
Yuxarıda qeyd etdiyim kimi "Qafqaz Günləri" avtobioqrafiq əsərdir. Romanın dili çox səlisdir, sanki hər hadisə bir sujet kimi göz önündə canlanır. Əlavə heç bir söz hiss etmirsən. Hiss olunur ki, müəllif bu romanın yazana kimi bir xeyli əziyyət çəkib və çalışıb ki, hadisələri olduğu kimi saxlasın. Əlavə heç bir rəng qatmadan, sərt və acı da olsa, reallığı qələmə alıb.
Banin ilk olaraq romanda ailəsindən danışır - məşhur milyonçu ailəsi olan Əsədullayevlərdən. Havayı gələn pul, ey-şirət ailənin gözünü tutur. Amma bu qədər pulun qarşılığında xəsisliklərindən də qalmırlar. Kitabın girişi də belə başlayır: "Bəzi adamlar kasıblıqlarına baxmayaraq, nəcib ailələrdə doğulurlar. Mənim dünyaya gəldiyim ev isə çox varlı olsa da "yaxşı" nəsildən deyildi".
Banin əsər boyu ailəsindən, bibilərindən, bacılarından, bibisi uşaqlarından və digər yaxınları ilə olan dialoqlara geniş yer verir. Ailə üzvüləri varlı olmalarına baxmayara, hər dəfə vərəsəlik üstündə bir-birlərini qırılar. Bu da onu göstərir ki, ailənin varlı olmasına baxmayaraq, daxilən olmayan nəciblik hər dəfə özünü biruzə verir.
"Qafqaz Günlərin"də diqqətimi çəkən əsas obrazlardan biri Fröyleyn Anna idi. Dayə olmasına baxmayaraq, bu qadın bir nəciblik, sədaqət obrazını əks etdirir. Hətta Baninin ailəsi müflis olanda, çətinliyə düşəndə belə onları tək qoymur. Daim ailənin yanında olur. Banin belə zaman-zaman bu qadını sevməsə də, dərslərin bezsə belə, əsərin sonuna yaxın bu qadına duyduğu daxili məhəbbəti açır.
Əsər həm də bizim üçün həmin dövrə nəzər salmaq üçün bir ayna rolu oynayır. Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, Bakı milyonçularının bir-biri ilə bəhsə girmələri, xəsislikləri, həmin dövrün adət-ənənələri hər biri çox incəliklə əsərdə öz əksini tapır. Banin yazır ki, deyilənə görə, babası Musa Nağıyev (ana babası) o qədər xəsis olub ki, xeyriyyə cəmiyyətləri Bakı küçələrində suni bənövşələr satırlarmış, babası isə onların əlinə düşməmək üçün həmin gün evdən bayıra çıxmırmış. Həmçinin babasının fanatik dindar olmasında, ölümdən qorxmasından da söz açır. Musa Nağıyev o qədər ölümdən qorxurmuş ki, dayanmadan ev tikirmiş. Səbəbi isə qədim Şərq rəvayətində deyildiyi kimi, ev tikən adamı əcəl tapmaz.
Dövrün baş verən iyrəncliklərini Banin çəkinmədən qeyd edir. O, həmin dövrdə qızların erkən ərə verilməsi, hələ məktəbli olmalarına baxmayaraq nişanlamasını göstərir. Bu hadisələr nəyinki sadə ailələrdə hətta özlərini yüksək təbəqə hesab edən, milyonçu ailələrində baş verirdi. Təəssüf də olsa, deməliyik ki, bu problem hələ də qalmaqdadır...
Bani nhəmin dövürdə baş verən tarixi hadisələrə də yer verir: AXC-nin yaranması, atasının nazir olması və erməni-müsəlman davası. Banin bu münaqişəni çox aydın təsvir edir; Bakıya erməni daşnak ordusu daxil olur, xeyli insan həlak olur, evlər soyulur, küçəyə çıxmaq mümkün olmur, amma bu anda Banin ailəsi qonşuluqlarında yerləşən erməni ailəsi xilas edir.
"Biz ölümə hazırlaşırdıq, amma deyəsən tələsmişdik; bir az sonra atamla Əminə arxaya addımlarla qayıtdılar. Onların arxasınca gələnlər isə daşnaklar deyil, üzbəüz binada yaşayan erməni qonuşlarımız idi. Onlar bizə mühafizə və evlərində sığınmaq təklif etməyə gəlmişdilər. Təklif minətdarlıqla qəbul olundu. Buna heç söz ola bilməzdi", - Banin yazır .
Milli hökümətin süquta uğrması, Bakını bolşeviklərin tutması ilə ailənin həyatı alt-üst olur. Hər şey gözlənilmədən dəyişilir. Aclıq, səfalət, sarayda yaşayan bir ailə, kiçik evə köməli olur. Və bununla da yeni bir həyat səhifəsi açılır. Banin kiçik yaşda olmasına baxmayaraq, atasını həbsdən azad etməyə çalışır. Hətta buna görə özündən dəfələrlə yaşda böyük olan birisi ilə evlənməyə belə razı olur.
Təkrarçılıq da olsa deməliyəm ki, əsərin sonu təhsirlidir. Baninin Bakıdan getməsi, sonuncu dəfə evlərinə baxması... Bəli, Banin Şərqdə doğulsa belə, təfəkkür baxımından bir qərbli idi. O, buradakı həyat şəraitini sevmirdi. Hətta o həyat tərzinə ironiya ilə baxır, ələ salırdı. Amma doğma şəhərindən ayrılması onun üçün ağır olur. Təəssüf ki, həyatının sonuna kimi də o, doğma şəhərinə qayıda bilmir.
Son olaraq isə bunları qeyd etmək istərdim: kitabda xeyli qeydlərim vardı. Yazını yazdıqca bir-bir o qeydlərə baxdım, amma hamısını bura yazmaq olmur. "Qafqaz Günləri" avtobiaqrafik olsa belə, iyirminci əsr ədəbiyyatımızın ən mükəmməl əsəridir - demək olar.
Digər bir məsələ isə Banin ilə bağlıdır. Bir əsərindən başqa demək olar ki, heç bir əsəri dilimizə tərcümə edilməyib: qısqanclıq, unutqanlıq, məsuliyyətsilik və ya hər nəsə olsa belə. Hansısa müğənninin xalasının nəvəsinin, bibisi oğlu güney azərbaycanlı olsa belə mətbuatımız, televiziyalarımız bar-bar bağırır. Kimisə azərbaycalı etdiklərinə görə bayram etmək istəyirlər. Bəs bu qədər əsər yazan, heç bir dəstəksiz əsərləri dünya dillərinə tərcümə olunan bir yazıçıya niyə sahib çıxmırıq? Səbəb nədir? Yoxsa həqiqətləri yazması, hələ də bir çox həqiqətin olduğu kimi qalmasıdır bu qıcıq hissi? Mədəniyyət və Turizm Nazirliyi ən mənasız işlərə milyonlar xərcləyir. Baninin kitablarını dilimizə tərcümə etdirmək bu qədərmi çətindir?
Və nəhayət, bu kitabı orjinal variantda dilimizə tərcümə edən, bizi belə möhtəşəm bir əsərlə tanış edən "Xan" nəşriyyatına öz təşəkkürümü bildirirəm. Rahatlıqla demək olar ki, "Xan" nəşriyyatın xatirə ədəbiyyat silsiləsindən olan kitablar son iyirmi ildə ədəbiyyatımız üçün misli görünməmiş bir töhvədir. Buna görə nəşriyyata dərin minətdarlıq bildirirəm.
Elkin Xəlilov
Qaynar.info