Seymur Baycan: Falçılığın qadağan edilməsinin törədə biləcəyi təhlükələr
Əziz qardaşlar və bacılar, xanımlar və bəylər, analar və atalar, babalar və nən…
Heç kimə sirr deyil
ki, ölkəmizdə çörəkverən kişilər (müdir, rəis, direktor, şirkət rəhbəri, nazir,
komitə sədri, baş redaktor...) çörək verdikləri adamlara qarşı çox kobud rəftar
edirlər. Çörəkverən kişilər çörək verdikləri adamlardan sözsüz itaət, asılılıq
tələb edirlər (istisnalar ola biləcəyini istisna etmirik). Çörəkalanlar da
bir-birlərini sata-sata, bir-birlərindən xəbərçilik edə-edə,
yaltaqlana-yaltaqlana, gülümsəyə-gülümsəyə çörəkverənlərin bu kobud rəftarına "yaxşı
kişidi, amma bir az əsəbidi" adı qoyurlar. Bəzən heç bu cür ada da ehtiyac
olmur.
Ümumiyyətlə, hər hansı
bir prosesə, hadisəyə özünə sərf edən, təsəlli verən ad qoyulduqda yaşamaq
rahatlaşır. Prosesə, hadisəyə özünə sərf edən ad qoymağı bacaran adamlar
özlərindən zəiflərin qarşısında canavara, özlərindən güclünün qarşısında quzuya
dönməyi də asanlıqla bacarırlar. Çexovun təbirincə desək, bu cür insanlar
istənilən zorakılığı zəruriyyət kimi qəbul edirlər. Həm sənə qarşı edilən, həm
də sənin etdiyin zorakılığın zəruriyyət kimi qəbul oldunduğu cəmiyyətdə isə
ədalət haqqında danışmaq gülüncdür.
Köləliyi xeyli adam
klassik məzmunda başa düşür. Kölə dedikdə adamların gözü qarşısında filmlərdə
gördükləri, romanlarda oxuduqları alnı, sinəsi damğalı, qolları, ayaqları
zəncirli, qamçıyla, şallaqla döyülmüş, hər cürə alçaldılmış, müdhiş
dərəcədə qorxudulmuş bədbəxt məxluqlar canlanır. Bu çox səhv yanaşmadı, bu çox
səhv təsəvvürdü. Hər bir dövrün köləliyinin öz əlamətləri var. Əgər
adamın alnında damğa, ayaqlarında zəncir yoxdursa, bu o demək deyil ki, həmin
adam kölə deyil. Məsələn, bizim ölkədə bir çox çörək verən kişilər iş saatı
bitdikdən sonra oturur kabinetində oyun oynayır, ya kimləsə mazaqlaşır,
televizora baxır, yaxın dost - tanışla viski içir, ya da ümumiyyətlə heç
nə eləmir, sadəcə elə-belə oturur. Əgər çörəkverən kişi kabinetini tərk
etmirsə onun tabeçiliyində olanlar da iş yerlərini tərk etmirlər. Oturub
rəisin, müdirin, direktorun, şirkət rəhbərinin, nazirin nə vaxt kabinetini tərk
edəcəyini gözləyirlər. Bunun adı köləlik deyilsə bəs nədir? Gərək elə
mütləq adamın alnına, sinəsinə qızmar dəmirlə damğa vurub, əlini ayağını
zəncirlə bağlayalar? İş saatı bitib, amma çörəkverən kişi kabinetindədir deyə,
onun tabeçiliyində olanlar iş yerini tərk etməyə qorxurlar. Əgər rəhbərlik
kabinetində oturub işlə məşğul olsa bu vəziyyəti təqdir etmək, alqışlamaq olar.
Amma bəla ondadır ki, çörəkverən kişi kabinetdə oturub işlə məşğul olmur,
yuxarıda qeyd etdiyimiz kimi oyun oynayır, televizora baxır, kimləsə
mazaqlaşır, ya da dost-tanışla viski içir. Hər bir prosesə özünə sərf edən ad
qoymağı bacaran, istənilən vəziyyətə özlərinə sərf edən formada izah verməyi
bacaran adamlar buna da yaxşı ad tapıblar: "Hörmət edirəm". Yəni mən
kölə filan deyiləm, sadəcə yuxardakına hörmət edirəm. Beləliklə, bir insan
gündə bir neçə dəfə davranış qaydalarını dəyişir. O, özünü küçədə bir cür, iş
yerində başqa cür, evdə isə tamam başqa cür aparır. Bunların da hamısı prosesə
özünə sərf edən formada ad qoymaqlarla müşayiət olunur.
Dərd orasındadır ki,
yaltaqlıq və köləlik bir xeyli adamın yaşayış tərzinə, yaşayış formasına çevrilib.
Maaşa görə köləyə çevirilənləri, çörəkverən kişilərə yaltaqlananları yenə də
hardasa başa düşmək olar. Lakin bir xeyli adam yaltaqlanmağı və öz
köləliklərini nümayiş etdirməyi sadəcə bir iş, bir qayda, həyat tərzi
olaraq artıq mənimsəyiblər. Konkret misal çəkək. Deməli, bir tanışımla
kafedə oturub çörək yeyirdik. Nahara hələ vardı deyə kafedə sakitçilik idi.
Bizdən iki-üç masa aralıda bir polis zabiti və mülki geyimli iki adam
oturmuşdu. Davranışlarından həmin iki mülki geyimli adamın da polis zabitləri
olduqları hiss olunurdu. Kafeyə üç kişi daxil oldu. Bizi görüb nuş olsun
dedilər. Biz də sağ olun cavabı verdik. Çox gözəl, çox pakizə. Xeyli razıyıq.
Amma həmin bu üç kişidən biri başını çevirib polis zabitini gördükdə sifətinin
cizgiləri yaltaqlıq ifadə edən gülümsəmə nəticəsində tamam bir-birinə qarışdı.
Ağzı gedib qulağının dibində dayandı. Xeyr, bu gülümsəmə deyildi, bu səssiz
gülüş idi. Bu kişi bir az əyilib polis zabitinə və onun yanındakılara "nuş
olsun, xoş gəlmisiniz" dedi. Sanki kafenin sahibi idi, gələn
müştəriləri salamlayırdı. Onun bu hərəkətləri mənə qəribə gəldi. Öz-özümə
düşündüm, bəlkə vəziyyəti şişirdirəm. Bəlkə bu hərəkətlərin, gülümsəməyin, xoş
gəlmisiniz deməyin səbəbini adamın mədəni, xoşxasiyyət olmasında axtarmaq lazımdı.
Niyə dayandığım yerdə bir insan haqqında pis şeylər fikirləşməliyəm. Dedim qoy
bir tanışımın da fikirini öyrənim. Tanışıma dedim: "Sən fikir verdin o
kişi polislə necə görüşdü?" Tanışımın sözlərindən belə məlum oldu ki,
kişinin yaltaqlanmağını o da hiss edib. Özü də tanışım müşahidəsini,
fikrini daha ağır formada ifadə etdi. Onunla müqayisədə mənim gəldiyim
qənaət, fikirlərim daha yumşaq idi. Yaxşı, sual oluna bilər bu kişi dayandığı
yerdə bir polis zabitinə niyə yaltaqlansın? Burda dava düşməyib, hal-hazırda
polis zabitindən işi keçmir. Belə baxanda bu kişi kiminsə atasıdı, kiminsə
əmisidi, kiminsə əridi, kiminsə dayısıdı. Yəqin yeri gələndə kiminsə üstünə
acıqlanır, məsləhət verir, yəqin ki, övladları ondan çəkinir. Yəqin ki, bu kişi
də bu və ya digər formada özünə tabe olan adamlara nələrisə qadağan edir. Yəqin
yasa gedəndə kədərli-kədərli, ciddi-ciddi oturur. Ölənin yaxınlarına başsağlığı
verir və "axır qəminiz olsun", "allah səbr versin" ,
"allah rəhmət eləsin" sözlərini deyir. Yəqin toya gedəndə evlənənlərin
yaxınlarına gözaydınlığı verir və ''xoşbəxt olsunlar", "oğullu-uşaqlı
olsunlar" sözlərini deyərək öz sevincini izhar edir. Yəqin qandı-qanmadı,
yeri düşəndə beynəlxalq siyasətdən-zaddan da danışır. Bəs yaxşı, bu kişi
dayandığı yerdə heç bir zərurət olmadığı halda niyə bir polis zabitinə
yaltaqlanır, niyə öz köləliyini nümayiş etdirir? Heç nə. Çox adi bir səbəbdən.
Bu köləlik, bu yaltaqlıq artıq onun üçün bir həyat tərzinə çevrilib.
Başqa bir misal.
Deməli bir tanış vardı. Mitinqdə əsir düşmüşdü. Aparıblar bölməyə
ifadə verməyə. İfadə alan orta yaşlı bir zabit imiş. Bu zabitə tez-tez zənglər
gəlirmiş. Axırda telefonu söndürüb və deyib: "Sukalardı zəng edən".
Tanışım da salıb gəncliyinə. İfadə alan müstəntiqə sual verib: "onlar
nə istəyirlər?". Əlbəttə, gəlin razılaşaq ki, bu, çox sadəlövh
sualdı. Gəlin bu cür sual verməyi onun gəncliyinin ayağına yazaq. Hərçənd izah
yazmağa elə bir ehtiyac yox idi. Zatən adamın mitinqə çıxması, mitinqə çıxıb da
tutulması onun sadəlövhlüyünün, həyat təcrübəsinin azlığının ən bariz
göstəricisidir. İfadə alan zabit bu sadəlövh suala çox dəqiq cavab verib.
Deyib: "Heç nə istəmirlər, xəbər verirlər". Bizim ölkədə üstü
açılmalı olan cinayət hadisələrinin üstünün tez açılmasının səbəbi heç də o
deyil ki, polislərimiz çox peşəkardılar, ölkə balacadı, ən əsas
səbəblərdən biri odur ki, xəbər verən, xəbərçilik edənlər normadan
qat-qat çoxdu. Xəbərçilik edənlərin sayları o qədər çoxdur ki, bəzən
onlarla işləyənlərin özləri də bu çoxluqdan yorulurlar. Çoxu könüllü olaraq xəbərçilik
edirlər. Sadəcə xoşlarına gəlir xəbər vermək, xəbərçilik etmək. Görünür bu
könüllülərlə işləməyin özü də peşəkarlığın bir formasıdır. Əsas vasitə deyil,
əsas nəticədir. Praktik adamlar üçün nəticə vasitəyə həmişə haqq
qazandırır.
Bir ara içi mən
qarışıq bizim yazarlar sadəlövhcəsinə saxta qərar çıxaran hakimlərdə-filanlarda
yazılarla mərhəmət hissi zad oyatmaq istəyirdik. Hansı mərhəmət hissindən
söhbət gedir. Adamlar var bir "ulduz"a görə, nə ulduz, rəhbərlikdən
bir şifahi təşəkkür almaq, rəhbərlikdən "afərin" sözü qoparmaq üçün
bütöv bir nəsli arvadlı-uşaqlı yox etməyə, bir nəslin kökünü kəsməyə
hazırdılar. Özü də onların sayı bir deyil, iki deyil, üç deyil ...
Sayları bir olsa, iki olsa, üç olsa dərd yarıdır. Onların sayları onlarladı,
yüzlərlədi, minlərlədi. Denən ki, get bir nəslin kökünü kəs, uf demədən gedib
kökünü kəsəcək. Hələ bir yüzlərlə də adam ona paxıllıq edəcək ki, bu cür
vacib işi niyə ona həvalə etdilər, gərək belə mühüm işi mənə
tapşırardılar, mən bir nəslin kökünü daha yaxşı, daha tez zamanda kəsə
bilərdim. Bu cür adamlarda necə mərhəmət hissi oyatmaq olar ki, onlar hər bir
zorakı əməllərinə zəruriyyət donu geyindirməyi bacarırlar? Elə ətrafdakılar da
qohum-əqrəba, qonşular, yerliləri də bu zorakı əməllərin zəruriyyət olduğunu
qəbul edirlər. Beləliklə, cəmiyyətin qınağına tuş gəlməli bir adam toyda-yasda
adamlardan diqqət, qayğı və hörmət görür. Övladları onunla fəxr edir. Qohumları
onunla fəxr edir. Nəinki övladları, övladlarının qrup yoldaşları, iş yoldaşları
da onunla fəxr edirlər. Talelərinə minnətdar olurlar ki, belə bir adamın
övladıyla bir qrupda oxuyurlar, bir yerdə işləyirlər. Fəxrlə deyirlər
filankəsin oğlu bizim qrupda oxuyur, filankəsin oğlu bizim idarədə işləyir...
Sizcə, bu qarşılıqlı anlaşma şəraitində hansısa pis əməlin sahibində mərhəmət
hissi oyatmaq mümkündürmü?
Bu cür şəraitdə bir
insanın öz ləyaqətini qorumağa çalışması dikbaşlıq, naşükürlük, böyük-kiçik
saymaması kimi görünür. Çünki bir insanın öz ləyaqətini qorumağa
çalışması oturuşmuş ümumi qaydalara uyğun gəlmir. Böhran dərinləşdikcə
çörəkalanların arasında ixtisarlar artdıqca çörəkverənlərin davranışları
daha da sərtləşəcək. Rəqabət artdıqca çörəkverənlər daha müti, daha yaltaq,
daha sədaqətli çörəkalanlara üstünlük verəcəklər. Biz çörəkverən dedikdə
çörəkverən adamın kişi cinsinə mənsub olduğunu vurğulamırıq. Çörəkverən sözünü
daha geniş mənada başa düşmək gərəkdir. Burda çörəkverənin qadın və ya kişi
cinsinə mənsub olmasi heç bir əhəmiyyət daşımır. Daha sadə dildə desək,
çörəkverənin cinsi olmur.