post-title

Viktoriya Okampo. Cənubun parlaq günəşi

Tarixin hansısa məqamında bəzi toplumların başı üzərində bir mədəniyyət günəşi doğar. Və bu günəş səmanın ən uca qatından tutmuş yerdəki çəmənliyin dibində gizlənən ən kiçik zərrələrinə qədər bütün işıqları bir yerə toplayar, o zərrələrin hər birini ulduza çevirər. Bir gün özü sönsə də, ulduzlar həmişə yanar, lakin o ulduzlara baxanlar ilk günəşi çox az xatırlayarlar...

 
 
Bəli, pafoslu səslənsə də, belədir. Bu anlamda, bəxti gətirən və gətirməyən toplumlar var. Bəlkə də o günəşi doğuran qüvvə də elə həmin toplumun özündədir. Bilmirəm. İnsanlıq davam etdikcə müzakirəyə açıq mövzudur. 
 
Borxes, Kortasar, Bioy Kasares... Ən məşhurlarının adını çəkirəm. Bu məşhurları ədəbiyyatla az-çox əlaqəsi olan, hətta bəzən olmayanlar belə tanıyır. Eləcə də, Ernesto Sabato, Adolfo Reyes, Silvina Okampo - bizim qulağımıza qəribə gələn bu adlar da kifayət qədər tanınıb - kimi onlarla Argentina yazıçısının həyat və yaradıcılıqları üçün minnətdar olduqları bir qadın adı da var: Viktoriya Okampo (Victoria Ocampo). Bu ad çoxları üçün bir anlam ifadə etmir. Amma "bu qədər yalanın, yanlışın və çətinliklərin içərisində olan bizim kimi 30-40-cı illər nəsli üçün özünə yol açmaqda yardım etdi" söyləyən Xulio Kortasar üçün, bütün fikir ayrılıqlarına və aralarındakı soyuqluğa rəğmən gözlərinin müalicəsini öz üzərinə götürdüyü, kitabxana müdirliyindən qovulduqdan sonra yardım göstərdiyi Borxes üçün, dünya ədəbiyyatını silkələyən, Kamyudan tutmuş Henri Millerə qədər çap olunmuş "Sur" jurnalının yetişdirdiyi dahilər üçün bu qadın ismi yüksək bir anlam daşıyır. 
 
 
Həyata doğru
 
1890-ci ilin 7 apreli. Buenos-Ayres şəhərinin göbəyində, San Martin və Viamonte küçələrinin kəsişməsindəki bir binada Ramona Victoria Epifania Rufina Ocampo adlı bir qız dünyaya gəlir. Bu qız sonralar Viktoriya Okampo olacaq. Amma hələ ki uzun bir adı olan bu qızcığaz doğulduğu məkanla bağlı maraqlı bir təsadüfün hədəfi olur. San Martin və Viamonte küçələri 1810-cu ilə qədər Viktoriya və Okampo küçələri adlanırmış. Bu adların bu nəsillə heç bir əlaqəsi yoxdur. Sadəcə, təsadüf. 
 
Zəngin bir aristokrat ailəsində anadan olan Viktoriya Okampo dövrün dəbinə uyğun olaraq, məktəbə getmədən, evdə fransız bir dayə tərəfindən tərbiyə və təhsil almağa başlayır. Öz ana dilindən (yəni ispan dilindən) öncə fransız dilini öyrənir. Lap kiçik yaşlarından ədəbiyyat, tarix, din, riyaziyyat dərsləri alır. Altı yaşındaykən ailəsi ilə birlikdə qısamüddətlik Avropaya gedir. Paris, Roma, London, Cenevrə kimi şəhərlərlə tanışlığı o illərdən başlayır. Geri qayıtdıqdan sonra ingilis dilini öyrənir. Öyrəndiyi üçüncü dil isə, nəhayət, öz ana dili - ispan dili olur. 7-8 yaşlarında artıq oxuyub tanış olduğu Jül Vern, Konan Doyl, Çarlz Dikkens, Gi de Mopassan, Daniel Defo kimi yazıçıların vurğununa, Şopenin və tennis oynunun xəstəsinə çevrilir. 11 yaşında fransız dilində kiçik hekayələr yazmağa başlayır. 10 yaşında ikən bir teatr tamaşasının səhnələşdirilməsinə yardımçı olur. O zaman aktrisa olmaq arzusu yaranır. Lakin mühafizəkar ailəsi bu arzuya imkan vermir. Yalnız uzun illər sonra bir neçə opera və konsertdə resitant kimi çıxış etməklə qismən də olsa, arzusunu reallaşdırmış olur. 
 
1908-ci ildə Viktoriyanın ailəsi yenidən Avropaya gedir. Bu dəfə daha uzun müddətə. Əvvəlcə piano, vokal dərslərinə, "College de France"da Henri Berqsonun fəlsəfə dərslərinə qatılır. Daha sonra isə Sarbon Universitetində klassik yunan ədəbiyyatını, ingilis ədəbiyyatını, şərq tarixini, Dante və Nitşenin əsərlərini öyrənir. 
 
16-20 yaşları arasında argentinalı qadın yazıçı Delfina Bunge ilə dərin dostluq yaşayır. Hər həftə öz fikirlərini, duyğularını yazıb Delfinaya göndərir. Tezliklə bu dostluq ruhi bağlılığa çevrilir. Ən içdən duyğularını yazıb göndərir Delfinaya. Delfinanın evliliyindən sonra dostluqları səngisə də, Viktoriya Delfinanın ölümünə qədər ona olan sevgisini saxlayır. 
 
1912-ci ildə vəkil Luis Bernardo de Estrada ilə evlənir, lakin uzun çəkmir evlilikləri, bir neçə ildən sonra ayrılırlar. Viktoriya Luis Estrada ilə bal ayındaykən, Romada Argentina diplomatı olan, Estradanın kuzeni Martinezlə tanış olur. İlk görüşlərindəcə Viktoriya duyğularının bir-birinə qarışdığını hiss edir və bir daha Martinezi görməməyə söz verir. Lakin bir qədər sonra Buenos-Ayresdə, "Teatro Colon" opera binasında yenidən görüşürlər və bu görüş onları 1920-ci ildən başlayaraq birlikdə keçirəcəkləri 13 illik bir macəraya doğru aparır. Amma sadəcə birlikdə yaşayırlar. Viktoriya ilk ərindən sonra heç kimlə rəsmən evlənmir. Bütün həyatını mədəniyyətə, ədəbiyyata, xeyriyyəçiliyə həsr edən bu qadının bundan sonrakı şəxsi həyatı elə ictimai həyatı ilə eynidir, demək olar. 
 
\"Отображается
 
Ədəbiyyata doğru
 
Azərbaycan şairləri haqqında yazılan klişe cümlələrin dili ilə desək, Viktoriya hələ uşaq yaşlarından şeirlə, ədəbiyyatla maraqlanır. Gənclik illərinə qədər artıq kifayət qədər dünya ədəbiyyatı və fəlsəfəsi ilə yaxından tanış olur. Bir əsər isə onu dərindən təsirləndirir: Dantenin “İlahi Komediya”sı. 1920-ci ildə, yəni otuz yaşında ikən Argentinanın “La Nacion” qəzetinə “Babil” adlı ilk məqaləsini göndərir. Məqalə “İlahi Komediya”nın bir fəsli haqqında Viktoriyanın fikirlərindən ibarətdi. Məqalə dərc olunur. Həmin dövrlərdə “La Nacion” kimi nüfuzlu bir qəzetdə bir məqalənin dərc olunması müəllif üçün ədəbiyyata doğru qapıların açılması demək idi. 
 
Daha sonra bir sıra məqalələri və hekayələri dərc olunan Viktoriyanın bir problemi vardı: öz ana dilində yaza bilmirdi. Fransızca yazır, sonra tərcümə olunurdu. O dövrün millətçiləri və solçu mətbuatı Viktoriyanı sərt tənqid edirlər, hətta ona “xariciləşmiş” damğasını vuraraq, ondan xalqa heç bir xeyir gəlməyəcəyini söyləyirlər. Ta otuzuncu ilədək bu durum davam edir. Lakin xoş bir tanışlıq Viktoriyaya dil problemindən xilas olmağa yardım edir.
 
Böyük ispan filosofu, esseyist, sosioloq Xose Orteqa i Qasset 1916-cı ildə Argentinaya gəlir. Tezliklə Viktoria ilə tanış olurlar və dostluqları başlayır. Orteqa i Qasset Viktoriyanı öz ana dilini gücləndirmək üçün həvəsləndirir və ona bu işdə yardım edir. Birlikdə çalışırlar, onun yazılarının tərcüməsinə və redaktəsinə kömək edir. 1924-cü ildə Viktoriyanın ilk kitabını - Dante haqqında “Franseskadan Beatrisədək” adlı kitabını ispan dilinə tərcümə etdirib dərc edir. 1930-cu ildən sonra, “Sur” jurnalının meydana çıxması ilə Viktoriya və Orteqanın dostluğu daha da güclənir. “Sur” jurnalı haqqında isə bir az sonra...
 
Taqor və Viktoriya
 
“Bu çiçəyi dər və götür, ləngimə. Qorxuram  ki, solar və torpağa qarışar. Qoy sənin çələngində bu çiçəyə yer olmasın, amma sənin əlinin təmasından iztirab duymağa onu layiq gör və onu dər! Qorxuram ki, günün qurtardığını hiss etmərəm və qurban vermək vaxtı keçər. Bu çiçək şux deyilsə və ətri zəifsə də, nə qədər ki, gec deyil, dər onu və başqa çiçəklərlə bir yerə qoy”... 
 
Bu cümlələr Andre Jidin fransızcasında necə səslənir, bilmirəm, amma elə Mikayıl Rzaquluzadənin azərbaycancasında da həssas daxili dünyası olan, ruhu coşqun bir insanı, xüsusilə də gənc bir qadını məftun eləməyə kifayət edər, zənnimcə. Odur ki, Taqorun “Gitancali” mənzum şeirinin Andre Jidin tərcüməsində ilk oxunuşundan sonra Viktoriyanın Taqora məftunluğu təəccüblü olmamalıdır. Amma bu, iki həssas qəlbli insanın görüşməsi üçün kifayət deyil hələ. İl 1914-dür. Xoş təsadüf üçün on il gözləmək lazımdır.
 
1924-cü ildə Rabindranat Taqor Argentinaya gəlir. Səfəri zamanı möhkəm qripə yaxalanır və qaldığı “Plaza” mehmanxanasında bir neçə gün müalicə almalı olur. Bundan xəbər tutan Viktoriya dərhal mehmanxanaya gəlir. Bu hind dahisi ilə yaxından tanış olur və müalicə olunub tam sağalması üçün ailəsinə məxsus “Villa de Ocampo”ya dəvət edir. Taqor dəvəti qəbul edir, lakin Viktoriyanın mühafizəkar atası qızının xahişini rədd edir. Viktoriya çıxılmaz vəziyyətdə kuzeninin ərindən yardım istəyir. “Söz verirəm, cəmi səkkiz gün. Sonra sağalacaq və çıxıb gedəcək”, yəqin ki, Viktoriya kuzeninin ərindən ev üçün xahiş edəndə təxminən bu sözləri deyib. Amma ortada duyğusal və sənət həzzi varsa, zaman vahidlərinin ölçüsü dəyişir. Səkkiz gün də bu ölçü qarışıqlığı ucbatından iki aya çevrilir. Viktoriya Taqor üçün ayrıca bir ev kirayələməli olur. Öz sözlərinə görə, Taqor onun üzərində “böyük bir heyranlıq və mənəvi bağlılıq” yaradır. Taqor da həmin aylarda yazdığı poemalarından birini Viktoriya Okampoya həsr edir. İki ay sonra Taqor Buenos-Ayresi tərk edir, ancaq aralarında yazışma uzun müddət davam edir. Növbəti və sonuncu dəfə 1930-cu ildə Parisdə, Viktoriyanın rəsmlərindən ibarət bir sərgidə görüşürlər.    
 
\"Отображается
 
“Mən bu sənət üçün doğulmuşdum”
 
İsveçrə dirijoru Ernest Anserme 1924-cü ildə bir konsert üçün Buenos-Ayresə gəlir. Viktoriya çox böyük şövqlə bu konsertin təşkilində Ansermeyə yardım edir. Konsertdən sonra ona Argentinanın yeni yaradılmış, üzvləri əmək haqqı almayan ilk simfonik orkestrində dirijorluq təklif edilir. Lakin orkestrin maliyyə mənbəyi yox idi və şəhər bələdiyyəsinin ayırdığı pul orkestrin yalnız xırda-para texniki işlərinə güclə çatırdı. Ansermeyə davamlı qonorar verilməsi də mümkün görünmürdü. Durumdan agah olan Viktoriya müdaxilə etmək qərarına gəlir: orkestrin maliyyə dəstəyini öz üzərinə götürür. Beləcə, Anserme üç konsert mövsümünü Buenos-Ayresdə keçirir. Viktoriya maliyyə dəstəyindən əlavə, ölkə prezidentinə də orkestra dəstək göstərilməsi üçün davamlı müraciətlər edir. Nəhayət, 1927-ci ildə orkestrin rəsmi büdcəsi üç dəfə artırılır. Lakin bundan sonra da Viktoriya orkestrin himayəsini davam etdirir. 
 
1925-ci ildə Ansermenin dirijorluğu ilə Artur Honeqqerin “Çar David” əsəri səhnələşdirilir. Viktoriya tamaşada resitantlığı öz üzərinə götürür. O qədər cuşa gəlir ki, konsertdən sonra dəfələrlə “mən bu sənət üçün doğulmuşdum” söyləməkdən özünü saxlaya bilmir.  
 
Daha sonra, yəni 1934-cü ildə İqor Stravinskinin “Persephone” operasında da resitant kimi çıxış edir. Viktoriya Stravinskiyə “Persephone”un Braziliya, Uruqvay və Argentinada öz dəstəyi ilə səhnələşdirilməsini təklif edir. Stravinksi yalnız Viktoriyanın bu operanın bütün ifalarında resitantlığına razı olması şərti ilə təklifi qəbul edir. 
 
Filosofun səhvi
 
1927-ci ildə Orteqa i Qassetin rəhbərlik etdiyi “Revista de Occidente” jurnalında alman filosofu Herman Qraf Keyserlinqin bir əsəri dərc olunur. Əsəri oxuyan Viktoriya filosofun fikirlərinə heyran olur və qısa müddətdə ingiliscə olan bütün əsərlərini tapıb oxuyur. Daha sonra filosofun yeni “Avropa spektri” kitabını ispan dilinə tərcümə və nəşr etdirmək üçün icazə almaq məqsədilə Keyserlinqə müraciət edir. Bu müraciətlə aralarında qarşılıqlı yazışmalar başlayır. Viktoriya Keyserlinqə Buenos-Ayresə gəlməyi və konfranslar verməyi təklif edir. İşinin çoxluğu səbəbindən Keyserlinq təklifdən imtina etsə də, təqribən il yarım yazışmaları davam edir. Yazışmaların əsas mövzusu Keyserlinqin səfəri və əsərlərinin müzakirəsi idi. Lakin bununla belə, filosof Viktoriyanın ona aşiq olduğunu düşünür.
 
Keyserlinq növbəti kitabı olan “Azad olunmuş Amerika” kitabında təxminən belə bir fikir yazır ki, insan varlığının əsl mahiyyəti yalnız bir kişi ruhu bir qadın cismi ilə birləşdiyi zaman əldə edilə bilər. Bu fikirlərdən pəjmürdə olan Viktoriyanın Keyserlinqlə səmimi münasibətləri soyuyur. Görünür, Viktoriya Keyserlinqlə yalnız ruhi birliyi düşünürmüş, filosofun bədənlərin birliyi fikrini qəbul etmək istəmir. Viktoriyanın bu reaksiyasından sonra Keyserlinq anlaşmazlıq içərisində qalır və hətta vəziyyəti anlamaq üçün Karl Yunqla da bir neçə dəfə məsləhətləşməli olur.
 
Səmimi münasibətlərin soyumasına baxmayaraq, Keyserlinqin Buenos-Ayresə səfəri zamanı mehmanxanada qalma xərclərini Viktoriya təmin edir. Keyserlinq Viktoriya ilə münasibətlərini təhlil edərək amerika qitəsinin insanları haqqında nəzəriyyələr yazır kitablarından birində. Viktoriya da Keyserlinq haqqında xatirələrini qələmə alır. 
 
Rəşad Səfər
 
ardı var...
Yuxarı