post-title

Anar Məsimli: Babalar və qələbə

İkinci Dünya Müharibəsi bəşəriyyət üzərində aparılmış təcrübədir. Tarix dibinə qədər zombiləşdirilmiş insanların nəyə qadir olduğunu üzümüzə çırpdı. Biz müharibəyəqədərki dövrün düşüncəsini öyrənmək, necə oldu ki, insanlar yer üzünün ən vəhşi heyvanlarına çevrildi sualına cavab tapmaq əvəzinə qalxıb müharibə aparan bu və ya digər tərəfə bəraət qazandırmaq istəyirik.

 
Əvvəla bir haşiyə çıxım ki, İkinci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də başlayıb və 1945-ci il sentyabr ayının 2-sində bitib. Bəzən bu müharibəyə “birgünlük müharibə” də deyilir. Bizim – Sovet və postsovet vətəndaşlarının beyninə həkk olmuş 41-45 rəqəmləri isə güclü təbliğatın nəticəsidir. 1941-ci ilin 22 İyun tarixində başlayan və 1945-ci ilin may ayının 8-dən 9-a keçən gecə bitən müharibə – “Böyük Vətən Müharibəsi”, İkinci Dünya Müharibəsinin tərkibində olan müharibə səhnələrindən yalnız birinin adıdır. Mayın 9-da Müharibənin Avropa səhnəsində savaş dayanır, Müharibə özü isə sentyabr ayınadək davam edir – Yapon İmperiyasının kapitulyasiyasına qədər. Bu yazıda SSRİ-nin əslində Almaniyanın müttəfiqi olduğu və əslində ən böyük şeytanın Sovetlər olduğunu yazmağa gərək yoxdur; toxunmaq istədiyim mətləb başqadır.
 
Dünya Müharibəsində iştirak edən dövlətlər və xalqlar az-çox eyni dərəcədə şər qüvvə olub. Bir-iki dövlət var idi ki, məs., İsveçrə, Türkiyə, bu dövlətlər neytrallıqlarını saxlaya bildilər. Bütün dünyanın qana bulaşdığı bir dövr ərzində neytrallığı saxlamaq illərlə fahişələr arasında yaşayan qızın bakirəliyini saxlamağından qat-qat çətindir.
 
II DM-nin səbəblərindən biri Birinci Dünya Müharibəsi və həmin müharibədən qalib çıxan tərəflərin eyforiyaya qapılıb məğlub xalqları alçaltması oldu. Bu xalqlar intiqam hissi ilə yaşamalı oldular. Revanşist hislər onlara ancaq özlərinin özlərinə arxa ola biləcəyini fikrini aşıladı. “Milli maraqlar” naminə başqa xalqları tamamilə məhv etmək, öz xalqından olan fərqli düşünən insanları aradan götürmək, müttəfiq xalqlara arxadan zərbə endirmək tamamilə təbii qəbul olunurdu. II Dünya Müharibəsinə qədər demokratiya məsxərə obyektinə çevrilmişdi. İndi, hər bir avtoritar liderin, diktatorun demokratiya pərdəsi altında gizləndiyi bir zəmanədə, düşünün ki, cəmi 80 il əvvəl liderlər diktator olmaqları ilə fəxr edirdilər. Eynilə idarə etdikləri xalq da ölkədəki avtoritar rejimi dəstəkləyirdi.
 
II Dünya Müharibəsində bütün dövlətlər bir-birinin sümüyünü gəmirməyə hazır idi. Bütün dövlətlər ifrat millətçi idi. Hətta ABŞ belə! Almanların günahının gözə girməsinin səbəbi soyqırım məsələsi və tarixin qaliblər tərəfindən yazılmasıdır. Qətiyyən Hitler kimi cəlladla fəxr edən insanlara bəraət qazandırmaq fikrində deyiləm! Ancaq almanların törətdikləri vəhşilikləri Sovetlər də, Amerikanlar da edib. Sadəcə, almanlarınkı bir qədər fərqli idi. (Elmir Mirzoyevin bu barədə gözəl yazısı var.) Müttəfiqlərin hansı əxlaqından söhbət gedə bilər ki, işğal altında olan Fransanın gizli polisi Gestapo ilə yəhudiləri tapıb üzə çıxarmaq məsələsində əməkdaşlıq edir?! (Hannah Arendtin “Totalitarianizmin kökləri” və Jak Delaryunun “Terrorun tarixi: Gestapo” kitablarında bu barədə ətraflı yazılıb.) Stalinin dövründə milyonlarla insan ya aclıqdan, ya sürgündən, ya da NKVD casusularının əlindən həlak oldu. Nasistlərdən “azad edilmiş” ölkələr azadlıqlarına ancaq 50 il sonra qovuşa bildi, həmin illərdə kommunistlərə və ruslara nifrət edən polyakların, çexlərin, macarların və başqa xalqların nə çəkdiyini bu gün bütün dünya bilir. Heç ABŞ əsgərləri də süddən çıxmış ağ qaşıq olmayıb, ancaq bizə bir elə dəxli olmadığına görə, yazmağa lüzum yoxdur.
 
Mənim hər iki babam II DM-də iştirak edib. Biri mən hələ yoxkən vəfat etmişdi, digərini isə çox az müddət görmüşdüm. İndi onlara sual vermək istərdim ki, o vaxt səngərdə dayananda heç ağlından keçmişdi ki, bir vaxt onun nəvəsi bu faşistlərin ölkəsinə təhsil almaq üçün gələcək? Həyatını təhlükəyə atıb girdiyi Reyxstaqın qarşısında dayanıb alman polislə söhbətləşəcək? Heç biləcək ki, məğlub Almaniyanın əsgəri aldığı təqaüdlə müxtəlif ölkələri gəzəcək, bir vaxt silahla getdiyi yerlərə indi fotoapparatla gedəcək? Çətin ki.
 
Bu gün durub 9 May əslində qələbə günü deyil, çünki Azərbaycan özü Sovetlərin işğalında olan ölkə idi, çünki Stalin özü Hitlerin həsəd aparacağı qədər adam öldürmüşdü, çünki Sovetlər əslində Avropanı azad etməmişdi, çünki… çünki… çünki… deyib çox səbəblər gətirmək olar. Ancaq bir şey var, bunu 50 il əvvəl edə bilərdilər. Necə ki, alman gəncliyi atalarının (babalarının deyil, məhz atalarının!) üzünə durdu, onların dəyərlərinin ancaq dəmir və qandan ibarət olduğuna görə məhv edilməli olduğunu göstərmişdi. O vaxt yerində olardı. Ancaq artıq canlı eksponat kimi qalan, təkcə elə o müharibənin canlı iştirakçısı olduğu üçün maraqlı olan insanlara hər hansı bir dəyər haqqında mühazirə deməyə dəyməz. Dövlət səviyyəsində də bu insanların xətrinə 9 Mayı bayram etmək olar, heç birimizin xəncərinin qaşı düşməz.
 
Kanallardan birində Stalin haqqında sənədli film veriləndə böyük xalam soruşdu ki, nədən danışırlar. Dedim, Stalinin milyonlarla adamı qətl etməyindən. Təəccüblə soruşdu ki, “Stalin pis adam olub ki?! Stalin öləndə anam da, mən də ağlayırdıq.” Nə cavab vermək olar ki? Atası müharibədən şikəst qayıdan, dörd gənc dayısını müharibədə itirən xalama deyim ki, onlar hamısı bu cəlladın əsgəri olub? İnanacaq? İnansa, nəyi dəyişəcək ki? Sadəcə, halı pisləşəcək.
 
Ancaq bu hadisədən sonra anladım ki, 9 Mayı Müharibənin qurbanlarının xatirəsini anmaq üçün, Müharibə iştirakçılarını yada salmaq üçün, tarixdən dərs çıxarmaq üçün keçirmək olar. Ən azı ona görə ki, Avropanın başı açıldı.
 
P.S. İkinci Dünya Müharibəsi 9 Mayda bitmədi. Hələ Yaponiya tarixin ilk “canlılar üzərində nüvə eksperimenti”nə ev sahibliyi edəcəkdi.
 
Anar Məsimli
Kultura.az

 
Yuxarı