post-title

Şəhriyar Səmədov: Rus istibdadını çeçen gülləsinə dəyişən gənc qvardiyaçı

Özü yazdığı kimi çirkli Russiyanın ləkəsindən, şərindən qorunmaq üçün bu ucsuz-bucaqsız cənub dağları ona əsl sığınacaq idi. Qafqaz xalqları onların ərazilərini işğal etmiş bir şəxsi bu gün də sevə - sevə oxuyur.

 

Qaş-qabaqlı, mərhəmətsiz və fəlakətli

 

Əgər dahi rus yazıçısı Aleksandr Sergeyeviç Puşkinin portretləri bir-birini tamamlayırsa, bu halı Lermontova aid etmək olmaz. Yetər ki, "google"da axtarış verib bunun şahidi olasan. Baxmayaraq ki, onu zəmanəsinin ən istedadlı rəssamları çəkib. Nəticələr isə fərqli alınıb. İvan Sergeyeviç Turqenevin yazdıqlarına inansaq, Lermontovun zahiri görünüşü, ümumiyyətlə, cəlb edici olmayıb və onda mənfi təəssüratlar oyadıb. Turqenev Lermontov haqqında qeydlərində yazır: “Onun zahiri görünüşü qəddar, qaş-qabaqlı, mərhəmətsiz və fəlakətli idi. Qarabuğdayı sifətində hərəkətsizlik müşahidə olunurdu. Fikirli, böyük, qara gözlərində nifrət əlamətləri sezilirdi. Bədən quruluşu alçaq və əyri ayaq idi. Enli kürəkləri, üzərində böyük başı və bükülmüş beli adamda mənfi təəssürat oyadırdı. Fəqət onun körpə uşaqlara məxsus zərif dodaqları sadaladığım bütün mənfiliklərə tərs mütənasib idi”. Mixail Yuryeviçin xasiyyəti bu gündə onun yaradıcılığını araşdıran adamların mübahisə mövzusudur. Moskva şəhərinin kübar məclislərində iştirak edən yazıçı burada hökm sürən saxta mühitdən əziyyət çəkirdi. Şüar əzbərləyib xanımların diqqətini cəlb etmək istəyən zadəgan gənclər yazıçı tərəfindən lağa qoyulurdu. Səmimi olmayan adamları qəbul etməyən Lermontov sonda elə bunun qurbanı oldu. Onsuz da, o öz aqibətinin necə olacağını təxmin edirdi. Sağ ikən şeirlərinin birində öz sonunun tam təfsilatını yazıb: “İsti yay günündə, ətrafımda daş qayalıqlar, ölümcül yuxuda ikən sinəmə sancılmış güllədən fəvvarə vuran qan çeşməsi”

 

Muzdlu şotland nəslinin nümayəndəsi

 

1613-cü il Rus ordusu Polşa ilə müharibə aparır. Çar ordusu polşalıların əsəs sığanacağı olan “Beloy” qalasını götürür. Çoxlu sayda polşalı əsgər və onlarla çiyin-çiyinə döyüşən muzdlu Şotland döyüşçü Rus ordusuna əsir düşür. Döyüşkən və hərb işində təcrübəyə malik Şotland muzdurlara Rus çarının itaətini qəbul edib onun uğrunda döyüşmək təklif olunur. Böyük torpaq payları ilə mükafatlandırılan şotlandlar çar ordusundan gələn təklifi qəbul edir. Bu döyüşçülərdən biri də M.Y. Lermontovun ulu babası Georg Lermont idi. 200 ildən sonra dünyaya göz açacaq dahi rus yazıçısı məhz həmin nəslin nümayəndəsi idi. Rus istibdadını çeçen gülləsinə dəyişən gənc qvardiyaçı “Şairin ölümü” şeirini yazarkən Lermontov yaxşı başa düşürdü ki, onu ən yaxşı halda sürgün gözləyir. O, hətta bunu arzu edirdi. Çünki tam yəqinliyə çatmışdı ki, çeçen gülləsi altında yaşamaq çar Rusiyasının istibdadı altında yaşamaqdan daha qorxusuzdur. Bir neçə saatlıq sorğu-sualdan və kamerada saxlandıqdan sonra onun təxminləri özünü doğruldur. Uşaq ikən nənəsi ilə müalicəyə gəldiyi Qafqaza bu dəfə o hərbçi kimi sürgün olunur. Çoxlu sayda dekabristlər də həmin ərəfədə məhz Qafqazda sürgündə idilər. Lermantov onların hər biri ilə yaxından tanış olur. O, Qafqazda bir hərbçi kimi dağlılarla döyüşüb ölkəsinin sərhədlərini böyütməklə məşğul idi. Gənc qvardiyaçı əsgər kazarmalarında yaşamağa nifrət edirdi. Təhlükəli, xüsusi əməliyyatlarda iştirak edir və adından söz etdirirdi. Lakin mükafatlandırılmırdı. Çar birinci Nikolay buna mane olurdu. Baxmayaraq ki, o Qafqaz xalqları ilə müharibə aparırdı, lakin Lermontov bu xalqların dilinə, azadlıq sevərliyinə vurğun idi. Əgər yazıçının şeirlərini, poemalarını diqqətlə oxusaq, başa düşərik ki, bu insanları sevməyən, onlara dərin hörmət etməyən bir şəxs heç vaxt onlar barədə bu qədər mükəmməl yazılar yaza bilməz. Lermantov Qafqazda dayanmadan yazırdı. Ən mükəmməl əsərlərini burada qələmə alıb. Sıra ilə düzülmüş Qafqaz dağlarını onun qədər mükəmməl təsvir edən ikinci yazıçı yoxdur. Özü yazdığı kimi çirkli Russiyanın ləkəsindən, şərindən qorunmaq üçün bu ucsuz-bucaqsız cənub dağları ona əsl sığınacaq idi. Qafqaz xalqları onların ərazilərini işğal etmiş bir şəxsi bu gün də sevə- sevə oxuyur. Yazılarından ilham alır. Bu yazılarla fəxr edirlər. Ədəbiyyat tarixində belə hadisəyə rast gəlmək məncə mümkünsüzdür. Çeçenistanı bu gün idarə edən şəxs israrla onu özünküləşdirməyə çalışır. Bu gün Rusiyanın həqiqi ziyalıları saxta vətənpərvərlərin hay-küyünə Lermantovun yazdıqları ilə cavab verirlər. Onlar: “siz bu ölkəni məyər Lermantovdan çox sevirsiz yoxsa Lermantov da vətəninin “xarici agenti” idi?” sualının qarşısında psevdo vətənpərvərlər sükut edirlər. Çünki onlar Lermantovun “Rodina” şeirini oxuyub “Əlvida, çirkli Rusiya” arasında ilişib qalıblar. Susurlar. Lermantov onların deyəsən həqiqi niyyətlərini üzə çıxarıb. Özü də çox gənc yaşında.

 

Və duel

 

Günümüzdə Mixail Yuryeviç Lermantovu dueldə məhz sifarişlə öldürüldüyünü yazılır. Açılan ölümcül gülləni onun duel rəqibi yox, kənardakı kolluqda gizlənən killerin işi olduğunu israrla sübut etməyə çalışırlar. Bu versiya ağlabatan olsa da, hələ ki, öz təsdiqini tapmayıb. Yazıçının öz aqibətinin necə olacağını bildiyi barədə yuxarıda qeyd etmişdik. Bu barədə çox yazılıb. Duelin təfsilatını oxuyarkən nəzərimi bir hadisə çəkdi. Bu onun ikinci dueli idi. Yazılana inansaq, o ölmək və ya qalmaq mücadiləsinə gedərkən tum çıtlayırdı. Bu qədər rahat və soyuqqanlı idi. Və bu dəfə də o tətiyi basarkən rəqibini nişan almadı. Eynən birinci duelində olduğu kimi. Atəş göyə açıldı. Xüsusi təyinatlı dəstədə xidmət edən, peşəkar zabitin bir neçə addım aralıda duran şəxsi o dünyaya göndərməsi çox asan idi. “Tum çıtlamaq” kimi asan. Yazıçının hərbi litseydə ən yaxın dostu və dueldəki rəqibi isə onun bu sülhsevər jestini Lermantova bağışlamır. Lermantovun öz sonu barədəki yazdıqları peyğəmbərcəsinə düz çıxır.                              

 

 

 

 

 

Şəhriyar Səmədov
Kultura.az

 

 

Yuxarı