post-title

“Mühacirlərin dönüşü” çap olundu

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin yeni kitabı nəşr edilib. 

"Teas Press" Nəşriyyat Evindən çap olunan "Mühacirlərin dönüşü" adlı kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır.

Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmmədəli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur.

Kitabın elmi redaktoru professor Ədalət Tahirzadə, nəşriyyat redaktoru Kərim Kərimlidir

Dilqəm Əhmədin verdiyi məlumata görə, kitabda 1918-ci ildə Məhəmmədəmin Rəsulzadənin rəhbərliyi ilə İstanbula göndərilən Azərbaycan nümayəndə heyətinə aid nadir foto yayımlanıb:
"Bu fotonu İstanbulda bir kitabçıdan 600 dollara aldıq. Bildiyiniz kimi, ötən il mühacirət arxivinin alınması üçün kampaniya elan etmişdik. Vətəndaşlarımızın maddi, mənəvi dəstəyi ilə o arxivlərin bir qismini aldıq və bu kitabı ərsəyə gətirdik. Kitabda onlarla məktub, foto var ki, bunlar ilk dəfə olaraq ictimaiyyətə bəlli olacaq. Kitabın ikinci cildi üçün yeni kampaniya başlatmışıq. Kampaniyamıza dəstək olarsa, Cümhuriyyətimizin 100-cü ildönümünə yeni kitab həsr edəcəyik". 
Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbə olan bu kitabı şəhərimizin kitab mağazalarından əldə edə bilərsiniz. 

Отображается файл "Muharic_02.jpg"
Yuxarı