VI
Gəlin görək, insanların onsuz yaşaya bilməyəcəklərini düşündüyü, bugünün hakimiyyətləri nə deməkdir?
Doğrudan da, bir zamanlar xalqın öz hakimiyyətini yaratması qaçılmaz idi və bu xalqın üstünə basqın eləyən başqa bir mütəşəkkil xalqın onun başına gətirə biləcəyi yamanlıqlarla tutuşduranda hakimiyyətlərin varlığı daha az yamanlıqlar yaradırdı, ancaq indiki zamanda artıq bu hakimiyyətlər gərəksiz şeylərə çevrilmişlər və bu hakimiyyətlər onların öz xalqarını qorxutduqları şeylərin hamısından daha çox yamanlıq törədiciləridirlər.
Təkcə hərbi yox, elə istənilən hakimiyyətin varlığı yalnız bir durumda ziyansız ola bilərdi (mən hakimiyyətlərin heçbir halda faydalı ola bilməyəcəyini düşünürəm), onda bu hakimiyyətlər gərək, çinlilərin dediyi kimi, ən doğrucul və müqəddəs insanlardan yaradılaydı. Ancaq özünün yaranmasında və fəaliyyətində zorakılığa arxalanan hakimiyyət müqəddəsliyə zidd olan elementlərdən qurulduğundan, bu hakimiyyətin təmsilçiləri də ən sırtıq, qaba və pozğun adamların arasından çıxır.
Buna görə də, istənilən hakimiyyət, ən çox da hərbi gücdən yararlanmaq səlahiyyəti olan hakimiyyət, yer üzündə ən iyrənc və ən qorxulu bir qurumdur. Hakimiyyət özünün geniş anlamında, onun içində olan kapitalistlər və mətbuat da daxil olmaqla, belə bir sistem üzrə qurulur: burada böyük bir qrup, özündən sayca az olan kiçik bir qrupun hökmü altında olur; bu kiçik qrup da özlüyündə daha kiçik bir qrupun tabeliyində olur, bu kiçik qrup da özündən daha kiçik qrupa tabe olur və bu tabeçilik sonunda ən yuxarıda dayanan bir neçə, yaxud da bir adamın tabeçiliyinə düşməyə kimi gedib çıxır və ən başda duran bu azlıq hərbi gücə arxalanaraq bütün başqa qruplar üzərində ağalıq eləyir. Belə bir quruluş öz təbiətinə görə konusa bənzəyir və konusun aşağısını təşkil eləyən adamlar bütünlüklə, bu konusun təpə nöqtəsində dayanan bir neçə və ya bir adamın tabeliyində olurlar.
Bu konusun təpəsində özünə yer eləyə bilən adamlar və ya tək bir adam bütün yerdə qalanlardan daha çox hiyləgər, həyasız və vicdansız olur, ya da belə bir həyasız və vicdansız birisinin təsadüfi varisi olaraq burada otura bilir.
Bu yaramaz hakmiyyət hərisi: bu gün Boris Qodunovdursa, sabah onun yerini Qriqori Otrepyev tutur, bugün ərini öz oynaşlarına boğdurub öldürtdürən pozğun Yekaterinadırsa, sabah bu yerə can atan Puqaçov olur, o birisi gün dəli Pavel gəlir, onun ardınca isə Nikolay, III Aleksandr və başqaları ortaya çıxırlar.
Bu gün Napoleon, sabah isə Burbon və ya Orleanski, Bulanje və ya fırıldaqçıların hansısa birliyi hakimiyyəti ələ keçirir: bugün hakimiyyətdə olan Qladstonun yerini sabah Solsberi, Çemberlen, Rode tutur.
Və belə hakimiyyətlərə yalnız adamların əmlakı və həyatı üzərində bütünlüklə hökm eləmək səlahiyyəti verilmir, bununla yanaşı, bütün bu adamların mənəvi inkişafı, tərbiyə olunması, dini baxışlarla bağlı işlərini yönətmək də onların səlahiyyətində olur.
Adamlar özlərinə belə qorxunc bir hakimiyyət maşını düzəldir, bu hakimiyyətin təsadüfi adamların əlinə keçirməsinə yol verir (bununla da mənəvi baxımdan ən dəyərsiz adamların hakimiyyətə gəlməsi üçün çox böyük şansları yaranır), onlara köləcəsinə boyun əyirlər və sonradan da nədən belə axmaq duruma düşdüklərinə təəcüblənirlər. Anarxistlərdən, onların partlatdıqları bombalardan qorxurlar, ancaq onları istənilən anda qorxunc fəlakətlərə gətirib çıxara biləcək belə bir quruluş yaratmaqdan qorxub çəkinmirlər.
Adamlar özlərini yağılarından qorumaq üçün belə bir yararlı üsul tapmışlar: onlar da döyüş qabağı özlərini hamılıqla bir iplə bağlayan çərkəzlər kimi, belə bir quruluşun onları hamılıqla biri-birilərinə bağlamasına üstünlük verirlər. Ancaq indi ortalıqda heç bir savaş qorxusu olmasa da, adamlar bu bağlılığı saxlamaqda davam eləyirlər.
Beləliklə də, özlərini hamılıqla və çox ciddi-cəhdlə biri-birilərinə bağladıqları üçün də, bir nəfər adamların bağlandıqları bu ipin ucundan tutub onları haraya istəsə çəkib apara bilir; sonra onların bağlandığı bu ipi atır, bu ip yerdə düşüb qalır və sonradan, hansısa bir yaramazın və axmağın yenidən bu ipin ucunu ələ keçirib xalqın başına istədiyi oyunu aça bilməsinə imkan yaradır.
Belə bir iş tutur, sonra nədən pis duruma düşdüklərinə heyrətlənirlər.
Doğrudan da, hərbi gücə yiyələnən hakimiyyət yaratmaq və ona tabeçilik göstərməklə xalq öz başına belə bir gülünc oyun açmırmı?
VII
İnsanları hələ də dözdükləri, onları günü-gündən daha böyük fəlakətlərə sürükləyən və günü-gündən daha da artan silahlanma və müharibə bəlasına salmağa doğru aparan bu yaramaz qurumlardan qurtara bilmək üçün konqreslərə, konfranslara, fəlsəfi traktatlara, beynəlxalq məhkəmələrə gərək yoxdur, bunun üçün onları bu ağrı-acılara tuş eləyən və hakimiyyət adlanan bu zorakılıq qurğusu dağıdılmalıdır.
Hakimiyyəti dağıtmağın isə yalnız bir yolu vardır: insanlar gərək hakimiyyət adlanan bu zorakılıq silahını qoruyub saxlamağın ən başlıca vasitəsinə çevrilən patriotizmin qaba, ziyanlı, utanmaz və ağılsız, ən başlıcası isə əxlaqsız bir duyğu olduğunu anlaya bilsinlər. Bu duyğunu qaba eləyən, onun əxlaqın ən aşağı plləsində dayanan adamlara xas olmasına görədir və bu adamlar başqa xalqlardan özlərinə qarşı eyni zorakılığı gözləyərək özləri onlara qarşı zor işlətməkdən çəkinmirlər; bu duyğunu ziyanlı eləyən, onun insanların işinə yarayacaq və onlara sevinc gətirəcək xalqlararası sülh ilişkilərini pozması, ən başlıcası, bu yamanlığı gerçəkləşdirmək üçün ən pis hakimiyyət formaları yaradıb onun ən yaramaz adamların əlinə keçməsinə imkan yaratmasıdır; bu duyğunu utanmazlığa gətirib çıxaran isə, onun insanları nəinki kölələşdirməsi, habelə, onları döyüşkən xoruzlara, buğalara, qladiotorlara çevirməsidir və bu adamlar öz güclərini öz məqsədləri üçün işlətməkdənsə, onu hakimiyyətin anlamsız məqsədlərinə qurban verirlər; bu duyğunu əxlaqsız eləyən isə, insanların: xristianlığın bizi öyrətdiyi kimi, özünü tanrının oğlu saymaqdansa, heç olmasa özünün sağlam düşüncələrinə arxalanıb yaşayan azad bir insan olmaqdansa, onların, patriotizmin təsiri ilə, özlərini yalnız öz vətənlərinin övladı saymaları, hakimiyyətin köləsi olmaları, öz sağlam düşüncə və vicdanlarının əksinə olan işləri görməyə yönəlmələridir.
İnsanlar bu gerçəyi anlaya bilən kimi, doğrudan da, heç bir savaşa gərək olmadan, onları qorxunc şəklə salan bir formada biri-birinə bağlayan bu, hakimiyyət adlanan qurğu da özü-özünə dağılıb gedəcəkdir və bununla yanaşı olaraq, onun öz xalqına gətirdiyi təhlükəli və yararsız yamanlıqlar da ortadan qalxacaqdır.
İnsanlar artıq bunu anlamağa başlayıblar. Baxın, görün, Şimali Amerika Ştatlarının bir vətəndaşı nə yazır: “Bizlərin–əkinçilərin, mexaniklərin, tacirlərin, fabrikantların, müəllimlərin–sizdən yalnız bir istəyimiz var: şəxsi işlərimizlə məşğul olmaq haqqımızı özümüzə verin. Bizim özümüzə görə evimiz, sevimli dostlarımız var, öz ailəmizə sədaqətliyik və qonşularımızın şəxsi işlərinə qarışmırıq, bizim bacardığımız işlər var və biz işləmək istəyirik.
Bizi rahat buraxın!
Ancaq siyasət düşkünləri yaxamızdan əl çəkmək istəmirlər. Onlar üstümüzə vergilər qoyur, əmlakımızı mənimsəyir, bizi siyahıya alır, gənc törəmələrimizi özlərinin maraqları üçün apardıqları müharibələrə çağırırlar.
Sayı bəlli olmayan uzun bir sıra yaradan çoxlu adamlar dövlətin hesabına yaşayırlar və öz dolanışıqlarını qura bilmək üçün bizdən vergi toplayırlar; bu vergini vaxtında və yetərincə toplaya bilmək üçün də, daimi ordu saxlayırlar, onların bu ordunu ölkəni qorumaq üçün yaratdıqlarını deməsi isə ağ yalandan başqa bir şey deyildir.
Fransız hakimiyyəti öz xalqını almanların basqını ilə qorxudur; ruslar ingilislərin basqınından qorxurlar; ingilislər hamının onlara basqın eləyə biləcəyindən qorxurlar; İndi isə Amerika hökuməti bizə deyir: gərək donanmamızı və qoşunlarımızın sayını artıraq, yoxsa Avropa istənilən anda gücünü toplayıb üstümüzə basqın eləyə bilər. Bu, iyrənc bir yalandır. Fransanın, Almaniyanın, İngiltərənin və Amerikanın sadə xalqları müharibəyə qarşıdır. Bizim tək istəyimiz, başqalarının dincliyimizi pozmamasıdır. Arvadı, valideyinləri, uşaqları, evi olan insanlar heç vaxt bunları başlı-başına buraxıb, kimliyindən asılı olmayaraq, heç kimlə savaşmağa getmək istəməzlər. Biz, barışsevər insanlarıq, qanlı savaşlardan qorxuruq və onları görməyə belə gözümüz yoxdur.
Biz başqalarının bizə qarşı eləməsini istəmədiyimiz şeyləri özümüz də onlara qarşı eləmək istəmirik.
Müharibə silah gəzdirən adamların, daimi olaraq, ortalıqda olmasınının nəticəsində baş verir. Daimi olaraq, böyük ordu saxlayan istənilən ölkə gec-tezi savaşmağa başlayacaqdır. Yumruq döyüşündə hamıdan güclü olduğu ilə öyünən birisinin qarşısına gec-tez özünü ondan güclü sayan başqası çıxacaqdır və onlar savaşacaqlar. Almaniya ilə Fransa biri-birinə qarşı öz güclərini göstərə bilmək üçün fürsət axtarırlar. Onlar artıq bir neçə dəfə savaşıblar və görünür, hələ yenə də savaşacaqlar. Bu savaşı onların sadə xalqları istəməzdi, ancaq yuxarı təbəqədən olan adamlar bu xalqların arasında qarşılıqlı nifrət yaradıb bunu qızışdırır və bu xalqlara özünü qorumaq üçün mütləq savaşmalı olduğu düşüncəsini aşılayır.
İsa Məsihin göstərdiyi yolu tutub yaşamaq istəyən insanların üstünə ağır vergi yükü qoyurlar, alçaldırlar, aldadırlar və müharibələrə sürükləyirlər.
İsa Məsih dinclik və barış içində yaşamağı, biri-birinə qarşı yumşaq davranmağı öyrədirdi, incikliyi unutmağa çağırırdı, başqasını öldürməyin yaramazlıq olduğunu deyirdi.
Müqəddəs kitablar bizi and içməkdən çəkindirir, ancaq yaşadığımız toplumun “yüksək sinifləri” bizi özlərinin inanmadıqları bu müqəddəs kitablara and içməyə məcbur eləyirlər.
Biz yaxamızı bu soyğunçuların əlindən necə qurtaraq? – bunlar işləməsələr də, ən incə parçalardan, mis düyməli, bahalı paltarlar geyinir, qiymətli daş-qaşlarla bəzənirlər, bizim əməyimizlə gen-bol dolanırlar, biz qan-tərə batıb torpağı bunlar üçünmü becəririk?
Yoxsa onlarla savaşmağamı qalxaq?
Ancaq biz qan tökməyə qarşıyıq, həm də onların silahı və pulu çoxdur və onlar bu savaşda bizdən daha çox duruş gətirə bilərlər.
Onların bizim üstümüzə göndərəcəyi orduda döyüşən adamlar kimlər olacaqdır?
Bu ordunu yaradanlar da elə bizlərik, onlar–bizim aldadılmış qonşularımız və qardaşlarımızdır, onları çaşdıraraq, öz ölkələrini yağılardan qorumaqla tanrıya qulluq elədiklərinə inandıra bilmişlər. Özlüyündə isə, bizim onlara vergi ödəməyimizin qarşılığında maraqlarımızı qoruyacağını vəd eləyən “yüksək sinifdən” başqa bizim bu ölkədə ayrı bir düşmənimiz yoxdur. Onlar bizim əlimizdə olanları silib-süpürüb aparırlar və bizi kölələşdirmək və alçaltmaq üçün öz doğma qardaşlarımızı bizə qarşı qoyurlar.
Siz, yeri gələndə üstünüzə gəlib sizləri öldürə biləcək silahlı adamların saxlanması üçün xərclənən vergiləri ödəmədən öz arvadınıza teleqram, dostunuza poçtla sovqat göndərə bilməzsiniz, sizə gərəyinizcə olan şeylər satmış adamların pulunu verə bilməzsiniz və bu vergiləri ödəmədiyiniz üçün sizi dustaq da eləyə bilərlər.
Bizim təkbir çıxış yolumuz insanlara başqasını öldürməyin böyük bir yamanlıq olduğunu aşılamaq, onlara peyğəmbərlərin də qanunlarında: “başqasının sənə eləməsini istəmədiyin şeyləri sən də ona qarşı eləmə” deyildiyini anlatmaqdır. Dinməz-söyləməzcə, bu yüksək sinifi saya salmayın, onların savaş bütlərinə boyun əyməyin. Patriotizmi nəsə önəmli bir şey kimi öyənlərə və müharibə eləmək üçün öyüd verənlərə sayğı ilə yanaşmağı dayandırın, onlara qulaq asmağı buraxın.
Qoy, onlar da gəlib bizim kimi işləsinlər.
Biz İsa Məsihə inanırıq, onlar isə yox. İsa Məsih nəyi düşünürdüsə onu da deyirdi; onlar isə “yüksək sinifin”–hakimiyyətdə olanların bəyənəcəyini düşündükləri sözlərdən başqa heç nə demirlər.
Biz, hərbi xidmət keçməkdən boyun qaçıracağıq. Onların buyuruğuna qulaq asıb adamlara güllə atmayacağıq. Biz, xeyirxah və mehriban xalqımıza qarşı süngülərlə silahlanmayacağıq. Biz, Sesil Rodsun təhriki ilə, öz doğma ocaqlarını qoruyan çobanlar və əkinçilərlə döyüşməyəcəyik.
Sizin yalançı: “üstümüzə qurd gəlir!” kimi qışqırıqlarınız bizi qorxutmur. Biz, vergiləri də məcburiyyət ucbatından ödəyirik. Biz, bu məcburiyyətdən qurtula biləndə, bu soyğunçu vergiləri ödəməkdən də boyun qaçıracağıq. Biz, qazancımızın ondan birini kilsə vergiləri kimi bu ikiüzlü ruhanilərə, onların yalançı xeyriyyəçiliklərinə verməyəcəyik və bütün imkanımız olan yerlərdə düşündüklərimizi ucadan deməyə çalışacağıq.
Biz, insanları tərbiyələndirib dəyişməyə çalışacağıq.
Beləliklə də bizim bu dinməz-söyləməz şəkildə göstərdiyimiz təsirlər ardı-arası kəsilmədən yayılacaqdır; bizim göstərdiyimiz təsirlər, hətta, əsgər kimi qulluğa çağırılan insanları da savaşmaqdan çəkindirməyə başlayacaqdır. Biz bütün dünyaya xristian əxlaqına uyğun yaşamağı aşılayacağıq və xoş məramlarla yaşamağın savaşlar və qaniçən müharibələrlə keçən ömürdən qat-qat üstün olduğuna insanları inandıracağıq.
“Bütün dünyada barış olsun!” şüarı yalnız insanların savaşdan əl çəkmələri və başqalarının onlar üçün eləməsini istəmədiklərini, özləri başqalarına qarşı eləməyəndə özünü doğruldacaqdır”.
Bu sözləri Şimali-Amerika Ştatlarının vətəndaşı yazır və dünyanın müxtəlif yerlərindən, fərqli formalarda olsa da, buna bənzər çağırışlar səslənməkdədir.
Bunu isə bir keçmiş alman əsgəri yazır: “Mən, 1866-70-ci illərdə pruss qvardiyasının iki hərbi yürüşündə iştirak etmişəm və məni ağlagəlməz bir bədbəxtliyə düçar elədiyi üçün müharibəyə bütün varlığımla nifrət eləyirəm. Biz yaralanıb əlil olmuş keçmiş döyüşçülər indi gülünc görünəcək miqdarda pensiya alırıq və doğrudan da, adam keçmişdə patriot olduğu üçün özü-özündən utanmalı olur. Örnək üçün, 18 avqust 1870-ci ildə S. Privanın ələ keçirilməsi uğrunda aparılan döyüşdə alldığım güllə yarasından sağ qolum həmişəlik çolaq olduğu üçün mən indi bir günə 80 pfenniq pul alıram. İndi ov itlərinə, gündəlik, bu məbləğdən artıq pul xərcləyirlər. Mən isə iki ağır güllə yarası aldığım bu, sağ qolumla düz bir il ağrıların içində qovrulmuşdum. Artıq 1866-cı ildə mən Avstriyaya qarşı müharibədə iştirak eləmiş, Trautenau və Keniqripanın ələ keçirilməsi uğrunda döyüşmüş, gördüyüm qorxunc olaylardan dəhşətə gəlib sarsılmışdım. 1870-ci ildə məni, ehtiyatda olan hərbçi kimi yenidən müharibəyə göndərdilər və dediyim kimi, S. Priva şəhəri uğrunda döyüşdə ağır yaralandım: orada aldığım iki güllə yarası sağ qolumu yararsız hala saldı. Hərbi qulluğa çağrılanda mən yaxşı qazanc götürdüyüm bir yerdə pivəbişirən işləyirdim, müharibədən qayıdandan sonra mən daha bu işimə qayıda bilmədim. O gündən başlayaraq mən bu həyatda necə yıxılmışamsa, bir daha ayaq üstə qalxmağa özümdə güc tapa bilmirəm. Beynimi dumanlandıran patriotizm duyğusu dağılıb getdi və keçmiş döyüşçü indisə köməksiz bir əlil olan mən, hökumətin verdiyi dilənçi payına oxaşayan qəpik-quruşla yaşamağa möhtac olmuşam...
İnsanların əhliləşdirilmiş heyvanlar kimi ora-bura qaçdıqları və öz ehtiraslarını ödəməkdən ötrü, biri-birinə fırıldaq gəlməkdən başqa bir şey düşünməyi bacarmadıqları bu dünyada onlar məni özgə və anlaşılmaz birisi saysalar belə, ancaq mən öz daxilimdə, İsa Məsihin dağüstü moizələində olduqca gözəl təsvir elədiyi, ilahi bir dünya ilə bağlı düşüncələr gəzdirməkdəyəm. Mənim çox dərin inamıma görə, maharibə geniş miqyaslı bir ticarətdir, burada xudbin və güclü adamlar xalqların səadəti ilə alver eləyirlər.
Bu müharibələrə qatılanda, sözlə deyilə bilməyən dəhşətlərlə üzləşirsən! Mən savaş meydanlarında eşitdiyim o, adamın iliyinədək işləyən iniltiləri heç vaxt unuda bilməyəcəyəm.
Biri-birini tanımayan və biri-birinə heç bir yamanlığı keçməyən adamlar bu müharibələrdə biri-birini yırtıcı heyvanlarsayağı öldürürlər və köləliyə öyrəşmiş ruhlar isə tanrının uca adını da bu qanlı savaşla bağlamağa çalışırlar. Atılan güllələrdən biri mənimlə yanaşı döyüşən qonşumun çənəsini parçalamışdı. O bərdbəxt insan duyduğu ağrıdan ağlını itirmək dərəcəsinə çatmışdı. O qızmar yay gününün adamı yandırıb-yaxan istisində dəli kimi oyana-buyana qaçır, özünün qorxunc yarasını sərinləşdirib toxdada bilmək üçün heç yerdən su da tapa bilmirdi. Sonradan adlı-sanlı imperator Fridrix olmuş, onda isə bizim komandirimiz olan kronprints Fridrix o günlərdə gündəliyində yazmışdı: “Müharibə–İncildə yazılanları ələ salmaqdır...”
Bu alman əsgərinin məktubundan da göründüyü kimi, insanlar hakimiyyətlərin onları ciddi-cəhdlə tutub saxlamaq istədikləri patriotizm yalanının mahiyyətini anlamağa başlayırlar.
VIII
Söz gəlib bu yerə çatanda, adətən, soruşurlar: “Hökumət olmasa, onda nə baş verəcəkdir?”
Heç nə olmayacaqdır; artıq çoxdan dəyərsizləşən və buna görə də önəmsiz və anlamsız olan bir qurumun dağılıb yox olmasından başqa heç nə baş verməyəcəkdir; gərəksiz və ziyanlı bir qurum aradan qalxacaqdır.
Yenə də adət üzrə deyirlər: “Hakmiyyət olmasa onda insanlar biri-birini öldürəcək, biri-birinə qarşı zorakılıq eləyəcəklər”.
Nə üçün belə olmalıdır? Nə üçün, zorakılığın nəticəsi kimi yaranmış və bu zorakılığı ardıcıl olaraq yürütmək üçün nəsildən nəsilə ötürülən bu qurumun dağıdılmasından, özünün yararlığını itirmiş belə bir nizamın pozulmasından sonra, insanlar biri-birini öldürməli və biri-birinə qarşı zorakılıq eləməlidirlər? Axı, gərək, əksinə olsun, zorakılıq orqanının dağıdılmasından sonra insanlar biri-birini öldürməkdən və biri-birinə qarşı zorakılıq eləməkdən əl çəksinlər.
İndi bu hakimiyyətin fəaliyyəti nəticəsində adamları öldürmək və onlara qarşı zorakılıq eləmək üçün xüsusi hazırlanmış və öyrədilmiş adamlar vardır–bu adamların başqalarına qarşı zorakılıq eləməsinə hüquqi don geyindirmək üçün xüsusi təşkilatlar da yaradılmışdır; habelə, belə zorakılıqlar və başqalarını öldürmək yaxşı bir iş, igidlik sayılır, ancaq adamlara bu şəkildə zorakılığı və başqalarını öldürməyi öyrətməyəndə, heç kimin başqasına qarşı zorakılıq eləmək hüququ da olmayacaqdır, habelə, zorakılığı yürüdən təşkilatlar da olmayacaqdır və indiki çağımızın bir çox adamlarında özünü göstərən: zorakılığa və adam öldürməyə qarşı mənfi münasibət də, hamılıqla qəbul ediləcək, unversal əxlaqi dəyərlərə çevriləcəkdir.
Birdən hakimiyyətin dağıdılmasından sonra zorakılıqlar baş verərsə belə, bu, hər halda, indiki kimi zorakılığın və adam öldürməyin yaxşı bir iş sayıldığı və qanuniləşdirildiyi, habelə, xüsusi təşkilatlar tərəfindən mütəşəkkil formada həyata keçirildiyi zorakılıqlardan qat-qat az olacaqdır.
Hakmiyyətin dağıdılması, yalnız nəsildən-nəsilə ötürülən və zorakılığı həyata keçirməklə yanaşı onu qanuniləşdirən bir təşkilatın aradan qaldırılması demək olacaqdır.
Bu yerdə, çox vaxt bilərəkdən, hakimiyyətin zorakılığını toplumda görülməli olan müxtəlif ictimai fəaliyyət növləri ilə qarışdırmağa çalışıraq deyirlər: “Demək, onda qanunlar da, mülkiyət də, məhkəmələr də, xalq təhsili müəsissələri də olmayacaqdır”.
Hakimiyyətin insanlar üzərində zorakılıq eləmək üçün yaratdığı təşkilatların dağıdılması heç də qanunların, məhkəmələrin, mülkiyyətin, polis müdaxiləsinin, maliyyə qurumlarının və xalq təhsili müəsissələrinin də dağıdılması demək deyildir. Əksinə, hakimiyyətin ancaq özünü qorumağa yönəlmiş qaba ağalığı olmazsa, onda yalnız zorakılığa ehtiyac duymayacaq ictimai təşkilatlar fəaliyyət göstərəcəkdir. Məhkəmə də, ictimai fəaliyyət də, xalq təhsili də, xalqa gərək olan ölçülərdə mövcud olacaqdır; aradan qaldırılan isə yalnız, xalqın öz iaradəsini azad şəkildə gerçəkləşdirməsinə əngəl olan yararsız və yaramaz qurumlar olacaqdır.
Tutalım, hakimiyyətin yoxluğu qarışıqlıq və ölkə içində qarşıdurma yaradacaqsa da, ancaq onda da, xalqların durumu indikindən yaxşı olacaqdır. İndi xalqlar elə bir durumdadırlar, onun bundan da pis olacağını ağla belə gətirmək mümkün deyildir. Xalqlar büsbütün yoxsulluq içində yaşayırlar və belə getsə, bu durumun daha da ağırlaşacağı qaçılmazdır. Bütün əli silah tutan kişilər hərbi kölələrə çevriliblər və istənilən anda ölüb-öldürmək üçün veriləcək əmri gözləyirlər. Bundan daha pisi nə ola bilər? Yoxsa, bundan da pisi bu yoxsullaşmış xalqların acından ölməsi olacaqdır? İnsanların aclıq çəkməsi artıq Rusiyada, İtaliyada və Hindistanda özünü göstərməkdədir. Yoxsa, kişilərlə yanaşı qadınlarıdamı əsgərliyə çağırmalıdırlar? Taransvaalda artıq buna başlayıblar.
Ona görə də, əgər hakimiyyətin yoxluğu anarxiyaya gətirib çıxaracaqsa (ancaq bunu anarxiya adlandırmağı mən düzgün saymıram), onda heç bir anarxiyanın gətirə biləcəyi başıpozuqluq indi hakimiyyətlərin öz xalqlarını saldıqları və getdikcə daha da pisləşən bu durumdan pis olmayacaqdır.
Ona görə də, indi insanlıq üçün patriotizmdən azad olmaqdan və bununla da onun yaratmış olduğu despot hakimiyyətləri məhv eləməkdən də daha yararlı bir iş ola bilməz.
IX
Ayılın, ey insanlar, özünüzün və qardaş-bacılarınızın çata biləcəyi cismani və mənəvi rifahın naminə dayanın, nə elədiyinizi bir də götür-qoy eləyin, düşünün!
Bir də düşünün və anlayın, ey insanlar: sizin yağılarınız heç də burlar, ingilislər, fransızlar, almanlar, çexlər, finlər, ruslar deyildir, sizin tək bir yağınız var, o da sizin özünüzsünüz, öz patriotizminizlə sizi əzən və bədbəxtçilyə sürükləyən hakimiyyətlərə arxa durmaqla, sizlər özünüz özünüzlə yağılıq eləyirsiniz.
Onlar sizi qorumaq adı ilə ortaya çıxdılar və bu xəyali, qorumaq deyilən fəaliyyətləri ilə sizləri belə bir duruma gətirib çıxardılar: indi siz hamılıqla əsgərlərə, kölələrə çevrilmisiniz, hamınız yoxsullaşmısınız və bu bundan artıq da yoxsullaşacaqsınız, habelə, hər an bu gərilmiş simin qırılacağını və öz yaratdığınız və arxa durduğunuz hakimiyyətin sizi və uşaqlarınızı dəhşətli bir şəkildə döyüb yerinizdə oturtmağa başlayacağını da gözləməlisiniz.
Və sizin yaranmış durumla bağlı narazılığından doğan qalxışmanızı yatırmaq üçün hakimiyyətin sizi necə döyməsindən və bunun nə ilə sonuclanmasından asılı olmayaraq düşdüyünüz bu durum dəyişməyəcəkdir. Hakimiyyət yenə də, öncələrdə olduğu kimi, daha böyük gərginliklə silahlanacaq və sizi daha da çox yoxsullaşdıracaqdır, bununla da, sizi də, uşaqlarınızı da, alçaltmaqda davam eləyəcəkdir, ona görə də, siz özünüz bu prosesi dayandırmasanız, onun qarşısını almasanız, bu işdə heç kim sizə kömək eləyə də bilməyəcəkdir.
Burada yalnız bir çıxış yolu vardır: xalqın üzərində qurulmuş bu qorxunc zorakılıq konusu dağıdılmalıdır, bu konusu yaradanlar, onun təpəsinə dırmaşanlar bütün xalqlar üzərində ağalıq eləyirlər və bu ağalıqlarının ömrü uzandıqca onlar daha da amansız və daha da qeyri-insani olurlar, biz onları: Napoleonun, I Nikolayın, Bismarkın, Çemberlenin, Rodsun, bizdəki kimi, xalqı çarın adından idarə eləyən diktatorların örnəyində artıq çoxdan tanıyırıq.
Bu asılılıqdan qurtarmağın, onu məhv eləməyin isə yalnız bir yolu var– bu da, patriotizm hipnozundan ayılmaqdır.
Anlayın, ağrı-acılarına tuş gəldiyiniz bütün yamanlıqları siz özünüz-özünüzə eləyirsiniz, imperatorların, kralların, parlament üzvlərinin, hakimiyyətlərin, hərbçilərin, kapitalistlərin, ruhanilərin, yazıçıların, rəssamların, bir sözlə, sizin əməyiniz hesabına harınca yaşaya bilmək üçün bu patriotizmin işlərinə yarıdığı adamların hamısının, sizlərə aşıladığı yalanlara uymaqla özünüz yaxanızı bu yamanlıqların əlinə verirsiniz.
Kim olmağınızdan asılı olmayaraq–istər fransız, rus, polyak, ingilis, irland, alman, çex olun və ya bir başqası–anlayın, sizin əsil insani maraqlarınız–necəliyindən asılı olmayaraq–bu, istər əkinçilik, sənayeçilik, ticarətçilik, bədii və elmi yaradıcılıq olsun, bütün bu maraqlarınız da sizin bütün başqa əyləncələriniz və həzzləriniz kimi, bütün başqa xalqların və dövlətlərin maraqları ilə heç bir ziddiyət yaratmır və çağdaş günümüzdə siz bütün bu xalqlar və dövlətlərlə qarşılıqlı əlaqələr və mübadilələr şəraitində yaşayırsınız, qardaşcasına münasibətlərin sevinci ilə bağlanmısınız, sizi başqa xalqlarla bağlayan təkcə hansısa malların mübadiləsi deyil, həm də siz onlarla düşüncə və duyğu mübadiləsindəsiniz.
Başa düşün, Vey Xay-veyi, Port-Arturu, və ya Kubanı kimin birinci tutacağı, bunun sizinmi, yoxsa başqa bir xalqınmı hökumətinin eləyəcəyi problemi, sizin üçün nəinki önəmsizdir, həm də sizin hakimiyyətinizin hər bir belə işğalı sizin ziyanınızadır, axı, sizin hakimiyyətiniz bu işğalı gerçəkləşdirə bilmək, bu talanlarda, zorakılıqlarda, kiminsə torpaqlarını güclə əlindən alıb özündə saxlamaqda sizin köməyinizə arxalanır. Anlayın, Elzasın almanların, yoxsa fransızların əlində olması, yaxud da İrlandiyanın azadlıqda, yoxsa əsarətdə qalması sizin həyatınızı azacıq da olsa yaxşılaşdırmayacaqdır; onların kimin olmasından asılı olmayaraq, siz istədiyiniz yerdə yaşaya bilərsiniz; hətta, siz elzaslı, irland və ya polyak olsanız belə–bunu anlamağa borclusunuz: patriotizmin qızışdırılması üçün göstərilən bütün çalışmalar sizin vəziyyətinizi biraz da ağırlaşdıracaqdır, çünki sizin öz xalqınızın kölələşdirilməsi də, elə patriotizmlərin savaşından törəmişdir və istənilən bir xalqda özünü göstərən patriotizm başqa xalqlarda da bu xalqa qarşı yönələn güclü qıcıqlanmalar və daha aqressiv patriotizmlər yaradır. Başa düşün, siz bu düşdüyünüz fəlakətlərdən yalnız bir yolla qurtula bilərsiniz, bunun üçün də gərək bu köhnəlmiş, vaxtı keçmiş patriotizm ideyasından əl çəkəsiniz və onun sizin başınızın üstündə ağalıq eləmək üçün yaratdığı hakimiyyətə olan köləliyinizdən yaxanızı qurtarasınız və yalnız bundan sonra siz xalqların qardaşlığı deyilən yüksək ideyaların yaşadığı oblasta sarı ürəklə addımlaya biləcəksiniz, bu böyük ideyalar artıq çoxdan həyatımıza daxil olmuşlar və hər tərəfdən sizi özlərinə qoşulmağa çağırırlar.
İnsanlar, yalnız, hansısa vətənin və hakimiyyətin övladları deyil, tanrı övladları olduqlarını və buna görə də, başqa xalqların köləsi və yağıları ola bilməyəcəklərini anlasaydılar, onda bu ağılsız, heç nəyə yaramayan, keçmişlərdən qalma bu fəlakətli, dövlət adlanan qurum da, bununla yanaşı olaraq, bu qurumların doğurub özləri ilə daşıdığı bütün ağrı-acılar və zorakılıqlar da, yaramazlıqlar və cinayətlər də, özü-özünə yox olub aradan qalxardı.
Lev Tolstoy.
Piroqovo, 10may 1900-cü il.
Çevirəni: Araz Gündüz
Kultura.az