post-title

Cəlil Cavanşir :Xariciləri vətəndaşlardan “qruzlanma” qaydaları

Xaricilərə sadəcə “pulqabı” gözüylə baxıb, əlimizə düşən ilk fürsətdə onları “qazlamağa” çalışırıq.

 

Avropa Oyunları ərəfəsində, insanlarımızın davranışları, xarici qonaqlara münasibət barədə dəfələrlə yazılıb, efirlərdə bu mövzu ətrafında müzakirələr keçirilib. Şəxsən mən bu müzakirələrin bir neçəsində iştirak edərək oyunlar ərəfəsində vətəndaşlarımızı davranışlarına diqqət  etməyə çağırmışam. İndi deyəcəksiniz ki, biz qonaqpərvər xalqıq, bizim bu cür məsləhətlərə ehtiyacımız yoxdur, qonağı necə qarşılayıb necə yola salmağı çox yaxşı bilirirk. Siz deyəcəksiniz, amma mən qəbul etməyəcəm. Çünki, müşahidələrimdən belə qənaətə gəlmişəm ki, biz heç də dediyimiz qədər qonaqpərvər deyilik. Xaricilərə sadəcə “pulqabı” gözüylə baxıb, əlimizə düşən ilk fürsətdə onları “qazlamağa” çalışırıq. Bunu həm xaricdən gələn qonaqların dilindən eşitmişəm, həm də şəxsən müşahidə etmişəm.

Bir balaca fərqli geyindiyim, stilimdə bir qədər aksesuardan istifadə etdiyim, saqqal saxladığım üçün tez-tez məni də xaricilərlə, xüsusən Türkiyə vətəndaşları ilə qarışdırırlar. Dəfələrlə taksi şoferləri, ofsiantlar və barmenlər gözümün içinə baxa-baxa məni “qazlamağa” çalışıb. Bəzən buna nail olsalar da, çox vaxt ayıq-sayıqlığım sayəsində vəziyyətdən çıxmağı bacarmışam. Hətta indi yaşadığım evin yaxınlığındakı marketin gecə çalışan satıcısı, məni Türkiyə vətəndaşı zənn edib başıma pərvanə kimi fırlanıb, “Abi, abi” deyərək bir manatlıq şeyi iki manata satmağa çalışırkən tərəfimizdən yerindəcə cəzalandırılmışdır. Mənim Türkiyədən olmadığımı biləndə onun simasında yaranan çaşqınlığı, təəssüf hissini görməliydiniz. İndi salamımı da güclə alır.

Çeşidli məkanlarda məni “türk abi”, dolayısıyla xarici hesab edib “loxlamaq” istəyən dəyərli vətəndaşlarımıza buradan səmimi salamlarımı göndərərək, yazımın mabədinə keçmək üçün sizdən müsaidə, pardon, icazə istəyirəm.

...Yaxın oturun sizə Türkiyəli dostumla PUB-ların birində başımıza gələn bir hadisəni danışacağam.

Bakının sərin yaz gecələrinin birində özümüzü səs-küylü PUB-ların birinə verib bir balaca dincəlmək, dostumun sözü olmasın “kafa dağıtmak” istədik. Barın qarşısında, sevimli stullarımızda əyləşib içkilərimizi sifariş verdik, həyat, kitablar, filmlər və təbii ki qadınlar haqqında danışmağa başladıq. Sakitcə söhbət edir, ətrafa heç bir problem yaratmadan, səs-küy salmadan siqaretlərimizi sümürüb içkimizi içirdik. Dostumla Azərbaycan türkcəsi və Türkiyə türkcəsinin qarışığından ibarət ortaq bir türkcə istifadə edirik. O yeri gələndə xüsusi aksentlə, rus dilində sifarişlər versə də, arada ingilis dilində sitatlar çəksə də Türkiyə vətəndaşı olması kənardan aydın hiss olunurdu. Biz söhbət etdikcə aşağıda oturan üç gənc xanımın bizi yem kimi izləməsini, hərdən diqqətimizi çəkmək üçün bərkdən deyib-gülmələrini sakitcə müşahidə edirdim. Dostum da kifayət qədər ayıq adamdır. Amma, xanımların daha mütəşəkkil və planlı olmasını diqqətinizə çatdırmaq istəyirəm.

Növbəti qədəhəri toqquşdurandan sonra ofisiant masamıza meyvə gətirdi. Qızlarımız bizə qarşı jest etmişdi...

Detallara varmaq istəmirəm, amma biz növbəti qədəhlərimizi qızlarla toqquşdururduq. Artıq səmimiliyin, rahatlığın pik nöqtəsində olan üç gənc xanım, dostumla gecənin geri qalan hissəsinin detallarını müzakirə edirdilər. Evdə bizim üçün hazırlanacaq rakı masası, alacağımız içki və məzələr müzakirə edilir, əcaib-qəraib planlar cızılırdı. Dostum ehtiyat üçün barmenə də, ofisianta da  hesabımızı ayrı yazmağı xahiş etmişdi. Söhbətlər, gülüşlər, etiraflar  getdikcə dərinləşir,  gecə uzanırdı...

Plan, PUB-dan sonra karaoke kluba getmək, şən-şux nəğmələr oxuduqdan sonra qızların dəvətinə uyğun onların evində rakı məclisi qurmaqdı.

...Həmin gecə heç nə plan üzrə getmədi. İkicə saat öncə masamıza meyvə göndərib bizi ovlayan xanımlar, bir-bir masadan “yoxa çıxdı”.  Üç xanımın ən dürüst görünəni masanı ilk tərk elədi və səmimi şəkildə gecəni bizimlə davam etdirməyəcəyini bildirdi. İkincisi qulağıma, “Bir nəfərdən alacağım var, zəng elədi ki, gətirmişəm. Pulu götürüb 10 dəqiqəyə gəlirəm” pıçıldayıb sivişdi. Üçüncü xanımın vurnuxmasından bəhanə tapıb aradan çıxacağını anlamışdım. Artıq başımıza gələcəkləri də təxmin etmişdim. Ssenarinin finalını görmək çətin deyildi. Dostum iki dəqiqəlik masadan qalxdı. Sonuncu “ovçu” telefonuna gələn zəngdən sevincək ayağa sıçradı, “İki dəqiqyə qızı da götürüb gəlirəm”.

...Ofisiant hesabımızı gətirəndə, anladım ki, “Avropa Oyunlarında xariciləri necə qazlamalı” adlı milli treninq uğurla öz işinə başlayıb. Həmin gecə biz PUB sahibinə izah edə bilmədik ki, o qadınları tanımırıq və buna görə bəri-başdan hesabımızın ayrı yazılmasını rica etmişik.

Sağ olsun PUB sahibi, naməlum xanımların da hesabını bizdən aldı. Daha doğrusu dostum taleyimizlə barışmağımızın vacibliyini anlayaraq, mübahisəyə davam etmədi. Avropa Oyunları ərəfəsində bu hadisənin ilahi bir mesaj olduğunu anladım. Qadınlar da, ofisiant da, barmen də, PUB-ın sahibi də bu oyunlara tam hazır olduqlarını yoxlamış və uğurlu nəticə əldə edilmişdi.


Artıq inamla demək olar ki, ölkəmiz Avropa Oyunlarına tam olaraq hazırdır. Bu zehniyyətlə nəinki avropalıları, hətta bütün dünyanı ölkəmizə çağırıb “qazlaya”, “qruzlaya” bilərik.

Haydı, irəli!

Yuxarı