1600-cı ildə Kandiya şəhərində dünyaya göz açmışdım. Atam bu şəhərin valisi idi. Yadıma gəlir, orta səviyyəli və daha çox tərsliyi ilə seçilən İro adlı bir şair mənim şərəfimə olduqca xoşagəlməz bir şeir həsr edərək, misralarında guya ki, mənim birbaşa Minos hökmdarının nəslindən gəldiyimi qeyd etmişdi. Amma atam vəzifəsini itirib rüsvay olduqda, bu adam həmən başqa bir şeir qoşub, məni yalnız Pasifaya və onun məşuqundan (öküzdən) törəyən nəsilə aid etmişdi. Nə qədər iyrənc adam idi bu İro, üstəlik, adadakı bədnam alçağın təkiydi.
On beş yaşıma çatdıqda, atam məni təhsil almam üçün Romaya göndərdi. Mən bura dünyanın bütün həqiqətlərini öyrənmək ümidi ilə gəlmişdim. Çünki bu vaxta qədər, Çindən tutmuş Alp dağlarına qədər bu cahil dünyanın qaydalarına uyğun olaraq, mənə bunun tam əksini öyrətmişdilər. Cənab Profondo, kimə ki, məni tapşırmışdılar, qəribə bir adam idi, yer üzünün gördüyü ən betər alimlərindən idi. O, mənə Aristotelin kateqoriyalarını öyrətmək istəyirdi və məni də öz heyranları kateqoriyasına daxil etmək niyyətindəydi. Canımı ondan güclə qurtardım. Mən burada izdihamlı dini yürüşlərin, cinçıxartma ayinlərinin və bir neçə soyğunçuluğun şahidi oldum. Əsla doğru olmasa da, belə bir söhbət gəzirdi ki, bəs guya Olimpia xanım satılması qəti yasaq olunan bir çox şeylər satırdı, hərçənd, çox ehtiyatlı davranışları ilə seçilən bir xanım idi. Mən elə bir yaşdaydım ki, bütün bu söhbətlər mənə olduqca əyləncəli gəlirdi. İncə davranışlara xas olan Fatelo adlı başqa bir gənc xanım isə məni sevmək eşqinə düşmüşdü. Müqəddəs atalar P. Puanardini və P. Akoniti, artıq mövcud olmayan hansısa dini ordenin bu gənc rahibləri, çoxdan bu xanıma göz qoymuş və onun diqqətini cəlb etməyə can atırdılar. O isə mənə könül verməklə, bu iki gənci barışdırmağa belə nail ola bilmişdi. Ancaq buna baxmayaraq, mən müqəddəs kilsədən qovulma və zəhərlənmə təhlükəsiylə üzləşə bilərdim. Və beləcə müqəddəs Pyotr kilsəsinin əzəmətindən məmnun halda Romadan ayrıldım.
Fransaya üz tutaraq yoluma davam etdim. Bu, Ədalətli Lüdovikin hökmranlığı vaxtına təsadüf edirdi. Gəldiyimdə, burada məndən ilk olaraq camaatın bayırda qızartdırdığı və ətinin arzu edənlər üçün münasib qiymətə payladığı marşal Ankrın bir tikəsindən gunorta yeməyinə istəyib istəmədiyimi soruşdular.
Bu dövlət daima vətəndaş müharibələrindən əziyyət çəkirdi. Daxili savaşlar ya məşvərət şurasında yer almaqdan ötrü, ya da cəmi iki səhifəlik elmi mübahisəyə görə aparılırdı. Altmış ildən çox idi ki, gah sönən, gah da yenidən şiddətlənən bu alov, belə xoş iqlimli ölkəni viran qoymuşdu. Fransa katolik kilsəsinin (qallikan kilsəsi) azadlığı da məhz beləcə yaranırdı. "Çox heif, deyərək düşündüm, axı bu xalq özünəməxsus mülaimliyi, təmizliyi ilə seçilərdi; bəs o zaman, kim onun zehniyyətini, ruhunu belə iyrənc hala saldı? Baş açmaq da olmur, gah əylənir, gah da Varfolomey gecəsini təşkil edir. O gün olsun bu xalq ancaq əylənə bilsin!"
Buradan da yollandım İngiltərəyə. Orada da tərəflər arasındakı eyni nifaq şiddət saçan eyni zorakılıqlara gətirib çıxardırdı. Bu ölkənin imanlı katolikləri Kilsənin firəvanlığı xatirinə belə qərara gəlmişdilər ki, kralı, onun ailəsini və bütün parlamenti barıtla partladıb onların külünü göyə sovursunlar və beləcə İngiltərəni bu heretik kafirlərdən qurtarsınlar. Daha sonra, mənə VIII Henrixin qızı, mübarək kraliça Mariyanın beş yüzdən çox saray əhlini tonqala atdığı meydanı göstərdilər. İberniyalı (irlandiyalı) bir keşiş məni bunun çox yaxşı bir hərəkət olduğuna əmin etməyə çalışmrdı: çünki, birincisi, tonqalda yandırılanların hamısı ingilslər idi, ikincisi isə, onlar heç vaxt müqəddəs sudan içməz və Müqəddəs Patrikin cəhənnəmə aparan mağarasına inanmazdılar. Hələ üstəlik, kraliça Mariyanın nədən indiyə kimi müqddəslər sırasına ucaldılmadığına da heyrət edirdi. Amma yenə də, dayısı Papa olmuş kardinalın iş-gücdən başını ayırıb vaxt tapdığında, bu məsələnin tezliklə həll olunacağına ümüd bəsləyirdi.
Oradan da getdim Hollandiyaya. Daha çox soyuqqanlılıqları ilə seçilən xalqın bu diyarında bir növ sakitlik tapmaq ümüdündəydim. Haaqaya çatar çatmaz, nurani bir ağsaqqalın boynunu vururdular. Bu, respublikada ən çox hörmətə layiq olmuş, baş nazir Oldenbarneveltin keçəl başı idi. Mərhəmət acısı ilə, onun cinayətinin nədən ibarət olduğunu, ola bilsin dövlətə xəyanətdə ittiham olunduğunu soruşdum. Bu ondan da betərini edib, deyərək, qara əbalı protestant keşişi cavab verdi. Bu adamın fikrincə, iman gətirməklə gunahlardan qurtulduğumuz kimi, guya xeyirxaq əməllərlə də buna nail olmaq olarmış. Siz də aydın görürsünüz ki, bu cür fikirlər baş qaldırsa respublika buna tab gətirə bilməz və belə dəhşətli, çirkin əməllərin qarşısının alınması üçün gərək ki, sərt ölçülər tətbiq olunsun". Ölkənin dərinfikirli siyasətçilərindən biri urək ağrısıyla mənə bunları dedi: "Çox heyf! cənab, belə dövran çox uzun sürməz. Gördüyünüz bu xalqın hazırkı əzmkarlığı yalnız təsadüfdən savayı bir şey deyil. Daxili təbiəti isə dözümlülüyə dair iyrənc ehkamların üzərində qurulub və bir gün elə buna da gəlib çatacaq: bu adamı lap lərzəyə gətirir". Mən isə, insafın və mərhəmətin bərqərar olacağı fəlakətli gələcəyin gəlişini xəyal edərək, heç bir şərtlə yumşalmayacaq qəddarlığın hökm sürdüyü bu ölkəni dərhal tərk etdim, gəmiyə oturub birbaşa İspaniyaya yollandım.
Saray əhli Sevilya şəhərində məskunlaşmışdı. Yelkənli qayıqlar gəlib çatdı. İlin ən gözəl mövsümündə burada bolluq və bayram ab-havası hökm sürürdü. Portağal və limon ağaclarından ibarət cərgənin sonunda oturacaqları qiymətli parçalarla bəzədilmiş nəhəng meydançaya bənzər bir şey gördüm. Kral, kraliça və şahzadələr göz oxşayan çadırın altında əyləşmişdilər. Bu mübarək ailə ilə üzbəüz, amma daha hündürdə, başqa bir taxt da durmuşdu. Səfər yoldaşlarımdan birinə dedim: "Olmaya bu taxt Cənab Allahın özü üçün nəzərdə tutulub, başqa kim üçün ola bilər ki?" Demə ehtiyatsızlıq edib işlətdiyim bu kəlmələri ciddi, sanballı bir ispan da eşidibmiş və sözlərim mənə çox baha başa gəlmişdi. Buna baxmayaraq, hansısa bir əyləncəli tamaşaya və ya öküz döyüşlərinə baxacağımı xəyal etsəm də, əvəzində böyük inkvizitorun taxta əyləşdiyini gördüm. Buradan o, krala və xalqa xeyir-duasını verirdi.
Biraz keçmiş, ağ, qara, boz rəngli əbalar geymiş, çəkməli və ya ayaqyalın, saqqallı və saqqalsız, bəzilərinin başı açıq, bəzilərinin isə başları itiuclu başlıqlarla örtülmüş, cüt-cüt addımlayan böyük bir dəstə rahib gəldi keçdi. Onların ardınca isə cəllad gedirdi. Daha sonra isə, şəhər valiləri və zadəganların arasında təqribən qırxa yaxın adam görsəndi. Onların əski çitdən olan aşırma çantalarının üzərində alov dilləri və şeytan rəsmləri çəkilmişdi. Bunlar, Musa peyğəmbərin dinindən heç cür dönmək istəməyən yahudilər, öz xaç anaları ilə evlənmiş və ya müqəddəs Atoça anasına iman gətirməyən və yaxud da Müqəddəs İeronimit ordeni qardaşları xeyrinə öz pullarından vaz keçmək istəməyən xristyanlar idi. Öncə ibrətamız bir tərzdə dua oxudular, daha sonra bütün gunahkarları yavaş yavaş tonqalda yandırdılar. Buna tamaşa edən kral ailəsi də son dərəcə möhtərəm görünürdü.
Axşam saatlarında, artıq yatmağa getdiyimdə, müqəddəs Ermandada qardaşlığı üzvlərinin müşaiyyəti ilə inkvizisiyadan iki nəfər evimə təşrif buyurdu. Məni mehribancasına qucaqlayıb, heç bir kəlmə filan kəsmədən, gətirib bir çarpayı, bir həsir və bir gözəl xaçdan ibarət, olduqca sərin bir zindana atdılar. Mən burada altı həftə qaldım. Altıncı həftənin sonunda müqəddəs ata-inkvizitor söhbət etmək üçün məndən yanına gəlməmi xahiş etdi. Bir müddət xüsusi bir ata qayğıkeşliyi ilə məni qolları arasına alıb qucaqladıqdan sonra, guya mənim belə pis şəraitdə qalmağımdan xəbər tutduğunu və buna görə həqiqətən də üzgün olduğunu dilə gətirdi. O, bunu evdəki otaqların hamısının dolu olduğu ilə izah edərək, gələn dəfə daha rahat şəkildə qarşılanacağıma ümüd edtdiyini söylədi. Sonra o, məndən səmimi olaraq burada nəyə görə saxlandığımı bilib bilmədiyimi soruşdu. Mən də öz növbəmdə müqəddəs ataya bunun çox guman işlətdiyim gunahlar üzündən olduğunu dedim. "Yaxşı övladım, bəs hansı gunahlarınıza görə? Mənə etibar edib danışa bilərsiz". Nə qədər düşünsəm də, ağlıma heç bir şey gəlmədi. O da, mərhəmətini əskik etməyib məni düz yola gətirdi.
Nəhayət, işlətdiyim o yersiz kəlmələri xatırlamalı oldum. Lazımi təlim tərbiyə alıb, otuz min real da cərimə ödəməklə bu işi bağladım. Məni gətirdilər böyük inkvizitorun yanına ki, ona baş əyim; nəzakətli bir adam idi. Və məndən təşkil etdiyi bu kiçik tonqal şənliyindən xoşum gəlib gəlmədiyimi soruşdu. Mən də cavabımda dedim ki, çox ləzzətli idi və səfər yoldaşlarımı, sonsuz gözəlliyinə rəğmən, dərhal bu ölkədən rədd olub getməyə tələsdirdim. Onlar da öz növbəsində ispanların din naminə etdikləri böyük işlərindən agah olmağa kifayət qədər vaxt tapmışdılar. Hətta məşhur yepiskop Çiapanın xatirələrini də oxumuşdular. Onun yazdıqlarına görə, Amerika qitəsində hinduları xristian dininə döndərməkdən ötrü, on milyona qədər kafir ya asılmış, ya tonqalda yandırılmış, ya da suda boğdurularaq qətl edilmişdir. Bu yepiskopun bəlkə də biraz şişirtdiyini düşündüm. Amma qətl edilmiş insanların sayı beş milyon olsaydı belə, yenə də möhtəşəm olardı.
Səyahət etmək arzusu məni həmişəki kimi yenə də rahat buraxmırdı. Avropa turumu Türkiyə ilə başa vurmaq qərarına gəldim və elə ora da yollandıq. Özüm özümə dedim ki, bir də görəcəyim bayram şənlikləri haqqında heç bir fikir bildirməyim. "Bu türklər, - üzümü səfər yoldaşlarıma tutaraq dedim, - xaç suyuna çəkilməmiş kafirlərdi və ona görə də müqəddəs ata-inkvizitorlardan daha da qəddər olacaqlar. Müsəlmanların diyarına gəldiyimizdə yaxşı olar ki, lal-dinməz oturaq".
Və beləcə getdim onların məmləkətinə. Məni çaşdırıb heyrətə gətirən Türkiyədə çoxsayda xristian kilsələrin olması idi, heç Kandiyada bu qədər kilsə yox idi. Burada çoxsaylı rahib dəstələrinin sərbəst şəkildə ya yunan, ya latın və hətta erməni dilində müqəddəs Məryəm anaya dua oxuduqlarının, Məhəmməd peyğəmbəri lənətlədiklərinin şahidi oldum. "Bu türklər nə qədər xeyirhaq millət imişlər!" - hayqıraraq dedim. Konstantinopolda yunan və latın xristianları arasında azğın düşmənçilik gedirdi. Onların qulları belə, küçədə bir birini qapan və sahiblərinin onlara çomaq çəkməsindən sonra ayrılan itlər tək vəhşicəsinə boğuşurdular. Məmləkətin baş vəziri yunanların tərəfini tuturdu. Yunan patriarxı da götürüb məni latın patriarxının evində şam yeməyində ittiham edərək, məndən şikayət etmişdi. Divanın yedkilliklə qəbul etdiyi qərarla ayağımın altına yüz şallaq çəkilməsi cəzasına məhkum olundum və yalnız beşyüz sikkə pul ödəməklə bu cəzadan qurtula bilmişdim. Ertəsi gün baş vəzirin boynunu vurdular. Onun yerinə gələn yeni vəzir isə latınların tərəfindəydi və bir ay keçməmiş onun da başı kəsiləcək həmən bu vəzir, bu dəfə yunan patriarxının evində şama qonaq olduğum üçün mənə qarşı eyni cəzanı tətbiq etdi. Kədərli zərurət qarşısında qalaraq, bir daha nə yunan, nə də latın kilsələrinə ayaq basmayacağıma qərar verdim.
"Əhvalıma biraz sakitlik qatmaq üçün özümə çox gözəl bir çərkəzli xanım gətizdirdim. Bu xanım onunla təklikdə qaldığımız kef məclislərində çox zərif və sevimli, məsciddə isə ən imanlı, dindar birisi olurdu. Gecələrin birində onunla şirin-şirin sevişdiyimiz vaxt, qız bir anlığa məni öpərək, La İlahə İllallah deyə qışqırdı. Demə bu türklərin işlətdiyi müqqəddəs kəlmələrimiş. Mən də elə bilmişəm bunlar sevgiyə aid olan sözlər idi. Öz növbəmdə, mən də çox incə, həm də çox uca səslə La İlahə İllallah dedim. Qız ah çəkərək, mənə dedi: -Allaha çox şükürlər olsun! Siz də türksünüz ki! Mən də qıza, mənə belə güc verdiyinə görə Allahdan razılıq dilədiyimi və özümü çox xoşbəxt hiss etdiyimi söylədim. Ertəsi günü, həmən bir imam gəldi ki məni sünnət etsin. Mən bu fikri belə asan qəbul etmədikdə, adət-ənənələrə sadiq olan məhəllənin qazisi gəldi və mənə təklif etdi ki, arxama xəncər soxum. Bunu eşidər eşitməz, min sikkə verib şeyimi və dalımı güclə qurtardım və qaçdım İrana tərəf. Bundan sonra qərara gəldim ki, Türkiyədə nə yunan, nə də latın kilsəsində vəz dinləməyim və ən əsası, xanımla görüşə getdikdə La İlahə İllallah kəlməsini dilimə gətirməyim.
İsfahana gəldiyimdə mənə ilk verilən sual bu oldu ki, qara qoyunların tərəfindəyəm yoxsa ağ qoyunların. Mən də qoyun ətinin dadlı və yumuşaq olmasından savayı, bu məsələdə mənim üçün heç bir fərqin olmadığını söylədim. Nəzərinizə çatdırım ki, o vaxtlar qaraqoyunlu və ağqoyunlu fraksiyaları hələ də iranlıları iki yerə ayırırdı. Bunlar da elə bildilər ki, mən bunların partiyalarını ələ salıram. Vəziyyət o yerə çatdı ki, özümü şəhərin darvazalarından bayıra atıldığımı gördüm. Bu səfər də qoyunlardan canımı qurtarmaq üçün daha nə qədər artıq sikkə ödəməli oldum".
Sonra Çin sədlərinə kimi gedib çıxdım. Özümlə götürdüyüm tərcüməçi insanların azad və xoşbəxt yaşadığı ölkənin məhz bura olduğuna məni inandırmışdı. Tatarlar hər şeyi yandırıb, qılıncdan keçirdikdən sonra bu yerlərə sahib çıxmışdılar. Və belə bir vəziyyətdə, yezuit kilsəsinin keşişləri bir tərəfdən, dominikan kilsəsinin də keşişləri o biri tərəfdən, bir ağızdan deyirdilər ki, bəs guya heç kimin xəbəri olmadan Tanrı eşqinə azmış ruhları xilas edirmişlər. Kafirləri bunlar kimi yorulmadan doğru dinə, imana gətirənlərə çox az rast gəlmək olar. Belə ki, bunların işi-gücü bir birini təqib etmək idi. Romaya böhtan dolu taylarla məktub yazıb göndərirdilər, biri digərini kafir və saxtakar adlandırır, o birisi də bu birisini riyakar davranışlarda ittiham edirdi. Hələ üstəlik, bunların arasında necə düzgün təzim etməyə dair düşən mübahisə lap dəhşət idi. Yezuitlər istəyirdilər ki, çinlilər ata-analarını öz ölkələrinin adən-ənənələrinə uyğun bir tərzdə salamlasınlar, dominikan kilsəsi isə Roma üsülunun tətbiq olunmasının tərəfdarı idi. Bir dəfə elə oldu ki, yezuitlər məni dominikan kilsəsinin üzvü bilib saxladılar və zati-aliləri tatar xanının hüzuruna apararaq, məni Papanın casusu kimi qələmə verdilər. Ali şura baş məmura mənim saxlanmam haqda göstəriş verdi, məmur da öz növbəsində bu işi çavuşun üstünə atdı, o da götürüb bölgədə xidmət edən dörd əsgərinə əmr verdi ki, məni həbs edib, lazımi qayda-qanuna uyğun olaraq əl-qolumu bağlasınlar. Yüz qırx dəfə dombalıb durduqdan sonra nəhayət məni gətirdilər zati-alilərinin hüzuruna. Hökmdar doğurdan da mənim papanın casusu olub olmadığımla maraqlandı və papa adlanan bu şahzadənin şəxsən gəlib onu taxtından salacağına dair gəzən söhbətlərin doğru olub olmaması haqda məni sorğu-sual etdi. Mən də cavabında papanın yetmiş yaşında qoca bir keşiş olduğunu, Zati-aliləri, Möhtərəm tatar-çin hökmdarının məmləkətindən dörd min lye uzaqda yaşadığını, başının üstünə çətir tutmaqla keşiyini çəkən cəmi iki minə yaxın əsgəri olduğunu, üstəlik, heç kimi də taxtdan salmaq fikrində olmadığını, və buna görə də zati-alilərinin tam sakit yata biləcəyini söylədim. Doğrusu, bu səyahətim yaşadığım əvvəlki macəralarıma baxanda, elə də fəlakətli deyildi. Məni Makao şəhərinə göndərdilər, elə burdan da yelkənləri Avropaya istiqamət götürən bərəyə mindim.
Qolkonda şəhərinin sahillərində bərəmiz təmirə dayanmaq məcburiyyətində qaldı. Vaxt tapıb gözəlliyi bütün cahanda dillər əzbəri olmuş sultanlar sultanı Övrəngzebin sarayını ziyarət etdim. O dövrdə saray Dehlidə yerləşirdi. Mənə sultanı görmək sevinci, Məkkə valisinin ona göndərdiyi ilahi sovqatın qəbuluna həsr edilmiş təntənəli mərasim günündə nəsib olmuşdu. Sovqat isə süpürgəydi. O süpürgə ki, onunla Allahın müqəddəs evini - Kəbbəni süpürərmişlər. Bu süpürgə, insanın qəlbindən bütün pislikləri süpürüb atan ilahi bir süpürgənin rəmzi idi. Övrəngzeb bu süpürgəyə ehtiyacı olan adam təəsüratını bağışlamırdı. Bütün Hindistanı gəzib dolaşsan, onun kimi mömin bir adam tapmazdın. Düzdür, o, qardaşlarından birini boğaraq, atasını isə zəhərləyərək qətlə yetirmişdi. İyirmi nəfər rəisi və bir o qədər də əmiri işğəncələrə məruz qalaraq öldürülmüşdü. Lakin, bu elə də əhəmiyyətli deyildi, ən əsası, hamı bir nəfəsə, onun necə fədakar bir mömin adam olduğunu deyərdi. Onu yalnız Mərakeşin imperatoru, zati-aliləri müqəddəs Mulay İsmayılla müqayisə edərdilər, o da ki, hər cümə namazından sonra başlar kəsməkdə ustanın yekəsiymiş.
Mən isə qətiyyən fikrimi bildirmirdim. Buna qədərki səfər təcrübələrimdən dərs alaraq, əməlli ağıllanmışdım və hiss edirdim ki, bu iki əlahəzrətdən hansınısa üstün tutub fikir bildirmək mənlik olan iş deyildi. Etiraf edim ki, otaq yoldaşım olan bir gənc fransız, Hindistan və Mərakeş hökmdarlarına qarşı hörmətsiz davranmışdı. O, çox ehtiyatsızlıq edib, Avropada da öz dövlətlərini çox yaxşı idarə edən, tez-tez kilsəyə gedən, amma öz ata və qardaşlarını öldürməyən, yaxınlarının boynunu vurdurmayan çox mömin padşahların olduğunu dilə gətirmişdi. Bizim də tərcüməçimiz, götürüb mənim gənc yoldaşımın işlətdiyi küfr dolu bu sözlərini hindu dilinə tərcümə etmişdi. Başıma gələnlərdən dərs götürmüş birisi kimi, dəvələri tez-tələsik yükləyib, fransız yoldaşımla aradan çıxmışdıq. Sonralar öyrənmişdim ki, demə elə həmin gecə Örgənzebin adamları gəliblərmiş bizi axtarmağa və biz tapmadıqda, yalnız tərcüməçini ələ keçirə bilmişlər. O, meydanda, camaatın gözü qarşısında edam edilmişdi. Saray əyanlarının hamısı da, tam səmimi olaraq, bu qərarın çox düzgün və çox ədalətli olduğunu deyirdi.
Tək görmədiyim yer, təbiəti və iqlimi əsrarəngiz gözəllikləri ilə dolu olan qitəmiz, Afrika qalmışdı. Gedib oranı da gördüm. Zənci korsarlar gəmimizə hücum edib onu ələ keçirtdilər. Qəzəbindən özünə yer tapa bilməyən gəminin sahibi, onlardan nədən beynəlxalq qanunları belə kobudcasına pozduqlarını soruşmuşdu. Cavabında, zənci kapitan belə demişdi: "Sizin burnunuz uzun, bizmki isə yastıdır, sizin saçlarınız düz bitir, biz isə pırpızbaşıq, sizin dəriniz kül, bizimki isə eben ağacı (qara ağac) rəngindədir. Nəticədə, təbiətin ilahi qanunlarına uyğun olaraq biz hər zaman bir-birimizə düşmən olmalıyıq. Siz bizi Qvineya sahhilərindəki qul bazarlarından yük heyvanı kimi satın alaraq, bunlar hardan ağlınıza gəlir bilmirəm, amma bizə ən ağır və ən axmaq işləri gördürürsüz. Hansısa sarı rəngli torpaq parçalarına görə, bizi qamçılaya qamçılaya dağlarda, təpələrdə eşələnməyə məcbur edirsiz. Üstəlik, elə bir yarasız torpaq ki, ondabn heç yaxşı bir Misir soğanını da almazsan. Ona görə də siz bizim qarşımıza çıxdıqda və biz sizdən daha güclü olduqda, biz də sizi öz əkin sahələrimizdə işlətməyə məcbur edir və yaxud da burun, qulaqlarınızı kəsirik".
Belə müdrik kəlamların qarşısında başqa bir sözə ehtiyac yox idi. Durub düz yollandım zənci bir nənənin əkin sahəsini belləməyə; burun və qulaqlarımı itirmək istəmirdim. Üstündən bir il keçmiş, pul müqabilində məni azad etmişdilər. Yer üzündə gözəl, xeyirhaq və dıqqətə layiq nələr var idisə, hamısını gəzib görmüşdüm. Və bundan sonra yalnız öz ailə ocağımı görmək qərarına gəlmişdim. Gedib öz doğma yurd-yuvamda evlənmişdim, arvadımın xəyanətini görmüşdüm, və həyatda məhz bundan xoşbəxt anın olmadığını başa düşmüşdüm.
Fransız dilindən çevirən Fuad Qulubəyli
Kultura.Az