post-title

Emin Aslan: Yapon və Azərbaycan modeli

Neft və çox az da olsa, qazın üzərində iqtisadiyyat quran Azərbaycan höküməti, neftin ucuzlaşmasına, azalmasına və qazın gəlir gətirmə perspektivinin aşağı düşməsinə baxmayaraq, hələ də məşhur repdə deyildiyi kimi “taparıq bir şey sabah, sabah üçün” prinsipi ilə ölkəni və 9 milyonluq xalqın taleyinə hökm etməkdədir.

 
Neft və çox az da olsa, qazın üzərində iqtisadiyyat quran Azərbaycan höküməti, neftin ucuzlaşmasına, azalmasına və qazın gəlir gətirmə perspektivinin aşağı düşməsinə baxmayaraq, hələ də məşhur repdə deyildiyi kimi “taparıq bir şey sabah, sabah üçün” prinsipi ilə ölkəni və 9 milyonluq xalqın taleyinə hökm etməkdədir.
 
Qərb inkişaf modelindən üz çevirərək, sürətli şəkildə özünün də bilmədiyi bir siyasi-iqtisadi bataqlığa doğru yuvarlanan hökuməti kim tutacaq, bilinmir. Deyilənlərə kar, baş verənlərə kor olan hökumət, müharibə vəziyyətində olan bir  xalqı da ağır bir durumun içinə salıb.
 
Siyasi hakimiyyəti qorumaq üçün Rusiya ilə “flirt” edilir və getdikcə daha yüksək kürsülərdən anti-qərb ritorikaları eşidilir. Məsələn, Əli Həsənov deyir: “Əgər, doğrudan da, Qərbin təlqin etdiyi demokratiya budursa, biz, Azərbaycan xalqı olaraq belə demokratiyanın tərəfdarı deyilik”.http://www.azadliq.org/content/article/27055009.html
 
Qərbin (spesifik olaraq Avropanın) institutlarına inteqrasiya etmək üçün ona qoşulan və boynuna indi çıxardıb atmaqda zülm çəkdiyi öhdəçiliklər götürən hökumət, artıq bir neçə ildir ki, ölkədə bütün siyasi, iqtisadi sistemi iflic duruma salıb.
 
ABŞ-ın Koliforniya ştatındakı bir ferma böyüklüyündə əraziyə sahib olan Azərbaycanın Qərbə və ABŞ-a meydan oxuması çox traji-komik bir durum yaradıb.
 
Azərbaycan hökümətinin dövlət modeli, Həbib Müntəzirin yazdığı kimi belədir:
 
Hadı Rəcəbli: "Müəllimlər fəhlə işləməlidir".
Oqtay Əsədov: "Xaricdə təhsil mənasızdır".
Əflatun Amaşov: "Facebook bağlanmalıdır".
Amma gəlin, dövlət rəsmilərinin danışarkən üzlərinə taxdıqları ciddiyyət maskasını həqiqi qəbul edərək (hərçənd özləri də buna inanmır) hesab edək ki, Azərbaycanın öz inkişaf modeli var. Tamam. Razılaşdıq.
 
Çox uzağa getməyək, Qərb modelinə qarşı alternativ modelin varlığının olub-olmamasını hələ uzaq Yaponiyada bir müdrik kişi 150 il bundan öncə kiçik bir essesində izah edib.
 
Bu kişinin adı Fukuzava Yukuçi (ing:Fukuzawa Yukichi) olub. Esse 1885-ci ildə yazılıb və adı “Datsu-A Ron”  - (Obrazlı tərcümə etsək: “Əlivida, Asiya”) adlanır. İstəyirəm ki, həmin essedən tərcümə edib yazıya daxil etdiyim hissələri oxuyub, nəticə çıxardasınız.
 
Amma esseyə keçməmişdən öncə həmin dövrün Yaponiyası ilə bağlı atom böyüklüyündə arayış verim: Deməli, “Meji Bərpasına” kimi son dərəcə köhnəlmiş dövlət modeli ilə idarə olunan, özünü dünyadan təcrid edən, müasir dünya ilə ayaqlaşmayan adət-ənənəyə sahib olan Yaponiya, müasir görüşlü bir neçə samurayın etdiyi çevriliş nəticəsində yeni dönəmə qədəm qoyur. Ölkə həmin dövrün Qərb sivilizasiyasının modeli üzrə qurulmağa, xalq isə kütləvi şəkildə Qərb sivilizasiyasının gətirdiyi nemətlərdən dadmağa başlayır. Həmin bu modelin yaranmasını dəstəkləyən və onun nəzəri əsaslarını işləyənlərdən biri də, “Meji Bərpasının” fikir atalarından Fukuzava Yukuçi olub.
 
“Əlivida, Asiya”:
 
… Qərb sivilizasiyası Şərqə doğru uçub gəlir. O, əsdikcə, otlar da ona boyun əyir.  
 
Əgər biz üstümüzə doğru gələn Qərb sivilizasiyasının qarşısında duruş gətirə bilməyəcəyiksə, o zaman öz taleyimizi elə onlara bağlamalıyıq. Əgər indi dünyada baş verənləri diqqətlə izləsək görərik ki, Qərb sivilizasiyasının qarşısında duruş gətirmək mümkünsüzdür. Axı niyə elə onlarla (Qərblə) eyni sularda üzməyək? Eyni dalğaları yarmayaq? Sivilizasiyanın gətirdiyi meyvələri dadmayaq?
 
Sivilizasiya sürətlə yayılan virus kimidir. Biz infeksion xəstəliklərə nifrət edə bilərik, amma hazırda onun qarşısının alınması üçün çarə varmı? Mən əminliklə sübut edə bilərəm ki, belə bir çarə yoxdur.
 
Sivilizasiya isə öz dağıntıları ilə birgə, xeyir də gətirir. Onun xeyri, ziyanından qat-qat çoxdur.
 
Belə bir dalğanın (Qərb sivilizasiyasının) qarşısını ala bilməyəcəymizə görə, yaxşı olar ki, bizim insanlar da, bu dalğaya qoşularaq, onu daha da gücləndirsinlər və gedilə biləcək yerə qədər getsinlər.
 
Qərb sivilizasiyası Yaponiyaya 1848-1854-cü illərdə daxil olub. Bizim insanlar yavaş-yavaş ona öyrəşdi və onunla yaşamağa başladı. Amma köhnə düşüncəli hökümət inkişafın qarşısına sədd çəkdi.
 
Hökümət köhnə düşüncəni müdafiə etdikcə, sivilizasiya həmin ölkəyə girə bilməyəcək.
 
Müasir sivilizasiya və Yaponiyanın köhnə adət-ənənəsi iki əks qütbdə yerləşən fenomenlərdir. Əgər biz öz köhnəlmiş inanc və yanaşmalarımızdan qurtulmaq istəyiriksə, o zaman biz indiki hökumətimizi də ləğv etməliyik.
 
Əks halda biz sivilizasiya tərəfindən işğal olunacaq və beləliklə, Yaponiya öz müstəqilliyini itirəcək.
 
Qərb sivilizasiyasından kənarda, izolyasiya durumunda yaşamaq mümkünsüzdür.
 
Mənim nəcib yapon xalqım, biz dövlətimiz üzərində nəzarəti ələ götürmək prinsipini qəbul etməliyik. Biz İmperiya Evinin ləyaqətinə güvənərək, köhnə model hökumətimizi devirməli və onun yerinə yeni müasir hökumət gətirməliyik. Ölkəmizdəki hər bir kəs, Qərb sivilizasiyası modelinə uyğunlaşmalıdır.
 
Mənim ölkəm Yaponiya, Asiyanın şərq sərhədlərində yerləşir. Amma artıq Yapon Ruhu özünü Asiyanın iyrənc mühitindən qurtararaq, Qərb sivilizasiyası istiqamətində hərəkət etməyə başlayıb.
 
Fukuzava Yukuçi daha sonra Çin və Koreyanı, Yaponiya üçün pis nümunə olduğunu göstərmək üçün yazır:
 
Çinlilər və koreyalılar o qədər korlaşıblar ki, sivilizasiyanı görə bilmirlər. Hətta onlar bunu görsə də, eşitsə də, iradələri çatmır ki, hərəkət edələr. Onlar kif basmış  adət ənənəni, mentallığı küt sevgiləri ucbatından əsrlərdir dəyişə bilmirlər. Yeni təhsil haqqında müzakirə başlayan kimi, çinlilər və koreyalılar dərhal qədim Konfutsiliyə istinad edir və ondan bərk-bərk yapışırlar. Təhsil dedikdə onların ağlına gələn anlayışlar yalnız xeyirxahlıq, tamlıq, həyalılıq və müdriklikdir. Əslində isə onlar bu mənada da saxtakardılar. Faktiki olaraq onlar doğru olanları rədd edirlər.
 
Hesab edirəm ki, indiki Qərb sivilizasiyasının şərtləri altında Çin və Koreya öz müstəqilliklərini saxlaya bilməyəcəklər. Əgər onların bəxti gətirib nəcib qəhramanları olacaqsa, o zaman həmin bu nəcib adamlar birinci növbədə öz milli problemlərinin həllinə çalışmalıdırlar. Meji Bərpasında olduğu kimi, bu insanlar öz ölkələrində ciddi islahatlar etməli və dövlətlərini müasirləşdirməlidirlər. Bunu etdikdə onların insanlarının ürəkləri və beyinləri də yenilənəcək. Əgər onlar bu yoldan imtina etsələr, onların dövlətləri süquta uğrayacaq.
 
Qanun aliliyi Çin və Koreya kimi köhnəlib sıradan çıxmış despotik hökümətlərin olduğu torpaqlarda təmin edilə biməz…”
 
Xatırladım ki, Yapon xalqı ilə bağlı indi bizim kimi üçüncü dünya ölkələrində dolaşan heyrətamiz, sirli-sehrli önyarğılar hətta irqi üstünlüklərə (“biz hara, yapon hara”) qədər gedib çıxaraq əsaslandırılır. Bunların nisbi olduğunu, xalqların xarakterinin təyinedici qüvvə kimi az əhəmiyyət daşıdığını, onun asanlıqla dəyişəbilən olduğunu 17-ci əsrlərdə ora ayaq açan holland və digər Qərb səyyahlarının xatirələri sübut edir. Həmin səyyahlar xatirələrində yaponları son dərəcə ləng, tənbəl, işləməyi sevməyən, son dərəcə savadsız biriləri kimi xarakterizə ediblər. Bu fikirlər indiki yaponun son dərəcə çalışqan, zirək və ağıllı olması ilə çox ziddiyət içindədir, deyilmi?
 
Ümidimizi itirmirik, amma dərsimizi də çıxarırıq.
 
Emin Aslan
Meydan.tv
Yuxarı