Azərbaycanlılar həqiqətənmi memuar yazmır?
Günel Mövludun Azərbaycanda memuar janrı haqqında fikirlərini oxuduqca qarışıq …
Kitabsevərlər, ədəbi mühitin daimi sakinləri hər zaman bir dilemma qarşısında qalmışlar: hansı kitabı, hansı müəllifi oxumalı? Hansı kitab yaxşıdır, mütləq oxunmalıdır, hansı kitabı isə ümumiyyətlə ələ götürmək lazım deyil?
Müxtəlif yazıçıların bu səpkidə öz mülahizələri, tövsiyyə etdikləri kitabların və müəlliflərin siyahısı var. Ancaq incəsənət aləmində olduğu kimi, ədəbiyyat aləmində də zövq məsələsi aktualdır. İntellektinin səviyyəsindən asılı olmayaraq bütün kitabsevərlər eyni müəllifləri oxuyub sevməyə məcbur deyil, ancaq məlumatlı olmağa məcburdur. Beyin onsuz da nəyin dəyərli, nəyin makulatura olub-olmamasını sahibinin səviyyəsinə və zövqünə uyğun olaraq özü götür-qoy edir. İllərlə müxtəlif fikirli, müxtəlif yönümlü yazıçıları mütaliə edəndən sonra hər bir ədəbiyyat xiridarının öz zövqü formalaşır və o, artıq nə istədiyini, öz mənəvi-ruhi aləmini hansı müəlliflərin əsərləriylə zənginləşdirəcəyini artıq özü üçün ayırd etmiş olur.
Bu yaxınlarda yazar dostum Seymur Baycanla söhbət zamanı bir etirafda bulundum: mən klassik əsərləri “yeyə” bilmirəm. İstər incəsənətdə olsun, istər ədəbiyyatda, klassik, akademik əsərlər məni rəncidə edir, ovqatımı aşağı salır, məni hövsələdən salır, darıxdırır. Özümü məcbur edib Rubensin əsərlərinə baxıram; Mikelancelonu, Tisianı, El Qrekonu gözdən keçirirəm; rus klassikləri Repini, Serovu, Şişkini, Surikovu, avropalılardan Levitanı, Rafaeli, Kabaneli, Vermeeri və başqalarını ayırd edirəm, ancaq onların əsərlərindən istədiyim zövqü ala bilmirəm. Eynilə də ədəbiyyatda – Dostoyevski, Tolstoy, Bulqakov, Volter, Göte, Drayzer, Bunin, Tomas Vulf məni dəhşət darıxdırır. Buna baxmayaraq adlarını çəkdiyim və çəkmədiyim yazıçıların əsərlərini oxuyuram, ancaq istədiyim mənəvi qidanı ala bilmirəm. Əlbəttə, söhbət bütün klassiklərdən getmir – belə baxsaq Cek London, Ernest Heminquey, Anton Çexov, Stefan Sveyq, Con Steynbek, Hüqo, Vladimir Sanin və başqa klassik janrda yazan digər yazarlar da var ki, mən onların əsərlərini birnəfəsə oxuyuram və mənəvi zövq ehtiyacımı ödəyə bilirəm. Yaxud klassik rəssamlardan Rembrandt, Brüllov, Qraçov, Ayvazovski, Delakrua, Qoyya mənim üçün maraqlıdır. Məsələ burasındadır ki, klassik, akademik incəsənət on doqquzuncu yüzilin sonunda taxt-tacı yeni cərəyanlara verəndən sonra elə maraqlı, fərqli, avanqard cərəyanlar yarandı ki, o dönəmin incəsənət, ədəbiyyat, musiqi sevərləri bir anlıq çaş-baş vəziyyətə düşsələr də, sonradan bu axından kənarda qala bilmədilər. Müasirliyin gətirdiyi çoxşahəli, stereotipləri dağıdan, kanonları parçalayan yenilikçi sənət o qədər yüksək həddə çatdı ki, insanlar sanki akademizmin azadlığı məhdudlaşdıran buxovlarından, havasızlığından azad olaraq rahat nəfəs almağa başladılar. Ədəbiyyatda tam əmin deyiləm, ancaq rəngkarlıq aləmində, o dönəmin tablolarında doğrudan da sanki məzar ağırlığı, havasızlıq hiss olunur. Mən incəsənət muzeyinin zallarını gəzərkən klassik rəssamların tabloları asılmış otaqlarda çox qala bilmirəm, elə bil kimsə güclü əlləri ilə boğazımdan yapışıb məni boğur. Müasir rəngkarlıq əsərləri asılmış otaqlara keçən zaman isə, birdən-birə azad oluram, rahat nəfəs almağa başlayıram. Eynilə də müasir yazarların əsərlərini oxuyarkən özümü rahat hiss edirəm: Bukovski, Herman Hesse, Knut Hamsun, Sellincer, Henri Miller, Pelevin, Sorokin ruhuma çox yaxındır, bu yazıçıların əsərlərini oxumaqdan yorulmuram. Rəssamlardan isə Vinsent Van Qoq, Anri Matiss, Amedeo Modigliani, Pol Sezann, Anri de Tuluz-Lotrek, Pol Qogen, Şaqal, Kandinski, Pikasso və bir çox başqalarını saya bilərəm – bu rəssamların tablolarına baxarkən adamda yaşamağa həvəs yaranır.
Çoxlu adlar sadalamaqla yazımı bəlkə də ağırlaşdırmış oldum, ancaq hər bir fikrin arxasında mütləq kiminsə adı dayanır ki, bunu da söyləmək lazımdır. Dünya sivilizasiyası öz inkişafına görə bu adlara borcludur, insanlar hələ tam heyvanlaşmadığına görə bu adlara borcludurlar.
Bu yaxınlarda klassik saya biləcəyimiz bir yazarın, Stefan Sveyqin “Dünənin dünyası” əsərini oxuyub tamamladım. Yaşadığım duyğuları təsvir etməkdə çətinlik çəksəm də, müəyyən məqamlara mütləq toxunmaq istəyirəm. Bu kitabı oxuyana kimi on doqquzuncu yüzilliyin sonu, iyirminci yüzilliyin əvvəllərində baş verən siyasi proseslər, ədəbi mühit, incəsənət aləmi haqqında müəyyən təəssüratım vardı, ancaq “Dünənin dünyası” bir çox başqa mətləblərə də mənim gözümü açmış oldu.
Hər şeydən öncə xalqım adına çox utandım. Ötən yüzilin əvvəllərində Avropanın mərkəzində 12-13 yaşlı orta məktəb uşaqlarının həm mədəni səviyyəsi, dünyagörüşü, həm də savadının bizim bu gün özünü intellektual sayan orta yaşlı nəsildən nə qədər yüksək olduğunu gördüm. Onların mütaliəsi, müxtəlif üslublu əsərləri analiz etmək qabiliyyəti, qarşılarına qoyduğu məqsədlərin miqyası yaşadığım cəmiyyətdəki eyni sinfin nümayəndələrindən çox-çox fərqlənir. Və mən ənənənin nə qədər önəmli olduğunu anlayıram.
Sveyq “Dünənin dünyası”nda yaşadığı dönəmin ədəbi-siyasi hadisələrini təsvir etməklə yetinməyib, istənilən mövzuya sağlam münasibətini, obyektiv mövqeyini bildirir. Dünyada sülhün bərqərar olması, azad insanın, azad sözün formalaşması üçün mübarizə aparan bu mütəfəkkirin savaş ritorikasının yüksəlməsinə, millətçi ideologiyanın yaratdığı atmosferdə sağlam düşüncənin məhvinə, yaradıcı insanların belə bu ortamda aqressiyaya köklənməsinə ürək ağrısı ilə yanaşması, eyni zamanda belə nəhəng bir nifrət maşınının qarşısında aciz qalması kitabın ana xətti sayıla bilər.
Ağır dönəmin yaradıcı insanlara təsiri hər zaman fərqli olmuşdur. Adi insan istənilən siyasi duruma adaptasiya ola bilir, ancaq yaradıcı, düşünən insan zəmanəsinin bütün mənəvi ağırlığını, psixoloji sarsıntısını öz ürəyində daşımağa məhkumdur. Bütün bunlar yazıçının, rəssamın və digər yaradıcı insanların zehnində, ürəyində öz təsirini buraxır. İnsan robot deyil – biri dəli olur, digəri mənən sınıb depressiyaya uğrayır, bir başqası gülləni gicgahına sıxır. Səbəblər müxtəlif olsa da eyni mənbədən qaynaqlanır: insan qəddarlığı. Hakimiyyət hərisliyi, maddiyyat köləsi olanların əmriylə hərəkətə keçən əskərin botinkasının altında təkcə çiçəklər yox, mənəvi dünyanın gözəlliklərini içərisində daşıyıb dünyaya əks etdirmək istəyən insanlar da əzilib məhv olur. Və beləliklə, gözəllik dünyanı xilas etmir, əksinə, çirkinliyin qucağında zorlanır.
“Dünənin dünyası” dünənin dünyası deyil, həm də bu günün və sabahın dünyasıdır. Biz istəsək də, istəməsək də, belədir. Həqiqət çox acıdır. Həqiqət hissini, ədalət hissini itirənlərin başda oturduğu dünyada nə dünənin dünyası var, nə də sabahın. Məni bədbinlikdə suçlamayın, mən gördüyümü söyləyirəm. Sveyq gördüyünü söyləyir. Gördüyümüz isə heç bir entuziazmın yaranmasına, nikbinliyin doğulmasına rəvac vermir.
Böyük arzularla yaşayan, ideal bir cəmiyyətin formalaşması, dünyada dağılmaz bir sülhün bərqərar olmasına inam bəsləyən Sveyq iki dünya müharibəsinin şahidi olur. Nə qədər qəddar və nə qədər kədərli bir mənzərədir. Paradokslardan biri də budur ki, Adolf Hitler Sveyqin qonşusuydu. İki tamam fərqli dünyanın ideya daşıyıcılarının qonşuluğu – bundan paradoksal nə ola bilər? Nəticə isə klassik və qanunauyğundur: şər xeyirə qalib gəlir.
Fərhad Yalquzaq
Kultura.az