Keçmiş uğrunda dava
Bir neçə gün əvvəl ANS telekanalının “Şəxsiyyət…
“Hamımız bu dünyada iyrənc məxluqlarıq, amma bir var gülümsəyən, təbəssüm oyadan iyrənclik, bir də var çevrəsində boşluq yaradan iyrənclik. Birinci o qədər də axmaqlıq deyil”.
Çezare Paveze (1908-1950) XX əsr İtaliya ədəbiyyatının ən tanınmış simalarından biridir. O, məmur ailəsində böyüyüb, uşaqlıdan ədəbiyyata olan həvəsi sonralar onu Torino Universitetinin ədəbiyyat fakultəsində təhsil almağa sövq edir. Burada təhsilini başa vurduqdan sonra müxtəlif təhsil ocaqlarında dil və ədəbiyyatdan dərs deyir. Bu dövrdə ingilis və Amerika ədəbiyyatıyla bağlı yazıları “La Kultura” dərgisində yayımlanır. Daha sonra yaxın bir dostunun açdığı nəşriyyatda çalışmağa başlayır, şeirlər yazır. 1935-ci ildə anti-faşist fəaliyyətinə görə həbs edilir, bir il həbsdə yatır. Həbsxana dövrü “Həbs” romanının yaranmasına səbəb olur. 1950-cı ildə yazdığı “Tənha qadınlar arasında” romanı İtaliyanın ən nüfuzlu ədəbiyyat mükafatına layiq görülür.
Pavezenin şəxsi həyatı uğursuzluqlarla zəngindir. Sonu olmayan eşq əlaqələri onun qüvvəsini tükəndirir. Ədəbiyyat mükafatını aldıqdan sonra Torinodakı otel otağında bütün əlyazmalarını yandıraraq 21 ədəd yuxu dərmanı atıb intihar edir.
Çezare Paveze İtaliya ədəbiyyatında dərin iz buraxmış bir yazıçıdır. İtalyan romançılığından danışarkən onun adı Dino Bussati ilə birlikdə çəkilir. Çox vaxt onun üslubunu Kafka üslubu ilə müqayisə edirlər. Paveze ənənədən kənar bir yazıçıdır, onun fikirləri özəlliyi və subyektivliyi ilə seçilir. Onun esselərini oxuduqca intiharının səbəbləri aydınlaşır.
Pavezenin bir hekayəsini sizə təqdim edirik.
Çezare Paveze
Özünü öldürənlər
Elə günlər olur ki, yaşadığım şəhər, yoldan ötən insanlar, maşınlar, ağaclar mənə tamamilə yad görünür, ilk baxışda hər şey tanışdır, amma bu tanış görüntülər nəsə tanınmaz bir haldadır: insanın güzgüyə baxarkən öz-özünə “bu kimdir?” deyə sual etdiyi anlarda olduğu kimi. Mənim üçün belə günlər ilin ən çox sevilən günləri olur.
Belə günlərdə işdən çox tez çıxıram, küçələrə enib insan axınına qoşuluram, yoldan keçən hər kəsi gözləməkdən özümü saxlaya bilmirəm, insanlar da mənə baxarkən özümü son dərəcə cəsarətli hiss edirəm. Həyatdan daha dəyərli bir şeyin olmadığına inanıram, bu anların mənə bəxş etdiyi zövqdən daha gözəl nə ola bilər?! Bəzən şüşəli kafedə oturub yoldan keçən insanları seyr edərək, küçənin gurultusunu dinləyərək, rənglərlə səsləri və içərinin bütün bu uğultunu nizamlayan dincliyini bütün varlığımla dərk edərək belə anların ömrünü uzada bilirəm.
Son bir neçə ildə xəyallarım puç oldu, çox vicdan əzabı çəkdim, indi ən çox arzuladığım bax, bu sükut, dinclikdir. Fırtınalar, qovğalar mənə görə deyil. Bəzən sübhün ayazında tir-tir titrəyərək çölə çıxıb küçələri dolaşsam da, addımlarımı hər kəsə meydan oxuyurmuş kimi atsam da həyatdan tək istəyim onun gəlişini gözləməkdir.
Bəzən alışdığım bu zövq mənə qüsur kimi görünür. İnsanın yaşamaq üçün başqalarından əvvəl özünə qarşı hiyləgər olmasının gərəkliyini çoxdan bilirdim. Pis əməllərini doğruymuş kimi göstərən səbəblər zənciri hazırlayıb haqsızlıqlar etdiyindən çəkinməyən qadınlara həsəd aparıram. Özünə inamsızlıq üzündən mübarizədən geri çəkilib səssiz bir tənhalıq axtarmaq qüsurların ən böyüyü deyilsə, elə də böyük qüsurlarım yoxdur, amma mənim olan cüzi şeylərin dadını çıxararkən hiyləgərlikdən istifadə etməyi, özümə sahib olmağı bacarmıram. Sonra görün nə olur, küçədə etinasızcasına dayanıram, ətrafımdakı insanları eynimə almıram, özüm özümdən bu təkəbbürə haqqım olub-olmadığını soruşuram. Görəsən, kənardan gülünc və iyrənc görünmürəm ki? Aradabir düşünürəm ki, bütün bu hoqqalara dəyərmi? Bu, heç də işimdən vaxt oğurladığım anlamına gəlməsin. Hoqqabazlığımın işimlə bir əlaqəsi yoxdur.
Keçən səhər olduğu kimi, bir kafedə yemək yeyərkən gündəlik qayğıları içində qıvrılan insanların üzlərinə baxmağım günahkar bir yalnızlıq duyğusunun içimə hakim kəsilməsi üçün kifayət edir.
İki gənc müştəri ilə kassadakı qızın zarafatlaşması diqqətimi çəkir. Cavan oğlan hesabda aldadıldıqlarını deyərək qızın üstünə bağırır, müştəriylə belə davranmazlar, deyirdi. Kassadakı qız gülürdü. Oğlan pulun qalığını tələb edirdi və o pulla uzaq bir səfərə çıxacaqları haqqında hekayə uydurdu. Sonra da “pulu banka qoyacağıq” dedi. Kafedən çıxarkən çevrilib qıza: “Allah amanında xanım! - dedi, - Bu gecə məni düşün”.
Qız hələ də qırıq-qırıq gülürdü. Böyründə dayanmış qarsona: - Amma yaman tipdir, - dedi.
Başqa səhərlərdə də bu qızı gözləmişdim, bəzən üzünə baxmadan ona gülümsəmişdim. Amma mənim sükutum çox oynaq sükutdur, heç nədən yaranan sükutdur. Axırda da hər zamankı kimi, peşiman oldum.
“Hamımız bu dünyada iyrənc məxluqlarıq, amma bir var gülümsəyən, təbəssüm oyadan iyrənclik, bir də var çevrəsində boşluq yaradan iyrənclik. Birinci o qədər də axmaqlıq deyil”.
Məni hər dəfə nikbin vəziyyətdə saxlayan, belə səhərlərdə yaşamımda, həyat tərzimdə bəzən günah kimi anladığım bu şeylərin səfehlikdən başqa bir şey olmadığı düşüncəsidir. Bu həyat tərzinin insanı uzun müddət xoşbəxt edəcəyinə də inanmıram. Başqalarıyla ünsiyyət anında özümü tərəddüdlər məngənəsindən xilas etməyə çalışmıram, belə vəziyyətdə özümü səfeh bir amansızlığın içinə atmaqdan başqa çarəm qalmır. Bir neçə saniyəlik yalnızlığımın vicdan əzabında qıvrılmağım kifayət edir, çünki yenə Şarlottonu düşünürəm.
Onun dünyasını dəyişməsindən bir il ötdü. Artıq onun xatirəsinin məni ömrümün sonuna qədər müşayiət edəcəyi bütün yolları tanıyıram. Onunla keçən günlərin hər biri bu günkü gerçəklərin astar üzüdür, bir il öncənin zərif şübhəsiylə dolaşdığım bütün qaranlıq künc-bucaqlar mənə vicdan əzabı çəkdirir.
Bu, heç də Şarlottonun bir sirr, müəmma olması anlamına gəlmir. Əksinə, o, öz işvə-nazıyla kişilərin qanını coşduran, gözəlliyi göz qamaşdıran, amma bəsit, zavallı qadınlardan biriydi. İlk görüşdən sonra bir neçə dəfə görüşdük, amma hələ onu öpməmişdim. Bir gün məni ürkək baxışlarla süzüb o biri otağa keçdi və az sonra alt paltarında göründü. Heç özüm də bilmədim onu necə qucaqlayıb divana yıxdım. Sevişdikdən sonra ona tək qalmaq istədiyimi deyib evdən çıxdım. Üç gün görünmədim. Növbəti görüşümüzdə isə artıq bir-birimizə “siz” deyə müraciət edirdik. Qəfildən yenə ona “sən” deməyə başladım. Əvvvəlki tövrünü pozmadı. Əriylə barışıb-barışmadığını soruşdum. Gözləri doldu: - O, mənimlə heç vaxt sizin kimi davranmadı, - dedi. Başını köksümə söykəyib saçlarını oxşamaq keçdi könlümdən. Bu dul qadını sevə bilməyəcəkdimmi? Şarlotto bu anda xəfif bir səslə ürəyindən keçənləri açıb-tökdü, məni ilk dəfə gördüyü andan sevdiyini, onun üçün əziz birisi olduğumu, amma görüşdüyümüz bu qısa müddətdə ona acılar yaşatdığımı, bütün erkəklərin onunla bu cür davrandığını söylədi.
-Bir soyuq, bir də isti, sevgini ölməyə qoymayan bu iki şeydir, - dedim və saçlarının üstündən baxıb gülümsədim.
Şarlotto çox solğun idi. Yorğunluq çökmüş donuq, iri gözləri, mütənasib biçimli bədəni də solğun idi. Həmin gecə onun bədənini bəyənmədiyim üçünmü çıxıb getdiyimi soruşdu.
Amma bu dəfə də ona acımadım, geçəyarısı qalxıb geyindim, bəhanəsiz-filansız, getməli olduğumu deyib çıxdım. Şarlotto da mənimlə birlikdə çıxmaq istəyirdi. - Olmaz, mən tək qalmağı sevirəm, - deyib üzündən öpdüm və çıxdım.
Tərcümə etdi: Kənan HACI
Kultura.az