Proletariatın ilk diktatoru: Robespyer
«Vətəndaşın əsas xeyirxahlığı heç…
Bir müddən öncə gürcü-abxaz müharibəsi haqda müştərək gürcü-eston filminə baxmışdım – “Mandariinid” (“Mandarinlər”, rejissor Zaza Uruşadze, 2013). Neçə günlər bu əsərin təsirindən çıxa bilmədim, filmdəki obrazların, deyimlərin, sifət ifadələrinin, mimikaların zaman-zaman təkrarı əbədi-daimi “görən bizdə niyə belə əsər yaradıla bilməz?” sualını beynimdə təkrarladı.
İncəsənət, və xüsusən də kino, ətrafımızda (istər indi, istər keçmiş, istərsə də gələcəyə nəzərən) baş verən hadisələrə refleksiyadır, bu hadisələri bir növ şərh edir. Bizə sanki böyüdücü şüşə təkin qabarıq şəkildə bu məsələlərin tamamilə yeni və aydın rakursunu təqdim edir, bununla da cəmiyyəti, ictimai fikri formalaşdırır.
İnsan elə bir sosial varlıqdır ki, daima şərhə ehtiyacı olur. Məsələn, lap elə mövzusu bu yayın gündəmində olan futbolda - burda biz hətta meydançanı, oyunu aydınca görsək, izləyə bilsək də, yenə də şərhçinin: “budur, Maşallah Əhmədov topu Messiyə ötürdü, o da küncdən qapıya zərbə endirdi” kimi sözlərinə ehtiyacımız olur. Oyunçuların nömrəsini, onların hərəkətlərinin şahidi olsaq da, şərhçi bu kəlmələri deməklə bizi məsələdən tamam başqa cür agah edir.
Qısası, bir çox zaman bircə filmin gördüyü işi siyasətçilərin ordusu görə bilmir. Bu mənada məşhur atalar sözlərini dəyişsək – “Allahsız yerdə otur, kinosuz yerdə oturma” alınar.
Bu yaxınlarda mediada Zərdüşt Əlizadənin bir müsahibəsi getdi, orada “İnsanı heyvandan fərqləndirən yeganə amil mədəniyyətdir.” - kimi bir fikir səslənmişdi.
Xatirimə bir zaman uçduğum reys düşdü, təyyarədə hava yollarının (British Airways) jurnalı vardı, dərgini vərəqlədikdə oradakı məqalələrdən bir çox qonşularımızın ismi dəydi gözümə. Bir neçə gürcü soyadı – məşhur pop-star Katie Melua, sonra London səhnəsinin balet ulduzu, Royal Opera House, Covent Garden solisti David Maxateli, daha kimlər, xatirimdə deyil; bundan başqa o biri qonşularımızdan da mütləq kiminsə ismi vardı – özünüz bilirsiniz ki, onlarsız heç nə olmaz. Bizdən təbii ki, heç bir isim olmayacaqdı və yox idi.
Məsələ tək bu uçağın jurnalında deyildi, son onillikdə qərb mediasını azacıq da olsa izləyən dostlardan sorun – çətin elə bir gün olardı ki, tutalım Saakaşvilinin ismi qəzetlərdə başlıqda olmasın. Bəlkə abartma kimi görünəcək sizə, amma adam rəsmən Qafqazın və hətta postsovet məkanının reformatoru kimi məşhur idi, istənilən hərəkəti lupa altından izlənirdi. Ümumiyyətlə Gürcüstan böyük diqqət altında olub hər zaman, bu son onillikdə dəqiq belədir. Azərbaycanı isə hətta Eurovisiona-falana baxmayaraq, indiyə kimi tanımayanlar var. Anlatmaq da bezdirib artıq, bilənlər bilir – Xəzər dənizi, İrandan şimalda, Rusiyadan cənubda, Gürcüstanın qonşusu...
Tamam, deyəlim dünyaya hələlik çox da çıxa bilməmişik, indi-indi çıxmağa cəhd edirik, məsələni belə adlandıraq, olarmı? Keçək daha yaxın məkanlara.
Yəqin ki, hamı xatırlayar – bu ilin mart ayında Moskvada Ukrayna-Maydan hadisələri ilə bağlı Rusiyanın görkəmli sənət adamlarının bir qrupunun dövlət siyasətinə, dolayısı Putinə dəstəyi ifadə olunan petisiya peyda oldu. Siyahıda neçə-neçə gürcü və erməni soyadları da vardı, bizimkilərdən isə təbii ki, heç kim. Yeri gəlmiş o zaman bunu hamı təqdirəlayiq hal kimi qeyd etdi – yəni işğalçıların siyasətini bizimkilər dəstəkləməz, çünki Azərbaycanın özü də bu işğala məruz qalıb. Gözəl. Tam doğru, dəstəklənsin. Lakin bundan cəmi iki gün sonra əksinə, Rusiyanın başqa bir görkəmli sənət adamları bu iyrənc siyasəti ittiham edən sənəd imzaladılar, ora da bir çox gürcü və erməni isimləri ilə bol, bizimkilərdən isə yenə də heç kim yox. Rusiya və Ukrayna isə bizim artıq kifayət qədər oturuşduğumuz yerlərdir, deyilmi?
O zaman düşündüm və qeyd etdim: “bəlkə biz heç yoxuq, hə?”
Yeri gəlmiş həmin Maydan hərəkatın qəhrəmanları (“Небесна сотня”) siyahısına nəzər salsanız, orada da qonşularımızın soyadlarını görəcəksiniz. Həm gürcülər, həm ermənilər. Ümumiyyətlə Ukraynadakı hadisələri izləyənlər təsdiq edə bilər – istər Maydan-Avrointeqrasiya tərəfdarları, istərsə də separatçılar arasında qonşularımızdan külli miqdarda aparıcı fiqurlarla rastlaşılır. Hər biri aid olduğu tərəfdə dərin nüfuz sahibi olan bu insanları istər siyasətçilər, istər məmurlar, istər silahlı qüvvələr, istərsə də sənət adamları arasında görmək olar. Ukraynadakı hadisələr isə yalnız lokal deyil, hazırda dünya siyasətinin diqqət mərkəzində olan məsələ və hətta ən yeni dünya tarixidir, deyilmi?
Maydan hadisələri başlanan zamandan bu məsələ ilə maraqlanan istənilən həmsöhbətimə bizim (Azərbaycanın) Ukraynadan öncə bu işğala məruz qaldığımızı, bu işin ilk öncə bizdə, hələ 25 il bundan əvvəl olduğunu anlatmağa çalışırdım. Çifayda, on nəfərdən doqquzunun bu işlərdən ümumiyyətlə xəbəri yoxmuş, Azərbaycanda necə dəhşətli bir müharibə olmasından və Yuxarı Qarabağda etnik təmizlənmə aparılmasından da ümumiyətlə bir kimsənin məlumatı yox. Bəlkə rastladığım insanlar ictimai məsələlərlə maraqlanmayanlar idi? Necə ola bilər ki, Gürcüstan müharibəsi haqda demək olar ki, hamısında ətraflı bilgilər olan bu insanlar, onlara örnək ola biləcək bizim faicəmizdən tamam xəbərsiz idilər?
Bəlkə bizim ölkə - bizdə baş verən hadisələrdən asılı olmayaraq - maraqsızdır hamı üçün? Əgər belədirsə bu nə ilə bağlı ola bilər, düşünmüsünüzmü bu haqda? Bəlkə bunu anlamaq üçün Zərdüşt Əlizadənin müsahibədəki fikrinə bir daha qayıdaq? İnsan cəmiyyətini, toplumu maraqlı edən nədir? Ölkə yalnız sadəcə banal coğrafiya və xammal toponimikasından ibarət olsa, o zaman nə olar? Ölkəmizin incəsənəti və ədəbiyyatı (folklor nəzərdə tutulmur) – bu kimi amillər haqda düşünmüsünüzmü heç?
Doğrusunu deyəcəm – ölkəmin tanınmamasından dərin kompleks hissi keçirirəm. Bu həyatımda ilk dəfə xarici ölkəyə qədəm qoyduğum andan baş verib. Və bu hiss bitmir, bitmək bilmir. İstənilən mərhələdə. Heç kimin tanımadığı yerdən gəlmiş biri olmaq heç asan iş deyil. Bilmirəm, bəlkə də bunu hətta natamamlıq kompleksi də adlandırmaq olar. Lakin inanın ki, ilk tədqiqatçısı Alfred Adler olan həmin bu kompleksi ölkə xaricində bir çox azərbaycanlı keçirib. Bir toplum kimi özümüzü və ölkəmizi isbat etmək məsələsində müstəsna geriliyimizdən dolayı. Bu mənada gürcü və erməni gəncliyinin bizimkilərdən fərqli olaraq böyük bonusları vardır.
Bizə isə bu kompleksin mənfi hal olmasına rəğmən, tədqiqatçısı Adler’in bəzi hallarda onu, həyati məqsədlərə nail olmaq üçün həvəsləndirici amil kimi qiymətləndirməsini düşünmək qalır.
P.S. Sovet zamanında vicdan rəmzinə çevrilmiş məşhur filosof Merab Mamardaşvili bir dəfə deyibmiş: “Müstəqillik bizə həm də özümüzü görə bilmək üçün gərəkdir.”
P.P.S. Eşitdiyimə görə Daneliya özünün məşhur “Mimino” filmini çəkərkən ilk öncə ssenaridə üç qafqazlı obrazı olub, sonra isə rejissor xarakterik olmadığı səbəbdən azərbaycanlı obrazından vaz keçib. Bəlkə də başqa səbəb olub, amma kinoda hansısa obrazın yaradılması üçün çox parlaq prototip, xarakter gərəkdir.
Elmir Mirzəyev
Meydan.tv