post-title

Malik Məmmədli: Annales Tarix məktəbi

Buckhardt tarixi din, dövlət və mədəniyyət üçlüyünün qarşılıqlı təsir sahəsi olaraq gördüyü halda, Micheletə görə tarix, bu gün \"aşağının perspektivindən tarix\" (history from below), onun öz sözləri ilə, \"iztirablarını dilə gətirmə gücündən məhrum halda iztirab çəkən, işləyən, çürüyən və ölən insanların tarixi\" olmalı idi.

 

Annales hərəkatı: təsis edilməsi, prinsipləri, mərhələləri

 

1929-cu ildən 1939-cu ilədək "Annales d'histoire economique et sociale," 1932-ci ildən 1942-ci ilədək və 1945-ci ildə "Annales d'histoire sociale," 1942-ci ildən 1944-cü ilədək "Melanges d'histoire sociale" və nəhayət 1946-cı ildə "Annales: economies, societes, civilisations" olmaqla dörd müxtəlif adla çıxan, ancaq qısaca "Annales" adıyla məşhur olan tarix jurnalının ətrafında toplanan bir qrup tarixçi tərəfindən təsis edilən Annales Məktəbinin əsası 1929-cu ildə, XVI əsr mütəxəssisi Lucien Febvre ilə orta əsrlər mütəxəssisi Marc Bloch tərəfindən qoyulub. “La nouvelle histoire: yeni tarix” cəryanı kimi tanınan Annales Məktəbi və bu məktəbin nümayəndələri tarix yazma sahəsində aşağıdakı qabaqcıl fikirləri müdafiə edirdilər.

(Blok Annales Məktəbi tarixçiləri və onların müdafiə etdikləri hamılıqla qəbul edilmiş fikirlərdən söhbət getmir, çünki ortaq fikirlərinə görə, qrupa daxil olmayan şəxslər tərəfindən Annales Məktəbi adı verilməsinə baxmayaraq, qrupa daxil olan tarixçilər fərdi müxtəlifliklərini əsas gətirərək bu adı qəbul etməkdən çəkiniblər. İngilis tarixçisi Peter Burke də irəlidə istinad edilən monoqrafiyasında Annales Məktəbi əvəzinə Annales qrupundan danışmağın daha məntiqə uyğun olacağını müdafiə edir. Beləliklə, biz də bu səbəbdən, burada, ümumi mənada Annales məntiqinin təməlində duran başlıca prinsiplərdən danışırıq)

 

A) Hadisələrdən ibarət ənənəvi tarix hekayəçiliyinin yerini problem mərkəzli analitik tarix anlayışı tutmalıdır. 
B) İlkin məzmunda siyasətə meyl edən tarixin yerinə insan fəaliyyətinin bütün sahələrinə meyl edən tarix keçməlidir. 
C) Bu iki məqsədin reallaşdırılması üçün, tarixin xaricindəki digər sosial elmi disiplinlərlə əməkdaşlığa əhəmiyyət verilməlidir.

 

Üçüncü prinsip, disiplinlərarası əməkdaşlığa əhəmiyyət verilməsi, hərəkatın təsisçi liderlərindən Lucien Febvre tərəfindən xüsusilə vurğulanaraq, tarixçilərə müraciətlə "Həm coğrafiyaçı, həm hüquqçu, həm psixoloq, həm də sosioloq olun," şəklində ifadə edilmişdi. Annales Məktəbinin müdafiə etdiyi bu təməl prinsiplər daha sonra Fernand Braudel, Georges Duby, Jacques Le Goff və Emmanuel Le Roy Ladurie kimi məşhur tarixçilər tərəfindən mənimsənərək digər elm sahələrinə də yayıldı. Bu çevrəyə yaxın adların arasında Michel Foucault ilə Ronald Mousnierin də adı var. Sosial və mədəni tarix sahəsindəki təhqiqatları ilə məşhur olan İngilis tarixçi Peter Burke "Fransız Tarix İnqilabı: Annales Məktəbi" adlı əhəmiyyətli monoqrafiyasında, Annales Məktəbinin tarixi mənşəyini, qidalandığı fikri damarlarını, məktəbin təsisçi və nümayəndələrinin qələmə aldıqları mətnləri araşdırmaqla, XX əsr tarixçiliyində dərin izlər buraxmış bu məktəbin çox istiqamətli "tarixini" verməkdədir. Burke, bu əsərlə hədəfinin, 1920-ci illərdə Fransada başlayan hərəkatın ölkə daxilində və xaricindəki izi ilə hərəkət edərək Annalesin digər elmlərə göstərdiyi təsiri təsbit etmək olduğunu bildirir. Burkeyə görə, Annales hərəkatı üç mərhələdən keçib:

 

1. 1920-1945 - Bu ilk dövr hərəkatın təsis mərhələsi idi. Belə ki, hərəkat bu mərhələdə əsasən ənənəvi tarix və siyasi tarix anlayışını kökündən yıxmağa çalışan və ya ənənəvi tarix anlayışına, siyasi tarixə və hadisələr tarixinə silsilə hücumlar təşkil edən kiçik, radikal qrupdan ibarətdi.

2. 1945-1968 - II Dünya Müharibəsindən sonrakı dövrə uyğun gələn, hərəkatın metod və anlayışlarının təməlinin atıldığı, Annalesin tam mənasıyla məktəb halına gəldiyi bu ikinci mərhələdə, hərəkat tamamilə Fernand Braudelin təsiri altında idi.

3. 1968-1990 - 1968-ci ildə başlayan üçüncü mərhələdə isə, hərəkat, sərhədləri nəzarət altına alına bilməyəcək qədər genişlənən hər bir hərəkatın üz-üzə gəldiyi prosesə, parçalanma prosesinə daxil oldu.

Günümüzə qədər davam edən üçüncü mərhələdə, Annales Məktəbində müxtəlif ayrılmalar baş verdi. Bu ayrılmalar nəticəsində bir qisim tarixçi sosial-iqtisadi tarixdən uzaqlaşaraq sosial-mədəni tarixə istiqamətlənərkən, bəziləri də yenidən siyasi tarixə və hadisələr tarixinə yönəldi. Digər yandan Annalesin təcrübəsindən bəslənən bir qisim tarixçinin hekayəçiliyi (narrative) yenidən kəşf etmə macəraları da bu üçüncü mərhələdə reallaşdı. Bu parçalanmaya baxmayaraq, Burke, Annales hərəkatı daxilindəki müəyyən yanaşma və təməl fikirlərin dəyişmədiyini və bu qrupun öz elmi işləri vasitəsiylə tarix elmini digər sosial elmlərlə ən yaxşı şəkildə sintez etdiyi qənaətindədir.Burkeyə görə, Annalesə bağlı olan digər tarixçilərin araşdırmaları maraq oyandırsa da, hərəkatın öncüllərindən Lucien Febvre, Marc Bloch və Fernand Braudelin bu sahədəki fəaliyyət və tədqiqatları daha çox diqqət cəlb edir. 

 

Tarix yazma sahəsindəki köhnə rejimin müxalifləri

 

Burke, Annales məktəbinin təsisçilərindən iki adı, Lucien Febvre və Marc Blochu xüsusilə qeyd edərək, onların əsrlərdir davam edən tarixi tədqiqat prinsiplərini yerlə yeksan etməyə çalışan qiyamçılar olduğunu irəli sürməkdədir. Çünki bu iki tarixçinin elmi əsərləri, tarixçilikdə Herodot və Thukydidesdən üzü bəri hakim olan siyasi tarix yazma tərzinə, yəni "böyük adamların və qəhrəmanların əhvalatları" əleyhinə aydınlanmadan etibarən özünü göstərən etirazların ən əhəmiyyətlisi və təsirlisi olmuşdur. Həmçinin, onların hər ikisi, François Simiandın "tarixçilər qəbiləsinin bütləri olaraq xarakterizə etdiyi siyasət, fərd və xronologiya bütlərinə" müharibə elan edən tərzindən və Henri Berr tərəfindən 1900-cü ildə təsis edilən və tarixçiləri digər elm sahələri, xüsusilə psixologiya və sosiologiya ilə əlaqə yaratmağa təşviq edən "Revue de Synthese Historique" adlı jurnalda (həm Febvre, həm də Bloch bu jurnalla əməkdaşlıq etmişdi) vurğulanan tarixi psixologiya idealından təsirlənmişdilər. Hələ XVIII əsrdə Şotlandiya, İtaliya, Almaniya və digər ölkələrdə, bəzi mütəfəkkirlər, "cəmiyyət tarixi" adlandırdıqları yeni bir tarix növünü inkişaf etdirməyə səy göstərirdilər. Edward Gibbonun "Roma İmperatorluğunun Çöküşü" adlı monumental əsərindəki kimi sosial-mədəni tarixi siyasi hadisə hekayəçiliyi ilə inteqrasiya etmə səyində olan bir qrup tarixçiylə yanaşı, "Kopernik İnqilabı" ilə bir tutulan Leopold von Rankenin liderlik etdiyi digər bir qrup da öz düsturlaşdırdıqları tarix anlayışları ilə sosial-mədəni tarixi yenidən marjinalaşdıraraq XVIII əsrin "yeni tarix"inin altını oymaqda idilər. Klassik tarix anlayışına istiqamətli müxaliflik XIX əsrdə də davam edirdi. 1855 və 1860-cı illərdə Renessansla bağlı əsərlərini nəşr etdirən Michelet və Buckhardt tarix mövzusunda Rankenin təqibçilərindən daha əhatəli fikirlərə malik idilər. Buckhardt tarixi din, dövlət və mədəniyyət üçlüyünün qarşılıqlı təsir sahəsi olaraq gördüyü halda, Micheletə görə tarix, bu gün "aşağının perspektivindən tarix" (history from below), onun öz sözləri ilə, "iztirablarını dilə gətirmə gücündən məhrum halda iztirab çəkən, işləyən, çürüyən və ölən insanların tarixi" olmalı idi. Klassik tarix anlayışına qarşı istiqamətlənən müxaliflik Michelet və Buckhard ilə donub qalmadı. Belə ki, XIX əsrin sonuna doğru siyasi tarixin "imperializmi" əleyhinə qalxan etirazlar daha da yüksəldi. Ən yaxşı təşkilatlanmış müxalif tarixçilər iqtisadiyyat ilə məşğul olanlar idi. Emile Durkheimin sosiologiyasını mənimsəyən Françoise Simiand və onun kimi bir çox iqtisadçı, sanki klassik tarix anlayışını tarixdən silmək istəyirdilər. Burke, Annales Məktəbinin meydana çıxmasını da bu kompleks mühitə yerləşdirir.

 

Təsisçilər və birinci mərhələ

 

Annales məktəbinin ilk mərhələsini və təsisçilərini tədqiq edən Burkeyə görə, Febvre ilə Blochun tarixə istiqamətli yanaşmaları olduqca bir-birinə bənzəsə də, özləri xaraktercə tamamilə bir-birinə zidd şəxslər idi. Həmçinin, onların məzun olduqları məktəbləri və birlikdə işlədikləri müəllimləri, dostluqlarını, bir araya gəldikləri və elmi müzakirə mühitlərini araşdıran Burke, Annales Məktəbinin formalaşacağı zəmini hazırlayan "Annales" jurnalının təsis mərhələsinə və bu mərhələdə Febvre ilə Blochun əlaqədə olduğu akademik mühitə və təsirləndikləri fikir damarlarına toxunmaqdadır. Bir-birinə bənzər təsirlənmə prosesi keçən bu iki şəxs Strasbourg Universitetində müəllim olduqları 1920-1933-cü illər ərzində sanki bir-birini tamamlayıblar. İşlədikləri mühit də onları bəsləyən inter-disipliner bir xüsusiyyətə malik idi. Febvre və Bloch, bu dövrdə yazdıqları bəzi əsərlərində, bir tərəfdən "yeni tarix" anlayışının (digər elm sahələriylə kollektiv tarix yazma yanaşmasının) ilk sınaqlarını keçirir, digər tərəfdən də yeni anlayışlar yaradır və müqayisəli tarix tədqiqatlarına doğru addım atırdılar. Burke, bu iki tarixçinin, 1928-ci ildə iqtisadi və ictimai tarix anlayışı çərçivəsində yazmaq üçün digər tarix jurnallarından ayrılmağı hədəfləyən "Annales d’histoire economique et sociale" adlı jurnalı çıxarmağa başlaması ilə Annalesin təsis edildiyi qənaətindədir. Sonraki illərdə ətrafdan mərkəzə, yəni Parisə gələn üzvlər Annales hərəkatına təşkilati kimlik qazandıracaq qədər müvəffəqiyyətli oldular. Bundan sonrakı mərhələdə öhdələrinə götürdükəri elmi işlər də onlara öz təsirlərini artırmaqda yardımçı oldu. Buna əlavə, kiçik bir gənc qrup hərəkata qoşuldu. Bu ərəfədə İkinci Dünya müharibəsi başladı və Almanlara əsir düşən Bloch 1944-cü ildə öldürüldü. Nəticədə, Febvre II Dünya Müharibəsindən sonra Annales hərəkatı üzərində ən ciddi təsirə malik şəxsə çevrildi. Tədqiqatlar, 1956-cı ilə, yəni ölüm tarixinə qədər Febvre tərəfindən davam etdirildi. Febvre, Braudeli və digər bir çox tarixçini yetişdirdi və Annalesin onlar tərəfindən davam etdirilməsini təmin etdi. Həmin illərdə Annalesçilər artıq Fransada tarix disiplinini ələ keçirməyə müvəffəq olmuşdular. Bu dövrün varisi isə Fernand Braudel olacaqdı.

 

Braudel yaxud ikinci mərhələ

 

Burke, öz monoqrafiyasında Fernand Braudelin Annales ilə olan əlaqəsi və vaxt keçdikcə Annalesin ən əhəmiyyətli üzvlərindən birinə -sonrakı dövrdə ən əhəmiyyətlisi- çevrilmə prosesinin izah edərək, Braudelin "Aralıq dənizi Dünyası" adıyla məşhur olan "Aralıq dənizi Dünyası və II Felipe" adlı tezisindən danışmaqda, bu tezisin yazılma prosesini araşdırmaqdadır. Bu əsərlə, tarixi tədqiqatlarda o vaxta qədər maraq göstərilməyən məkana diqqət çəkildi və tezis hadisələri "total tarix" anlayışıyla inteqrasiya etməsi baxımından əhəmiyyət daşıyırdı. Braudelin məktəb üzərində müstəsna və rəqibsiz təsirə malik olduğu bu dövrdə Annales məktəbi tarixin maddi mədəniyyətə baxan yönünə fokuslanmağa başladı. Burke, Braudelin kapitalizm ilə əlaqədar Marx və Weberinkindən fərqlənən fikirlərini onun öz dilindən verməkdədir: "Kapitalizm tək bir məhdud qaynaqdan meydana gələ bilməzdi. İqtisadiyyat da, siyasət də, cəmiyyət də, kültür və mədəniyyət də öz rolunu oynadı. Ümumiyyətlə, son analizdə, güclərin çəkişməsində kimin qələbə qazanacağını təyin edən tarix də öz rolunu əsirgəmədi." Febvrenin ölümündən öz vəfatına qədər (1985) keçən müddət ərzində Braudel, yalnız bir öncül olaraq deyil, eyni zamanda Fransanın ən böyük tarixçisi olaraq qaldı. Bu müddət ərzində istər Fransadakı tarixi tədqiqatları istiqamətləndirməsi, istərsə də xaricindən gələnlərə verilən təqaüdlərlə Fransız tarix anlayışını yaymağa və "ortaq bazar" idealını reallaşdırmağa çalışması, onun mövqeyini gücləndirmişdi. Braudel bu dövrdə, gündəlik həyat və maddi həyat sahələri üzrə bir sıra əsərlər qələmə aldı. Disiplinlərarası tədqiqatlara dair ən gözəl nümunələri təqdim etməyə çalışdı. 1950-1970-ci illər arasında hərəkatın daxilində formalaşan rəqəmsal tarix anlayışı, Burkenin deyimiylə "rəqəmsal inqilab" yüksəlməyə başladı. Braudel Annales daxilindəki rəqəmsal tarix və zehniyyətlər tarixi tədqiqatları əleyhinə çıxsa da, əvvəlcə iqtisadiyyat sahəsində müşahidə edilən bu metoddan daha sonra cəmiyyət, əhali, din və zehniyyət sahələrində də istifadə edilməsinə çalışıldı. Bu tədqiqatlarda Ernest Labrousse həm öz əsərləri, həm də istiqamətləndirdiyi tezislərlə son dərəcə təsirli olmuşdu. Həmin dövrdə bir çox tarixçi; bölgə, şəhər və şəhərkənarı araşdırmalarında fərqli dünyagörüşlərini və disiplinlərarası strukturu ortaya qoymağa çalışdı. Bu əsərlərdə Braudelçi strukturlar (uzun müddətli faktlar) ilə Labrousseçi konyuktura (qısa müddətli faktlar) və tarixi demoqrafiya uğurlu bir formada birləşdirildi. Beləliklə, serial tarix yanaşmasıyla qələmə alınmış əsərlər meydana çıxdı. Bununla yanaşı, tam fərqli yanaşmalarla da əsərlər yazılmaqda və Annales hərəkatı öz daxilində fərqli inkişaf istiqamətləri sərgiləməkdə idi. Məsələn Le Roy, regional monoqrafiyalarda ənənəviləşən struktur və konyuktur tənzimləmə yerinə, ələ aldığı mövzunu başqa bir metodla araşdırmışdı. Burke bu tədqiqatı Braudelçi paradiqmanın məhdudiyyətlərini görərək yenilik edən bir düşüncə adlandırmış və regional tarix araşdırmalarının "Aralıq dənizi Dünyası" disiplinindəki bir nümunəsi olan Emmanuel Le Roy Ladurienin "Languedoc Kəndliləri" adlı əsərini tədqiq etmişdi. Beləliklə, Annalesin üçüncü nəsli meydana çıxmaqda idi.

 

 

Üçüncü nəsil

 

1968-ci ildən sonrakı dövrdə (üçüncü nəsil) Annales hərəkatı daxilindəki proseslərin ümumi xüsusiyyəti fikir ayrılıqları və çox-mərkəzli bir dünyagörüşünün mövcud olmasıdır. Bu dövr müəlliflərinin bir qismi Febvrenin metodunu daha da genişləndirərək tarixin sərhədlərini uşaqlığa, yuxulara qədər aparmış; bir qisim də siyasi tarixə və hadisələr tarixinə geri dönmüşdü. Bəziləri rəqəmsal tarixə daha çox maraq göstərdiyi halda, digərləri bunun əleyhinə çıxmağa başlamışdı. Bu dövrün digər bir fərqli istiqaməti də qadınlara yer verilməsi idi. Qadın tarixçilər həm tədqiqatlara qoşuldu, həm də qadınların tarixi barədə əhatəli tədqiqatlar aparıldı. Bu nəslin başqa bir xüsusiyyəti isə Amerikan düşüncə meyilləri ilə daha yaxın əlaqədə olması idi. Belə ki, 1968-ci ildən sonra Annalesin rəhbərliyinə keçən Andre Burguiere və Jacques Revel kimi gənc tarixçilərin öncüllük etdiyi bu üçüncü nəsl Fransa xaricindəki fikirlərə sələflərindən daha açıq idilər. Bu tarixçilərin bir çoxu ABŞ universitetlərində dərs deyirdi və İngiliscə danışıb yaza bilirdi. Həmçinin, bu yeni nəsl, Annales ənənəsi ilə Amerika mənşəli psixo-tarix, yeni iqtisadi tarix, məşhur mədəniyyət tarixi və simvolik antropologiya kimi sahələri sintez etməyə çalışdı. Burke, Jacques Le Goff və Georges Duby kimi Annalesçilərin zehniyyətlər tarixinə istiqamətli marağını incələyərək, Annales tarixçilərinin ideologiya ilə bağlı fikirlərinə fokuslanmaqda, həmçinin, kollektiv tədqiqat və statistik analiz üçün əlverişli olan sahələrə toxunmaqdadır. Üçüncü nəsildən Braudelə əks reaksiya ilk dəfə Philippe Ariesdən gəldi. O, zehniyyətlər tarixinə diqqət çəkdi. Aries, rəqəmsal yanaşmanı və digər ölçüləri rədd edərək təbiət ilə mədəniyyət arasındakı əlaqələrə sıxlaşdı və Febvrenin "ölümün tarixi əlimizdə yoxdur" çağırışına cavab verməyə çalışdı. Bəzi mədəniyyətlərdəki ölüm faktını, uşaqlıq dövrü həyat formasını tədqiq etdi. Bəzi müəllliflər də duyğu, münasibət və rəftarları araşdıran əsərlər ortaya qoydular. Ölüm nisbətləri, vəsiyyətnamələr, kitablar, oxuma-yazma nisbətləri, geyim-kecim kimi mövzular ələ alındı. Tarix psixologiyası, tarix sosiologiyası, psikoanalitik tarix, ictimai tarix, tarixi antropologiyası kimi adlarla obrazlaşdırılan tədqiqatlar edildi. Bunun əksinə rəqəmsal tarix yanaşmasının tarixçinin işi olmadığı, bəhs edilən sənədlərin etibarlılığının müzakirə edilməli olduğu şəklində fikirlər də vardı. 1970-ci illərin sonlarına doğru Annalesin təmsil etdiyi anlayışların bir çoxuna, xüsusilə ictimai və struktural tarixin suverenliyinə qarşı ümumi bir reaksiya meydana çıxdı. Bu reaksiyaların pozitiv tərəfində üç meyli mövcud idi: antropolojik əyri, siyasətə geri dönüş və təhkiyənin canlanması. Burke bu meylləri müfaviq olaraq, monoqrafiyasının "Antropoloji Əyri," "Siyasətə Geri Dönüş" və "Təhkiyənin Canlanması" adlandırdığı üç alt bölümündə araşdırır."Antropoloji Əyri"də tarixi antropologiya və antropoloji tarix barədə düşüncələr, meyllər və inkişaf izlənməkdə, Annales mənşəli tarixçilərin antropoloji təcrübədən faydalanmalarına toxunulmaqdadır. "Siyasətə Geri Dönüş" adlı alt bölüm, uzun illər siyasi tarixə arxa çevirməklə günahlandırılan Annales tarixçilərinin siyasi hadisə hekayəçiliyinə yenidən əhəmiyyət verməyə başlamasına işarə etməkdədir. "Təhkiyənin Canlanması" isə, tarixi bioqrafiyanın canlanma səbəblərini incələməkdədir. 

 

Annales hərəkatının təsir dairəsinə və əldə etdiklərinə ümumi baxış

 

Annales hərəkatının həm Fransa sərhədləri xaricində, həm də tarix disiplini xaricində yaratdığı təsir dairəsini araşdıran Burke, bəzi yerlərdə Annales hərəkatına qarşı olan müxaliflikdən bəhs edir. Hərəkatın, sosial-mədəni tarix yanaşmasının Fransa xaricində geniş şəkildə tanınmasının Braudel dövründə reallaşdığını vurğulayan müəllif, Belçikada Henri Pirene ilə İngiltərədə də R. H. Tawneyin Annalesin izindən getdiyini yazır. Bu təsiri doğuran Braudelin "Aralıq dənizi Dünyası" əsəri idi. Əsər, İtalyanca və İspancaya çox qısa bir müddətdə tərcümə edildi. Annelesçilərin metodlarını izləyən tarixçilər, öz ölkələrinə aid əsərlərdə bu məktəbin tarixçilərinə istinad etdilər. Polşada Annales coşğuyla qarşılanır, bir çox tarixçi Parisdə təhsil alırdı. "Aralıq dənizi Dünyası"nın təsiri Baltik ölkələrində də hiss edildi; Almaniyada isə 1970-ci illərdən sonra gündəlik həyatın hadisələrinin yazılması məsələsinə təsir göstərdi. Bu inkişafa baxmayaraq Annales hərəkatı İngiltərədə uzun müddət maraq oyandırmadı. Əsərlərin böyük bir qismi də İngiliscəyə çevrilməmişdi. Bəzi anlayışlar İngilis tarixçilər tərəfindən heç cür qəbul edilmirdi. İngilislərin empirik və fərdçi metodologiyası ilə Fransızların nəzəri və bütüncül metodları üz-üzə qalmışdı. Bəzi Marksist tarixçilər özlərini Annalesə yaxın hiss etdikləri halda, digər Marksistlər Annalesdən uzaq dururdular. Annales məktəbinin Afrika, Asiya, Yaponiya və Amerika üzərindəki təsir dərəcələrini də araşdıran Burke, ən güclü təsirin Orta və Cənub Amerikada hiss edildiyi fikrindədir. Annales, anlayış, yanaşma və metodların bir tarixi dövrdən digər bir tarixi dövrə yaxud bölgəyə yayılmasına da təsir göstərdi; ancaq siyasətin ən aktiv dövrlərini yaşayan iyirminci əsr üçün tətbiq olunması sanki mümkün deyildi. Bununla belə Annelesçi yanaşma olmadan tarix yazıla bilməyəcəyi də etiraf edildi. Annales tərzi tədqiqatlar, əski çağ tarixi sahəsində də edildi. Digər elm sahələrindən təsirlənən Annales, öz növbəsində digər elm sahələrini də təsir etdi. Coğrafiya, sosiologiya və antropologiya kimi elm sahələri digərlərinə nisbətən Annales tərzinə daha çox maraq göstərmişdi. Annales hərəkatının tarix xaricindəki sosial elmlərə təsirini və "total tarix"ə tövhələrini incələyən Burkeyə görə, Annales Məktəbindən sonra tarix disiplini bir daha əsla əvvəlki kimi olmayacaq. Burkenin "Annales Hərəkatının Terminologiyası" adı verdiyi Annales Məktəbinə mənsub olan tarixçilərin istifadə etdiyi anlayışlar, Annalesçilərin tarix ilə digər sosial disiplinlər arasındakı sərhədləri necə yerlə-yeksan etdiklərini və tarixi necə "daha çox şeyin daha çox tarixi" halına saldıqlarını açıq-aşkar göstərir. Sonda Annales tarixçilərinin ortaya qoyduqları yeni tarixin nə dərəcə yeni və qiymətli olduğuna toxunan Burke, nəticə olaraq, 1920-ci illərdə Almaniyada meydana çıxması gözlənilən "yeni tarix" yanaşmasının, Fransada meydana çıxmasının səbəbini; Bloch, Febvre və Braudelin, məqsədlərini reallaşdırmaq məsələsində digərlərinə nisbətən daha böyük addımlarla irləliləmələri və hərəkatın öndərliyinə can atmada rəqiblərindən daha çevik davranmaları ilə əlaqələndirməkdədir. Müəllifə görə Annalesin kollektiv müvəffəqiyyətinin bir səbəbi də Annales tarixçilərinin öz araşdırmalarında bir-birlərinin tədqiqatlarına istinad etmələri yaxud reaksiya göstərmələridir. Burke, Annalesin ən əhəmiyyətli müvəffəqiyyəti kimi, bundan sonra tarix elminin iddia sahəsinin genişlənməsini qeyd edir. Həmçinin, Burke irəli sürdüyü bu arqumentlərə əsaslanaraq hazırladığı kitaba "Fransız Tarix İnqilabı" adının uyğun gəldiyini və "iyirminci əsrin ən yenilikçi, ən əhəmiyyətli tarix işlərinin Fransadan çıxdığını" ifadə etməkdədir.

 

Yazı İngilis tarixçi Peter Burkenin "Fransız Tarix İnqilabı: Annales Məktəbi" kitabı barədə iki ayrı məqalədən -Mustafa Alican və Levent Öztürkün resenziyalarından- istifadə edilərək hazırlanmışdır. 

Malik Məmmədli
Kultura.az

Yuxarı