Universitetdə İqtisad oxusam da, oxuduğum fakultənin dərsləri mənə həyatla əlaqəli bir şey qatmayıb. Əksinə çox sıxıcı teoriyalar, analizlər, hesablamalar olub. Amma bu dərslərin içərisində bir dərs var ki, demək olar düşünmə şəklimi kökündən dəyişdirib. Əslində deyərdim ki, dərs yox bu dərsi keçən müəllim, Yrd. Doç Dr. Bulent Nomer. Dərsin adı isə Scientific Thinking (Elmi düşünmə) dərsi idi. Hocamın mənə verdiyi ən gözəl şey isə həyatıma yön verən üç düşüncəni tamami ilə yıxmağıma səbəb verən töhvələri oldu. Hocamın fikirlərinə görə insanın düşüncə genişliyinə kilid vuran üç mövzu var. Futbol tərəfdarlığı (fanatik), milliyətçilik və din. Hər insan öz daxilində bu mövzuları mühakimə eləməli və bu mövzuların heyatına yön verməsinin qarşısını almalıdı. Təhlükə şkalasına görə bu mövzuları sıralasaq futbol fanatikliyi, milliyətçilik və dindir. Səbəblərini aşağıda sıralayacam.
Futbol
İlk növbədə futbol tərəf darlığıdır. Qısaca 22 nəfərin 105 m uzunluğunda və 68 m enində yaşıl bir sahədə bir topun arxasıyca qaçması və hər hansı bir qapıdan top keçirtməsi qaydalarından ibarət bir oyun. Futbol komandalar arasında oynanır və bunun üzərindən pul qazanılır. Buraya qədər heç bir problem yoxdur. Problem bu komandaları gözü qapalı dəstəkləmək. Rənglərinə bağlanıb qalan bütün başqa komandalardan və o komandaların rəngindən nifrət etmək. Tutduğun komanda üçün cinayət törətmək. Hər hansı bir gəlir gətirməyən və həyatına yeni bir şey qatmayan, şiddəti qəbul eləyən bir fanatiklik. Komandanın qazanması və uduzmasını həyatındakı ən böyük dəyişiklik olaraq görmək, vaxtını bir oyun üçün həsr eləmək. Sonu gəlməyən mübahisələrlə vaxt itirmək. Necə də mənasızdı ele deyilmi? Bir oyun ki, sənin dünya görüşünə, mədəniyyətinə bir şey qatmır o oyun üçün saatlarla mübahisə eləmək və ən sonunda yenə heç bir nəticəyə gəlməmək nəyə lazımdı axı? Hətta fikir verin o göylərə çıxardılan futbolçuların 90%-i sözün əsl mənasında bir qladiatordan fərqsizdi. Birisi ilə də futbol komandası üzərinə mübahisə eləmək çox mənasızdı çünki bu mübahisə sənə hər hansı bir şey qatmayacaq. Futbol fanatikliyi təhlükəlidi. Amma əhatə elədiyi sahə geniş deyil çünki qarşısında yarım milyon rəqib komanda və fərqli idman növləri var. Bir komandanın fanatik azarkeşləri hamısı ilə baş edə bilməz.
Milliyətçilik
İkincisi isə milliyətçilikdi. Yenə bir tərif gətirsək milliyətçilik dil, tarix və mədəniyyət birliyinə bağlı xalq və dövlətin mütləq və əsas bir dəyər olduğunu qəbul edən düşüncə şəklidir. Heç ideologiya belə deyil. İnsan doğularkən heç bir seçim haqqına sahib olmur. Hər hansı bir coğrafiyada, topluluqda doğulur. Özünün seçmədiyi hətta seçim haqqı belə olmayan insanları, cəmiyyəti qalan bütün insanlardan, cəmiyyətlərdən üstün görür. Fikirləş sənə seçmək haqqın olmayan bir alma ağacı verirlər. Bu ağacın almalarının şirin, yumru, qırmızı olduğunu görürsən və sənin alma ağacının ən gözəl olduğunu və dünyadakı ən gözəl almaların səndəki şirin, yumru, qırmızı alma olduğu və bu ən gözəl almaları yalnız sənin ağacında yetişdiyi fikrini müdafiə eləyirsən. Hətta səndəki bu almaların bəzilərinin çürük olduğunu da bilirsən. Amma əslində alma yaşıl, turş, yumru vəya sarı,şirin, yumru da ola bilər. Bu almanın gözəlliyini əksiltməz. Bir baxıma səndəki almalardan fərqli olduğu üçün gözəlləşdirər. İndi fikirləş ki, sən sənin seçmədiyin şirin, qırmızı, yumru almaya görə dünyada qalan bütün almaların kökünü qazımaq istəyirsən. Bax milliyətçilik bu qədər mənasızdı. Bir milliyətçi ilə mübahisə eləmək də mənasızdı. Çünkü onun gözü öz almasının gözəlliyindən başqa heç nə görmür. Bir baxıma görən kordu. Milliyətçiliyin ən yaxşısı belə təhlükəlidi, çünkü fikrin isbatı üçün şiddətdən başqa çıxış yolu yoxdu. Milliyətçilik təhlükə şkalasına görə ikincidi.. Yenə də qarşısında minlərlə fərqli millət, fərqli idealogiya var və bunların hamısı ilə baş edə bilməz, yox edə bilməz. Yox eləsə belə yenə öz içində əvvəl axır bölünəcək. Bu dəfə yarısı qırmızı yarısı al olacaq.
Din
Bu mövzularda sonuncusu isə dindir. Təbiətüstü, müqəddəs və əxlaqi dəyərlər daşıyan, fərqli rituallar və qurumlara sahib inanclar və ibadətlər bütünü. Dini bizə uşaqlığımızdan nənə, babalarımız öyrədirlər. Hələ ağlımızın kəsmədiyi yaşdan. Bir baxıma biz atalarımızın rituallarını davam elətdiririk. 99% də din seçimində yenə heç bir seçim haqqımız yoxdu. Hətta hər din doğulan bütün uşaqların öz dininə aid olduğunu irəli sürür. Heç bir uşağa dini seçmək haqqı tanımır. Din bir doqmadı. Hər hansı bir tənqidə, mübahisəyə qapalıdı. Özünü və sadəcə özünü mükəmməl sayır. Başqa heç bir şey dindən daha mükəmməl deyil. İnanmayan və ya hər hansı bir başqa dinə sahib birinin sənin dininin tənqidi qəbul edilə bilməz. Din insanları bəlkə ruhani olaraq irəli apara bilər onu bilmərəm, amma bilinən bir şey var ki din inkişafın qarşısındaki ən böyük əngəldi. Çünki din keçmişə bağlı yaşayır, keçmişi buraxmır. Min illər əvvəlki qaydaların eyni ilə davam eləməsini müdafiə eləyir. Keçmişdə qalan, keçmişin düşüncələri, həyat tərzi ilə yaşayan bir cəmiyyət də geridə qalmağa məhkumdu. Keçmişdə yaşayan insan isə hər zaman təhlükəlidi. Çünki yenilik ən böyük rəqibidi. Yeni düşüncə, yeni təhsil, yeni texnologiya, yeni həyat tərzi ən böyük qorxusudu. Deyə bilərsiniz ki dindar insan da yeni texnologiyalara, yeni həyat tərzinə, yeni düşüncələrə uyğunlaşır. Əsas olan uyğunlaşmaq deyil bu yenilikləri ortaya çıxartmaq, düşünmək, ixtira eləməkdi. Din bu yeniliklərlə sonuna qədər mübarizə aparacaq. Əlində tutduğu böyük güclə də gələn bütün yenilikləri əzəcək və öldürəcək. Bu dünyadaki ən təhlükəli şey dindi. Həm opium kimi insanları özünə bağlı eləyir, həm də özündən olmayanı məhv eyləyir. Dinin qarşısında isə sadəcə başqa bir din var. Heç bir idealogiya, düşüncə şəkli, fəlsəfə dinin qarşısında bir güc olaraq dəyana bilməz. Dinin gücünə bərabər heç bir şey yoxdu.
Hocamın mənə verdiyi məsləhətlərə ilk vaxtlar qəti bir qarşı durmam var idi. Bu tövhələrin dəyərini mənə deyilən kimi anlamadım, başa düşmək istəmədim. Amma illər keçdikcə bu fikirlər formalaşmağa başladı. İlk öncə futbol fanatikliyindən qurtuldum. Daha sonra fərqli xalqların, millətlərin nümayəndələri ilə qarşılaşıb əslində heç bir fərqimin, heç bir əlavə dəyərimin olmadığını anladım. Sadəcə fərqli coğrafiyada doğulmuşdum və fərqli dəyərlərlə böyüdülmüşdüm. Bu dəyərlər isə məni sadəcə fərqli eləyir amma heç bir zaman üstün eləmir. Bunun mənim dünya görüşüm olmağının necə də gülünc olduğuna qərar verdim. Ən sonuncusu isə dindir ki, hələ də öz daxilimdə dinin həyatıma yön verməsini əngəlləmək üçün mübarizə aparıram. Din ən çətin fikri sınaqdı çünkü insan qorxulardan və diləklərdən ibarət bir varlıqdı. Dinin ən böyük iki silahı. Qorxunun və arzunun olmadığı yerdə tanrı yoxdu. Bir insan isə bu iki hissdən ayrı düşünülə bilməz.
Ziya Cəfərov
Kultura.az