Seymur Baycan – 44
Səkkiz il əvvəl ağır xəstələnmişdim. Obrazlı desəm, ölümün ayaq səslərini eşidi…
Bir ölkə daxilində demokratikdirsə, beynəlxalq təşkilatlarla işləməyə meyillidirsə və xarici siyasətində sülh və insan hüquqlarını təbliğ və təşviq edirsə, onun digərləri üçün rol modeli kimi cəlbedici olması imkanı daha böyükdür. Avtoritar siyasi sistemlərdən fərqli olaraq, bu kimi dövlətlər öz maraqlarını daha asanlıqla, daha uzunmüddətli və stabil formada reallaşdıra bilir.
Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistan qoşunları tərəfindən işğal olunduqdan bu günə kimi Azərbaycan hökuməti Dağlıq Qarabağ siyasətində daima sərt gücə (“hard power”) üstünlük verib. Qeyd edim ki, ədəbiyyatlarda “sərt güc siyasəti” dedikdə, bir dövlətin ümumi olaraq hərbi və iqtisadi gücü nəzərdə tutulur. Sərt güc - bir dövlətin istədiyi nəticəni əldə etməsi üçün digər dövlətə tətbiq etdiyi hərbi və iqtisadi təzyiq üsuludur.
Azərbaycan hökuməti rəsmi olaraq ən yüksək səviyyələrdə Dağlıq Qarabağın və ətraf rayonların sülh danışıqları yolu ilə qaytarılmasına çalışdığını vurğulayıb. Məsələn, prezident İlham Əliyev rəsmi tvitter hesabından 30 may 2015-ci ildə yazıb: “Ermənistanla Azərbaycan arasında ədavət və düşmənçilik əbədi ola bilməz”.
Amma Azərbaycan, daimi olaraq, sülh prosesinin uğurla nəticələnməməsi halında hərbi gücdən istifadə edəcəyini bu və ya digər səviyyələrdə dilinə gətirib. Ölkənin hərbi büdcəsinin ümumi büdcədə tutduğu paya baxdıqda da, bu sözlərin rəqəmlərlər dəstəkləndiyinin şahidi oluruq. İqtisadi olaraq isə Azərbaycan hökuməti Ermənistanla heç bir iqtisadi təmasa girmir, bütün beynəlxalq iqtisadi layihələrdən Ermənistanı və Dağlıq Qarabağı kənar tutub.
Bütün bu illər ərzində sülhqarışıq müharibə təhdidli siyasətin heç bir nəticə vermədiyini 20 ildən çox davam edən üzücü prosesin özü sübut edir. Hətta vəziyyət o dərəcəyə gəlib çatıb ki, Azərbaycan öz legitim hüququndan (müharibə etmək və torpaqları geri almaq) istifadə etmək imkanlarını da getdikcə itirir. Artıq hamıya məlumdur ki, nə Rusiya və nə də ki Qərb (ABŞ və Avropa) yenidən müharibənin başlamasını qəti istəmir və hər vəclə buna mane olur. Rusiyanın bu məsələdə tutduğu mövqeyi kənara qoyaraq, Qərbin bu məsələdə Azərbaycanı dəstəkləməməsinin və bu dəstəyi getdikcə azaltmasının səbəblərini qısa izah etməyə çalışacam.
Prosesin düyünə düşməsinin səbəbləri qismində regionda fərqli maraqları olan nəhəng dövlətlərin mövqeyi böyük rol oynamaqdadır. Bütün bu səbəblər barədə çox yazılıb, danışılıb və aşağı-yuxarı prosesi izləyən hər kəs tərəfindən də bilinir. Amma mənim vurğulamaq istədiyim, çoxunun fikir vermədiyi və ya skeptik yanaşdığı başqa bir mühüm məqam var. Bu sülh və ya müharibə ilə qanuni ərazilərini geri qaytarmaq istəyən ölkənin mənəvi (və ya əxlaqi) üstünlüyü məsələsidir.
Münaqişənin sülh yolu ilə həll edilməsinə, Dağlıq Qarabağ və ətraf rayonların sülh yolu ilə geri qaytarılmasına mane olan, rəsmi olaraq Azərbaycan hökuməti tərəfindən heç zaman dilə gətirilməyən səbəb nədir?
Yumşaq güc - “Soft Power”
Bu terimini ədəbiyyata Joseph S.Nye, JR (Jozep Nay) gətirib. Onun Yumşaq Güc (“Soft Power”) adlı kitabında sözə verdiyi definisya təxmini belədir: bir ölkənin digər bir ölkəyə iqtisadi, hərbi güc ilə təzyiq etmədən, daha çox cəlbedici olmaqla təsir edib, arzuolunan nəticəyə nail olmasına “yumşaq güc üsulu” deyilir.
Jozep Nay, bir ölkənin yumşaq gücə sahib olması üçün ona lazım olan resursları (dəyərləri) üç yerə bölür:
1) Həmin ölkənin mədəniyyəti (başqa ölkələrə cəlbedici olmaq),
2) Siyasi dəyərləri (həm daxildə, həm də xaricdə tətbiqoluna bilməsi imkanının böyüklüyü və digər ölkələr üçün cəzbedici olması)
3) Xarici siyasəti (yəni bu siyasətin legitim olması və mənəvi üstünlük daşıması)
Mədəni dəyər kimi Jozep, yüksək mədəniyyəti (incəsənət, bədii ədəbiyyat, təhsil) və kütləvi mədəniyyəti, yəni əyləncəni bir-birindən ayırır. Jozepin düşüncəsinə görə, o ölkə dünyada uğur qazanır ki, onun mədəni olaraq daşıdığı dəyərlər və maraqlar digər ölkələr üçün tətbiqoluna bilən və ən əsası cəzbedici gəlir. Bu mədəniyyətə sahib olan toplumların digərlərini təsir dairəsinə salmaq və onlardan istədiyi nəticələri almaq imkanı çox böyükdür.
Ölkələrin siyasi dəyərləri olaraq isə o, ümumi şəkildə demokratik və avtoritar siyasi sistemləri fərqləndirir və birmənalı olaraq üstünlüyü demokratik dəyərlərə verir. Onun düşüncəsinə görə, demokratik dəyərlər əsasında qurulan siyasi sistemelərin cəlbedicilik potensialı avtoritar siyasi sistemlərdən qat-qat güclüdür. Demokratik dəyərlərə tapınan siyasi sistemlərin digər toplumlara təsir imkanı və maraqlarına çatması daha asan və rahatdır.
Bir ölkə daxilində demokratikdirsə, beynəlxalq təşkilatlarla işləməyə meyillidirsə və xarici siyasətində sülh və insan hüquqlarını təbliğ və təşviq edirsə, onun digərləri üçün rol modeli kimi cəlbedici olması imkanı daha böyükdür. Avtoritar siyasi sistemlərdən fərqli olaraq, bu kimi dövlətlər öz maraqlarını daha asanlıqla, daha uzunmüddətli və stabil formada reallaşdıra bilir.
Josep Nayin dediklərindən yola çıxaraq, Azərbaycanın yumşaq güc anlamında nələrə sahib olduğunu və onu nə qədər uğurla tətbiq etdiyini aydınlaşdıraq:
Mədəni olaraq nə qədər cəlbediciyik?
Müsbətlərdən başlasaq, Azərbaycan istər hökumət və istərsə də toplum olaraq bu günə kimi etnik və dini fərqliliklərə tolerant münasibəti ilə seçilib. Dünyada antisemitizmin olmadığı nadir ölkələrdən biri olmağımız bizim üstünlüyümüzdür. Bu, ölkənin və xalqın müsbət imiclərindən biridir. Daxilimzdəki etnik, dini və mədəni fərqliliyin dünyaya verdiyi mesaj budur: biz hamını qəbul edə və onunla birgə sülh içində yaşaya bilirik.
Paradoksal durum:
Azərbaycan hökuməti Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi qəbul etdiyini rəsmi görüşlərdə dilinə gətirir, onların bütün hüquq və azadlıqlarının təmin olunacağını vurğulayır. Bu, o deməkdir ki, Azərbaycan hökuməti rəsmi səviyyədə Dağlıq Qarabağda olan erməniləri Azərbaycanın vətəndaşları kimi qəbul edir. Amma daxili siyasətdə, Azərbaycan hökuməti xalqı irqçi ruhda tərbiyə etməkdədir (Qarşı tərəfin nə etdiyi burada müzakirə olunmur, çünki mənə maraqlı olan Azərbaycanın mənəvi üstünlüyüdür). Nəzər alsaq ki, Dağlıq Qarabağda yaşayan erməniləri tamamilə oradan qovmaq (bu, tamamilə əks efffekt verəcək) imkanını Azərbaycana heç kim tanımayacaq, o zaman biz bir yolla o insanlar üçün cəlbedici olmağa çalışmalı və bu milli əsaslı düşmənçilik təbliğatından əl çəkməliyik.
İkincisi, Azərbaycan müstəqillik əldə etdikdən bəri mədəni anlamda irəliləməkdən daha çox geriyə gedib. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Problemin nədən qaynaqlandığını vurğulamadan bildirək ki, Azərbaycan bu illər ərzində istər yüksək mədəniyyət, istərsə də “mass kultura” adına geriçi və dəyəri çox az olan toplum görüntüsü verir. 9 millyonluq bir ölkədə kitab dükanlarının sayı barmaqla sayılacaq qədərdirsə, bu günə kimi normal bir film çəkə bilməmişiksə, “mass kultura” adına ortaya çıxan müğənni Üzeyir Mehdizadədirsə, o toplumun hər hansısa bir digər xarici toplum üçün (bizim mövzumuz konteksində, Dağlıq Qarabağ erməniləri üçün) cəlbedicilik əmsalı sıfıra bərabərdir.
Təhsil olaraq isə bizim dünyaya çıxara biləcəyimiz bir universitetimiz belə yoxdur. Dağlıq Qarabağda yaşayan ermənilərin diqqətini çəkə biləcək, onlarda Azərbaycanda təhsil almaq arzunu yarada biləcək təhsil sistemi qura bilməmişik. Məsələ heç də onda deyil ki, indi qapıları açıb Dağlıq Qarabağ ermənilərini ölkəyə buraxmalıyıq. Məsələnin önəmli tərəfi, qeyd etdiyim kimi, cəlbedici olmağımızdadır. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin bizim ölkəyə can atmasına nail olmalıyıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin mədəni olaraq üz tutmaq istədiyi məkana çevrilməliyik. Bu anlamda təhsil inistitutu çox önəmli faktordur. Dünya praktikası da sübut edir ki, hər hansı bir ölkədə təhsilə gedən insanların böyük bir qismi, təhsil aldıqları ölkənin maraqlarına uyğun davranırlar.
Ölkəmizin siyasi dəyərləri, onun nə qədər universal və cəlbedici olması haqqında:
Azərbaycanda artıq heç kimə sirr deyil ki, avtoritar siyasi sistem var. Müstəqillik tariximizdən bu günə kimi Azərbaycanda keçirilən seçkilərin heç biri şəffaf və ədalətli olmayıb. Son 15 ildə keçirilən seçkilər isə total saxtakarlıqla yadda qalıb. Azərbaycanda hakimiyyətin icra qolu, digər iki əsas hakimiyyət qolu sayılan məhkəmə və qanunvericiliyi uzurpasiya edərək, formal qurumlara çevirib. Azərbaycanda fundamental siyasi hüquqların heç biri təmin edilməyib və illər keçdikcə bu hüquqlar daha da məhv edilir. Azərbaycanda iqtisadi və sosial hüquqların hansı durumda olmasını orta aylıq əmək haqqı, müəllim və həkimlərin maaşları çılpaqlığı ilə göstərir. Sistemin avtoritar mahiyyətli olmasından daha pisi isə onun total korrupsiyaya uğramasıdır. Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycanın siyasi sistemi və onun əsaslandığı dəyərlər dünyanın heç bir ölkəsi və xalqı üçün cəlbedici ola bilməz.
Bu müstəvidə, Azərbaycanın Dağlıq Qarabağda yaşayan vətəndaşları üçün cəlbediciliyi də itir. Dünyanın gözündə isə Azərbaycanın indiki siyasi sistemi, dövlətimizin Dağlıq Qarabağa olan legitim (bu legitimliyin əsasında Dağlıq Qarabağın və ətraf rayonların dünyanın bütün ölkələri tərəfindən sərhədlərimiz daxilində tanıması durur) hüququnu son dərəcədə zəiflədən önəmli faktora çevirir.
Biz nə qədər də legitimliyə söykənən haqqımızın olduğunu dünyaya car çəksək də, medalın digər üzü olan Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfindən siyasi-iqtisadi repressiyaya (bizim indiki siyasi sistemimizin mahiyyətindən doğan) qalacaqları qorxusu altında verdiyi mesajlar da sivil dünya tərəfindən xeyli ciddi qəbul edilir. Ermənistanın bu arqumentinin içərisində nə qədər səmimiyyət, nə qədər bəhanə gizləndiyi bizə maraqlı olmamalıdır. Razılaşaq ki, sivil dünya (hətta Rusiyanın özü belə) Dağlıq Qarabağda yaşayan ermənilərin oradan qovulmasına və ya onların məhv edilməsinə əsla razı olmayacaq.
Sülh yolu ilə prosesin həllinə sadiq olduğunu dilə gətirən ölkənin, daxili demokratikləşmədən və nümunəvi dövlət olmaqdan başqa çarəsi yoxdur.
Ermənistan dövlətinin bu müstəvidə olan arqumentlərinin qarşısını almağımız, sivil dünyanın gözündə legitim olan haqqımızı əlavə olaraq mənəvi üstünlüyə çevirməyimiz üçün siyasi sistemimiz dərhal islahatlarla düzəldilməli və onun söykəndiyi dəyərlər isə tez bir zamanda demokratikləşməlidir. Dağlıq Qarabağ məsələsində biz mənəvi üstünlüyümüzü sübut etməliyik ki, qarşı tərəfi tam silahsızlaşdıra və sivil dünyanı öz tərəfimizə çəkə bilək.
Hazırda Azərbaycanda tuğyan edən siyasi həbslər, insanların mülkiyyət hüququnun kütləvi pozulması, onların əmək şəraitinin, sosial və iqtisadi durumunun ağır olması, mədəni səviyyəmizin getdikcə dibə vurması, ölkəmizin yumşaq güc potensialını məhv etməklə onu digərlərində antipatiya, ikrah yaradan ölkələr sırasına itələyir. Bu isə Azərbaycan xalqı üçün ağır travmatik mahiyyətli Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərinə ağır zərbə vurur. Bu durum, Azərbaycanın tez-tez dilə gətirdiyi son anda sərt gücə də əl atmasına (hərbi) çox ciddi maneçilik yaradır.
Yekun olaraq, Dağlıq Qarabağda yaşayan erməni inanmalıdır ki, Ermənistandan fərqli olaraq Azərbaycanda insanların hüquqlarını qoruyan və ədaləti təmin edən azad, müstəqil məhkmə sistemi var. O görməlidir ki, Azərbaycanda ölkəni seçkili qaydada idarə edən demokraik əsaslı icra sistemi var, Azərbaycanda ədalətli və ümumi maraqlara dayanaraq qanunalar qəbul edən qanunvericilik hakimiyyəti var. O, Azərbaycanda təhsil almaqla iş imkanlarının artdığını, Azərbaycanda yaşayanların sosial-rifah durumunun yaxşılaşdığını görməli və yaxşı mənada demoralizə olunmalıdır.
İndiki vəziyyətdə isə əgər orta statistik azərbaycanlı öz ölkəsində yaşamaq istəmirsə, Dağlıq Qarabağda yaşayan erməni nə üçün Azərbaycanda yaşamaq istəsin ki?
Ermənilərin kompromisə heç zaman getməyəcəyini, onların heç bir zaman sülh yolu ilə torpaqları qaytarmayacağını, cəlbedici olmağımızın onlara təsir etməyəcəyini, müharibə yolu ilə torpaqları qaytarmalı olduğumuzu müdafiə edənlər üçün deyim:
Birincisi, müharibəyə başlamadan da öncə, biz müharibəni aparmaq üçün mənəvi üstünlüyə tez bir zamanda çatmalıyıq ki, sivil dünyanın gözü qarşında müharibəni haqlı olaraq apardığımızı təsdiq edək.
İkincisi, cari durumda ən önəmlisi, hərbi sistemi tamamilə korrupsiyaya uğrayan, qeyri-döyüş şəraitində yüzlərlə əsgər itirən, müharibə ruhu tamamilə aşağı olan Azərbaycanın müharibəyə başlaması və müharibəni uduzmaq riski o qədər yüksəkdir ki (Rusiyanın Ermənistana kömək etməyəcəyinə heç kim qarantiya vermir), bu, baş verərsə, Dağlıq Qarabağı daha uzun bir müddətə itirməyimiz ilə nəticələnə bilər. İkinci belə bir məğlubiyyətin gətirəcəyi müthiş ruh çöküntüsünün məsuliyyətini nəzərə alıb, sağlam düşünmək lazımdır.
Beləliklə, biz hazırki sərt güc siyasətimizi yumşaq güc ilə balanslaşdırmalı və ağıllı güc siyasətinə keçməliyik.
Emin Aslan
Meydan.tv