“Dovşan Peterin burnunda milçək var idi. O, əlini yellətdi, milçək uçdu. Ağıllı Dovşan Peter. Necə də ağıllı. Sonra milçək qondu dovşanın gözünə. Dovşan əlini şap elədi, milçək uçdu. Ağıllı Dovşan Peter, necə də ağıllı.”
Gözəl də musiqisi var. Əgər eşitməmisinizsə, orijinalını tapmağınızı və dinləməyinizi tövsiyə edirəm. Mahnının adı belədir: “Little Peter Rabbit”.
Göründüyü kimi, dovşan sadə bir problemlə üzləşir və onu həll edir, ona görə də ona ağıllı deyir mahnını oxuyan. Dovşana başqa nəyə görə ağıllı demək olar ki?
Dovşan televizor təmir edəsi deyil ki. Onun edə biləcəyi ən ağıllı hərəkət elə budur. Burnuna milçək qonur, ona mane olur, o da ağıllı çıxış yolu tapır, bir hərəkət edir, milçəyi əliylə qovur o tərəfə. Sonra yenə həmin problemlə rastlaşır. Yenə də əlini yellədir, milçək uçub gedir.
İnsan üçünsə bir problemi həll etmək və ağıllı Peter adlanmaq standartı bundan yuxarıdır. Nə qədər yuxarı olsa, bir o qədər yaxşıdır. Başqalarının həyatına görə məsuliyyəti öz boynuna götürən insan üçün daha da yuxarı olmalıdır həmin standart.
Ancaq Bakıda eyni səbəbdən ikinci bina yananda biz nə gördük? Bizim hökumətin problem həll etməyi mahnıdakı Peterin problem həll etməyi səviyyəsindədir.
Bakıda binaları üzləmək işini boynuna götürən şirkət sahibi, onun materialına razılıq verənlər, icra hakimiyyəti, fövqəladə hallar və s. idarələrin məmurlarının başına bir dəfə bir əhvalat gəldi, hündürmərtəbəli bina bir anda alışıb yandı. Ancaq heç kəs ölmədi. Onlar əllərini yellədib problemi kənara itələdilər. Sonra ikinci bina yandı, içində də adamlar, balaca uşaqlar...
Bakıda 16 mərtəbəli bina, binanın içində adamlar yanan gün mən bir məktub aldım. Məktubda təyyarə biletləri var idi. Ailə üzvlərimin və mənim adıma 1 iyul tarixində Londondan Bakıya uçacaq təyyarə üçün üç bilet.
Əvvəldən bilirdim ki, İngiltərədə yaşamaq müddətim bitir, tezliklə Bakıya qayıtmalıyam, biletlərin alınıb göndəriləcəyini bilirdim.
Biletlər beş gün sonra da gələ bilərdi, beş gün əvvəl də. Ancaq biletlər lap belə dramatik anda gəldi.
Azərbaycan uzaqdan daha yaxşı görünən şəkillər kimidir. Uzaqlaşdım, indi mənzərəni daha aydın görürəm.
Necə ki, poliomelit kimi xəstəliklər əlindən Afrikada milyonlarla uşaq şikəst olur, ölür, yazıqların heç xəbəri də olmur ki, bunun necə ucuz çarəsi var, məsələn, Azərbaycanda ikicə manatdır peyvəndi, məsələn, Avropada ambarlarda doludur o peyvənddən.
Biz də həmçinin elə balaca problemlərin əlində əsir-yesir qalmışıq, hətta yanırıq ki, onun həllini uzaqlarda yaşayan adamların dovşanları da bilməsə, uşaqları bilir: Yanmağa həssas materialdan divar olmaz, riskini yoxlamadan iş görmək olmaz, birinci hadisədən sonra ikinci olmasın deyə, tədbir görülməlidir, camaatın canını riskə qoyub pul qazanmaq olmaz və bu kimi başqa adi, sadə biliklər.
BBC Azeri