Ağarəhim Poladov: Anticisimlər
Nostalji kimi bədbin, melanxolik, lazımzıs bir hiss yoxdur. Bunu …
Dövlət üçün ailə münasibətlərində ictimai maraq doğuran üç böyük mövzu var: 1) mülkiyyət; 2) vərəsəlik; 3) uşaq haqları. Hər yerdə ailə-nikah qanunlarında bütün nizamlama bu böyük mövzular üzərində qurulub. Yaş həddi, qarşılıqlı razılıq, nikah müqaviləsi, boşanma, valideynlik və uşaqların tərbiyyəsi və s. kimi qaydalar da bu üç böyük mövzunun açılmasına xidmət edir. Bir sözlə, dünyəvi qanunların gözündə ailə - əmlak münasibətlərinin nizama salınmasının bir formasıdır. Ailə qanunvericiliyində ülvi hisslər axtarmayın, yoxdur.
Söhbət ancaq nigahdan gedəcək, homoseksuallığın özünü burada müzakirəyə çıxarmıram.
Dünən ABŞ Ali Məhkəməsi federal səviyyədə homoseksual nigahları qanuniləşdirdi. Qərarda ölkənin hər yerində belə nigahlara icazə vermək tələbi qoyulmur, amma ştatlara belə nigahları qadağan edən qanunları qəbul etmək yasaqlanıb. Amerika vətəndaşı olmadığıma görə, bu qərarla bağlı heç bir duyğum yoxdur. Özləri bilər. Amma ABŞ elə bir ölkədir ki, orada baş verən proses və hadisələrin çoxu beynəlxalq müzakirələrə səbəb ola və başqa ölkələrə dolayı təsir göstərə bilir. Odur ki, dünəndən bəri bu mövzuya marağın artması anlaşılandır.
Yekun münasibətimi bu yazının ən sonunda oxuya bilərsiniz. Hələliksə, ailə və nigah anlayışlarının hüquqda yeri haqqında önəmli bilikləri paylaşım.
Hüquq tarixinin böyük hissəsi ailə və nigah haqqında müfəssəl qanunvericiliyin olmadığı dönəmlərə aiddir. Bu münasibətlər tamamilə dinlərin və ictimai əxlaqın öhdəsinə buraxılmışdı. Milli dövlətlərin hələ formalaşmaqda olduğu şəraitlərdə hüquq sistemi dünyəviləşə və güclənə bilmirdi, ona görə də özəl həyat münasibətlərin hamısı və ictimai münasibətlərin xeylisi din, əxlaq və ənənəylə tənzimlənirdi.
Milli dövlət - (hər şeydən öncə) dünyəvi dövlətdir. Milli dövlət - (daha sonra) güclü mərkəzi hakimiyyəti olan dövlətdir. Milli dövləti ilk qurmuş ölkə Fransa olmuşdur. İnqilabdan sonra daxili çəkişmələr və qonşularla müharibələrə başı qarışmış Fransa'nın öz hüquq sistemini şəkilləndirməyə imkanı olmadı. Yalnız Napoleonun hakimiyyətdə güclənməsindən sonra Fransada Mülki Məcəllə qəbul olundu və orada ailə-nigah münasibətləri tarixdə ilk dəfə müfəssəl şəkildə və dünyəvi tərzdə təsbit olundu. Fransanın təcrübəsi çox ölkələr üçün örnək oldu. Bəziləri ailə-nigah münasibətlərini mülki məcəllədə, başqaları isə ayrıca qəbul etdikləri ailə məcəlləsində nizamladı. Məsələn, bizim ölkə ikinci qrupa aiddir - bizdə mülki məcəllə və ailə məcəlləsi ayrıdır.
Ailə münasibətlərin dünyəviləşmədiyi dönəm və şəraitlərdə nigahın bağlanması, saxlanması və pozulması, eləcə də nigahda doğan və nigahın içində davam edən münasibətlərin tənzimlənməsi tamamilə dinin inhisarında idi. Ailə - tanrıya xoşgələn, tanrıdan xeyir-dua alan, tanrı tərəfindən izlənilən və qorunan, tanrının izniylə dünyaya uşaq gətirən özəl həyat birliyi sayılırdı. Dini təşkilatların, xadimlərin və ayinlərin rolu həlledici olub. Dindənkənar nigahlar qəbul olunmurdu. Bunun bir mənası eyni dinin içində tələb olunan mərhələ və mərasimlərdən keçmək, başqa mənasi isə - fərqli dinlərə aid olan adamların nigahına yol verilməməsilə bağlı olub. Ailələr bəzi dinlərdə poliqam (çoxarvadlılıq, ya da çoxərlik), bəzi dinlərdə monoqam, amma bütün hallarda heteroseksual olub. Bütün dinlər homoseksual əlaqələri günah sayıb, qadağan edib.
Milli dövlətlər qurulanda mərkəzi hökumətlər ictimai münasibətlərdən dini uzaqlaşdırmağa başladı. Buna rahat nail olmaq üçün özəl həyat sahəsində dinin nüfuzu hələ tanınırdı (kompromis kimi). Ona görə ailə münasibətlərində dövlətlər dünyəvi qanunlar yazanda, dinin də rolunu qəbul etməli olurdu. Fransa bu yanaşmanı birdəfəlik qıran ilk ölkə olmuşdur. Napoleonun Mülki Məcəlləsilə "kilsə nigahı" qadağan olunmasa da, tələb olunmurdu. Dövlət ancaq "vətəndaş nigahını" - yəni, vətəndaş vəziyyətlərini qeydə alan qurumlarda qeydiyyatdan keçmiş nigahı tələb edirdi. Kilsə nigahı hər kəsin özəl həyat seçimi kimi qalırdı, amma dövlətlə münasibətlərdə ailənin tanınması üçün mütləq vətəndaş nigahı lazım gəlirdi.
Milli (dünyəvi) dövlətlərin nigaha belə yanaşması nəyə gərəkdir? Hüquqşünas olmayanların bəzilərinə burası qəribə gələ bilər, amma ailə münasibətlərini nizamlayan qanunlarda nə sevgi, nə mehribanlıq, nə sədaqət, nə də başqa bənzəri tələb var. Bu anlayışların heç birisinin hüquqtutumu yoxdur. Hüquq sevgi və onunla bağlı münasibətləri nizamlaya bilmir, çünki belə münasibətlərdə hüquq üçün önəmli olan üç əsas göstərici yoxdur - qarşılıqlıq, mənafelər və ölçüləbilənlik (sübutolunabilənlik). Sevgi çox vaxt qarşılıqsız olur, ən yaxşı halda hərə bir cür sevir. Sevgidə mənafelər olmur - yəni, sevən sevigisilə seviləndə heç bir öhdəlik yarada bilmir. Nəhayət, sevgi münasibətlərini ölçmək mümkün deyil. Ona görə də siz ailə-nigah qanunlarında belə sözlərə ("sevgi", "sevmək" və s.) rast gələ bilməzsiniz.
Bəs, elədirsə, dövlətlər niyə ailə-nigah münasibətlərini nizamlayan qanunlar qəbul edir? Nəyi nizamlayır belə qanunlar? Ailə sevgi üzərində qurulumurmu? Evlənənlərin bir-birini sevməsi arzulanmırmı? Əlbəttə, qurulur da, arzulanır da. Amma hüquq üçün (yuxarıda göstərdiyim səbəblərdən) bunların heç birisinin önəmi yoxdur. Dövlətin də marağı yoxdur belə mövzulara.
Dövlət üçün ailə münasibətlərində ictimai maraq doğuran üç böyük mövzu var: 1) mülkiyyət; 2) vərəsəlik; 3) uşaq haqları. Hər yerdə ailə-nikah qanunlarında bütün nizamlama bu böyük mövzular üzərində qurulub. Yaş həddi, qarşılıqlı razılıq, nigah müqaviləsi, boşanma, valideynlik və uşaqların tərbiyyəsi və s. kimi qaydalar da bu üç böyük mövzunun açılmasına xidmət edir. Bir sözlə, dünyəvi qanunların gözündə ailə - əmlak münasibətlərinin nizama salınmasının bir formasıdır. Ailə qanunvericiliyində ülvi hisslər axtarmayın, yoxdur.
Dini qanunlarda olduğu kimi, dünyəvi qanunlarda da ailə - heteroseksual birlikdir (son zamanlara qədər hər yerdə belə olub). Heteroseksual birlik təbiidir, nəsilartırandır, qəbulolunandır, anlaşılandır, əmək və məsuliyyət bölgüsü yaradandır, haqq və imtiyaz doğurandır, əmlak münasibətlərinə nizam gətirəndir.
Dünyəvi qanunların heteroseksual nigahlara münasibəti həmişə eyni olmayıb. Dünyəvi dövlətlər ilk növbədə poliqam nigahları qadağan etdi, çünki əmlak münasibətləri, xüsusilə vərəsəlik məsələsində ən çox çaşqınlıq yaradan poliqamiyadır. Sonra cehiz və gəlinpayı kimi münasibətlər hüquqdan çıxarıldı. Qadağan olunmasa da (buna görə cəza yoxdur), tələb də olunmadı. Daha sonra bakirəlik tələbi aradan götürüldü (dini qanunlarda, patriarxal cəmiyyətlərdə bakirəlik çox vacib tələb idi). Sonra valideynlərin icazəsi çıxarıldı. Nigah - ancaq evlənmək istəyənlərin qarşılıqlı razılığı əsasında bağlanırdı. Sonra "qanunsuz uşaqlar" məsələsi qadağan olundu. Əvvəllər ancaq nigahda doğulan uşaqların vərəsə olmaq haqqı tanınırdı, nigahdankənar doğularnlarınsa belə haqqı olmurdu, ona görə (mülkiyyət baxımından) onlara "qanunsuz uşaqlar" deyilirdi. Dünyəvi qanunlarda nigahdankənar doğulan uşaqların nigahda doğulanlarla eyni haqları var və onları dünyaya gətirən insanların valideynlik haqq və vəzifələri tamdır. Yəni, dünyəvi qanunlara görə, uşaq haqları baxımından nigahın olub-olmaması heç nəyi dəyişmir. Sonra boşanma qaydalarına da dəyişiklik edildi. Bir sıra dinlərdə boşanma qadağan olduğu halda, dünyəvi qanunlar buna icazə verməli oldu (yənə də əmlak münasibətləri baxımından). Nigah müqaviləsi, əslində, boşanmanın şərtləri haqqında öncədən (nigaha girərkən) bağlanan sazişdir.
Bütün bunlarla yanaşı, dünyəvi qanunlarda hələ də bir sıra məhdudiyyətlər qalırdı. Məsələn, uzunmüddət irqlərarası nigahlara qadağa vardı. Başqa dövlətlərin vətəndaşlarıyla nigaha girməyin də şərtləri çox çətin olduğu dönəmlər olmuşdu. Lakin, ümumilikdə, dünyəvi qanunlarda nigah münasibətləri getdikcə liberallaşırdı. Önəmli olan odur ki, liberallaşma həmişə heteroseksual çərçivədə qalırdı.
Son zamanlar nigah münasibətlərində liberallaşma heteroseksual çərçivəni aşmağa başlayıb və bu aşma getdikcə genişlənir (daha çox ölkəni əhatə edir). Bu prosesin getdiyi hər yerdə təəssüf, tənqid və etiraz doğuran da budur.
Homoseksuallığa qarşı olmağın bir anlamı yoxdur. Özəl həyat seçimlərinə hörmətlə yanaşılmalıdır. Məsələ sırf özəl həyat səviyyəsində qalsaydı, bu haqda danışmağa da dəyməzdi (heç bir problem olmayacaqdı). Amma burada söhbət homoseksuallığın ictimailəşdirilməsindən gedir (public manifestation of homosexuality).
Homoseksuallar bu məsələdə, əslində, nə istəyir? Onlara sekslə məşğul olmağa, bir yerdə yaşamağa mane olan yoxdur, hüquqda buna qadağa qoyulmayıb. Problem nədədir? Homoseksualların hədəfi başqadır. Onlar, nigahlarının rəsmiləşdirilməsi vasitəsilə, əmlak münasibətlərinin tanınmasını istəyir. Onlar da vərəsə olmaq, sığorta, ölmüş həyat yoldaşına görə müavinət almaq, uşaqları övladlığa götürmək və s. istəyir. Nigah onlara bunun üçün lazımdır. Nigahsız bunları edə bilmirlər.
Homoseksual cütlüklər həmişə və hər yerdə olub, bundan sonra da olacaq. Yetkinlik yaşına çatmış eyni cinsdən olan adamların qarşılıqlı razılıq əsasında sekslə məşğul olması, hətta bir yerdə yaşaması hüquq üçün problem deyil. Amma onların rəsmi nigah tələbi - problemdir. Elə ABŞ üçün də problemdir. Ali Məhkəmənin bu qərarı 5-4 səs çoxluğuyla qəbul etməsi də maraqlı faktdır. Belə səs çoxluğuyla qəbul olunmuş qərarlara "weak precedent" (zəif presedent) deyirlər. Yəni, onun siyasi çəkisi az olacağı bir yana, hüquqi baxımdan da onun nə zamansa aşırdıla biləcəyi də mümkündür. Ali Məhkəmənin tərkibi dəyişərsə, yəni mühafizəkarların əksəriyyət təşkil edəcəyi bir heyət olarsa, və oxşar iş yenidən məhkəmənin baxışına verilərsə, məhkəmə başqa qərar verə bilər. Amma onu gözləmək istəməyənlər də çoxdur. Məsələn, Respublikaçılar (ABŞ siyasi səhnəsinin mühafizəkarları, sağçıları) artıq Konstitusiya dəyişikliyinin zərurətindən danışmağa başlayıblar (Konstitusiyada homoseksual nigahları qadağan edən müddəanı təklif etməyə hazırlaşırlar). Yenə də, yazımın əvvəlində dediyim kimi, özləri bilər. ABŞ vətəndaşı olmadığıma görə, bu məsələdə sözüm yoxdur.
Amma öz ölkəmizdə gedən, ya da nə zamansa gedə biləcək müzakirələr varsa (olarsa), münasibətimi öncədən bildirmək istəyirəm:
Mən homofob deyiləm, homoseksuallara qarşı hər hansı formalaşmış münasibətim də yoxdur. Onların özəl həyat seçimlərinə qarışmıram. Amma mən homoseksuallığın ictimailəşdirilməsinin bütün formalarına qarşıyam. İstər geyparad olsun, istər geynigah - belə təcrübələrin ölkəmizdə yol verilməsinin əleyhinəyəm. Homoseksual cütlüklərin uşaqları övladlığa götürmək iddialarına da qarşıyam. Uşaqların heteroseksual valideynləri (anası, atası) olmalıdır. Mən inanıram ki, yalnız belə mühitdə uşaq mənəvi cəhətdən bütöv və yetkin şəxsiyyət kimi yetişə bilər. "Yetim uşaqların valideynsiz qalmaqdansa, onları qayğıkeş homoseksual cütlüyə vermək daha yaxşıdır" fikrinə qatılmıram. Yetim uşaqlara dövlət qayğısını təşkil edən və onların heteroseksual cütlüklər tərəfindən övladlığa götürülməsini həvəsləndirən dövlət proqramı olmalıdır (amma bu ayrı mövzudur). Homoseksualların əmlak (ümumi birgə mülkiyyət, sığorta, müavinat və s.) məsələlərini nigahın rəsmiləşdirməsi vasitəsilə həll etmək iddialarını (cəhdlərini) də qəbul etmirəm.
Mən bu mövzuda çox mühafizəkəram (bir sağçının olması gərəkən kimi).
Erkin Qədirli
Kultura.az