post-title

Qadın sosiogenezisinin tarixi inkişaf prosesi (I Hissə)

Qərb dünyasında da kişilər öz hegemoniyasını hələ ki, əldən vermək istəmir. Görünür, yaxın gələcəkdə bu, elə də real görünmür. Kişilər tərəfindən tanınan bütün haqlar əslində aşağıdan gələn böyük tələb və inadlı mübarizə nəticəsində reallaşdırılıb. Bunu çox yaxşı bilən kişilər aradakı görünməz “divarları” hələ də saxlayır. Bu nə qədər davam edəcək, deyə bilmərik. Lakin bir az əvvəl də, yuxarıda da qeyd etdiyimiz kimi, “ox yaydan çıxıb”. Qadınların Qərbdəki mübarizəsi davam edəcək kimi görünür.

 
 
 
 
"Qadınlar sizə Allahın əmanətidir" -  Məhəmməd Peyğəmbər 
 
Son illərin əsas müzakirə mövzularından biri qadın – kişi diskursu və bunun ətrafında  tərəflərin bir – birini qarşılıqlı ittiham etməsidir. İstər yazıçılar olsun, istər ictimai – siyasi xadimlər, istərsə də gənc fəallar zaman – zaman bu və ya digər şəkildə bu diskursa daxil olub, tərəf seçərək öz fikirlərini əsaslandırmağa çalışırlar. Hər birinin özünə məxsus məqsəd və niyyəti (qəzetdən honorar, gündəmə müdaxilə etmək və s.) olsa da, istənilən halda bu müzakirə bəzən yenidən, bilərəkdən körüklənir. Bu zaman tərəflər bilərək və ya bilmədən ağır ittihamlar səsləndirir, hətta dilə gətirilməyən kəlmələrə qədər gedib çıxırlar. Niyyət hər nə qədər ülvi, saf olsa da, bu söhbətlərin içindən konsensus ilə çıxmaq getdikcə çətinləşir. Bunun əsas səbəbi olaraq cəmiyyətdəki sosial qütbləşmə,  sürətlə baş verən mənəviyyatsızlaşma, dəyərlərdən qopmaq, görünməyən qüvvələrin ölkədəki “nümayəndələri” tərəfindən reallaşdırılmağa çalışılan “əxlaqsız  lahiyələri” göstərmək olar. Cəmiyyətimiz üçün əhəmiyyətli ola biləcək bu diskurs qarşılıqlı ittihamlardan uzağa getmir. Səbəbsiz heç bir şey olmadığı kimi, bu ittihamların, yanlış alqının arxasında bəzi səbəblər dayanır. Buraya insanlarımıza xas xüsusiyyət sayılan öz “doğrularına” olan “sadiqlik”, bilgi kirliliyi, müzakirə mədəniyyətinin olmaması kimi səbəblərdən tutmuş, cəmiyyətdə nifaq toxumu səpmək tapşırığı alan yerli qüvvələrin canfaşanlığına qədər bir çox şeyi sadalamaq olar. Lakin bizim məqsədimiz bu deyil.
 
Bu günə qədər yazılan yazılar, ortaya atılan iddiaların əksinə, bu yazı mövcud diskursa yeni baxış gətirmək niyyəti daşıyır. Publisistlərin maarifləndirici fikirləri, gənc fəalların çılğın arqumentləri gündəlik ailə məişət məsələlərinə dayanır. Buna görə də ortaya atılan suallar, üzərində işlənilən problemlər cavabsız qalır. Çünki məsələnin kökünə enilmir, tarixə nəzər yetirilmir, bu zaman da müzakirələr qapalı döngünün bir hissəsinə çevrilir. Təbii ki, bu döngü buradan “çörək “ yeyənlər üçün əvəzsiz bir tapıntı olduğu üçün olduğu kimi qorunmağa çalışılır. Lakin cəmiyyətimiz bu diskursu aşıb bir üst mərhələyə qədəm qoymalıdır. Tarixi inkişaf prosesi də göstərir ki, bir dövr bitib, digər dövr başlayanda qanuna uyğunluqlar mərhələli şəkildə davam edir, biri digərini əvəz edir.  Bu qanuna uyğunluqlar sosial elmlərdə müxtəlif müstəvilərdə tətbiq olunduğu kimi, gender, ailə, övlad tərbiyyəsi kimi qadınları öz əhatə dairəsinə alan mövzularda da özünü göstərir. Müəlliflərin siyasi baxışlarından aslı olmayaraq, Qərb elmində bu mövzu haqqında fundamental əsərlər, saysız-hesabsız elmi məqalələr yazılıb və yazılmaqdadır. Biz, Azərbaycanda həmin mənbələrdən məhrum olduğumuz üçün bu mövzuya toxunarkən ehtiyatlı olmağımız daha məqsədə uyğun olar. Buna görə də, Azərbaycan və Qərb qadınını müqayisə edərkən müxtəlif coğrafiyaların keçdiyi sosial, mədəni, siyasi inkişaf prosesini göz ardı etmək olmaz. Bu yazının mahiyyəti də, tarixə kiçik ekskursiya etmək, bu zaman çərçivəsində Qərbdə qadının cəmiyyətdə tanınması üçün keçdiyi uzun inkişaf mərhələsini anlamaq, üstəgəl bu mərhələnin mövcud inqrediyentlərini göz ardı etməmək lazımdır. Bax, bundan sonra kim yaxşı, kim pis müzakirəsi başlana bilər. Azərbaycan qadının zərafətinə, ağlına, fədakarlığına, gözəlliyinə, ailəyə sadiqliyinə xələl gətirmək istəyən insanların əksinə, bu yazı qadınlarımızın reallığı dərk etməsinə xidmət edir. Oxucu bu yazıda Qərbdəki (Avropa) inkişaf prosesinin qısa xülasəsi ilə tanış olacaq, günümüz Azərbaycanında qadınlarımızı izləyən status, xəyanət, məhrumiyyətlərin səbəblərinə başqa müstəvidən nəzər yetirmək imkanı əldə edəcək. 
 
Avropa tarixində qadın
 
Bu gün hər kəs bu və ya digər şəkildə Azərbaycan qadınını tənqid edir. Hələ bu azmış kimi bunu özündə imtiyaz kimi görənlər də var. Nə də olmasa diqqət çəkmək üçün ən rahat mövzulardan biridir. Birinə Tükəzban deyəcəksən, “evlənməkdən, ərə getməkdən başqa bir şey düşünmür” deyəcəksən bununla da missiyanı tamamlayacaqsan. Qarşı tərəf də, hiddətlənib daha sərt reaksiya verəcək və bununla da üzərlərinə götürdükləri “missiya” tamamlanacaq. Hə, bu da azmış kimi, Qərb qadınını göstərəcəklər. Qərbdə bu belədir, bu elədir deyəcəklər. Halbuki, Qərb qadının cəmiyyətdəki mövqeyi (o belə tərəddüdlüdür) uzun inkişaf prosesinin məhsuldur. Heç bir şey göydən zənbil ilə enməyib. Ona görə də, istər Qərbdə qadınların, istərsə də, Azərbaycanda qadınların ailədə, cəmiyyətdəki rolunun  tarixi inkişaf prosesinə qısa ekskursiya mənzərəni daha da aydınlaşdıracaq.
 
Tarixə həvəskar deyil, akademik nəzər yetirdikdə görürük ki, Qərb qadını ümumilikdə Qərb cəmiyyətinin keçdiyi böyük təkamül prosesindən müsbət mənada öz nəsibini alıb.  Buna görə də, bu proses iki dövrə bölünür: Fransız İnqilabı və Sənaye İnqilabından əvvəl və sonra.  Məhz Qərb dünyasında da, qadının yeni üfüqlərə açılması intellektual, mədəni, mənəvi, fiziki baxımdan bu İnqilablardan sonra başlandı. Ona qədərki qadın obrazı ailədə söz sahibi olmayan, davamlı olaraq məhrumiyyətlərə məruz qalan, ərinin (həmin dövrdə həyat yoldaşı adlandırılması mövcud deyil) dediklərindən çıxmayan ikinci dərəcəli bir fiqur olaraq qarşımıza çıxır. Həmin dövrdə Qərbdə qadın ümumi ailə iqtisadiyyatına töhvə verən, uşaq böyüdən, ailənin məişət qayğıları ilə məşğul olan biri olaraq görülür. Təbii ki, sevgidən söhbət belə gedə bilməzdi. Çünki orta əsrlərdə sevgi sadəcə və sadəcə aristokratiyanın məşğuliyyəti olaraq görülürdü. Buraya təhsil, boş vaxtın dəyərləndirilməsi üçün olan məşğuliyytələrin “ ülviləşdirilməsi” kimi səbəblər də əlavə oluna bilər. Aşağı və orta təbəqədən olan insanların sevgi hissindən uzaq olduğu orta əsrlər ailəsində özünü göstərir. Ailənin sevgi üzərində qurulması imkansız bir şey idi. Çünki tərəflər evlənəcəyi şəxsin cehizinə, kənd yerində torpaq sahəsinə və ailənin sosial dayaqlarına baxırdılar.  Orta əsrlərdə ortalama yaşın günümüzdən çox çox aşağı olduğunu nəzərə alsaq, əri ölmüş dul qadının ikinci dəfə evlənməsi də, onun sahib olduğu  pul, torpaq sahəsi, cehizdən asılı idi. Heç kim uşaqlı və heç bir maddi dayağı olmayan bir qadınla evlənməkdə maraqlı deyildi. 
 
Evləniləcək şəxs də, adətən ailələr tərəfindən müəyyən edilir və eyni kənd və qəsəbədən və ya, eyni icmadan olmasına diqqət edilirdi.
 
Xristian (katolik) kilsəsində gedən Reformasiya, humanistlərin ailə məsələlərinə olan diqqəti, qadına münasibətdə fərqliliyi də özü ilə gətirdi. Humanizm axının önəmli simalarından Rotterdamlı Erazmın (16-cı əsr; əsas kitab “De civilitate morum puerilium”, 1530-cü il)  ardınca, ailə məsələsi ondan sonra gələn Covanni della Kaza, Kalviak və digər 16-17-ci əsr humanistlərinin əsərlərində qabardılırdı. Avropada artıq mətbəəcilik yeni mərhələyə qədəm qoymuşdu və ardı arası kəsilmədən kitablar basılırdı.  Etiket qaydaları, ailə məişət məsələləri haqqında nəşr edilən kitablar bir qayda olaraq yüksək və orta təbəqə arasında yayılırdı. Ən maraqlısı odur ki, ailə məişət qaydaları haqqında yazılan kitablar nisbətən daha ucuz olurdu. Ailənin, qadının rolunun artmasını göstərən ən mühüm sübutlardan bir digəri də rəssamlıq və təsviri incəsənətdə oldu. Qadın portretləri, ailə fəaliyyətlərini (birlikdə yemək süfrəsi, ailəvi musiqi ifası və s.), uşaqların oyun və əyləncələrini əks etdirən tablolar məhz 16-cı əsrdən etibarən artmağa başlandı.  Humanizm qadına xüsusi qayğı və diqqəti ön plana çəkməsə də, qadına qarşı empatiyanın başlanğıcı da bu dövrə təsadüf edir. Ailə başçısı hər nə qədər ilahiləşdirilsə də, ailə başçısının öz qadınına qarşı öhdəlik və məsuliyyətləri də göz ardı edilmir.  Artıq qadın kişilərin nəzərində xüsusi mərtəbəyə qalxır. Hər dövrün idealistləri olduğu kimi, Avropa tarixində dönüşün öncülləri olan humanistlər qadınların əslində cəmiyyətə töhvəsinin  saraylardakı kübar məclislərdən kənarda da mümkün ola biləcəyi qənaətində idilər. Kişilərin öncüllüyündəki yeni axın qadınlara da laqeyd qalmırdı. Lakin tam azadlığın söhbəti belə edilə bilməzdi. Amma görünən bir şey var idi: qadınlar artıq “səhnəyə” çıxırdı. 
 
Həmin səhnə qadınların ilk dəfə öz “sözlərini“ kişilərlə birlikdə deyə bildikləri, kübar burjuaziyanın, şəhər insanlarının, intellektualların toplaşdığı salonlar olaraq təsbit edilir. Həmin günə qədər sadəcə əri ilə, evlərinə qonaq gələn az sayda kişi ilə fikir mübadiləsi aparan qadın, artıq geniş salonlarda kişilərin qızğın müzakirə və söhbətlərinə qulaq asmaq imkanı əldə edir. Qadının həmin günə qədər öz bacısı, rəfiqəsi və ya digər yaxınları ilə qurduğu ünsiyyət əsasən məktublar vasitəsi ilə mümkün idi. Təbii ki, bu bir-birindən uzaq məsafədə yaşayan, bir-birindən ayrı düşən bacılara, qohum əqrəbaya aid idi. Bu günə qədər əlimizə gəlib çıxmış, dərc olunmuş məktublardan görürük ki, 17-ci əsrdən başlayaraq, burjuaziya çevrəsinə mənsub olan qadın artıq fərqli tərbiyə metodlarına meyllənir; gündəlik məişət vərdişlərinin yenilənməsi, cəmiyyətdə insanlar arasında münasibətlərin dərinləşməsi haqqında mülahizə yürüdür; valideyn –övlad münasibətlərinin ülviləşməsi, övladlarının müəllimləri ilə etdiyi söhbətlərin vacibliyi və bu qəbildən digər  əhəmiyyətli məsələlər məktubların  əsasını təşkil edir. Bəhs etdiyimiz dövrdən əlli – altmış ilə əvvələ qədər məktublarda “balaca Antuan, dünən salonun ortasında “quşunu” çıxardıb qonaqlara göstərdi və hər kəs gülməkdən uğundu”, - yazan qadın artıq bu cür cümlələrdən qaçınmağa çalışırdı. Onu düşündürən artıq övladını etiket qaydaları ilə böyütmək və bunları öz yaxın çevrəsindən olan həmcinsləri və əks cinslə paylaşmaq idi. Bu müzakirələr  burjuaziyanın (qeyd - aristokratiya ilə qarışdırılmasın) üstünlük təşkil etdiyi kübar salonların künclərində də fısıldanmağa başlanmışdı. Hələ ki, mərkəzdə kişilərin diktəsi ilə gedən fəlsəfi, intellektual söhbətlər davam edirdi. Qadınlar daha çox dinləyici qismində olur və “nələrisə”(dövlət, disiplin, sivilizasiya və s.) öyrənməyə çalışırdılar. Bəli, qadınlar öyrənirdi. Yenə də, kişilərin fikirlərini öyrənməyə, özününküləşdirməyə çalışır, bu idealist söhbətlərdə özünə yer etməyə təşəbbüs göstərirdi. Burada bir şeyi xatırlatmağın vacibliyi göz ardı olunmamalıdır: aristokratiya (saray, əyanlar, qraflar və s.) və burjuaziya (varlı şəhərlilər, tacirlər, gənc maarifçilər və s.) sinfinə məxsus olan insanlar, xüsusən də qadınlar arasında olan böyük fərqlilik. Hakim sinfə məxsus xanımlar arasında onsuz da, Avropa tarixində qüdrətli qadın imperatriçələr, prenseslər, əyan xanımları davamlı olaraq söz sahibi mövqeyində dayanırdılar. Onların fikir, bilgi və təcrübələri də bir çox hallarda əks cinsdən geri qalmır və bəzən öndə gəlirdi. Bunun da səbəbi, uşaqlıqdan yaxşı təhsil – tərbiyə, valideynləri tərəfindən istiqamətləndirilmə, gəlin getdiyi ailənin eyni sinfə məxsus olması xüsusi ilə qeyd oluna bilər. Burjuaziya qadını isə, bu qədər geniş imkanlara sahib deyildi, aristokrat salonları onların  çoxunun üzünə qapalı idi. Sonuncu imkandan sadəcə həddindən artıq varlı şəhərlilərin xanımları, qızları faydalana bilirdi. Bu kiçik qrupa bəzi ağıllı şəhərli qadınlar da daxil idi. Bunlar elə də varlı olmasalar da, öz ağlı, zəkası, bilgisi, maraqlı söhbətləri ilə aristokratiya sinfinə məxsus qadınların sevimlisinə çevrilə bilirdilər. Bunun üçün də, davamlı oxumaq, fərqli mənbələri analiz etmək, salonlarda kişilər tərəfindən ortaya atılan fikirləri yadda saxlayıb, mühakimə yürütmək kimi vərdişlərə yiyələnmək vacib sayılırdı. Bu məziyyətlərə sahib olmayan burjuaziya qadını kübar çevrələrə ayaq aça bilməzdi. 17-ci əsr, Avropa qadının özünü yetişdirmək əsri də hesab edilir. Çünki qarşıdan tarixinin gedişini dəyişdirəcək, hər şeyi kökündən sarsıdacaq hadisələrin əsri gəlirdi. İnqilablar əsri olan, 18-ci əsr.
 
Bu inqilablar əsri qadınların da rolunu ön plana çıxaran dövr oldu. İngiltərə sənaye inqilabı ilə birlikdə uşaq və qadın əməyi ilk dəfə fabriklərə daxil oldu. Bu vaxta qədər kənddə öz ailəsi ilə birlikdə əmək sərf edib, bir şeylər ortaya çıxartmağa çalışan qadın, artıq fabrikdə dəzgahın arxasında dayanıb digər qadınlar kimi ümumi əməyə xidmət etməyə başladı. Ağır, məşəqqətli əmək bu zərif varlıqlar üçün hər nə qədər çətin olsa da, kapitalizm vəhşi bir yırtıcı kimi qoca, uşaq, qadın, kişi demədən hər kəsi cənginə almağa başlayırdı. Artıq şəhərlərdə burjuaziya sinfinə məxsus qadınlarla bərabər, kənddəki hər şeyi atıb şəhərlərə fabriklərdə işləməyə gələn qadınlar da çoxalırdı. Axın – axın şəhərlərə üz tutan qadınlar, öz övladları ilə bərabər fabriklərdə işləyir, həyatda qalmağa çalışırdılar.  Bu da təsadüfü deyil ki, məhz şəhərlərdə artan işçi sinfi insanlar arası münasibətlərə təkan verdi. Bunun ən bariz nümunəsi evlilik, yeni ailə institutunun formalaşması oldu. O günə qədər ailələrinin nəzarəti və qərarları ilə ailə quran gənclər artıq uzaq şəhərlərdə ailələrinin müdaxiləsi olmadan evlənmək imkanından yararlana bilirdilər. Bu zaman seçim qarşılıqlı anlayış, dəyər və ən nəhayət sevgiyə əsaslanardı. Bu da təsadüfü deyil ki, bir çox sosioloq və tarixçilərin ortaq fikri bundan ibarətdir ki, sevginin (qarşı cinsin bir birinə) bir hiss olaraq insanlar arasında dərk edilməsi, yayılması məhz Sənaye İnqilabı sonrasında şəhərlərə üz tutan gənclərin müstəqil həyata atılması ilə daha da ön plana çıxır. Şəhərlərdə yaşayan burjuaziya sinfi ilə birlikdə işçi sinfi də tədricən formalaşmağa başlayırdı. Zəhmətə, alın tərinə, gündəlik dolanışıq qayğılarına aludə olan işçi qadın burjuaziya qadınından fərqli olaraq, özündə etiraz gücünü cəmləşdirməkdə idi. Burjuaziya qadını da, 18-ci əsrin sonlarına doğru fikirlərini qələmə almağın, yazıya tökməyin vacibliyini anlamağa başladı. Qadınların cinsi bərabərliyini müdafiə edən, ilk feminist axının öncüllərindən hesab edilən Mari Volstonkraft (Mary Wollstonecraft) 1792-ci ildə “Qadın hüquqlarının müdafiəsi” əsərini dərc etdirir. O dövr mühafizəkar ingilis cəmiyyəti üçün şok effekti yaradan bu kitab ağır ittiham və tənqidlərə məruz qalır. Çox ziddiyyətli şəxsi həyat yaşayan Mari Volstonkraftın bu əsəri bədxahları daha da cırnatmışdı. Lakin həmin əsər Avropa tarixində açıqdan açığa qadın hüquqlarını müdafiə edən öncül kitablardan hesab edilir. 
 
İngiltərədə bütün bunlar baş verərkən, Fransada salonlarda maarifçilərin fikirləri daha ucadan səsləndirilir, səhərlərə qədər davam edən qızğın müzakirələr inqilabı müjdələyirdi. Bu zaman qadınlar artıq passiv dinləyici qismində çıxış etmirdilər. Paris qadınlarının ən zənginləri (məs, Sophie de Condercet) mühazirə gecələri təşkil edir, qadınlar kişilərdən geri qalmayaraq müzakirələrdə fəal iştirak edirdilər. Fransız Maarifçilərinin təbliğ etdiyi dəyərlər qadınların arasında da geniş yayılır və kişilər olmadığı məclislərdə də müzakirə edilirdi. Paris salonlarında qadınlar artıq məşuqələrini, ərlərini deyil, Russonun “İctimai Müqavilə”, Volterin dildən dilə dolaşan məktublarını, D’Holbaxın sivilizasiya haqqında dediklərini müzakirə edirdilər. Parisin burjuaziya sinfinə mənsub olan xanımlar artıq hər zamankı kimi Versala (Fransa Krallarının sarayı) can atmır, əksinə əyan, aristokrat xanımları birincilərin gün-gündən artan nüfuzuna qibtə edirdilər. İsti salonlarda edilən müzakirələr öz axarında getdiyi vaxtda, 1789-cu ilin 14 iyulunda ac Parislilər Bastilya üzərinə hücuma keçdilər. Bir çox liberal tarixçilərin və bundan təsirlənən “intellektual” gənclərimizin dediklərinin əksinə, inqilab Versalda toplanan Müəssislər Məclisinin məhsulu deyil, ac insanların məhsulu idi. Tarix boyu krallarını sevən Fransız xalqının nə XVI Lüdovik, nə də ki Maria Antuanetta ilə qəsdi-qərəzliyi yox idi. Körpəsini bağrına basıb əlində tutduğu dəryaz ilə Bastilya qalasına hücum edən qadın, Robespyer, Danton, Marat kimi pusquda dayanan monarxiya “düşmənlərindən” də xəbərsizdi. Tarixin axışını dəyişdirən Fransız İnqilabının ilk günlərindən etibarən ac-yalavac qadınlar öz ərləri, övladları ilə birlikdə çörək üçün ayağa qalxdılar. “Sankolotlar” adlanan bu hərəkat Fransız İnqilabının özəyini təşkil edirdi. Təsadüfü deyil ki, 5 oktyabr 1789-cu ildə Versal üzərinə yürüyən xalq kütlələrinə də qadınlar başçılıq edirdi. Bu hərəkatda qadınların inadkarlığı, əzmi, dəyanəti həmin dövr haqqında yazılan bütün tarix kitablarında ön plana çıxır. Lakin həmin qadınların burjuaziya qadınından fərqi çörək, dolanışıqdan başqa bir şey düşünməməsi idi. Burjuaziya qadını isə, inqilabın ilk günlərindən etibarən Mərkəzi Komitədən, Məclisdən çıxacaq qərarlara köklənmişdi. İnqilabın əsas qayəsini təşkil edən "liberté, égalité, fraternité" (azadlıq, bərabərlik, qardaşlıq) kişilərə aid edilir, qəbul edilmiş bəyannamə kişilərin hüquqlarını  qoruyur, onlara yeni haqlar tanıyırdı. Lakin inqilabın ilk günündən etibarən böyük fədakarlıqlar göstərmiş qadınlar yenə diqqətdən kənarda qalmış, onların hüquqlarını əks etdirən heç bir qanun gündəmə belə gətirilmirdi. Buna görə də, qadınların haqlı etirazlarını dilə gətirən Olimp de Quj (Olympe de Gouges) 1791-ci ilin sentyabr ayında qadın haqları haqqında bəyannamə dərc etdirir. O, azadlıqların sadəcə kişilərə aid olmadığını vurğulayır, Fransız qadınının (burjuaziya, aşağı sinif fərq etmədən) inqilabın vəd etdiyi imkanlardan məhrum olduğunu göstərməyə çalışırdı. Qadınların da, ən azı kişilər qədər eyni hüquqa malik olduğunu müdafiə edirdi. Bu bəyannamə Məclisdə müzakirə edilib, hətta lağlağı mövzusuna da çevrilmişdi. Sonralar Robespyerin qəzəbinə tuş gələn Olimp de Quj gilyotinə göndərildi. Və inqilab daha bir idealist övladını şəxsi intriqalara qurban verdi. İnqilabın sonrakı taleyi də məlumdur. 1794-cü ildə məğlubiyyət, Napoleonun yüksələn ulduzu və s.
 
İngiltərə və Fransa, iki fərqli siyasi və ictimai sistemin yetişdirdiyi qadın nümunəsini bizə təqdim edir. Əgər İngiltərədə Sənaye İnqilabının nəticəsində qadınlar öz haqq və hüquqlarını daha yüksəkdən dilə gətirməyə başladısa da, Fransada bunun siyasi tərəfi qabardılırdı. Lakin ortaq məxrəc, hər iki ölkədə qadın kişi bərabərliyinin dilə gətirilməsi idi. Həmin dövr üçün bu ideallar kişilər tərəfindən istehza mövzusu olsa da, qadın ictimai – siyasi fəallar uğursuzluq, məhrumiyyətlərə düçar olsalar da, artıq “ox yaydan çıxmışdı”. Buna görə də, 19-cu əsrdə qadın haqları uğrunda mübarizə bütün Avropa və Amerikaya (başlanğıcda əsasən ABŞ) yayıldı. Xüsusən də əməkçi qadınların öndərliyini etdiyi bu proses sosializmin geniş  yayılması ilə daha da qüvvətləndi. Əvvəlcə, qadın ağır əməkdən azad edildi, ardınca sosial haqlar tanındı, iş saatı azaldıldı. Digər diqqət çəkən nüans ailədə ülvi hisslərin artması, ailə bağlarının güclənməsi, ana – ata rol modelinin ön plana çıxması və nümunəvi ailə modelinin yaranması oldu. Qadının tərbiyəçi rolu artmağa başladı. Uşaqlara, ailə üzvlərinə qarşı individual qayğı ön plana çıxdı. Bu qəbildən də, 19-cu əsr qadının cəmiyyətdə öz mövqelərini təsdiq etmək üçün əhəmiyyətli mərhələ hesab edilir. Təbii ki, qadının təhsil alması, peşəkar mütəxəssis olması üçün atılan addımlar da bu dövrə təsadüf edir. Dövlətlərin öz aralarında rəqabətin məhsulu olaraq orta və ali təhsilə göstərilən diqqətdən qadınlar da öz nəsibini ala bildilər. Bu mərhələ I Dünya Müharibəsinə qədər davam etdi. Müharibə başlayanda fabrik və zavodlar da boşaldı. Bu zaman, ağır əməkdən azad edilmiş qadınlara yenidən fabrik və zavodlarda ehtiyac yarandı. Qadınlar tarixin görəcəyi ilk Dünya Müharibəsində arxa cəbhədə kişiləri əvəz edərək, fiziki əməyə olan potensiallarını bir daha nümayiş etdirdi. Müharibə bitəndə qadınlar daha iş yerlərini tərk etmədilər. Əksinə zavod və fabriklərdə başlanan əzmkarlıq ardınca seçmə və seçilmə haqqını da özü ilə gətirdi. 
 
Bundan sonrakı mərhələdə isə, qadınlar cəmiyyətdə tam bərabərlik, ikinci feminizm axınına (məs, abort haqqının əldə edilməsi uğrunda mübarizə) başladılar. Bəzilərinə nail olundu, bəziləri isə hələ də davam edir.  Qərb dünyasında da kişilər öz hegemoniyasını hələ ki, əldən vermək istəmir. Görünür, yaxın gələcəkdə bu, elə də real görünmür. Kişilər tərəfindən tanınan bütün haqlar əslində aşağıdan gələn böyük tələb və inadlı mübarizə nəticəsində reallaşdırılıb. Bunu çox yaxşı bilən kişilər aradakı görünməz “divarları” hələ də saxlayır. Bu nə qədər davam edəcək, deyə bilmərik. Lakin bir az əvvəl də, yuxarıda da qeyd etdiyimiz kimi, “ox yaydan çıxıb”. Qadınların Qərbdəki mübarizəsi davam edəcək kimi görünür. Bu dəfə hədəf bərabərlik deyil; qadınların kişilərə nəzərən daha çox səlahiyyət əldə etmək niyyət və iddiaları çox maraqlı prosesi də özü ilə gətirəcək.
 
Avropa tarixinə aid bu məlumatlar, qısa və xülasədən ibarət idi. Bəs baxaq görək, Azərbaycanda, qadınlarımızın tarixi inkişafı hansı istiqamətdə davam edib.
 
...ardı var
 
Tural Amin 
 
Antverpen Universiteti 
 
Sosial Elmlər Fakultəsi 
 
03.05.2015
 
Yuxarı