post-title

Ölüm məktəbi

Gəncləri necə üstün olduqlarına inandırmaqla adam öldürməyə göndərmək olar.

 

Ölümünə və Üçüncü reyxin süqutuna bir neçə ay qalmış Adolf Hitler "sona qədər vuruşmaq" əmri verdi. On altı yaşdan altmış yaşadək bütün kişilərin çağırıldığı xalq qoşunu, Volkssturm`un (folksşturm) formalaşması haqqında fərman imzaladı.  1945-ci ilin yazında, Almaniya paytaxtının müdafiəsində Hitlerjugend`dən (Hitleryuqend) 5000 yeniyetmə iştirak edirdi. Hitler onları qəhrəmancasına həlak olmağa çağırdı. Onlar isə əslində rejim öz mövcudluğunu uzada bilsin deyə həlak olurdular. Üçüncü reyxin gənclər təşkilatı, Hitlerjugendin 20 illik mövcudluğu öz meyvələrini verirdi.

Hərbi oyunlar
 
Hitler, partiyanın lideri olduqdan sonra öz şəxsi döyüş dəstələri haqda düşünməyə başladı. O, hərbi oyunları əyləncəli hesab edirdi, güman edirdi ki, işsiz gənclər paradlarda, küçə davalarında və ölkə üzrə yürüşlərdə həvəslə iştirak edəcək.
 
Məktəbliykən Adolf Hitler onun liderliyini qəbul edən kiçik uşaqlarla oynamağa üstünlük verirdi.
 Bu Karl May`ın romanlarıyla ilhamlanmış hərbi oyunlar idi. Alman yazıçısı Karl May heç vaxt Amerika ovalıqlarında olmayıb. Onun Hindular haqqında romanları —  yazıçının fantaziyasının məhsuluydu. Amma Almaniyada istedadının miqyasına tam da uyğun olmayan müstəsna rol oynadı.
 
Almanlar romantik və həssas idilər. Onlara həmişə darısqallıqda yaşadıqlarını düşünür, daha çox yaşam sahələrinə malik olmaq, imperiyalarının hüdudlarını genişləndirmək istəyirdilər. Amma onların öz vətəni müqəddəs və toxunulmaz idi. Karl  May tərəfindən təsvir edilmiş itaətsiz hinduların həyəcanlandırıcı macəraları alman gənclərinə güclü təsiri edirdi. 
 
Yazıçı Hans Grimm o dövrlərdə hələ "Yaşam sahəsi olmayan xalq" romanını yayımlamamışdı, amma almanlar artıq müstəmləkə haqda yuxu görürdülər. Onları Karl Mayın qəhrəmanlarının ağ dərililər yox, hindular olması heç təəccübləndirmirdi də.
 

Yazıçının  təxəyyül məhsulu olan hindu başçısı Vinnetu vətənini yadlardan müdafiə edir, Almaniyanın qədim düşmənləri olan ingilis və fransızlarla qorxmadan vuruşurdu.
Karl May da digər amansız və eyni zamanda həssas alman ədəbiyyatçıları kimi, hərbi macəraları və döyüşlərin təmizləmə gücünü, vətən müdafiəçilərinin təmənnasız dostluğunu  tərifləyirdi. Karl May`ın cildləri həmişə Adolf Hitlerin otağındakı masanın üstündə olurdu.
 
Hücum dəstələri

Baldur von Schirach

3 avqust 1921-ci ildə SA (Sturmabteilung - nasist partiyasının hərbiləşdirilmiş qanadı  - kultura.az) hücum dəstələri yarandı. Nasist gəncləri maşın və motosikl sürmək öyrənir, idmanla məşğul olur, partiya vərəqələri və qəzetlər yayırdı. Əvvəlcə SA abreviaturası Sportabteilung (idman bölməsi) kimi izah edilirdi, amma Hitleri gimnastika az maraqlandırırdı. “Völkischer Beobachter" qəzeti yazırdı: "SA-nın vəzifəsi — gənc  partiya üzvlərini dəmir təşkilata cevirib birləşdirməkdir. O hərbi-vətənpərvərlik tərbiyəsiylə məşğul olmalı və partiyanın rəhbərlərini müdafiə etməlidir".
1922-ci ilin noyabrında SA artıq Sportabteilung yox Sturmabteilung (hücum dəstələri) adlanırdı. 

 
1 noyabr 1926-cı ildə Hitler göstəriş verir: 
 
"Hücum dəstələrinin hazırlığı partiyanın xeyrinə həyata keçirilməlidir. Fiziki hazırlıqda idmana üstünlük verilməlidi. Boks və ciu-citsu başqa şeylərdən daha əhəmiyyətlidi. Biz gizli şəraitdə işləməməliyik, biz kütləvi marşlarda iştirak etməliyik… biz küçələri fəth etməliyik.".
 
Və Hitler gəncləri partiyanın ideyalarıyla qovuşdurmağı öz üzərinə götürəcək insanı tapdı.

Baldur von Schirach (Baldur fon Şirax) nəcib zadəgan ailədən idi. Şeir yazır, violində ifa edirdi. Onun atası Veymarda dövlət teatrının direktoru idi. Anası nəsli-nəcabəti ABŞ-ı quranlaradək çatan amerikalı idi. O, uşaqlıqda yalnız ingiliscə danışırdı. Amerikada qala bilərdi, dayısı Nyu-Yorkda uğurlu bankir idi. Schirach bunlardan imtina etdi və universitetində filologiyanı, incəsənət tarixini öyrənəcəyi Münhenə gəldi. 1925-ci ildə o, 18 yaşındaykən partiyaya və hücum dəstələrinə daxil oldu. Tələbələrin Nasional-Sosializm İttifaqına başçılıq etdi. Hitlerə gəncləri partiyaya cəlb etməyi məhz Schirach təklif etdi.
 
1931-ci ildə kommunistlərlə davaya görə səkkiz günlük həbs edilir. Öz çevrəsində isə o, qəhrəman hesab edilirdi.
 
Hitlerjugendin 20-dən cox üzvü belə döyüşlərdə həlak olub. Bu davaların birində 15 yaşlı Herbert Norkusu kommunistlər bıçaqlayır, o həlak olur. Schirach öldürülmüş Herbert Norkusu pərəstiş ikonasına çevirir. Norkusun abidəsi qarşısında Hitlerjugendə təntənəli qəbul mərasimi keçirirdilər. Nasional-Sosializm ideyalarının gənc döyüşçülərinə xüsusi qalstuklar və nişanlar verilirdi. İlk növbədə fəhlə ailələrindən çıxan gəncləri qəbul edirdilər. Hitlerjugendin rəsmi adı — Fəhlə Gənclər Birliyi idi.
 
Tonqal ətrafında mahnılar
 
Nasistlər uğura tamarzı gənclərə üstünlük verirdi. Yeni başlayan karyeristlər onlara irəliləmə imkanı verdiyinə görə fürerə minnətdar idi. 
 
Ümidsizlik və çarəsizlik illərindən sonra, Nasist idarəçiliyinin ilk illərində cəmiyyətə sanki enerji və əminlik qayıtmışdı. Nəhayət iqtidara ölkəni dirçəldəcək hökumət gəlmişdi! Gənc almanlar üçüncü yolu axtarırdılar — nə sosializmə, nə də kapitalizmə deyil — məhz Hitlerin ölkəyə sosial bərabərlik gətirəcəyinə və xalqın birliyinə nail olacağına inanaraq nasistlərə pənah gətirdilər.
 
Fürer I Dünya Müharibəsindəki məğlubiyyəti və imperiyanın dağılmasını çətin həzm edən almanlara böyük dövlətə aid olma və bundan heç də az əhəmiyyəti olmayan - ölkənin artıq bir sahibi olduğu hissini geri qaytardı. Bu əhval-ruhiyyə diqqətlə dəstəklənirdi. Təqvimə partiya günü əlavə olunmuşdu, həmin gün partiyanın bütün üzvləri siyasi-maariflənmə sistemində çalışırdılar. Nasional-Sosialist siyasi maarifləndirmə və tərbiyələndirmə sistemi bütün tədris ocaqlarını əhatə edirdi.
 
Hakimiyyətin haqlılığına şübhə xəyanətə bərabər idi. Onlar cəmiyyəti vətənpərvərlərə və düşmənlərə bölmüşdülər. Nasistlərə qarşı çıxa biləcək və ya ən azından şübhələrini ifadə edə biləcək milyonlarla alman susdu. Diktatura 
hakimiyyəti zorakılıq və terrorla əldə saxlayırdı.
 
Nasistlər "yanlış" gənclər birləşmələrini qadağan etdi. Hitlerjugendə üzvlük isə məcburi oldu. Yalnız yəhudiləri və qaraçıları qəbul etmirdilər. Hitlerjugend hərbiləşdirilmiş təşkilat idi, aktivistlər forma geyinir, onlara hücum dəstələrindəkilərə bənzər rütbələr verilirdi. Hitlerjugend`in ilkin nüvəsi 10, rayon drujinası isə 150 gəncdən ibarət olurdu.
 
Gənc almanları kollektivdə yaşamağa öyrədirdilər. Ölkə üzrə səfərlər, yürüşlər, tonqal ətrafında mahnılar.. Yayda gənclər düşərgələri açılırdı. Qışda xizək yürüşləri təşkil edirdilər. Birlikdə kinoya və teatra gedirdilər. 
 
Siyası dərslər mütləq idi. Orda ölkənin düşmənlərin əhatəsində olduğunu, müharibəyə hazırlanmağı  və mane olanları məhv etmək gərəkdiyini izah edirdilər.
 
Qızlar ayrıca
 
1932-ci ildə yaradılmış Alman Qızlarının İttifaqı ayrıca fəaliyyət göstərirdi. Nasistlərin hakimiyyətə  gəlişindən sonra ittifaqa üzvlük 10 yaşdan 20 yaşadək qızlar üçün məcburi oldu. İttifaqın məqsədi — sağlam, çalışqan və çox uşaq doğmağa hazır mükəmməl qadınlar tərbiyə etmək idi. O zaman belə bir zarafat var idi: əgər ata - hücum dəstəsində, ana - nasist qadınlar birliyində, oğul Hitlerjugend`də, qız isə alman qızlar birliyində idisə, ailə yalnız Nürnberg partiya qurultayında görüşə bilərlər.
 
Hitlerjugenddə cavan oğlanlar hərbi-idman hazırlığı keçir, qızları isə evdarlığa öyrədirdilər. Oğlanlar və qızlar niyə ayrı tərbiyə olunurdu? Nasist dövlətində qadınlar heç bir vəzifə tutmurdu və praktiki olaraq siyasi həyatdan təcrid edilmişdilər. 1921-ci ilin yanvarında, Nasional-Sosialist Alman İşçi Partiyasının ilk ümumi iclasında Hitler şərt qoymuşdu: heç bir zaman, heç bir qadın  partiyanın rəhbər orqanlarına vəzifəyə gəlməyəcək.
 
Nasistlər əski həyat tərzinə qayıtmağı arzulayırdı: qızlara həyat yoldaşı və ana rolunu oynamaq üçün zəruri təhsil və bacarıqlar bəs edir. O, çalışa bilər - amma yalnız nikaha qədər. Sonra yalnız ailə və ev təsərrüfatı ilə məşğul olmalıdı.
 
Müharibə başlandıqda isə alman qadınlarını istehsalata səfərbər etdilər. Onlar cəbhəyə göndərilmiş kişiləri əvəz edirdi. Alman qadınların bir çox hissəsi geridə qalmış və zəhmətli kənd təsərrüfatında işləyirdi. 
Almaniya aqrar ölkə olaraq qalırdı. Əhalinin əksər hissəsi kəndlərdə və kiçik qəsəbələrdə yaşayırdı. Nasist ideoloqları sübut edirdilər ki, kəndli — millətin dayağıdır, və patriarxal kəndli həyatını tərifləyirdilər. Köksüz kosmopolit şəhər sakinləri isə almanların düşmənləri hesab edilirdi. Hitler ərzaq idxalının məhdudlaşdırmağa, olmazsa tam dayandırmağa, fermerlərin bütün borclarının silinməsinə  söz verdi. Kənd və rayonlarda nasist partiyasına dəstək demək olar ki, on dəfə artdı.
Amma sonra məlum oldu ki, alman iqtisadiyyatı idxalsız mövcud olmağa qadir deyil. Xarici malların piştaxtalardan yox olması daxili istehlakın artmasıyla üst-üstə düşdü və qiymətlərin artmasına gətirib çıxardı. Kənd təsərrüfatı ölkəni dolandırmaq imkanına qadir deyildi.
 Göbbelsin kinoxronikası isə sübut edirdi ki, ölkədə ərzaqlar boldu, amma başqa ölkələrdə kasıb yaşayırlar. Xarici dünyadan etibarlı şəkildə təcrid edilmiş almanlar bu təbliğata inanırdı.
 
Ölkə rəhbərləri kənd təsərrüfatını inkişaf etdirmək istəmirdilər və bacarmırdılar. Onlar çıxış yolunu ərazi əldə etməkdə gördülər. Əgər dünyanı Almaniyadan asılı olmağa məcbur etmək olarsa, niyə onlar xarici dünyadan asılı olmalıdılar!
 
Hitler sənayenin inkişafının və azad ticarətin rifaha gətirib çıxara biləcəyinə inanmır, bunu yəhudi təbliğatı hesab edirdi. O, azman əraziləri resursları ilə birgə fəth etmək, bununla yanaşı o yerlərin əhalisindən - yəni artıq boğazlardan canını qurtarmaq istəyirdi.
 
Cəngavərlər və tacirlər
 
Birinci Dünya Müharibəsindən dərhal sonra alman filosofu Oswald Spenglerin (Osvald Şpenqler) “Avropanın Qürubu" əsəri ortaya çıxdı. Spengler Köhnə qitənin tənəzzülü haqqında yazırdı: “`Hər kəs özü üçün` — bu ingilis sayağıdı; `hər kəs hamı üçün` — bu isə prussiya (alman - kultura.az) sayağı. Parlamentarizm başqa xalqın həyatına daxil edilə bilməz. Almaniyada parlamentarizm —  ya cəfəngiyat, ya da xəyanətdir.”
 
Müasir Almaniya parlament respublikasının müvəffəqiyyətini nümayış etdirərkən indi bunu oxumaq gülməli gəlir! Ancaq o zaman almanlar liberalizmi qəzəblə lənətləyirdi! Və qərb sivilizasiyasının əxlaqsızlığından, mənəviyyatsızlıqından dəhşətə gəlirdilər. 
 
Oswald Spengler qəzəblənirdi: "Caz və zənci rəqsləri, qadınların fahişələr kimi boyanma həvəsləri, istənilən qədim adətdən qurtulmaq meyli… Dini və milli ideyalar, uşaqlar və ailə naminə möhkəm nikah dəbdən düşmüş görünür”.
Ənənəvi dəyərlərə əsaslanan alman mədəniyyətini, qərb fərdiyyətçiliyiylə, demokratiya və insan hüquqlarıyla müqayisə edirdilər. "Alman cəngavəri" "ingilis taciri"nə qarşı dururdu. 

 
Tarixçi Werner Sombart (Verner Zombart) alman mədəniyyətinin üstünlüyünə dair “Alverçilər və qəhrəmanlar” pamfletini dərc etmişdi. “Biz - Tanrının seçdiyi xalqıq. Necə ki, alman quşu - qartal yerdəki bütün məxluqatdan yüksəkdə uçur, eləcə də almanlar özünü onları əhatə edən bütün xalqlardan yüksəkdə hiss etməli və onlara göyün hüdudsuz ənginliklərindən baxmalıdı. Almaniya - kommersiyalizasiyanın çirkin axınının qarşısında sonuncu bənddir”.
 
Almaniya İngiltərə və Amerikadan sənayeləşmədə, siyasi və sosial inkişafda, yaşayış keyfiyyətində ciddi şəkildə geri qalırdı. Amma almanlar amerikalılara və ingilislərə mənəviyyatsızlıqlarına görə nifrət edirdilər.
 Demokratiya, konstitusiya, haqlar və azadlıqlar — bütün bunlar xaricdən gətirilib xalqa sırınmağa çalışılan və yad görünürdü. Alman ruhunun kapitalizmlə, liberalizmlə, parlament demokratiyasıyla uyuşmamazlığı və ölkənin xüsusi yolla getməli olduğu fikirləri dəbdə idi.
 
Qadınsı rəhbər
 
Baldur von Schirach`ı yorulmaq bilməyən təşkilatçı adlandırır, ona böyük gələcək vəd edirdilər. Bir vaxt o, Hitlerin ən ehtimal edilən varisi hesab edilirdi. Amma sonra hər şey puç oldu — onun homoseksual meylləri haqqında söz-söhbətlər gəzməyə başladı.
Artur Axmann
 
1935-ci ildə Nürnberqdə partiya qurultayında  Hitler dedi:
 
“Alman gənci qamətli və cəld, yorğa at kimi sürətli, dəri kimi sərt və polad kimi bərk olmalıdı”.
 
Qadına bənzər Schirach bu obraza ən az uyğun ola biləcək adam idi. Partiyanın hücum dəstələrinin rəhbərliyində homoseksualların böyük sayı cəmləşdi. Eynicinsli sevginin tərəfdarları artıq nasist gənclər təşkilatlarında da üstünlük təşkil edirdilər. Tam kişi mühitində eynicinsli sevgi hünər hesab edilirdi. Buna görə də hücum dəstələri qərargahının başçısı Ernst Röhm`ün və ona yaxın mühitin “Uzun bıçaqlar gecəsi"ndə  məhv edilməsi partiyanı biabır edən əxlaqsızlıqa görə cəza kimi təqdim edilmişdi.
 
Baldur von Schirach da bundan zərər çəkdi. Onu Hitlerjugend rəhbərliyindən kənarlaşdırdılar. Hitlerin ona marağı azaldı və 1940-cı ildə Berlindən uzağa, Almaniyaya yeni birləşdirilmiş Avstriyanın paytaxına partiya katibi göndərildi.
 
Hitlerjugenddə Von Schirach`ı Artur Axmann (Artur Aksman) əvəz etdi. O, başqa xəmirdən yoğrulmuşdu. Atası erkən ölmüş, anası işsiz qalmışdı. O, 15 yaşında Hitlerjugendə üzv olur. Jozef Göbbels`in başçılığı zamanı paytaxt partiya təşkilatında tez yüksəldi.
 
Artur Axmann 18 yaşdan balaca gənc oğlanlara qaranlıqda küçədə tək dolaşmağı qadağan etdi. Hitlerjugend patrulları gənc qız və oğlanların düzgün geyinmələrinə nəzarət edirdi. Oğlanlara saçlarını qısa kəsməyi, qızlara hörük hörməyi məsləhət gördülər. Heç bir kosmetika! Axmann Hitlerjugendi hərbiləşdirdi.
 
Müharibə kultu, cəbhə həyatı ictimai şüurda dərin kök salmışdı. "Əgər onlar (Qərbin demokratik ölkələri nəzərdə tutulurdu) müharibə istəyirlərsə, — almanlar təhdidlə deyirdi, —  onu alacaqlar".
 
Müharibəyə yollanan nəsil nasistlər hakimiyyəti qəsb edən zamanın yeniyetmələri idi. Yetkin insanı formalaşdıran həlledici yaşlarını onlar Nasional-Sosialist ruhunda tərbiyə aldıqları Hitlerjugenddə keçirmişdilər.
 
"Sonuna kimi dayanmaq"
 
1941-ci ildə Axmann Vermaxt (Wehrmacht - Silahlı qüvvələr - kultura.az) formasını geyir. O, Şərq cəbhəsində vuruşurdu. Qızıl orduyla döyüşlərdə sağ əlindən məhrum olur. Bu onun ətrafında qəhrəmanlıq oreolu yaradır.
 
Hitlerjugendin rəhbəri təxris edildikdən sonra, gəncləri cəbhəyə getmiş yaşca böyük nəsili əvəz etməyə çağırdı. Qızlar məhsul toplamağa gedirdi. Hələ məktəbi qurtarmamış yeniyetmələr əvvəl vermaxtın köməkçi hissələrinə xidmət edir, sonra isə özləri də ön cəbhəyə yola düşürdü.
 
Fürerin ideoloji utopiyaları praktik siyasətə çevrildi. Adolf Hitler alman xalqının yaşayış sahəsini genişlətmək üçün sonda almanların məğlub olacaqları dünya müharibəsini başlatdı. Müharibə Almaniyanın hüdudlarına daxil oldu və təcavüzü başlayanlar onun qurbanınına cevrildilər. Alman komandanlığı, insanların "nəfsə qapılaraq”  mübarizəni saxlayıb, təslim olmasının qarşısını almaq üçün hər şeyə gedirdi. Almanlardan "sonuna kimi dayanmaq" tələb edilirdi.

 
Nasist rəhbərliyi üçün müharibə ölüm-qalım məsələsi idi. Məğlubiyyət yalnız milli alçalma və rejimin süqutu demək deyildi, Birləşmiş Millətlər reyx rəhbərlərini müqəssirlər kürsüsünə oturtmağa söz vermişdi.
Müharibənin sonunda əllərinə kim keçirdisə ət maşınına atırdılar. 1943-cü ildə SS-in reichsfüreri Heinrich Himmler və gənclərin rəhbəri reichsjugendführer Artur Axmann, çağırışa yaşı çatmayan gənc könüllülərdən SS diviziyası formalaşması haqqında razılaşdılar. Elə həmin vaxt 12-ci SS “Hitlerjugend” diviziyasını yığdılar. Ora on yeddi yaşlı dünənki məktəblilər üzv olurdu. Tank-qumbaraçı diviziyasına 19 yaşında partiyaya daxil olan və 21 yaşında esesçilərə qoşulan, SS-ın  brigadenfüreri Kurt Meyer rəhbərlik edirdi.  
 
Meyer üç il Şərq cəbhəsində vuruşmuş, Xarkovu almış, “Cəngavər Xaçı”na layiq görülmüşdü. SS-in ən gənc diviziya komandiri fərqlənməyə elə cidd-cəhdlə çalışırdı ki, axırda ”Hitlerjugend" böyük itkilər verərək mühasirəyə düşdü və Normandiyada enmiş müttəfiqlərlə döyüşlərdə məhv edildi. Salamat qalmış sonuncu 600 nəfər sonradan Berlinin müdafiəsində iştirak etdi. Onlar da Adolf Hitlerin özüylə o biri dünyaya apardığı digər gənclərlə birlikdə məhv oldular.
 
Onlar öz lovğalıqlarının, onlarda tərbiyə edilmiş əxlaqsızlığın, düşüncəsizliyin qurbanı oldular. 
Onlar başqa insanlardan daha üstün olduqlarına inanırdılar.
 
Leonid Mleçin
Gazeta.ru
 
Tərcümə: Gülnaz Məmmmədli

 

Yuxarı