Avropada gəlmələrin uşaqları əllərindən alınır?
Norveç təcrübəsiNorveçə gəldiyim ilk günlərdə ən çox qorxduğum şey bu idi ki, b…
O, sanki, deyir: “Baxın, diqqətlə baxın, bu maymaq və küt, üz-başını yara basmış, adicə cümlə qurmağı bacarmayan, burnunun fırtığı ağzına sallanan insanabənzər məxluqlara çevrilmək istərmirsinizsə, elmdən və sənətdən bərk yapışın!”
Bir neçə ay bundan öncə Umberto Ekonun bir essesini dilimizə çevirmək istəyirdim. Google-da axtarış verdim. Qarşıma rus saytlarının birində Ekonun Aleksey Germanın “Allah olmaq çətindir” filmi haqqında fikirləri çıxdı. Dahi italyan filosofunun film haqqında düşüncələri diqqətimi çəkdi: “Germanın bu filmi ilə müqayisədə Tarantinonun filmləri “Uold-Disney” kimi bir şeydir.” Filmə baxmaq qərarına gəldim. Məyusluq! Sadəcə iyrənc səhnələr! Və başqa heç nə!
Bu günlərdə Aleksey Germanın “Allah olmaq çətindir” filmini yenidən izlədim. Əvvəlcə filmi anlamaq üçün bir neçə kino tənqidçisinin resenziyasını oxudum. Film məni heyran etdi… Görünür, bu filmi anlamaq üçün bəzi “ipucları”na ehtiyac var, ona görə də bu yazını yazmaq qərarına gəldim. Gəlin bəri başdan belə bir şərt kəsək: əgər özünüzü hazırlıqlı tamaşaçı sayırsınızsa, onda əvvəlcə filmi izləyin, sonra yazını oxumağa davam edərsiz. Yox, əgər özünüzü ortabab tamaşaçı hesab edirsizsə, ona yazını oxumağa davam edin, sonra isə filmi izləyin. Bu yazı filmi anlamaqda sizə kömək edəcək…
Struqaçki qardaşları
“Allah olmaq çətindir” filmi Arkadi və Boris Struqaçki qardaşlarının eyniadlı povesti (bugünkü meyarlarla roman) əsasında çəkilib. Struqaçki qardaşları fantastik sovet (rus) ədəbiyyatının ən görkəmli nümayəndələri hesab edilirlər.
Məlumat üçün deyim ki, Andrey Tarkovskinin “Stalker” filmi də Struqaçki qardaşlarının ssenarisi əsasında çəkilib. Daha sonra Çernoblda baş vermiş dəhşətli qəza (filmin ekrana çıxmasında 6 il sonra) filmi bir az da populyarlaşdırdı. Hətta “Stalker” filmini ekoloji problemlərdən bəhs edən ekran əsəri kimi xarakterizə edənlər də tapıldı. Əslində, filmin ideyası tam başqadır. Bu haqda danışmayacağıq… Fikrimcə, “Stalker” filmini heç fantastik janrda çəkilmiş kino əsəri hesab etmək də doğru olmazdı. Bu məsələni ona görə qabardıram ki, Struqaçki qardaşlarının “Yol qırağında piknik” (“Пикник на обочине”) romanı sırf fantastik əsər idi, lakin Andrey Tarkovski Struqaçki qardaşlarını ssenarini düz 10 dəfə yenidən yazmağa məcbur etmişdi. Bu mənada Tarkovskini rahatlıqla “Stalker” filminin ssenari müəllifi hesab etmək olar. Bu film bütünlükdə Tarkovski beyninin məhsulu idi.
Haqqında danışacağım “Allah olmaq mətindir” povestini isə Struqaçki qardaşları 1964-cü ildə qələmə almışdılar. Təxminən həmin illərdə Aleksey Geman bu povest əsasında film çəkmək fikrində idi, lakin müəyyən səbəblərdən bu ideya həyata keçmədi.
Flyayşmanın versiyası
Gemanın çəkə bilmədiyi filmi 1989-cu ildə alman rejissor Peter Flyayşman çəkdi. SSRİ-Almaniya istehsalı olan bu film bir o qədər də uğurlu olmadı. Struqaçki qardaşları da filmi bəyənmədilər. Mən filmin bu versiyasına da baxmışam. Yetərincə ciddi filmdir. Germanın filmini daha yaxşı anlamaq üçün bu versiyaya da baxmaq lazımdır. Fikrimcə, Flayayşman əsəri ideyasını daha uğurlu aça bilib. Hər şey anlaşılandır. Eyni əsər əsasında çəkilmələrinə baxmayaraq bu iki filmi tam müstəqil ekran əsəri saymaq olar. Lakin, az öncə qeyd etdiyim kimi, sanki Flayayşman öz filmini ona görə çəkib ki, Germanın gələcəkdə çəkəcəyi filmi daha yaxşı anlamaq mümkün olsun. Ona görə də, məsləhət görərdim ki, Flyayşmanın filmini Germanın filmindən öncə izləyəsiniz.
Allah olmaq niyə çətindir?!
Aleksey Germanın “Allah olmaq çətindir” filminin çəkilişləri düz 10 il vaxt aldı, film ekranlara çıxanda isə German artıq vəfat etmişdi. Filmin son tamamlama (montaj və dublyaj) işləri Aleksey Germanın oğlunun rəhbərliyi altında yekunlaşdı. 2013-cü ildə Roma kino festivalında nümayiş etdirildi. Filmin ilk tamaşaçılarından biri də Umberto Eko idi…
Hadisələrin gedişatını Flyayşmanın filmində daha aydın görmək olur: insanlar kosmosda yeni planet aşkar ediblər. Bu balaca planet (nə əsərdə, nə də filmdə planetin adı yoxdur) öz əlamətlərinə görə Yerə çox bənzəyir. Burda humanoidlər məskən salıblar. Onlar qəsrlər tikirlər, sənət nümunələri yaratmağa can atırlar, elmi ixtiraların ilk işartıları nəzərə çarpır. Bütün bu əlamətlər orta əsrlər Avropasını xatırladır, ilk baxışdan belə təəssürat yaranır ki, yaxın illərdə Yerdə olduğu kimi, bu planetdə də sivilizasiya inkişaf edəcək, intibah başlayacaqdır…
Bütün bu prosesləri izləmək üçün tarixçilərdən ibarət elmi qrup bu adsız planetə ezam olunublar. Onlar tarixin gedişatını, inkişafı müşahidə etməli və qeydlər aparmalıdırlar. Bir növ casus kimi başqa adlarla bu adamların arasında yaşamalıdırlar. Hadisələrin inkişafına heç bir halda müdaxilə etmək olmaz! Bu, qadağandır! Tarix öz axarı ilə getməlidir…
Fikrimcə, bu detal ilə müəllif insanları düşündürən ən vacib suallardan birinə cavab verməyə çalışır: xalqlara öz talelərini həll etməkdə başqa (daha inkişaf etmiş) xalqlar “kömək” etməlidirlərmi? Yox! Hər bir xalqın özü öz inkişaf yollarını müəyyən etməlidir. Bu, daha ədalətlidir. Əgər bir cəmiyyət dəyişmək istəmirsə, deməli o, geriliyə layiqdir. Müasir dünyada öz iqtisadi və hərbi potensialına görə daha güclü dövlətlərin daha zəif cəmiyyətlərə “demoktratiya gətimək” adı ilə necə soxulduğuna şahid oluruq. Məncə, bu, ədalətli deyil. Axı sən həmin cəmiyyətin təbii inkişafına mane olursan, əgər belə demək doğrudursa, “barmaq edirsən”. Yəqin, mənimlə razılaşarsınız ki, bu, çox hallarda ciddi fəsadlarla nəticələnir…
Hadisələr Ankanar şəhərində cərəyan edir. Ankanar feodalist cəmiyyətin bariz nümunəsidir. Bu şəhər-ölkəni kral idarə edir. Əslində, bütün ağıllı adamlar anlayırlar ki, heç bir məmləkətdə və heç bir dövrdə ölkəni kral idarə etməyib. Ankanarda bütün işlər sarayın mühafizə rəisi Rebanın nəzarəti altındadır. Reba üçün “insan azadlığı” anlayışı mövcud deyil. Reba yaxşı başa düşür ki, kütlə nə qədər avam olsa, onu idarə və istismar etmək bir o qədər asan olacaq. Odur ki, Reba və adamları elm və sənət fədailərini təqib edir, onları məhv etməyə çalışırlar. Yazı yazmağı bacaran ankanarlı onların ən qatı düşmənidir.
Məhz buna görə də bu planetdə sivilizasiyanın inkişafı davam etmir. İntibahın baş verməməsinin səbəbi budur. Ankanarlılar intibahın astanasında dayanıblar. Yer insanları ilə ankanarlıları 800 il ayırır. Yerdən göndərilmiş tarixçilər, xüsusən də Anton bütün bu durğunluğun səbəbini yaxşı anlayır. Lakin onlara tarixin gedişatına müdaxilə etmək qadağan olunub. (Deizmi yadınıza salın!) Ola bilsin ki, Anton Rebanı öldürsə, hər şey düzələcək. Elm və sənət inkişaf etməyə başlayacaq. Beləliklə, 800 il əvvəl Avropada olduğu kimi Ankanarda da intibah başlayacaq.
Anton özünü əsilzadə kimi təqdim edir, onu Ankanarda don Rumata kimi tanıyırlar. Eyni zamanda, don Rumatanı Allahın oğlu kimi qəbul edirlər. Gəlin başqa bir fəlsəfi problemin izahına diqqət yetirək: don Rumata (yəni Allahın oğlu, yəni Allahın Ankanardakı nümayəndəsi, yəni Allah) istəsə, Ankanarlıları Rebanın əsarətindən asanlıqla xilas edə bilər. Amma o bunu etmir, çünki tarixin gedişatını süni şəkildə dəyişmək olmaz. Qoy hər şey təbii yolla getsin! Qoy hər bir xalq (insan!) nəyə layiqdirsə, onu da alsın.
Təxminən belə: qul azad olmaq üçün can atmırsa, deməli o, azad olmağa layiq deyil. Bu, mənim izahımdır. Ola bilsin ki, yanılıram…
Ankanarda ilk elm adamları gözə dəyir. Onlar ixtiralar etməyə can atırlar. Məsələn, onlar teleskop düzəltməyə çalışırlar. Bu, Flyayşmanın filmində daha yaxşı göstərilib. “Bozlar”, yəni Rebanın adamları teleskopun quraşdırılacağı qurğunu yandırılar. Fikrimcə, bu, Qalileyə və ya Cordano Brunoya işarədir. Demək, hər şey düz gəlir, elə Yer planetində də ilk elm adamları təqiblə üzləşiblər… (Vatikan kilsəsinin Avropada mütləq ağalıq dövrünü, inkivizasiyanı, diri-diri odda yandırılan, cadugərlikdə günahlandırılıb işgəncələrə məruz qalan ilk elm və sənət fədailərini xatırlayın).
Flyayşmanın versiyasında daha bir maraqlı dialoqa rast gəlirik. Teleskopun quraşdırılacağı dayağı inşa edən ankanarlı ilə Rebanın adamları - “bozlar” arasında keçən bu dialoqda müəllifin Allah (və din) haqqında düşüncələri izah edilir. Bu xurafatçı adamlar, dayağı inşa edən ankanarlını Allaha qarşı çıxmaqda günahlandırırlar.
Onlar deyirlər, sən teleskopla Allahın sifətini görmək istəyirsən, bu, çox böyük günahdır! O isə deyir ki, Allahın sifətini görmək mümkün deyil, çünki Allahın sifəti yoxdur, axı Allah sizin kimi miskin varlıqlarla eyni əlamətlərə malik ola bilməz! Bütün bu situasiyalar, əslində orta əsrlərdə Vatikan kilsəsi ilə ilk elm adamlarının qarşıdurmalarını xatırlatmırmı? (Qalileyin məhkəməsini xatırlayın).
Doğrudan da cəhalətin, savadsızlığın hökm sürdüyü bir cəmiyyətdə insanları istismar etmək, onları əzmək çox asandır. Reba bunu çox yaxşı anlayır. Bu gün Azərbaycan cəmiyyəti (bütün Şərq!) bu hiyləgər “rebalar”la dolu deyilmi?
Bütünlükdə filmi bura köçürmək fikrindən xeyli uzağam. Amma yuxarıda qeyd etdiyim detallar filmi daha yaxşı anlamaq üçün sizə kömək edə bilər.
Germanın filmində isə hadisələr bu qədər üzdə deyil (Məhz buna görə əvvəlcə Flyayşmanın versiyasını izləməyi məsləhət görürəm). İlk baxışdan film sıxıcıdır. Əslində, film bir uzun kadrdan ibarətdir, 3 saata yaxın davan edən bircə kadr. Əlbəttə rus kino tənqidçilərinin o fikirləri razıyam ki, bu qədər uzunçuluğa ehtiyac yox idi. Elmsiz və sənətsiz bir dünyanın necə iyrənc və boz ola biləcəyini saat yarımlıq bir filmdə də göstərmək olardı.
Germanın filmi iyrənc səhnələrlə zəngindir. Sanki German tamaşaçını şoka salmağa çalışır. Sən “bundan daha iyrənc bir şey ola bilməz!” deyərkən, ondan daha da iyrənc bir səhnə gəlir ekrana.
Film boyu adamlar dayanmadan tüpürürlər: suya, torpağa, yemək yedikləri qaba… (Müqayisə et: həmvətənlərimiz də asfalta tüpürməyi çox sevirlər. Parklarımızda skamyaların ətrafı tüpürcək gölməçələri ilə dolu deyilmi?)
Ankanarlılar musiqiyə nifrət edirlər. Anton (don Rumata) öz saksafonabənzər nəfəs alətində ifa etməyə başlayanda onlar barmaqlarını qulaqlarına tıxayırlar. Yeri gəlmişkən, film boyu iki dəfə - əvvəldə və sonda səslənən bu melodiya çox ecazkardır.
Germanın filmi daha pessimistdir. German ankanarlılara ümid bəsləmir. Sanki hər şey çoxdan həll edilib. Burda heç nə dəyişməyəcək. Ankanar cəmiyyəti çoxdan məhv olub. Bu cür yaşamaqla məhv olmaq arasında heç bir fərq yoxdur. Elmin və sənətin yoxa çıxdığı bir cəmiyyət təsəvvür edin! Hər şey boz və mənasızdır. Burda yaşamaqdan yox, sadəcə mövcud olmaqdan söz gedə bilər. Bir heyvan, yaxud mənasız bir məxluq və ya adicə əşya kimi… Burun dəsmalı kimi...
Film rəngsizdir. Görünür bununla yaradıcı qrup filmin effektini daha da artırmaq istəyib. Axı ankanarda “bozlar” hakimiyyətdədir, axı elmsiz və sənətsiz dünya boz rəng kimi darıxdırıcıdır.
Filmi ilk dəfə seyr edəndə bu qədər iyrənc səhnələrə məna verə bilməmişdim. Daha sonra hər şey aydın oldu: müəllif bizə elm və sənətsiz dünyanın necə iyrənc ola biləcəyini göstərmək istəyib. Üz-gözünü yara basmış, bütün gün dayanmadan tüpürən və burunlarını eşən, üz-başına insan nəcisi sürtməyi xoşlayan adamlar... Bəli, elmsiz və sənətsiz dünya məhz bu cür ola bilərdi. Bu gün səliqəli geyimimizə, ətrafımızdakı bütün gözəlliklərə görə elmə və sənətə borcluyuq. Biz təmiz evlərdə yaşayırıq, təmiz geyimlər geyinirik, burnumuzun fırtığı ağzımıza sallanmır, hara gəldi tüpürmürük. Əlbəttə bəzi həmvətənlərimiz istisnadır. Bu həmvətənlərimiz 800 il geridə qalıblar, sanki onları kimsə keçmişdən, hələ elmin və sənətin inkişaf etmədiyi uzaq və qaranlıq keçmişdən, yaxud da elə Ankanardan götürüb atıb bizim şəhərə…
Film boyu bir dənə də gözəl simalı adam görünmür. Ankanarlılar çox çirkindirlər. Fikrimcə, bu filmin gücünü bir az da artırır.
Ankanarda ağaclar bitmir, güllər açmır. Ankanar bombozdur. Hər yer palçıq içindədir. Ankanar böyük bir bataqlığı xatırladır. Bəli, cəhalətin hökm sürdüyü qorxunc bir bataqlıq...
Film boyu bir dənə də olsun, normal dialoqa rast gəlmək mümkün deyil. Ankanarlılar artıq danışmağı da yadırğamaq üzrədirlər. Onlar normal cümlə qura bilmirlər.
Yerli televiziya kanallarımızda göstərilən küçə sorğularını izləməyi sevirəm. Fikir vermisinizsə, həmvətənlərimiz kamera qabağında öz fikirlərini ifadə etməyi bacarmırlar. Sınıq-salxaq cümlələrlə keçinib gedirlər. Toy ziyafətlərində sağlıq demək üçün səhnəyə çıxan qohum-əqrəbalara fikir verin, hamısı əzbərçilik edirlər, hamısı tutuquşu kimi eyni cümlələri təkrarlayıb otururlar yerlərinə: “Allah xoşbaxt eləsin! Oğullu-qızlı olsunlar!”
Ankanarlılar maymaq və kütdürlər. Əllərindən heç bir iş gəlmir. Əzilmək, aşağılanmaq onların xoşuna gəlir. İmkan tapan kimi don Rumata yaltaqlanırlar. Əvəzində isə don Rumatın burnunu silib atdığı dəsmalın üstündə dava edirlər. Don Rumat Allahdır. Ankanar kimi boz və ölü şəhərdə, maymaq və küt, qüruru və özünə inamı olmayan məxluqların Allahı olmaq, doğrudan da, çox çətindir.
Filmi izləyərkən başa düşürsən ki, müəllif tamaşaçını qorxutmağa çalışır. Onu hansısa uzaq və uydurma planet, Ankanarın maymaq və küt sakinləri maraqlandırmır, müəllifin bircə məqsədi var: elmin və sənətin yoxa çıxdığı dünyanı sənə göstərmək. O, sanki, deyir:
“Baxın, diqqətlə baxın, bu maymaq və küt, üz-başını yara basmış, adicə cümlə qurmağı bacarmayan, burnunun fırtığı ağzına sallanan insanabənzər məxluqlara çevrilmək istərmirsinizsə, elmdən və sənətdən bərk yapışın!”
İkinci Mahmud
Kulis.az