post-title

Viktoriya Okampo. Cənubun parlaq günəşi - II Hissə

\"Borxes Viktoriyanın fikirlərini və əsərlərini o qədər də bəyənmirdi. Birlikdə çalışsalar da, bir-birilərinə qarşı sipmatiya duymurdular. \"Borxeslə dialoq\" kitabında Viktoriya Borxeslə olan söhbətlərini, yazışmalarını, fikir ayrılıqlarını ətraflı yazır. Amma bu, nə Viktoriyanın Borxesə yardım göstərməsinə, onun tanınması üçün əlindən gələni etməsinə, nə də Borxesin Viktoriyanın dəyərini anlamasına mane olmadı\".

 
Kollaborasionistin sevgisi
 
Parisdə bir nahar zamanı masa arxasında Orteqa i Qasset və Viktoria Okampo ilə birlikdə başqa bir yazıçı da (arvadı ilə) oturmuşdu: fransız yazıçısı və esseyisti Driyö La Roşel (Drieu La Rochelle). Ədəbiyyat, musiqi, siyasət... Daha nələr müzakirə olunmadı bu nahar ərzində... Və nahardan dərhal sonra Roşel arvadına etiraf edir: "Mən bu yazıçı qadına aşiq oldum". Yenidən görüşürlər Viktoriya ilə. Birlikdə Avropanı gəzirlər. Viktoriya Roşelin vasitəsilə Oldos Haksli (Aldous Huxley), Andre Malro ilə tanış olur. 
 
Parisdən ayrılarkən Roşel Viktoriyaya yazır: “Həqiqətən təəssüf edirəm ki, mənim kimi pis bir insana qayğı göstərirsən, bu səni incidəcək və mən sənin səmimi xarakterinə cavab verəcək insan deyiləm. Mən təkcə qəlbsiz deyiləm, həm də istedadsızam. Yenə də, icazə ver, səni qəlbimlə sevim. Çünki bu, bədənimin qalan hissələrindən daha az dəlidir”. 
 
Bir il sonra, yəni 1930-cu ildə Parisdə yenidən görüşürlər. 1932-ci ildə isə Roşel Buenos-Ayresə gəlir. Viktoriya Argentinanın bir sıra şəhərlərində onun mühazirələrini təşkil edir. Borxeslə tanışlığı da Viktoriyanın sayəsində baş tutur. Bu görüşdən sonra Borxeslə Roşel arasında ciddi dostluq yaranır. 
 
Viktoriya ilə Roşelin münasibətləri çox çəkmir. 30-cu illərin əvvəlində Driyö La Roşel faşistləri dəstəklədiyini elan edir. 1945-ci ildə kollaborasionist kimi həbs olunmaq təhlükəsi ilə qarşılaşınca, intihar edir. İntihardan öncə elə şərait yaradır ki, ölümündən sonra etiraf qeydləri Viktoriya Okampoya çatdırılır.
       
Bir dəfə bir konfrans zamanı Viktoriya ABŞ yazıçısı Ualdo Frankla tanış olur. Viktoriya onun dəvəti ilə ABŞ-a gedir və orda Ualdo Frankın vasitəsilə Jak Lakan, Sergey Eyzenşteyn, Le Korbuzye kimi məşhurlarla tanış olur. Daha sonra Ualdo Frank və Viktoriya birlikdə yeni bir jurnal buraxmağı qərarlaşdırırlar. Bu jurnal başda Cənubi Amerika olmaqla, dünyanın yeni ədəbi trendlərini, ədəbiyyatın problemləri əks etdirəcəkdi. Jurnalın adı da Frankın beynində hazır idi artıq: "Sur". (İspancadan tərcüməsi "Cənub"). Viktoriya layihə barədə atasına danışır. Atası dəstəkləyəcəyinə söz verir. Lakin 1930-cu ildə atasının vəfatı ilə ondan qalan mirasa sahiblənir və heç bir tərəddüd etmədən jurnalın dərcinə başlayır. 1931-ci ilin yanvarın birində "Sur"un ilk nömrəsi buraxılır. Borxesin, Driyö La Roşelin, Ualdo Frankın, Ernest Anselmenin, Bioy Kasaresin yardımı ilə. Yeri gəlmişkən, Adolfo Bioy Kasares Viktoriyanın üzə çıxardığı yazıçılardan biri, həm də Viktoriyanın bacısı, yazıçı Silvina Okamponun əridir. Kasares xatirələrində yazır ki, "bu jurnalın açılması Viktoriya üçün sıx meşədə cığır açmaq kimi idi çətin idi."
 
\"Отображается
 
 
Birinci il ərzində jurnalın 4 nömrəsi buraxılır. Yenə Viktoriya və jurnalı millətçilərin və kilsənin hədəfindədir.
 
İttiham: Viktoriya və jurnalı xaricilərə işləyir, jurnalda xaricilər dərc olunur; Viktoriya özü də kilsənin düşmənləri olan Taqor, Krişnamuti və Malro ilə dostluq edir. 
 
Cəza: Kasıblara yardım kampaniyasında iştirak etmədiyinə görə kilsə tərəfindən "persona non grata" elan olunsun! (İl 1933).
Lakin daha sonralar kilsənin yazışmalarında, Viktoriyanın əslində Taqor və Krişnamurti ilə dostluğuna və jurnalında açıq fikirli yazılarına görə "persona non grata" elan edildiyi yazılır. 
 
Jurnalın tarixi boyunca kimlər burda çalışmayıb, kimlər dərc olunmayıb... Borxes, Kortasar, Bioy Kasares, Ualdo Frank, Tomas Mann, Oktavia Paz, Qabriela Mistral, Ekzüperi, Henri Miller, Kamyu, Tomas S. Eliot... 
 
Jurnalın işə başlamasından bir neçə il sonra Viktoriyaya yeni bir ideya vəhy olunur. O dövrün müasir dünya ədəbiyyatının ən görkəmli nümayəndələrini ispan dilinə tərcümə edib nəşr etdirmək. Bu məqsədlə 1933-cü ildə "Sur" nəşriyyatını yaradır. Bu nəşriyyatda müxtəlif illərdə Oldos Haksli, Federiko Qarsiya Lorka, Virciniya Vulf, Albert Kamyu, Qraham Grin, D.H.Laurens, Nabokov, Sartr, Yunq,  Keruak kimi nəhənglərin əsərləri tərcümə və nəşr olunur. Bu tərcümələrdə özü də iştirak edir. Kamyunun "Kaliqula"sı, Folknerin, Qraham Qrinin, T.E.Laurensin, Cavahirləl Nehrunun, Mahatma Qandinin əsərləri Argentinada ispan dilinə Viktoriya tərəfindən tərcümə olunub.
 
"Sur" jurnalı vasitəsilə Viktoriyanın ədəbiyyat üzrə ilk qadın Nobel mükafatçısı Qabriela Mistral və Virciniya Vulf ilə dostluqları yaranır. Virciniya Vulfu dəfələrlə Argentinaya dəvət etsə də, Vulfun səhhəti ilə əlaqədar səfər baş tutmur. Viktoriya onunla Londonda görüşür. Daha sonra əsərlərini ispan dilinə tərcümə edərək "Sur"da yayınlayır. Virciniya ilə olan xatirələrini də "Virciniya Vulf öz gündəliyində" adlı kitabında qələmə alır. 
 
İlk illərdə qısa məsafələrlə yayınlanan "Sur" daha sonra ləngiməyə başlayır. Səbəbi isə Argentina prezidenti Xuan Peronun yüksək miqdarda əmlak vergisinin tətbiqinə qərar verməsidir. Bu qərardan sonra Viktoriyanın sərvəti kəskin şəkildə azalmağa başlayır. Bu da "Sur"un dərcinə təsir edir. Hətta jurnalın 25 illik yubiley dərci üçün Viktoriya borc almalı olur. 1979-cu ildə Viktoriyanın ölümü ilə jurnalın dərci dayansa da, daha sonra dostlarının köməyi ilə bərpa edilir və 1992-ci ilə qədər uzun fasilələrlə yayınlanır. 
 
Mussolini, Müharibələr, Nürnberq və Həbs
 
İtaliyada faşizmin at oynatdığı illərdə Viktoriya Okampo Romada bir neçə universitetdə mühazirə demək üçün dəvət alır. İtaliyada olarkən ordakı dostlarının köməyi ilə Mussolinidən İtaliyada qadınların vəziyyəti haqqında müsahibə götürür:
 
Viktoriya: İtaliyada qadının rolu necədir?
Mussolini: Qadının əsas öhdəliyi dövlət üçün oğul verməkdir.
Viktoriya: Qadın öz ölkəsinə başqa formada yardım göstərə bilməzmi?
Mussolini: Yox!
 
Buenos-Ayresə geri qayıtdıqdan sonra "Canlı tarix" adlı essesində "Duçe ölkəsini müharibəyə aparır və qadınlar da dövlət üçün ölüm aləti kimi oğullar istehsal edirlər" deyə yazır Viktoriya. Bu cümlələr Avropada və Argentinada böyük səs-küyə səbəb olur. Xüsusilə, Argentina nasionalistləri sərt reaksiya verirlər.
Viktoriya İspaniyadakı vətəndaş müharibəsi zamanı İspaniyadakı dostlarına, ikinci dünya müharibəsi zamanı isə Fransadakı sənət adamlarına yardım göstərir. Onun sayəsində fransız fotoqrafı Jizel Froyndun həyatı xilas olunur. Fransa Almaniya tərəfindən işğal olunan zaman onun ölkədən qaçışına yardım edir. Ümumilikdə, ikinci dünya müharibəsi zamanı başda Fransa olmaqla faşistlərin işğal etdiyi ölkələrə Viktoriya üç tondan artıq ərzaq və paltar göndərir. 
Jizel Froyndu xilas etməsi və antifaşist hərəkatında yaxından iştirakı səbəbi ilə Nürnberq tribunalına prosesə yardım etməsi üçün dəvət olunur. Viktoriya tribunalda iştirak edən yeganə argentinalıdır. 
 
Argentinada ilk feminist hərəkatı başlayanlardan biri, ilk şalvar geyinən qadın, ilk sürücülük vəsiqəsi alan qadın kimi tarixə düşmüş Viktoriya Okampo həm də kəskin anti-peronist (Peronizm Argentinanın keçmiş prezidenti Xuan Peronun adı ilə bağlı siyasi kursdur) kimi tanınırdı. "Sur" jurnalının da əsas siyasi xətti anti-faşizm və anti-peronizm idi. Viktoriya sərt siyasi tənqidlərlə çıxış edir və Perona qarşı nümayişlərdə iştirak imkanını qaçırmırdı. 1953-cü ildə Buenos-Ayresdə baş vermiş terror hadisəsinin təhqiqatı zamanı 63 yaşlı Viktoriya da həbs olunur. Lakin dünyanın hər tərəfindən gələn məktublar və xahişlər nəticəsində, 26 günlük həbsdən sonra Viktoriya azad olunur. Bununla belə, ölkədən çıxışına qadağa qoyulur. 
 
Maddi problemlər, xəstəlik və ölüm
 
Həbsdən sonra Viktoriyanın maddi durumu daha da pisləşir. Onu daha çox incidən beynində qaynayan ideyaları həyata keçirə bilməməsi idi. Hətta bəzən "Sur"un nəşri üçün kifayət qədər vəsait tapa bilmirdi. Getdikcə çətinləşən maddi durum səbəbindən Viktoriyanın da yaşadığı Okampo villasının gündəlik baxımına da imkan olmurdu. Nəhayət, Okampo bacıları 1973-cü ildə UNESCO-a müraciət edərək villanı təşkilatın himayəsinə götürülməsini xahiş edirlər. UNESCO xahişi qəbul edir. "Villa de Ocampo" hazırda UNESCO-nun himayəsindədir və 1997-ci ildən etibarən Bəşəriyyətin Tarixi Abidələri siyahısına daxil edilib. 
 
Dərd də azar kimi gələndə batmanla gəlir. Maddi problemlərin üzərinə bir də ağır xəstəlik əlavə olunur. 1963-cü ilin bir günündə Parisin küçələrində gəzərkən ağzında sərt bir ağrının olduğunu hiss edir. Bir neçə gün ağrılar səngimir. Həkimə müraciət etməli olur. Diaqnoz: Ağız xərçəngi. Müalicə və əməliyyatlar. Ömrünün sonuna kimi protez ağıza möhtac qalır. 70-ci illərin ortalarında xəstəlik yenidən baş qaldırır. Bacısı qızı xatirələrində onun ağrılardan necə əzab çəkdiyini yazır. Danışa və yeyə bilmirmiş son günlərində. Nəhayət, 1979-cu ilin yanvarında Viktoriya Okampo vəfat edir. 
 
Post Scriptum
 
Bir qrup daxilində hər kəsin tanıdığı və heç kəsin tanımadığı (ya da çox az adamın tanıdığı) birisi haqqında danışmaq, yazmaq çətindir. Hər kəsin tanıdığı adamı anlatmaq ona görə çətindir ki, hər kəsin az-çox bilgisi, artıq formalaşmış fikri var, hər kəs şərh etmək ərki göstərə bilər, yaxud rahatlıqla yanlışını üzə çıxara bilərlər. Həm də maraqsız olmaq ehtimalı böyükdür. Kimsənin tanımadığı birisi haqqında danışmaq isə daha çox informasiya tələb edir. Ötəri fikirlər, qısa cümlələr, göndərmələr çox da yardımçı ola bilmir. Odur ki, sonda mətnin düşündüyündən daha çox alındığını görürsən. Bu yazı da bir az uzun alındı, fərqindəyəm. Amma yazmaq istəyib, çox uzatmamaq naminə yazmadığım bir xeyli məlumat qaldı. Bir müddətdir bu qadının həyatı ilə maraqlanıram. 
 
Bioqrafiyasından gələn enerji kifayət edir ki, əsərlərinə də tamam ayrı gözlə baxasan. Doğrudur, ədəbiyyat dünyasında Viktoriyanın əsərləri bir argentinalı olaraq Borxesin, Kortasarın əsərləri qədər məşhur deyil. Daha çox xatirələrindən və esselərindən ibarət kitablardır. Viktoriya dünyasını tərk edənə qədər bütün gördükləri işlərlə yanaşı 30-a yaxın kitab yazmağa macal tapmışdı. Esselər, məktublar və xatirələrdən ibarət 10 cildlik kitab seriyası ("Testimonios"), 6 cildlik avtobioqrafiya və 10-dan artıq tərcümə kitabı. Bu mətnlərin hamısını qısa müddətdə incələmək bir az qəlizdir. Hansının nə dərəcədə sanballı olduğunu bilmirəm. Hər halda, müəlliflərinə o qədər ədəbi şöhrət gətirmədilər. Bəlkə də, bu qadının möhtəşəm həyatı və gördüyü işlərin kölgəsi onun ədəbi irsinin daha da parlamasına imkan vermədi, deyə düşünürəm... 
 
Borxes Viktoriyanın fikirlərini və əsərlərini o qədər də bəyənmirdi. Birlikdə çalışsalar da, bir-birilərinə qarşı sipmatiya duymurdular. "Borxeslə dialoq" kitabında Viktoriya Borxeslə olan söhbətlərini, yazışmalarını, fikir ayrılıqlarını ətraflı yazır. Amma bu, nə Viktoriyanın Borxesə yardım göstərməsinə, onun tanınması üçün əlindən gələni etməsinə, nə də Borxesin Viktoriyanın dəyərini anlamasına mane olmadı. Viktoriyanın ölümündən sonra Borxes yazırdı: "Həm mənimçün, həm də Argentina üçün etdiklərinə görə sənə təşəkkür edirəm".
 
Rəşad Səfər
 
Kultura.az
 
 
Yuxarı