Ağalar Qut: “Ortaq türkcə” maskalanmış osmaniçilik imperializmidir
Modern türkologiya elmi, ulu azərbaycanlı Mirzə Kazımbəyin 1…
Yeni nəsildə (yəni cavanların əksəriyyətində) ədəbiyyatı duyma fəhmi hələ tam yetişməyib. Onlar çox rahatlıqla Paolo Koelyo, Den Braun, Aqata Kristi, Stefan Sveyq, Frans Kafka və Dostoyevski arasında bərabərlik işarəsi qoya bilərlər. Onların əksəriyyəti üçün Sveyq də, Koelyo da eyni dərəcədə yaxşı yazıçıdır.
Bu yazını bir etirafdan başlamaq lazımdır: Kitabsevərlər klubunun ilk nəşri olan “İz: Gənc yazarların hekayələr toplusu” haqqında rəy yazmaq mənim üçün bir qədər çətin oldu. Çünki bu kitabda hekayələri toplanmış əksər müəlliflərin məndən xeyli cavan olduğunu, “yeni nəsli” təmsil etdiyini və mənim də yavaş-yavaş geridönməz şəkildə “köhnə nəslə” çevrildiyimi anlamış oldum.
Öz nəslimi təmsil edən və ya daha öncəki müəlliflər barədə rəy bildirmək – aşağı-yuxarı eyni makro-təcrübələrdən keçmiş insanları tanımaq, ya da yeni dəyərlərin mövqeyindən köhnə yazarları topa tutmaq nə qədər asandırsa, “yeni nəslə” köhnə anlayışların və köhnə dəyərlərin mövqeyindən yaylım atəşi açmaq ondan da asandır – bu zaman “standart”ın, “meyar”ın harada bitdiyini və korazehin mühafizəkarlığın harada başladığını müəyyən etmək çətinləşir. Yeni nəsli tənqid edəndə retroqrad olmaq saniyə məsələsidir.
(Mühafizəkarlar bəlkə də gənc nəslə qarşı ona görə amansız olurlar ki, bu cavanlar onlara artıq “yaşlanmış” və “qoca” olduqlarını xatırladırlar.)
Ona görə də Kitabsevərlərin ilk kitabına rəy verməzdən öncə bu “yeni nəslin” ümumi konturlarını cızmaq və tənqid hədəfimizin kim olduğunu daha yaxşı anlamağa çalışmaq lazımdır.
I
Ədəbiyyata və ədəbiyyatətrafı çevrələrə can atan bu yeni nəsil yazar və oxucuların mənə görə üç qabarıq ortaq tərəfi var.
BİRİNCİSİ, bu yeni nəsildə (yəni cavanların əksəriyyətində) ədəbiyyatı duyma fəhmi hələ tam yetişməyib. Onlar çox rahatlıqla Paolo Koelyo, Den Braun, Aqata Kristi, Stefan Sveyq, Frans Kafka və Dostoyevski arasında bərabərlik işarəsi qoya bilərlər. Onların əksəriyyəti üçün Sveyq də, Koelyo da eyni dərəcədə yaxşı yazıçıdır. Söhbət etdiyim mütaliəli gənclərin biri mənə hətta demişdi ki, Kafka onun üçün çox yüngül və rahat kitabdır, Den Braun isə əksinə, çox ciddi və ağır gəlir.
Əslində burada hələlik pis bir şey yoxdur. Koelyo post-sovet məkanında bomba kimi partlayanda mən də hamı kimi onun yeddi-səkkiz kitabını birdən oxumuşdum. Bəlkə də o zaman Koelyonu acgözlüklə oxumasaydım, indi Ekonun “Fuko rəqqası”nı belə zövqlə mütaliə edə bilməzdim. Yəni, zamanla bu nəsil də “əsl” və “bayağı” ədəbiyyatın fərqini tutacaq. Bizim də keçdiyimiz yolları getdikləri üçün bu gəncləri qınamaq hələ çox tezdir.
İKİNCİSİ, bu yeni nəsil bir qayda olaraq rus dilini bilmir (rus sektorunda oxuyanlar, Rusiyada doğulanlar ya yaşayanlar istisna). Rus dilini bilmədikləri üçün də dünya ədəbiyyatına böyük bir darvaza onlar üçün bağlanıb. Qalıblar Azərbaycan naşirlərinin təklif etdiyi balaca nəfəsliyin ümidinə. Çoxlarının düşündüyü kimi ingilis dilini bilmək hələ ingiliscə mütaliə edə bilmək deyil. “İngiliscə bilirik, rus dilinə nə ehtiyac var” deyənlər gedib Şekspiri, Dikkensi, Virciniya Vulfu, Saul Bellounu orijinalda oxuya bilərlərmi? Ay-hay! [Ölmüşdü Xankişi!] İngiliscə “semiçka kimi çırtlamaq” hələ qəliz ədəbi-bədii mətnləri oxuyub başa düşmək deyil. Ortada reading comprehension kimi ciddi söhbət var.
Rus dilini bilməmək təkcə Dostoyevski və Tolstoyu orijinalda oxumaq məsələsi də deyil, həm də geniş dünya ədəbiyyatına çıxışı itirməkdir. Rusların böyük tərcümə məktəbi var – Tibetdən Kanadaya kimi az qala bütün xalqların və ölkələrin ədəbiyyatını rus dilinə tərcümə ediblər. Əgər XX əsrin ən böyük italyan yazıçılarından Alberto Moravianın az qala hər kiçik hekayəsi rus dilinə çevrilibsə, ingilisdilli dünyada vəziyyət bir qədər fərqlidir. Mərhum William Weaver olmasaydı, dayanmadan italyan ədəbiyyatının təbliğatını aparmasaydı, ingilisdilli dünya bu gün XX əsr italyan ədəbiyyatının yalnız üzdə olan beş-altı şedevrindən xəbər tutacaqdı. Umberto Ekonun “Qızılgülün adı” əsərinin ən yaxşı tərcüməsi də Kostyukoviç tərəfindən rus dilinə edilən çevirmədir. Hətta William Weaver-in tərcüməsi də Kostyukoviçin çevirməsinin yanında çox zəif, solğun və natamam iş təsiri bağışlayır.
Doğrudur, türkcə kitablar var və bizim yeni nəsil türkcə çox yaxşı oxuyur və başa düşür, amma burada da bir-iki əlavə problem var. Əvvələn, biz türkcə kitablara təzə-təzə çıxış əldə etməyə başlamışıq (son bir neçə ildə bu kitabları kütləvi şəkildə ölkəyə gətirmək mümkün olub) və gənclər bu istiqamətdə hələ romantik-sentimental janrlara üstünlük verirlər. Rus dili darvazasının üzümüzə bağlanması ilə bizə dəyən mədəni ziyanın türk dili darvazasının üzümüzə açılması ilə tam sağalması hələ bir müddət çəkəcək. Üstəlik, türkcə və rusca tərcümələri qarşılaşdırmaq imkanı olan biri kimi deyə bilərəm – türk tərcümə məktəbinin rus tərcümə məktəbi səviyyəsinə çatması üçün yəqin ki, bir 50 il filan lazım olacaq (bir az pafoslu çıxdı, üzr istəyirəm).
ÜÇÜNCÜSÜ, yeni nəsil gənclər üçün “oxucuya çevrilmək” və “yazar olmaq” arasında məsafə və sürət olduqca qısadır və qısalmağa doğru gedir. Yəni bu gənclərdə Saramaqonun 20 illik səbri və hövsələsi yoxdur. Əgər Saramaqo ilk yetkin əsərlərini 20 il jurnalist və tərcüməçi kimi çalışdıqdan sonra ortaya qoymağa başlamışdısa – o da qısa şeir və hekayələrlə – bizim yeni nəsil gənclər çox iddialıdırlar. Onlar ilk oxuduqları və təsirləndikləri kitabdan sonra yazıçı olmaq qərarına gəlirlər və ciddi ədəbi əsərlər yaratmaq istəyirlər. Onlar “oxucuya çevrilməklərinin” “qırxı çıxmamış” dərhal “yazar olmaq” iddiasına düşürlər.
Qafiyəsi olan hər Facebook statusunun şeir, dialoq keçən hər bloq yazısının hekayə hesab edildiyi bir zəmanədə ən böyük zərbəni elə ədəbiyyat özü alır. Bir xalqın yeni ədəbiyyatının hələ doğulmadan beşikdəcə boğulması başqa necə baş verə bilər ki?
(Bu passajı İsmayıl Kadaredən parafraz etmişəm.)
Məncə, burada “standart” və “meyar” yavaş-yavaş korazehin mühafizəkarlıqla əvəzlənmək istəyir, ona görə də bitirim və keçim “İz” kitabına.
II
Açığı, “İz” kitabında iki hekayə istisna (Rəşad Babalı və Həmid Piriyevin hekayələri), fövqəladə heç nə görmədim, hətta ədəbiyyat adına heç nə görmədim.
Yuxarıda adını çəkdiyim iki nəfərdən başqa bütün digər yazarlar utanmadan, çəkinmədən bizi saxta sentimentallıq priyomu ilə aldatmağa çalışırlar. Əgər bu hekayələrin üstündən saxta sentimentallıq çarşabını götürsək, altında boş hava və ya xəyalət görəcəyik. Bir dənə dişə dəyəsi ədəbi nəsə tapmaq üçün bu gənclərin yazdıqlarını oxuyanları böyük məyusluq gözləyir. Lirik, sentimental, metafizik, evdarqadınağladan, Latınamerikan serialları sayağı qəm, kədər, dərd, əzab, iztirab kultu bu kitabın başlıca leytmotividir. Kitabda hətta nöqtələr və vergüllər də ekzistensial böhran keçirir, depressiya yaşayır, malxülyaya dalır, kədər okeanında qərq olur.
Məni çox narahat edən daha bir məsələ – əksəriyyəti 1990-larda doğulmuş bu gənclərin, həyatlarının ilk baharında, kefdə damaqda olmalı olduqları zamanda bu qədər pessimizmə qapılmasıdır. Başa düşmürəm, bu gənclərin ölüm, qocalıq, qəbiristanlıq, intihar, dəlixana, cinayət, edam, terror, başkəsmə sevgisi haradan qaynaqlanır? Axı bu gənclər bu cavan yaşda bu qədər əzabı yaşamağa nə vaxt imkan tapdılar?
III
İndi isə icazə versəniz, ayrı-ayrı hekayələrin icmalına keçək.
İlk öncə Vüsal Namiqoğlunun “Avropa dilənçisi və fahişə qızı” hekayəsibarədə bir-iki söz deyim. Hekayə yazmaq moizə oxumaq deyil, nə də ədəbiyyatçı gərək insanlara əxlaq dərsi keçmək fikrinə düşməsin. Əxlaq barədə moizə oxumaq üçün məsciddə minbər var. Ədəbiyyatda isə moralizmə yer yoxdur, illah da adı çəkilən hekayədəki kimi saxta moralizmə. “Sırlar kapısı”nın evdarqadınağladan “namaz qılmadı, yıxıldı qıçı sındı” tipində əxlaq dərsi keçmək ədəbiyyatçının işi deyil. Ədəbiyyat başqa şeydir.
Nurlana xanım Həşimovaya isə sadəcə onu məsləhət görərdim ki, ədəbi yaradıcılıqdan daha çox öz müəllimlik peşəsinə diqqət ayırsın. Müəllimlik şərəfli və qürurverici peşədir. Nurlana xanım fəxr etməlidir ki, o, müəllimədir və gənc nəslin formalaşmasına əvəzsiz töhfəsini verir. Ədəbiyyatı isə buraxmaq lazımdır bu işi daha yaxşı bacaranlara.
Tural Əliyev də hələ hekayə yazmaqdansa öz dərslərini oxumağa daha çox vaxt ayırsa, çox gözəl olar. Məktəbi uğurla başa vurmaq çox vacibdir, hekayə yazmaq üçün isə hər zaman vaxt tapmaq olar. Hələ qabaqda bütöv bir ömür var.
Röyal Qabarovun hekayəsi haqqında tutarlı heç nə deyə bilmirəm, çünki nə demək istədiyini duysam da, hekayədən heç nə başa düşmədim. Abzasların, hətta az qala cümlələrin bir-biri ilə bağlılığı yoxdur. Fikirlər də dağınıqdır, yazı da. Məncə, öz yazısı və üslubu üzərində xeyli çalışmalıdır, fikirlərini yazıya çevirəndən əvvəl və sonra cilalamalıdır, öz üzərində işləməlidir. Yəni, hekayə belə olmur, belə yazılmır, niyyət nə qədər səmimi olsa da.
Tural Əzimzadə və Xəyal Mahmudlu məni xeyli təəccübləndirdi. Biri Biləsuvardan, biri də Şəkinin kəndindən olan bu gənclər öz hekayələrində amerikan ailələrini təsvir etməyə çalışıblar. Əzizlərim, siz amerikan ailələrini heç tanımırsınız, filmlərdən qazandığınız təəssüratlara da çox güvənməyin. Yəni Biləsuvarda və Şəkidə azərbaycanlı ailələrinin faciəsi azdırmı ki, siz qaçıb amerikan ailələrinin dərdindən yazırsınız? Qoy amerikan ailəsinin dərdini amerika yazarları çəksin, siz isə Biləsuvarın, Şəkinin, Azərbaycanın ailə faciələrindən yazın. Kriminal verilişlərinə baxın, görün nə qədər material var, heç yaradıcı təxəyyülə ehtiyac da qalmır.
(Tural bəy, bir şey də deyim, xətrinizə dəyməsin – baş kəsilmə səhnəsi çox təsirlidir, amma heç professor Douelin başı o qədər yaşamamışdı, fikirləşməmişdi, sizin kəsdiyiniz baş isə az qaldı qurdla qiyamətə qalsın.)
Nurəddin Məmmədlinin “Tənbəl” hekayəsi nəinki çap olunmamalı, ümumiyyətlə yazılmamalı idi. Yəqin ki anlaşılmazlıq olub.
Vüqar Abdiyev, Həmid Babayev, Cəmilə Məmmədli, Səbuhi Şahmursoyvə Elvir Nizamioğlunun hekayələri haqqında sadəcə bir şey demək olar – onların hekayələrində ucuz və saxta sentimentallıqdan başqa ədəbi heç nə yoxdur. Amma bu yazarların (üstəgəl Tural Əzimzadənin) həm də yaxşı “nəfəsi” var. Elə bil ki, qələm onların əllərində üzür (ya da klaviatura rəqs edir). Təəssüf ki, bu “nəfəsi” yaxşı bir ədəbi mətn yaratmaq əvəzinə ucuz sentimental priyomlara həsr edirlər. Onlar öz istedadlarını daha yaxşı yazılara sərf edə bilərdilər. Amma bu dəfə alınmayıb.
Və nəhayət, mənim fikrimcə kitabın ən yaxşı iki hekayəsi – Rəşad Babalının “İşıq dirəyi” və Həmid Piriyevin “Dana Kazım”ı. Bu hekayələrdə sentimentallıq yoxdur, əksinə həyat öz çılpaq naturalizmi ilə gözə girir. Bəlkə də məhz anti-sentimentallığına görə bu hekayələr mənim diqqətimi cəlb edib – başqa kontekstdə bəyənməyə bilərdim. Çünki Rəşad Babalı nə qədər realist və naturalist tərzdə yazsa da, “nəfəsi” çatışmır. Hiss olunur ki, Rəşad boğulur, sözlər elə bil kəlbətinlə çıxır, təxəyyülün gücü yetmir, qələm bir nöqtədə ilişib qalır (məcazi mənada desək). Rəşadın içindəki jurnalist onun içindəki yazarı üstələyir. “Nəfəs” olmadan böyük yazara çevrilmək isə çox müşkül və ağrılı prosesdir.
Həmid Piriyev isə sanki yazıçı yox, stenoqrafçıdır. Mən bilmirəm, “Dana Kazım” hekayəsində uydurma nə qədərdir, həqiqət nə qədər. Amma hekayəni oxuyanda elə təəssürat yaranır ki, Həmid öz fotoaparatını götürüb və gedib hansısa həyat lövhəsini lentə həkk edib. Həmid heç rəssam da deyil, sanki adi fotoqrafdır. Əgər ədəbiyyat sadəcə stenoqrafiya olsaydı, həyatı olduğu kimi vərəqə köçürsəydi, onda biz ona fiction (uydurma) deməzdik. Ədəbiyyat axı həm də uydurmadır. Həyat və yazıçı təxəyyülü ədəbiyyatda çulğaşıb yeni fenomen yaradır. Həmidin hekayəsi uydurmadırsa, qoy oxucu da bilsin uydurmadır. Bəzən İnternetdə rastınıza çıxar – karandaş və ya boya ilə elə rəsmlər çəkirlər ki, onlar lap fotoya oxşayır. Bu şəkillərə baxıb “Əjdaha!” deyirlər, amma bu şəkillər heç zaman sənət əsəri olmur. Amma Munkun “Çığırtı”sı əsl sənət əsəridir.
Əli Novruzov
http://alinovruzov.com/2015/05/16/16book/