Görkəmli İtaliya yazıçısı və filosofu Umberto Eko öz nəvəsinə (əslində, bütün gənclərə!) ünvanladığı Yeni il müraciətini bu cür adlandırmışdır. Məktubu sizə təqdim edirik:
-Əziz nəvəm!
Mən istəməzdim ki, bu Yeni il məktubu nəsihətvari, yəni, bir növ De Amiçis (əsasən uşaqlar üçün əsərlər yazan italyan şairi, Nobel mükafatı laureatı- İkinci Mahmud) ruhunda səslənsin və sanki, bəşəri ideyaları təbliğ edirmiş kimi görünsün. Onsuz da, sən mənə qulaq asmayacaqsan (mən artıq çox qocalmışam, sənsə böyümüsən), həm də bu gün dəyərlər sistemi o qədər dəyişib ki, mənim məsləhətlərim sənə yersiz görünə bilər. Beləliklə, bircə dənə məsləhət verəcəm, elə bir məsləhət ki, bax bu dəqiqə sən öz planşetini əlində tutarkən də praktik cəhətdən yararlı olsun. Mən planşetlə bağlı sənə heç bir tövsiyə verməyəcəm, axmaq qoca kimi görünmək istəmirəm. Axı elə mənim özüm də planşetdən istifadə edirəm. Hər ehtimala qarşı, sənə insanla insan, yaxud insanla heyvan arasında cinsi oyunları nümayiş etdirən pornoqrafik saytlarda vaxt keçirməməyi tövsiyə edərdim. İnsanlar arasındakı seksual münasibətlərin bu sıxıcı hərəkətlərdən ibarət olduğuna inanma. Bu hoqqaları məhz ona görə uydurublar ki, sən bütün gün evdə oturasan və gedib real qızlarla tanış olmaq fikri ağlına da gəlməsin. Ehtimal ki, sən heteroseksualsan, ona görə də indi deyəcəklərimi sənin vəziyyətinə uyğun qəbul et: məktəbdə və ya oyun meydançalarında qızlara göz qoy, onlar televiziyalarda göstərilən yalançı personajlardan daha gözəldirlər və nə vaxtsa sənə əsl sevinc bəxş edə bilərlər, nəyinki “online qızlar”. İnan mənə, çünki mənim bu işlərdə təcrübəm var. (Əgər mən ömrüm boyu həmin seksual oyunları izləsəydim, sənin atan dünyaya gəlməyəcəkdi və deməli, sən də olmayacaqdın.)
Amma mən səni və bütün yaşıdlarını yoluxdurmuş, indi artıq universitetlərdə də tədris edilən bu “xəstəlik” haqda danışmaq istəməzdim...
Mən yaddaşın itirilməsindən danışmaq istəyirəm. Düzdü, əgər sənə Böyük Karlın kim olması yaxud Kuala-Lanpurun harda yerləşməsi haqqında məlumat lazım olsa, bircə düyməyə basaraq bunu internetdən öyrənə bilərsən. Lazımdırsa, bu cür də et, amma həmin informasiyalar növbəti dəfə yenə lazım olanda, məsələn, məktəbdə təzədən internetə girməmək üçün çalış ordakı məlumatları yaxşı-yaxşı yadında saxla. Bircə pis iş var ki, kompyuterə istənilən an bütün suallarına cavab verməyə qadir bir qurğu kimi baxmağın informasiyaları yadında saxlamaq həvəsini öldürür. Məsələnin mahiyyətini daha yaxşı dərk etmək üçün sənə balaca bir misal çəkəcəm: adam biləndə ki, bir küçədən başqa küçəyə avtobusla yaxud metro ilə çox rahatlıqla və ləngimədən gedib çata bilər, onda o, fikirləşir ki, piyada getməyin heç bir mənası yoxdur. Əgər sən, ümumiyyətlə piyada yeriməyi tərgitsən, onda yalnız əlil arabasında hərəkət etməyə məcbur olan bir varlığa çevriləcəksən. Yox, yox, əlbəttə mənim xəbərim var ki, sən idmanla məşğul olursan, öz bədənini idarə etməyi bacarırsan, amma gəl qayıdaq sənin beyninin məsələsinə...
Yaddaş da elə bir növ sənin ayaq əzələlərin kimi bir şeydi. Əgər məşq eləməsən, o, öləziyəcək və sən idiota çevriləcəksən! Bundan əlavə hamımızın qocalıqda Alshaymer xəstəliyinə düçar olmaq ehtimalımız var və bu xoşagəlməz vəziyyətdən qurtulmağın ən yaxşı yolu yaddaşımızı daima məşq elətdirməkdən ibarətdir. Gəl sənə belə bir resept verim: uşaqlıqda bizi buna məcbur etdikləri kimi hər səhər balaca bir şeir parçası tap, əzbərləməyə çalış. Hətta dost-tanışlarınla birgə “yaddaş yarışı” da keçirə bilərsiz. Əgər şeiriyyatdan bir o qədər də xoşun gəlmirsə, onda, məsələn, futbol komandalarının tərkibini əzbərləməyə çalış, amma bir şərtlə ki, təkcə Roma klubunun yox, həm də başqa klubların oyunçularını, eyni zamanda həmin komandaların keçmiş tərkiblərini (təsəvvür elə, mən Superqa təpəsinə qəzaya uğrayan təyyarənin göyərtəsindəki Turin klubun bütün keçmiş üzvlərini xatırlayıram: Baçiqalupo, Ballarin, Marozo və s.) yadda saxlamalısan. Yarış keçirin, görək kim oxuduğu kitabları daha yaxşı yadında saxlayır: gör dostların üç muşkeytorun və Dartanyanın qulluqçularının adını (Qrimo, Bazen, Muşketon və Planşe) xatırlayırmı. Əgər “Üç muşketyor”u oxumaq istəmirsənsə, (onu da bil ki, çox şey itirirsən!) onda bu yarışı oxuduğun hansısa başqa bir kitab üstündə qurun. Bu, adicə oyuna bənzəsə də, - doğrudan da, bu, adicə oyundur - bir də baxacaqsan ki, beynin müxtəlif personajlarla, hadisələrlə və xatirlərlə aşıb-daşır. İndi durub soruşa bilərsən ki, bəs niyə vaxtilə kompyuteri “elektron beyin” adlandırırdılar. Ona görə ki, kompyuter sənin (bizim) beyninin modeli kimi düşünülüb, amma unutma ki, insan beyni kompyuterdən qat-qat daha üstündür. Sənin beynin- sənin kompyuterindir; o, hər zaman yanındadır; onu xüsusi məşqlərlə daima genişləndirmək imkanın var, doğruçu kompyuteri isə, özün də bilirsən ki, çox yükləyəndə sürəti zəifləyir və bir müddət sonra gərək yeniləyənsən. Sənin beynin isə düz 90 yaşınadək sənə xidmət edə bilər, əgər lazımi məşqləri etsən, hətta 90 yaşında da indi xatırladıqlarını xatırlaya bilərsən. Özü də, kompyuterdən fərqli olaraq beynindən istifadə etmək havayıdır.
Bir də tarixi yaddaş deyilən bir şey var, bunun həyatındakı hadislərlə yaxud oxuduğun kitablarla əlaqəsi yoxdur. O, sən doğulanadək baş vermiş hadisələri özündə qoruyub-saxlayır. İndiki zamanda əgər kinoteatra gedəsi olsan, gərək filmə lap başdan baxasan. Filmin əvvəlindən axırına kimi, elə bil, kimsə sənin uşaq tək əlindən tutub orda baş verən hadisələri izah etməyə başlayır. Mənim dövrümdə isə kinoteatra, kefin nə vaxt istəsə, gedə bilərdim, hətta filmin ortasında da. Hadislərin çoxu sən içəri girənədək baş vermişdi, indi gərək əvvəlki hadisələri özün təxmin edəydin. Film təzədən başlayanda bayaq təxmin etdiyin şeylərin doğru olub-olmadığını görə bilərdin, əgər film xoşuna gəlsəydi, oturub başdan baxa bilərdin.
Həyat da, bir növ mənim dövrümdəki filmlər kimi bir şeydi. Biz dünyaya o zaman gəlirik ki, artıq bizədək min illər ərzində çox sayda hadisələr baş veriş olur, burda ən vacib şey- bizədək olan hadisələri təxmin etməkdir. Bu yolla indi baş verən hadisləri daha yaxşı dərk edə bilərsən. Bu gün məktəblərdə sənə sən doğulanadək baş vermiş hadisələri yadda saxlamağı öyrətməlidirlər. Onlar bunu edə bilmirlər! Müşahidələr göstərir ki, 1990 təvəllüdlü gənclər, hətta universitet tələbəli belə, 50 il bundan əvvəli qoyaq bir yana, heç 1980-ci illərdə baş vermiş hadislərdən xəbərləri yoxdur, ola bilsin, heç bilmək də istəmirlər. Statistika göstərir, bugünkü gənclərdən Alde Moronun kim olması haqqında soruşanda onlar cavab verirlər ki, o, “Qırmızı briqada”nın üzvü olub, əslində isə, Alde Moro məhz bu gizli, radikal-solçu təşkilatın üzvləri tərəfindən qətlə yetirilmişdi. “Qırmızı briqadanın” fəaliyyəti bu gün də çoxları üçün sirr olaraq qalır, halbuki onlar cəmi otuzca il bundan qabaq siyasi səhnədə idilər.
Mən faşistlərin hakimiyyətə gəlməsindən 10 il sonra- 1932-ci ldə doğulmuşam, amma mən bilirdim ki, Roma marşı zamanı baş nazir kim olub. Ola bilsin ki, mənə həmin baş nazirin necə axmaq və qorxaq olduğunu (“qorxaq Fakta”) izah etmək üçün onun haqqında faşist məktəbində danışmışdılar. Qoy elə olsun, amma ən azından, mən onun adını eşitmişdim. Məktəbi qoyaq bir tərəfə. İndiki gənclər özlərindən iyirmicə il əvvəlki kino artistlərini tanımırlar, amma mən mənim dünyaya gəlməyimdən 20 il qabaq kinoya çəkilmiş Françesko Bertininin kim olduğunu bilirdim. Ola bilsin, bu, mənim evimizdəki köhnə jurnalları vərəqləməyi xoşladığıma görə idi. Mən sənə də köhnə jurnalları vərəqləməyi tövsiyə edərdim, bu, sən doğulandan əvvəlki hadisələri daha yaxşı anlamağa kömək edəcək.
Bəs uzaq keçmişdəki hadisələri bilmək bizim nəyimizə lazımdı? Çünki bu cür bilgilər bizə bugünkü hadisələri dərk etməkdə yardımçı olur və hər halda, futbol komandaları haqqında olan informasiyalar kimi yaddaşımızı yaxşılaşdırmağa xidmət edir.
Onu da bil ki, sən öz yaddaşını təkcə kitab yaxud jurnallarla deyil, həm də internet vasitəsilə məşq etdirə bilərsən. İnternet təkcə sən öz dostlarınla laqqırtı vurasan deyə yaradılmayıb, o, həm də dünya tarixini öyrənmək üçün yararlı vasitədir. Xettlər və kamizarlar kimdirlər? Kolumbun gəmiləri necə adlanırdı? Dinozavrlar nə zaman məhv olublar? Öküzün əcdadı necə adlanırdı? Mali imperiası haqqında nə bilirsən? Bu haqda ilk dəfə kim məlumat vermişdir? İlk Roma Papası kim olub? Miki Maus nə zaman yaradılıb?
Sənə sonzuz sayda bu tip suallar verə bilərəm və bu, səninçün gözəl araşdırma mövzusu olardı. Bunların hamısını yadda saxlamaq lazımdır. Vaxt gələcək sən də qocalacaqsan, əgər Vaterloo döyüşündə iştirak etsəydin; Yuli Sezarın öldürülməsinə şahid olsaydın, Bertold Şvarçın qızıl əldə etmək üçün əlinə keçən bütün maddələri qarışdıraraq təsadüfən barıtı kəşf etdiyi və partlayışdan havaya uçduğu (ona bu da azdı!) yerləri gəzsəydin, sənə elə gələrdi ki, bir yox, min ömür yaşamısan. O biri dostların isə yaddaşlarını zənginləşdirməyə cəhd göstərmədiklərinə görə yalnız bircə ömür - öz yeknəsəq və böyük emosiyalardan kasad ömürlərini yaşayacaqlar.
Qısası, öz yaddaşını zənginləşdir və sabah “La Vispa Tereza”nı əzbərləməyə çalış..
Tərcümə : İkinci Mahmud
Kultura.az