post-title

Marqaret Atvud`la müsahibə

Marqaret Etvud: «İyrənc, insanı qorxudan, uğursuz, iqtidarsız kişi obrazlarının çoxunu məhz kişilər özləri yaradıb»

 

«Şəxsi nəzəriyyəmə görə müəyyən qədər bir-biri ilə toqquşsa da, nəsr və poeziya beynin iki ayrı hissəsidir»

Müasir dövr Kanada ədəbiyyatı deyəndə ağla gələn ilk imzalardan biri Elis Munrodursa, digəri Marqaret Etvuddur. Dövrün sosial, siyasi, iqtisadi problemlərinə həssaslıqla yanaşan, intellektuallığı və feministliyi ilə seçilən yazar, ədəbi tənqidçi 1939-cu ildə Ontario əyalətinin Ottava şəhərində anadan olub. 11 yaşından internat tipli məktəbə göndərilən Marqaret artıq liseydə olarkən Edqar Alan Po-nun yaradıcılığından ilhamlanaraq ilk şeirlərini yazır. 16 yaşından ciddi şəkildə ədəbiyyatla məşğul olmağa başlayan Marqaret yazıçı olmağı qarşıya məqsəd qoyur və cəmi altı il sonra ilk şeirlər kitabı “Double Persephone”-nu nəşr etdirir. Yaradıcılığının ilk illərindən uğurla yol yoldaşı olan şairə ikinci şeirlər kitabı “The Circle Game” ilə Kanadanın nüfuzlu ədəbi mükafatına – “Governor General’s Award”-a - layiq görülür. Həmin mükafatdan sonra Etvud Kanada ədəbiyyatının tanınmış fiqurlarından olur. 1972-ci ildə Kanada ədəbiyyatını geniş araşdırıb, şərh etdiyi “Survival: A Thematic Guide to Canadian Literature” kitabı ilə cəmiyyətdə irimiqyaslı ədəbi müzakirələrə səbəb olur. 

Ötən il “Nobel Ədəbiyyat Mükafatı” na namizəd göstərilən, həmkarı, həmcinsi və hərmyerlisi Elis Munronun ən ciddi rəqibi hesab olunan Etvud 19 şeirlər toplusunun müəllifidir - “The Circle Game” (1964), “The Journals of Susanna Moodie” (1970), “Power Politics” (1971), “You Are Happy” (1974), “True Stories” (1981), “Interlunar” (1984). Lakin nəhəng poetik irsə sahib olmasına baxmayaraq yazıçı dünya ədəbiyyatında roman müəllifi kimi tanınır. Etvud “Surfacing” (1972), “Lady Oracle” (1976), “Cat’s Eye” (1988), “The Handmaid’s Tale” (1986) kimi onlarla romanın müəllifi kimi özünə böyük ədəbi nüfuz qazanıb. Özünü uşaq ədəbiyyatı sahəsində də sınayan Etvud bu mövzuda yazdığı kitablar ciddi maliyyə gətirib. “Up in the Tree” (1978), “Anna’s Pet” (1980), “Dancing Girls” (1977), “Bluebeard’s Egg” (1983) kimi kitabların müəllifi olan yazıçı məhz bu kitablarla dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Etvud 2000-ci ildə yazdığı “Kor Suiqəsdçi” (“The Blind Assassin”) adlı əsəri ilə “Man Booker” ədəbi mükafatına layiq görülüb. Müəllifin müxtəlif mətbu orqanlara verdiyi müsahibələrdən hissələri təqdim edirik.

- “Payback”-in maraqlı mövzusu var – borclanmaq. 2005-ci ildən sonra dünya satın almaq, şopinq alovlarında yanırdı, siz bu kitabı yazmaq üçün araşdırmalara başladınız. Bu mövzuya toxunmaq hardan ağlınıza gəldi?
- O vaxt artıq ictimai yerlərdə, metro çıxışlarında insanları maddi sıxıntıdan xilas etmək üçün xidmətlər təklif edən şirkətlərin reklamları, sözçüləri yavaş-yavaş artırdı. Bu adamlar elə-belə dövriyyəyə girmir. Borclanma var ki, onlar xidmət təklif edir. Odur ki, kitabın adını birbaşa “Borclanma” (“Payback”) qoydum. Amma nəşriyyat bunu qəbul etmədi. Belə başlıq depressiya fikri yarada bilər. Hətta “görəsən, Atvudun fikrini dəyişdirə bilərik? Bu qadın məhz bu mövzu yox, məsələn, sevgi dramı yaza bilməzmi?” –deyə, danışıldığnı eşitdim.

- Siz bu mövzunu araşdıranda hələ Yer kürəsi maliyyə böhranı ilə bağlı hansısa problem yaşamırdı, hətta belə bir proqnoz da yox idi. Yazıçı kimi bu mövzu sizi niyə cəlb etdi?
- Mənim üçün maraqlı olan ictimai interaktiv münasibətlər idi. Çünki borclanma insanlar arasında münasibətlərə də təsir edir, onu müəyyənləşdirir.

- Bu vəziyyət insanlara necə zərər verir?
- İnsanlar inamlarını itirir. Məsələn, kağız pullara nəzər salaq. Əslində bunlar dəyər daşıyıcısı kimi nəzərdə tutulublar. Birinci dünya müharibəsindən sonra bəzi ölkələrdə insanlar çörək almaq üçün bir zənbil pul aparmalı olurdu. 

- Əcnəbilik mövzusunu tamamilə aydın formada bütün dərinlikləri ilə təsvir etmisiniz.
- Dünyanın hər yerində bu hiss yaşanır. Yalnız dünyanın ürəyinin ürəyində, adı ilə desəm ABŞ-da bu hisdən qurtulmaq müəyyən mənada mümkündür. Dünya adlı imperiyanın mərkəzində olanda universal təcrübə yaşadığın, ətrafda hamının əcnəbi, eyni zamanda buralı olduğu hissi yaşayır insan. İmperiyanın ucqarlarında və ya kənarında bunu hiss etmək çətindir, imkansızdır.

- “Suzanna Mudinin gündəlikləri” (“The Journals of Susanna Moodie”) adlı son əsərinizdə belə bir fikrə aydınlıq gətirməyə çalışmısınız ki, əgər ABŞ-ın ruhi xəstəliyi meqalomaniadırsa (özünübəyənmişlik-red.E.S.), Kanadanınkı paranoid şizofreniyadır (əlamətlərin xaricə hiss etdirilmədən keçirildiyi şizofreniya növü-red.E.S.). Bunu oxucularımız üçün də aydınlaşdırarsınızmı?
- ABŞ nəhəng və güclüdür, Kanada bölünmüş və təhdid altında yaşayan ölkədir. Ola bilər ki, mən vəziyyəti “xəstəlik” ifadəsilə təsvir etməyə bilərdim. Xəstəlik ifadəsini “beynin vəziyyəti” ilə də əvəzləmək olar. Kişilər tez-tez məndən soruşurlar ki, niyə qadın qəhrəmanlarınızın hərəsi bir cür paranoiddirlər. Bu, paranoidlik deyil. Onların vəziyyətinin təsviridir. Analogiya aparanda özünü güclü və üstün hiss edən qadın ABŞ-ı xatırladır, ABŞ da nəhəng və güclü hiss edir, üstəlik buna heç bir şübhə yoxdur. Onun daha da güclü və nəhəng olmaq istəyi isə bir qədər xəstəlik həddinə çatmaqdır. Hər bir Kanadalının ABŞ-la bağlı fikirləri qarışıqdır, bu ölkəyə münasibəti birmənalı deyil, amma amerikalılar üçün Kanada soyuq hava kütlələrinin gəldiyi yerdir. İnsan özünü qeyri-bərabər güc münasibətləri içərisində dərk edə bilməyəndə ruhi, psixoloji fəsadlar yaranır.

- Deyə bilərsinizmi, daha çox harada sizinlə əsl yazıçı kimi, gözlədiyiniz kimi rəftar edirlər?
- Mən Kanadadanam, doğulduğum yer, vətənim olmasına baxmayaraq, orada şəxsi və bərbad hücumlardan əziyyət çəkirəm. Bilmirəm, bilirsiniz, ya yox, Kanadada ailələr arasında münasibətlər elə də isti olmur, ümidsiz və hər an qopmağa hazır münasibətlər var. Çox kitab mağazası olduğu üçün yazıçının getdiyi hardasa tanınmaması mümkün deyil. Mən ABŞ-da Kanadada satdığım qədər kitab satsam, milyarder olardım. Odur ki, orada hər yerdə tanıyırlar və sərbəst şəkildə yaxınlaşıb, səni, yazdıqlarını tənqid edir, yazdıqlarının özünə aid olduğunu deyib, şəxsi həyatını gündəm mövzusu edə bilirlər.

- Kişilərlə müqayisədə qadın yazıçı üçün çap olunmaq daha çətindir?
- Əgər sadəcə Şimalı Amerikadan söhbət gedirsə, kommersiya redaktorları və naşirlər üçün müəllifin cinsi, irqi, dini fərq etmir, onlar daha çox nüsxəsini sata biləcəkləri kitabı çap edirlər. Onlar kitaba və ya müəllifə baxmır, redaktor heyətinin qərarından, bazarın ümumi vəziyyətindən asılı olaraq dəyərləndirmə aparır. Düşünmürəm ki, kitaba qarşı müəllifinə görə belə bir açıq siyasət yürüdülə bilər. Sağlam məntiqlə çapa qərar verilmə kitabdan və naşirin intiusiyasından asılı olur. Bəli, görünən və tanınan kitabların çoxunun müəllifi və ya redaktoru kişilərdir, bu da həqiqətdir. Amma bu tamam başqa səbəbdir. Bura bəlkə də hər iki cinsin ən çox balansda yaşadıqları, ümumiyyətlə, hər şeyi tarazlığının ən çox qorunduğu yerdir.

- Sadəcə mənti oxumaqla onun müəllifinin qadın və ya kişi olduğunu təyin edə bilərsinizmi?
- Bəzən şübhə etmədən deyə bilərəm, amma həmişə yox. Yaxından tanıdığım ingilis yazıçı var idi, deyirdi ki, yazdıqlarının heç birini nəşr etdirə bilmir, ona görə də şərqi Asiya ölkələrindən olan qadın təxəllüsü ilə yazır, sonra onun əsəri çapa qəbul edilmişdi. Bilirsiniz də, hardan yarandığını bilmirəm, amma “qadın kişinin nəzər nöqtəsindən yanaşa və onun kimi yaza bilməz” kimi yanaşma var. İnsanlar bir şey olmamış tez bu fikirdən yapışırlar. Kişilər qadınlar tərəfindən yaradılmış portretlərə qarşı həmişə tənqidi yanaşır, əskiklik axtarır, həmişə pis kişi obrazları yaratmaqda ittiham edirlər, amma fakt budur ki, həqiqətən iyrənc, insanı qorxudan, uğursuz, iqtidarsız kişi obrazlarının çoxunu məhz kişilər özləri yaradıb. Uğursuz etnik düşüncə ədəbiyyatda belə öz yerini tutub – kişilərin ayağı pis qoxur və ya süfrə mədəniyyəti qadınınkı kimi yüksək deyil fikrini kişi diktə edirsə, bu Ok-dir, əgər qadın qələmə alırsa, adı feminizm olur, ya da elə qələmə verilir ki, müəllif nifrət etdiyi hansısa kişini canlandırıb. Kişilərin eqo sevgisi anadangəlmə yaralıdır. Qadın yazıçı mükəmməl bir kişi obrazı yaradır. “Mətbəxdə kişi” obrazı və ya səhnəsini qadın yazır, kişi oxucunun gözündə müəllif kişini “incəldib, yumşaldıb, zəiflədib”. Əgər eyni səhnənin müəllifi kişidirsə, adı olur realizm. Belə, belə şeylər çoxdur.

- Oxucular çox vaxt kitabı üz qabıqlarına baxaraq mühakimə etmək, ittiham etmək xətasına düşürlər. Özünəməxsusluq, fərqlilik bir dəb halına gəlib. Mən yaradıcı azadlıq tərəfdarıyam. Düşünürəm ki, hamı hiss etdiyi, mənəvi bağlı olduğu, dərin inam bəslədiyi şeylərdən yazmalıdır. Oxuduqdan sonra qərar verməli, mühakimə etməliyik. Nədən yazıldığını bilmədiyimiz kitabı üz qabığına və ya arxadakı müəllifin şəklinə görə seçmək ədalətsizlikdir.
- Gəlin, belə deyək də, əksərən oxuyan hamı tərəfindən təəccübləndirici, güclü, təsirli, eniş-çıxışlı, qarışıq kimi sözlərlə şərh edilən əsəri yaxşı əsər hesab edirik. Bəzən hansısa kişi müəllifin əsərində qadınla mebel və ya seks fiquru kimi davranan qəhrəmanlar görürük və ya müəllifin özü belə yanaşır, insanda belə fikir formalaşır ki, müəllif öz daxili aləmini sərgiləyir. Eləcə də qadın müəlliflər haqqında belə düşünülür. Amma müəllifin beynində kənarda qalan dünyanın haradan başladığını bilməyəndə əsəri oxusan belə, düzgün qərar qəbul etmək olmur. Ona görə bilmirəm əslində necə dəyərləndirmək lazımdır.

- Poeziya və nəsrlə məşğul olursunuz. Bu iki sahə arasında sizcə hansı fərqlər var? 
- Şəxsi nəzəriyyəmə görə müəyyən qədər bir-biri ilə toqquşsa da, nəsr və poeziya beynin iki ayrı hissəsidir. Hekayə, roman yazıramsa, yəni nəsr əsəri üzərində işləyəndə özümü daha intizamlı, planlı və metodik hiss edirəm – düşünürəm ki, nəsr əsəri yazan hamı belə olur. Poeziya sərbəst hərəkət edən gəmidir.

- Dil məhdudiyyətlərindən irəli gələn tıxanma, ifadə çətinliyi hiss edir, yaşayırsınızmı?
- Bütün yazıçılar üçün dil həmişə məhduddur, kasaddır, ifadə çətinliyi yaradır. Bütün ciddi yazıçılar bunu hiss edir.

- Seks haqqında yazmaq asandır?
- Əgər bu sualda seks deyəndə dünyanın daha çox hərəkət edən hissəsini nəzərdə tutursunuzsa, məncə, mən kütləvi belə səhnələr yaratmamışam. Çünki belə səhnələr say baxımından sıxlaşdıqca gülünc, metaforik, bayağı hal alır və nə yazırsan yaz “onun döşləri almaya bənzəyirdi” kimi bəsit və mənasız səslənir. Seks səhnələrinin girişində qəribə klişelər var, ədiblər bundan qurtula bilmir – kimin harası hardadır bunu təsvir etmək lazım deyil. Orqanlar oxucuda da həmin yerdədir. Bu eyni evin adamları arasındakı münasibət kimidir, bir otağın mebelləri arasındakı uyğunluq kimi, ağacın yarpaqları kimidir. Seks fiziki aktdan əvvəlki və sonrakı hislərin güclü təsviridir, sıradan yaşanan şeyi fərqli edən hislərin təsirli ifadəsidir – sevginin, itkinin, nifrətin, fərqliliyin, uyğunsuzluğun, vəhşiliyin, manipulyasiyanın, ümidsizliyin, ümidin və minlərlə duyğunun ya yox olması, ya da həyat tapmasıdır. Əgər içində hansısa duyğunu öldürə və ya yarada bilməyən səhnə təsvir edilibsə, bu, ədəbiyyat deyil. 

- Əsələrinizin çoxunda sevgi və güc intriqalarla birləşmiş vəziyyətdə təsvir edilir – “Güc siyasəti”-ndəki (“Power Politics”) güclə savaşan sevgi kimi. Kişi ilə qadın arasında başqa münasibət yolu görürsünüz? 
- Bu, mənim yaratdığım anlayış deyil, kişi qadına nisbətən daha çox gücün simvolu olduğuna görə qadın-kişi arasındakı sevgi münasibəti istər-istəməz güc strukturuna söykənir. Qadına cəmiyyətə də, sevdiyi kişiyə də gücünü göstərmək, özünü sübut etmək xeyli çətin olur. Kimisə sevmək eqo baryerlərini aşmaq təcrübəsini yaşamaqdır. Bu hissin müsbət tərəfi “kosmik həssaslıq” hissinin formalaşmasıdır, neqativ tərəfi isə “öz mənini itirmək” hisidir. Kim olduğunu unudursan, tanıdığın özünü tapa, tanıya bilmirsən, qala işğal edilir.

- İş rejiminizdən danışaq. Necə işləyirsiniz? Əsərin ilkin versiyası əlinizdə olana kimi keçdiyiniz mərhələni təsvir edə bilərsinizmi?
- İlkin versiya həmişə əlyazma olur. Küncləri xətlənmiş vərəqlər üzərində nazik sətrlərdə yazıram, sətirlər arasında məsafə adətən çox olur. Yüngül və asan sürüşən ucluqlu karandaşlara üstünlük verirəm, çünki olduqca sürətli yazıram və ilişən, sərt karandaşlar mane olur. Düzünü deyim ki, ilk versiyanı əldə etmək elə də qısa çəkmir, mən qısa müddətə nəsə yarada bilmirəm, baxmayaraq ki, sürətlə yazıram. Əlyazmam üzərində qaralamalar aparmalı, yazdıqlarımı uzlaşdırmalıyam. Sonra oxunulası vəziyyətdə olmayan əlyazmanı yazı maşınında yığıram.

- Yazmaq üçün xüsusi zaman, gün və ya məkan varmı? Sizin üçün bunun bir fərqi varmı, harada yazırsınız, nə zaman yazırsınız?
- Çalışıram ki, iş saatlarım səhər saat ondan günorta saat dörd arasına düşsün və yekunlaşsın. Bunu uşaqların dərs cədvəlinə uyğunlaşdırmışdım. Amma bəzən axşamlar günorta saxladığım yerdən davam etməli oluram, hər şey toplanır beynimə, əsərdən qopa bilmirəm.

- Yazıçılığın ən çətin cəhəti nədir?
- Kitab təqdimatları və intervü vermək. Ən asan cəhəti isə elə onun özüdür – yazmaq. 

- Başlıqlarla necə rastlaşırsınız? 
- “Rastlaşmaq” - bu ifadədən xoşum gəldi, çünki bu yol doğurdan da rastlaşmaqdır. Getdiyiniz yerdə üzərinizə naməlum bir əşya atılır, ya da qarşınıza qəfil kimsə çıxır – mənim əsərlərimin başlıqları da belə çıxır qarşıma. Bəziləri əsəri başlayandan məlum olur, bəzən isə günlərlə bir qərara gəlmək mümkün olmur və o axtardığın şey hardansa kənardan içimə düşür. “Bodily Harm” əsərini adlandıra bilmirdim, bu ifadəyə təbiət hadisələrindən bəhs edən bir məqalədə rast gəldim. Bəzən isə variantlar o qədər çox olur ki, hansında dayanmalı olduğumu bilmirəm.

- Keçmişə məmnuniyyətlə baxa bilirsinizmi? Əlinizdə imkan olsa, onu dəyişdirərdinizmi?
- Keçmiş haqqımda düşünmür, geriyə baxmıram. Şəkillərimi rəngləyə, düzəldə bilərəm, amma keçmişi dəyişə bilmərəm.

“Yanınızda hər zaman qeydiyyat aparmaq üçün kağız və ya kitabça olsun.
Yüngül idmanla məşğul olmağa çalışın. Yazdığı üçün oturaq işləyənlərdə onurğa, kürək ağrıları olur, ağrı isə diqqəti dağıdır.

Kompüterdə yazırsınızsa, eyni versiyanı mütləq ikinci və üçüncü yerdə qoruyun.
Oxucunun marağını və diqqətini qorumağa çalışın. Müxtəlif maraqları birləşdirməyə çalışın, A-nın marağını cəlb edən şey, B-ni canından bezdirə bilər.

Öz kitabınızı oxuyanda əsla başqasının kitabının ilk səhifəsindən gözlədiyiniz həzzi almayacağınızı bilin. Səhnə arxasında olmusunuz çünki, dovşanların şapkaya necə yerləşdirildiyini bilirsiniz. Əlyazmanı naşirə vermədən əvvəl bir neçə yaxın ədibin və ya redaktorun fikrini öyrənin.

Hekayənin harasındasa nəyinsə ötürüldüyünü, buna görə hadisələrin istədiyiniz kimi getmədiyini görürsünüzsə, oturub gözləməyin, addımlarınızı geri-geri gedib, yanlışı tapın”.

Elcan Salmanqızı

Müsahibə ilk dəfə 2014-cü ilin iyulunda "Kaspi" qəzetində dərc olunub

www.Literaz.com

Yuxarı