Amma hətta bu ağır şərtlər altında belə, Cümhuriyyətin ordu quruculuğu qədər, bəlkə də daha artıq önəm verdiyi iki məsələ vardı: təhsil və mədəniyyət.
Elə ona görə də Cümhuriyyət elan olunduqdan cəmi bir neçə ay sonra iki önəmli qərar qəbul edilmişdi: bunun biri Bakı Dövlət Universitetinin yaradılması, digəri isə 100 nəfər gəncin dövlət hesabına, başda Fransa, İtaliya, İniltərə və Almaniya olmaqla dünyanın bir sıra ölkələrindəki universitetlərdə ali təhsil alması idi.
Cümhuriyyət dönəmində mədəniyyətlə bağlı atılan addımları isə ayrıca qeyd etməyə dəyər. Bunlardan biri Dövlət Teatrının yaradılması idi. Teatrın rəhbəri Hüseynqulu Ərəblinski idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı.
İlk dövlət muzeyi də Cümhuriyyət dönəmində açılmışdı: Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına idi. Burada xeyli tariximi eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı.
Azərbaycanın ilk rəssamlıq studiyasının yaranması da Cümhuriyyət illərinin əsəridir: o, 1919-cu ildə fəaliyyətə başlamışdı, studiyanın ən parlaq üzvlərindən biri isə şübhəsiz, Bəhruz Kəngərli idi.
Cümhuriyyətin ilk ilindəcə təkcə Bakıda kinematoqrafların sayı 16-ya çatmışdı. Bu gün Sabir adına kitabxana kimi tanıdığımız kitabxana da məhz AXS dövründə açılmışdı. Həmin dövrün daha bir zəngin kitabxanası Bakı Dövlət Universitetində təşkil olunmuşdu.
Cümhuriyyətin süqut etdiyi 1920-ci ildə artıq Azərbaycanda 965 kitabxana var idi.
1887-ci ildə cəmi üç kitabxanası olan Bakı və ətrafında 1920-ci ildə kitabxana sayı 50-yə çatmışdı.
Siyahını davam etdirmək, daha da uzatmaq olar.
Amma hələlik bu qədər yetər.
İndi gələk əsas mətləbə.
***
Heç şübhəsiz, yuxarıdakıları bilənlər üçün xatırlatmaqda, bilməyənlərdən ötrü isə sadalamaqda məqsədim var. Öz varlığını cəmi 23 ay, üstəlik, xarici və daxili təhdidlər, qanlı hərbi toqquşmalar və qısıtlı maddi imkanlar şəraitində sürdürə bilmiş Cümhuriyyətin buna baxmayaraq təhsil və mədəniyyət adına önəmli addımlar atdığı halda indi biz nəyə şahid oluruq? Kitabxanalar sürətlə kababxanaya çevrilir. Ölkəyə bu qədər fantastik neft pulları daxil olduğu halda belə, onca çağırışlara, xahiş-minnətlərə rəğmən kitab üzərindən ƏDV-ni götürməyk istəmirlər. Keçmiş Sovet ölkələrindən Moldova, Tacikistan və Gürcüstanda, Avropa ölkələrindən Böyük Britaniya, İrlandiya, Norveç, Kiprdə kitabın dəyərinə qoyulan vergi dərəcəsi 0 faizdir. Niderlandda kitab üzərində ƏDV 6, Macarıstan, Litva, İspaniya, İtaliya, Almaniyada 4 faizdir. Azərbaycanda isə 18 faizlik bir ƏDV tətbiq olunur. Yəni bu qədər neft pullarından kitabın payına doğrudanmı heç nə düşmür?
Telekanalların qapısı hər cür debilizmin - ələmuçuranların, cinçıxaranların, falçıların, ölüdirildənlərin, tamadaların, bozbaş müğənnilərinin, itboğuşduranların, xoruzdöyüşdürənlərin, avtoşların, mələyin uçma sürətini hesablayanların üzünə taybatay açıldığı halda siz orada bircə dənə intellektual veriliş göstərə bilərsinizmi? Hətta «Mədəniyyət» telekanalı belə, öz adından qat-qat uzaqdır. O, daha çox aqrar təfəkkürün, psevdomədəniyyətin, anti-sənətin təbliğ tribunası rolunu oynayır.
Ölkənin yeganə azad ədəbiyyat təşkilatı - Azad Yazarlar Ocağını 10 ildən artıq bir müddətdir dövlət qeydiyyatına almırlar.
Yeganə müstəqil teatr - ODA teatrının başına gələnləri xatırlayın. Onu polis gücünə, müxtəlif digər inzibati təhdidlərlə yerləşdiyi ünvanlardan didərgin salmaq artıq vərdişə çevrilib.
Dövlət teatrlarında heç bir yaradıcı azadlıq yoxdur. Mədəni müxalifətçiliklə məşğul olan rejissorları, aktyorları işsiz, ac qalmaq təhlükəsi gözləyir. Banandan tutmuş kartofa qədər hər şeyin üzərində məmur monopoliyası hökm sürdüyü kimi, teatrlar da inhisardadır, İlyas və Elçin Əfəndiyevlərin əsərlərindən kənara çıxmaq iqtidarında deyillər. Aktyorlar dolanışıqlarını toylarda tamadalıq etməkdən çıxarırlar.
Hüseyn Cavidin "Mədəniyyət, mədəniyyət, yalnız mədəniyyət!” fikri "İdman, idman, yalnız idman!” devizi ilə əvəzlənib. Sistem öz gücünü zorbalıqdan aldığı üçün məqsədli şəkildə beyin biləyə, zəka zopaya məğlub etdirilib. Yetişdirilən bu nəhəng idmançı ordusundan xalq etirazlarını boğmaq üçün istifadə edilir, boş vaxtlarda isə onların səsi bar razborkalarından, restoran davalarından, toylarda musiqi "zakaz”ına görə yumruqlaşmalardan, qız üstündə bıçaqlaşmalardan gəlir.
Bir sözlə, bu gün Azərbaycanda həqiqi mədəniyyət adına dəhşətli bir böhran yaşanır. «Toylar kralı» Səməd Səmədovun xalq artisti olduğunu xatırlatmaq kifayətdir ki, real mənzərə hər kəsə aydın olsun. Saray təlxəkliyini üzərinə götürməyən heç bir yaradıcı adamın bu ölkədə sayğı və qayğı görmək şansı yoxdur. Mədəniyyət yaltaqlıq və mütilik müstəvisindən kənarda təsəvvür olunmur. Həm yaradıcı azadlığını qoruyub, sənətə mədəsi ilə deyil, qəlbi, ruhu, beyni ilə bağlı qalıb, həm də həyatda sağ qalmaq, acından ölməmək üçün insandan dəhşətli dərəcədə fədakarlıq, əzabkeşlik tələb edilir.
Sovetdənqalma psevdo birliklər hər cür himayə olunur. Yazıçılar Birliyindən kənarda ədəbiyyat, Bəstəkarlar, Rəssamlar ittifaqlarından kənarda sənət yox imiş kimi bir alqı yaradılır. Məqsəd aydındır: mədəniyyəti partiya və hökumət işinin vintciyinə, təkərciyi kimi qoruyub saxlamaq. Yalnız yaltaqları, daxili kölələri, saray təlxəklərini mədəni dəyər kimi tanımaq və tanıtdırmaq. Onların vasitəsilə toplumu istənilən istiqamətə yönləndirmək.
Yaptokratiya mədəniyyətin xilasedici gücünü yaxşı anlayır. Onun başıboş, nəzarətsiz buraxılacağı təqdirdə beyinlərdə hansı qığılcım yarada biləcəyini başa düşürlər. Mədəniyyət öz ruhu ilə köləliyə qarşıdır. Mədəniyyət mahiyyətinə görə həmişə müxalifdir. Mədəniyyət azadlığın ən qüdrətli silahıdır. Ona görə də Şər rejimlərinin gözünün düşmənidir.
Unutmamaq lazımdır: mədəniyyətsiz heç bir inkişaf qalıcı, uzunömürlü ola bilməz. Kütləvi mədəniyyətsizləşdirmə və savadsızlaşdırma şəraitində ən əzəmətli göydələnlər belə çox cılız görünür. Səməd Səmədov xalq artistidirsə, musiqi fontanlar da ürək bulandıracaq. Rəqsanə mədəni dəyərə çevrilibsə, xaricdən gətirdiyiniz bəzəkli ağaclar «çölün yovşanına, koluna dəyməz» (Murad Köhnəqala). Beyinlər qaranlıqda, fikirlər, düşüyncələr zülmətə qərq olubsa, «Alov qüllələri»niz də sönük, miskin görünəcək.
***
Bir neçə kəlmə də bizim müxalifətin mədəniyyətə münasibəti, daha dəqiq desək, münasibətsizliyi haqqında.
Nahaq yerə unudulur ki, mədəniyyətsiz heç bir xalqın xilası yoxdur. Kitabsız mübarizə heç bir effekt verə bilməz. Gertsen deyirdi ki, «inqilab gec-tez baş verəcək, amma o vaxtacan çalışıb, mədəni vətəndaşlar yetişdirmək lazımdır».
Bütün bu sadə, tarixin sınağından zəfərlə çıxmış adi həqiətləri gözardı etmək, görməzdən gəlmək, Sistemin bütün gücü ilə ayaqda saxlamağa çalışdığı, öz təbliğat ruporu kimi gördüyü psevdomədəniyyətə - psevdoyazıçılara, psevdosənətçilərə qahmar çıxmaq, «kraldan artıq kralçı» - yapçılardan artıq anarçı, muğamçı olmaq siyasi intihara bərabərdir, məğlubiyyətdən, uğursuzluqdan başqa heç nə vəd etmir.
Yaddan çıxarmayaq: Xalq Cümhuriyyəti yalnız siyasi mübarizənin deyil, həm də mədəni-mənəvi mübarizənin nəticəsi idi. Onu Rəsulzadə və silahdaşlarının siyasi mücadiləsi ilə bərabər həm də Axundovun komediyaları, Zərdabinin «Əkinçi»si, Sabirin «Hophopnamə»si, Mirzə Cəlilin «Molla Nəsrəddin»i, Əbdürrəhim bəyin «Marallarım»ı və «Xortdanın cəhənnəm məktubları», Əli bəy Hüseynzadənin «Füyuzat»ı yaratmışdı. Xalq Cümhuriyyətinə gedən yol həm də Əhməd bəy Ağaoğlunun, Ömər Faiq Nemanzadələrin, Üzeyir Hacıbəyovların, Məhəmməd Hadilərin aydınlıq mübarizəsindən keçmişdi.
Şər, qorxu, xof, yalan öncə beyinlərdə çökməli, şüurlarda yıxılmalı, ürəklərdə gömülməlidir. Bunu bacara biləcək ən böyük, qarşısıalınmaz güc isə mədəniyyətdir.
Bunu unudanlar qələbəni, uğuru da unutsunlar.