post-title

Anar Məsimli: Uğursuzluğun 100 Sirri

Bakıda elə bir kitab dükanı yoxdur ki, orada “Uğura aparan” yollardan bəhs edən kitab olmasın. Adları fərqli ola bilər; Biri uğura 100 yol ilə aparır, digəri 1000. Bəzən iddialısı çıxıb cəmi 5 yol da təklif edə bilər. Bir qayda olaraq, bu kitabların al-əlvan, parlaq üz qabığı olur. Kağızının materialı, içindəki şəkillər… hər şey yüksək səviyyədə.

 

Bir-iki gün əvvəl “Əli və Nino”da bu kitablardan birinə gözüm sataşdı – daha doğrusu, kitab gözümə sataşdı. Əməlli-başlı əsəbiləşdim. Mən kitab rəflərini ələk-vələk edirdim ki, ingiliscə qeyri-bədii (non-fiction) kitab tapım. Bu uğursuzluğum yetmir, üstəlik hansısa bir kitab qlamur üzüylə mənə yol göstərir!

Niyə bu kitabları almıram və almağı da heç kimə tövsiyə etmirəm? Xeyri yoxdur! Ziyanı isə kitaba ödədiyin məbləğdir. Bir dəfə mağazada bu kitabları sayın. Görün, onlardan nə qədərdir! Bu uğur andıra gedən yol bu qədərdirsə, nə üçün bizim ayağımız çaşıb bir dəfə o yollardan birini getməyib?! Bilirsiz, bu kitabları yazmaq çətin məsələdir. Bunları yazan adamlar çox güman ki, özləri uğur qazanıblar. Amma mən inanmıram ki, onlar əsl səbəbləri səmimi yazsınlar. Niyə yazsın?! Yazsın ki, sən də onun kimi uğurlu CEO olasan? Dəlidir?! Digər tərəfdən, sən CEO olmayacaqsansa, onda bu kitabı neyləyirsən? Uğurlu kiçik biznes qurmaq istəyirsən? Mənə neçə al-verçi (yaxşı, biznesmen olsun) göstərə bilərsən ki, onlar pul qazanmağı belə kitablardan öyrəniblər? Bəlkə bir-iki təbiətin müstəsna bəxtli insanı ola bilər. Ancaq mənim tanıdığım biznesmenlərin uğuru onların ümumiyyətlə kitab oxumamaqlarındadır. Bu adamlar fəza-zaman (space-time) ölçüsündən kənarda yaşayır. Onlar üçün ayrıca zaman-pul (money-time) ölçüsü var.

Bu cür kitab yazan adam nəyisə bilir. Sən gəlib o kitabı filan qiymətə alırsan, bu kitab bestseller olur, müəllif 200 səhifəlik bir materialına görə milyonçu olur. Amma həmin kitabdakı 1000 yolun heç birində bu yol yazılmayıb. Niyə yazsın? Niyə rəqabət yaratsın? Axı eyni müəllif həm də arıqlamağın 1000 yolunu yazmağı planlaşdırır.\"fit4braincom6863\"

Mən də o kitablardan yaza bilərəm: “Uğursuzluğa gedən 1000 yol”; sadəcə, gözləyirəm, minə çatsın sonra yazım. Haradasa, payız aylarına hazır edəcəm. Bu kitabı hamıya məsləhət görürəm. Ən birincisi çox pozitiv kitab olacaq, təsəvvür edin, mən hər şeyi bərbad günə qoyan, əlindən heç nə gəlməyən, bəxti əlindən betər olar bir obrazı – özümü təsvir edirəm. Sizsə oxuyub əylənirsiz. Doğrudan da, axı niyə bir adamın uğurlu həyat hekayəsini oxuyub öz fərasətsizliyinlə üzbəüz qalasan? Ondansa, uğursuz qərarları öyrən ki, təkrar etməyəsən.

Sizi and verirəm Olimpiya məşəlinə, həmin adamlar ki, universitetlərdən çıxıblar, yaxud qovulublar, daha sonra isə dünya çapında böyük şirkət sahibi olublar, onların uğurunun sirri universitetdən qovulmaqlarında deyil! Onların universitetdən qovulmaqları da bacarıqsız, savadsız olmalarıyla bağlı deyil. Sözümün canı odur ki, elə adamlara baxıb ağız suyunu zay eləməyin.

Uğura gedən yolu biz bilmirik. Biz ancaq uğura getməyən yolları bilirik. Nə qədər çoxunu bilsək o yollardan o qədər az istifadə edərik. Hər şey əslində çox sadədir. Gərək gündə səkkiz saatdan çox yatmayasan. Özünü tənbəlliyə vurmayasan. Cəld qərar verməklə tələsik qərar vermək arasındakı fərqi biləsən. Arıqlamaq istəyirsən? Gərək “Arıqlamağın 100 yolu” kitabını oxuyanda əlindəki piroqu kənara qoyasan. Düzdür, CEO olası deyilik, amma özümüzə layiqli və sağlam həyat qura bilərik.

Anar Məsimli
Kultura.az

Yuxarı