Rəşad Səfər: Ovsun
Elə fenomenlər var, insanların onlara qarşı dirənmək, müqavimət göstə…
Əgər "Cəsur əsgər Şveyk" kimi kitablar çoxdan dilimizə tərcümə olunub məhdud ədəbiyyat dünyamıza az da olsa öz təsirini göstərə bilmiş olsaydı, cılız Azərbaycan ədəbiyyatı dar dünyagörüşlü, millətçi, geridə qalmış mühitimizin reallığında daha az zərbə altında qalardı.
Qadını əkiz qızlarını öldürdüyünə görə ittiham edirdilər. Qadın nə qədər and-aman etsə də ki, mən əkiz qızlarımı öldürə bilmərəm, çünki cəmi bircə qızım olub, qulaq asmadılar, içəri yolladılar...
Otaqdan bir çürümüş cəsəd tapıblar, tibbi ədliyyə müəyyən edib ki, cəsəd qırx il öncə başına ağır alətlə vurularaq öldürülüb. Otaqda qalan adamı həbs ediblər. Halbuki adamın 38 yaşı vardı...
Bilirəm, tanış gəldi, amma bizdə deyil, Şveykin bizə danışdığı hekayətlərdəndir.
***
"Cəsur əsgər Şveyk" (ya da "Şvayk") romanı haqqında düşünərkən, danışarkən, oxuyarkən müəllifi - Yaroslav Haşeki unutmaq olmur. Həyatı romana işıq salır, daha aydın görməmizə imkan verir. Haşekin azadlıq hərisliyi elə həddə idi ki, ona kənardan istənilən yarlığın yapışmasına imkan verirdi. Onu rahatlıqla əyyaş, tüfeyli, anarxist, vətən xaini, ədabaz, idiot, yazıçı, şair, fırıldaqçı, vətənpərvər, qətiyyətli sevgili, məsuliyyətsiz ər, vicdanlı əsgər adlandırmaq olardı. Bütün bunları demək olar ki, yaradıcılığının əvvəlindən ömrünün sonuna qədər özü ilə daşıdığı Şveyk obrazının üzərinə qismən yükləmişdi. Artıq qalanları da ətrafa, digər obrazlara səpələmişdi.
Şveyk bir az ağıldankəm, ayaqlarında ağır revmatizm olan it alverçisidir. Ordan-burdan tapdığı yaşlı, cinsi bilinməyən küçə itlərini bir az boyayıb, adına əsil-nəcabətli it olduğu haqqında uydurma bir kağız düzəldib, "əsil-nəcabətli it" həvəskarlarına soxuşdurmaqla məşğuldur. Artıq bir dəfə orduda olub, amma ağıldankəm diaqnozu ilə azad ediblər. Lakin müharibənin (birinci dünya müharibəsinin) başladığını eşidincə, şiddətli revmatizm ağrılarına baxmayaraq könüllü orduya yazılmağa gedir. Və əsas söhbətlər də bundan sonra başlayır. Cəbhə gerisində, cəbhəyə çathaçatda və cəbhədə başına gələn və başqalarının başına gətirdiyi oyunlar beləcə bir-birini əvəz edir. Haşek özünün yaşadığı, başqalarından eşitdiyi yüzlərlə hekayəni ya Şveykin, ya da başqalarının dilindən anladır. Bu baxımdan Haşek çox rəhmsizdir. Heç bir dostunu, tanışını kənarda buraxmır. Az qala tanıdığı hər kəsə romanında "ilişir". Hətta bəzilərinin adını dəyişməyə belə səy göstərmir, olduğu kimi yazır. Kitabın birinci bölümünə yazdığı epiloqda da Haşek bu tanışlarının bəziləri haqqında danışır. Romanın əvvəlində yeməkxana sahibi və məkanından asdığı imperator portretinin üstünə milçəklər pox saldığına görə həbs olunan Palivets'in hələ də yaşadığını və doğrudan da bu hadisələrin onun başına gəldiyini söyləyir. Ümumiyyətlə, bu epiloq romanın anlaşılması baxımından mühüm parçadır.
Romanın əslində nədən bəhs etdiyini bir neçə cümlədə anlatmaq çətindir. Çünki Haşek çatdırmaq istədiyi anlamları bütün o ayrı-ayrı hekayələrin içinə yerləşdirir. Bu, həm də kiçik insanların romanıdır. Kiçik insanların bütün naqislikləri və üstünlükləri ilə birlikdə təsviri. Onların öz miqyaslarında xırda üsyanları, xırda dirənişləri, gözlənilən məğlubiyyətləri, gözlənilməz qalibiyyətləri. Onların istəmədən uğradıqları məşhurluqları, kiçik qəhrəmanlıqları. Romanın əvvəlində müəllifin önsözündə oxuyuruq: "Böyük dönəmlərin böyük insanlara ehtiyacı var. Amma Napoleonun tarixi təmtərağından məhrum, sadə, heç kimin tanımadığı qəhrəmanlar da var. Bu insanları yaxından tanıdığınızda onların Böyük İsgəndərin şan-şöhrətini kölgədə qoyduqlarını görərsiniz.... Şveyk dəli Herostrat kimi adı qəzetlərdə və dərsliklərdə yazılsın deyə Efesdəki Artemis Məbədini yandıranlardan deyil."
Haşek heç bir çərçivəyə sığmayan bir həyat yaşayıb. 14 yaşından məhəlli üsyanlarda iştirak etdiyinə, rəhbərin şəkillərini cırdığına görə qısa müddətli həbslərdə olur. Sonra bank məmurluğundan dilənçiliyə, qaraçı dəstələri ilə birlikdə yaşamağa qədər çıxmadığı oyun qalmır. "Normal insan" olacağına söz verib sevdiyi qadınla evlənir, amma yenə çox keçmədən özünə qayıdır. "Heyvanlar aləmi" jurnalında işləməyə başlayır, bir az sonra dünyada olmayan uydurma heyvanlar haqqında yazdığına görə işdən qovulur. Müharibəyə gedir, sonra da ruslara könüllü olaraq əsir düşür. Rusiyada kommunizmin sıralarına qoşulur. Rus qadınla evlənir. Öz ölkəsində respublikanın qurulmasından sonra geri qayıdır. Yenə "normal insan" olmaq niyyəti ilə sakit həyat yaşamağa qərar verir. Amma görünür, xoşbəxt olmaq üçün bəzən idiot kimi görünməkdən başqa yol qalmır. Vaxtilə vətən xaini olduğuna, qaranlıq keçmişinə və fərqli fikirlərinə görə dövlət tərəfindən izlənməyə başlayır. İzlənilməkdən, təzyiqlərdən bezən Haşek yenidən sakit yaşamını buraxıb, içməkdən və yazmaqdan ibarət bohem həyatına başlayır, artıq yenə əvvəlki Haşekdir, hər kəsi dolayan, hazırcavab, həm də səfeh görünüşlü Haşek. İndi istədiyi tək şey romanını yazmaqdır. İndiyə qədər yazdığı hekayələrdən də istifadə edib Şveykin altı cildli romanını yazmağa başlayır. Birinci cild maraqla qarşılanır. Amma heç dördüncü cildi bitirməyə vaxtı çatmır. Qırx yaşında vəfat edir...
***
Yaşadığı ən ağlagəlməz həyat tərzinə baxmayaraq Haşek yenə də sərhədsiz azadlığın arzusundaydı. Biz onun bu arzusunu Şveyk dəlixana macəralarını danışarkən görürük: "Sosialistlərin belə xəyal edə bilməyəcəyi bir azadlıq vardı orda. İstəyirsən tanrı ol, istəyirsən Məryəm Ana, Papa, İngiltərə kralı... Cənnət idi ora, cənnət! Aləmi bir-birinə qata, dava sala, mahnı oxuya, mələyə, bar-bar bağıra, hoppana bilərdin, dua edə bilərdin, dörd ayaq üstündə iməkləyə bilərdin, ora-bura qaçıb rəqs edə, tullanıb harasa sıçraya, səhərdən axşama kimi götünün üstündə yayxanıb otura, ya da divara dırmaşa bilərdin. Ən əsası da, kimsə gəlib "Niyə belə edirsən? Sənə heç yaraşmadı, heç utanırsan?" deyə irad tutmazdı. Əla yer idi ora. Dəlixanda keçirdiyim bir neçə günü heç vaxt unutmaram".
Şveykin ağıldankəmlik haqqında rəsmi sənədi var. Roman boyunca hərəkətləri, davranışları da axmaq insan təsiri bağışlayır. Amma sona qədər bu idiotizmin həqiqiliyi insanı şübhə içində buraxır. Çünki Şveyk həm də ağıllıdır, hər şeyin fərqindədir, deyə bir duyğu da oxucudan əl çəkmir. Ən pis vəziyyətlərdən çıxmaq üçün ustalıqla oyuna girməyə bacaranlardandır sanki. Ya da zamana, dünyaya, insanlara, müharibəyə, siyasətə, ailəyə - insanı çərçivəyə sala biləcək hər şeyə qarşı öz ironiya dolu idiotluğu ilə üsyan edir. Burdakı qəhrəmanlar bilərəkdən, reallığı dərk edərək, dirəniş naminə idiotdurlar. Haşekin özü kimi.
***
"Cəsur əsgər Şveyk" ilk anti-müharibə romanlarından biri hesab olunur. Müharibənin iyrənclikləri qara yumorla anladılır: "Məncə, insanın süngüylə deşilməsi əla bir şeydir. Qarnından bir güllə yemək də pis deyil. Amma ən möhtəşəmi, bir bombanın səni parça-parça etməsidir. Təsəvvür elə, bir də görürsən ki, ayaqların və bağırsaqların səndən bir az irəlidə uzanıb. Çox gülməli gəlir adama, birdən qəhqəhə çəkərsən, amma işin nə yerdə olduğunu anlamadan ölüb gedərsən." Müharibədə və ya müharibə ərəfəsində sadə xalqı qurban getməyə həvəsləndirmək üçün millətçilik ruhunu qaldırmaq naminə insanların axmaqlıq dərəcəsində davranışlarını müdaxiləsiz, sadəcə təsvir etməklə dolayır: "Leytenant Dub əsgərlərə üstündəki "Wiener Neustadt" yazısı açıq-aşkar oxunan, vurulub salınmış Avstriya təyyarəsini göstərərək, "Bu, Lvovda vurduğumuz rus təyyarəsidir", dedi. Bu sözləri eşidən leytenant Lukaş yanlarına gəlib, "Üstəlik, təyyarədə iki rus əsgəri də yanaraq öldülər" dedi". Bu cür qara yumorun bol olduğu başqa bir anti-müharibə romanı "Maddə 22"nin (Catch-22) müəllifi Jozef Heller deyirdi ki, mən "Şveyk"i oxumasaydım, heç vaxt bu romanı yaza bilməzdim.
"Cəsur əsgər Şveyk" həm müharibə əleyhinə bir romandır, həm gözü ayaqlarının altını görməyən kübar təbəqənin ələ salınmasıdır. Haşek siyasətçiləri, məhkəmələri, din xadimlərini Rable, Servantes üslubu ilə yıxıb-sürüyür. Həm də Avstriya-Macarısan imperiyasında almanlığın və alman dilinin üstünlüyünün yeridilməsinə qarşı çexlərin lokal dirənişi təsvir olunur. Haşekin qəhrəmanları canlıdır, kübarların saxta davranışlarından, cansıxıcı nitqlərindən uzaqdırlar, gündəlik həyatda gördüyümüz insanların kobud, söyüşcül, atmacalı dilində danışırlar. Bu yerdə sözü Haşekin özünə verək. Birinci kitabın epiloqunda yazır:
"Burada əsgərlər və mülki şəxslər gerçək həyatda necə danışırlarsa, elə danışırlar, gerçək həyatda necə davranırlarsa, elə davranırlar. Həyat qızlar məktəbinə bənzəmir. Hər kəs necədirsə, elə də danışır. Protokol rəhbəri Dr.Gutun nitqi, yeməkxana sahibi Palivetsin nitqindən fərqlidir. Bu roman, salon alicənablığı, yaxud kübar cəmiyyətin danışığını öyrədən dərs kitabı deyil. Müəyyən bir zaman bölümünün tarixi rəsmidir. Həqiqətdə istifadə olunan ağır bir sözü istifadəsi lazım olan yerdə heç çəkinmədən istifadə edirəm. Kübar və süni sözləri, təmtəraqlı kəlmələri saxtalığın ən axmaq variantı hesab edirəm. Bu cür sözləri parlamentdə də istifadə edirlər. Yaxşı yetişmiş bir insanın hər şeyi oxuya biləcəyini söyləyirlər, necə də doğrudur. Tamamilə təbii olana bircə kütbeyinlər və çirkaba batmışlar ağız büzərlər. Bu saxta əxlaq düşkünləri əsl söylənənləri görməzdən gəlib, ayrı-ayrı sözlərə vəhşicəsinə hücum edərlər. Sərt, ağır sözlərin istifadə edildiyi gündəlik dildən ürkənlər qorxaqlardır, çünki bu, onların dodaqlarını uçuqladan gerçək həyatdır. Mədəniyyətə və əxlaqa ən çox zərər verənlər bu alçaq məxluqlardır. Bunlar, bir xalqın dəymə-düşər kövrəklər ordusuna çevrilməsini, Müqəddəs Aloysius kimi saxta mədəniyyət masturbatoru olmağını istəyirlər. Deyilənə görə, bir nəfər bərkdən osturduğu zaman Müqəddəs Aloysius hönkür-hönkür ağlamağa başlayırmış, insanlar dualar oxuyaraq onu sakitləşdirirlərmiş."
***
Meksika şairi Octavia Paz, yumor insanlığın böyük kəşfidir, deyə yazır. Yumor əzəli və əbədi deyil, insanlığın uzun bir dövründə olmayıb və yəqin ki bir gün yenə olmayacaq. Keyfiyyətli yumorun, sarkazmın lağlağıdan, tənqiddən, təhqirdən nəticə etibarilə fərqi odur ki, onunla eyni müstəvidə və başabaş mübarizə aparmaq çətindir (televiziya ekranımızın bambılı “yumor usta”larının yumorla yaxından-uzaqdan əlaqəsi yoxdur). Keyfiyyətli yumor obyekti çıxılmaz vəziyyətə salır, obyekt nə söyləsə, nə etsə, öz əleyhinə işləyir. Odur ki, obyekt çox şeyə gücü çatan "dözümsüz böyük"lərdəndirsə, müəllifi fiziki təqib - həbs, sürgün, hətta ölüm gözləyir. Əgər obyekt "dözümsüz kiçik"lərdəndirsə, o zaman təhqir, şüvənlik, boş hədə-qorxu, qaragüruh nitqləri başlayır.
Sonda Orhan Pamukun Laurence Sternenin "Tristram Shandy" romanı haqqında yazdığı bir fikri bir az dəyişərək "Şveyk" haqqında və özümüzə aid yazıram: Əgər "Cəsur əsgər Şveyk" kimi kitablar çoxdan dilimizə tərcümə olunub məhdud ədəbiyyat dünyamıza az da olsa öz təsirini göstərə bilmiş olsaydı, cılız Azərbaycan ədəbiyyatı dar dünyagörüşlü, millətçi, geridə qalmış mühitimizin reallığında daha az zərbə altında qalardı.
Rəşad Səfər
Kultura.az