Zamin Hacı: Toylar və metronun lazımsızlığı haqqında
Bu koronavirus pandemiyasının nə qədər mənfi cəhətləri olsa da, müsbət tər…
Düzdür, bu arqumentə də bizim həkimlərin cavabı belədir ki, „xəstəyə az dərman verəndə, deyir, həkimin başı boşdur, heç nə bilmir, bu nədir, iki dərman verib yola salır məni!“. Ona görə də məcbursan bir-iki ciddi, „tematik“ dərman yazasan, üç-dörd dənə də vitamindən, mineraldan ki, pasient əlindəki torbanın ağırlığını hiss eləsin. Bu da bir başqa, bizə xas qəribəlik.
İllərdir görə-görə gəlirik. Bizdə qələm adamına sosial sifariş belədir – bütün xalqı, bütün peşələri, bütün rayonları, bütün şəhərləri tənqid et, söy, yəni ümumiləşdir, işimiz yoxdur; amma nəbadə xüsusiləşdirəsən, konkret rayon, qəsəbə, peşə adı çəkəsən. Seymur Baycan „Ağ xalatlı cəlladlar“ yazısını yazıb, həkimləri hədəf alan kimi, başına gələnləri gördünüz. Görmədinizsə, bu yazının sonunda görəcəksiniz.
"Azərbaycanlılar avtobusa minib-düşə bilmirlər“ yazsan, hamı səninlə razılaşacaq ki, "bəs, düz deyir, bizdə bu mədəniyyət yoxdur“. Birdən çaşıb yazsan ki, getmişdim filan rayona, orda adamlar avtobusa minməyi bacarmırlar“, o zaman gözün yolda, qulağın səsdə olsun – həmin rayonun adamları əllərində yaba, lom, armaturla gələcəklər redaksiyaya.
Səhv etmirəmsə Altay Göyüşovun bir yazısında oxumuşdum, məğzi belə idi ki, ümumən, şəxsi münasibətlər müstəvisində mehriban, deyib-gülən, qonaqpərvər, dostcanlı insanlar olan azərbaycanlılar; peşə fəaliyyəti söz konusu olan kimi, dönüb olurlar adamın qənimi, qaniçən, düşmən, vəhşi, əxlaqsız, tərbiyəsiz, kobud, rüşvətxor. Adamı qapan sürücü, səhv dərman yazan həkim, şərləyən polis – bunların hər birinin evinə sərnişin, pasient, vətəndaş kimi yox, qonaq kimi get, səni keçirəcəklər yuxarı başa, ev əhli qulluğunda duracaq, döşəyin, yastığın ən yaxşısını sərəcəklər sənin üçün.
Sistem insanları əxlaqsız edir. Bu gündən sabaha gümanı olmayanların məntiqi belədir - bu gün hardan, nə mümkündür, hansı yolla olur olsun qopardım, sabaha Allah kərimdir. Belə olunca da, həkim sənə 5-10 qutu „firma“ dərmanı aldıracaq ki, özünə də faiz gəlsin. Avropada yaşayanlar, həkimə işi düşənlər bilirlər – biz burada həkim yanına ən ağır xəstəliklə də getsək, uzağı iki çeşid dərmanla yola salacaq bizi. Mən hələ İsveçrədə 3-5 növ dərman alan, qəbul edən eşitməmişəm. Elə bil paxıllıq edirlər, ürəkləri partlayır, imkan vermirlər ki, pasient bir torba dolusu dərman aparsın evə, bir həftəyə hamısını udub, sonra bir də gəlsin qəbula. Yox, iki dənə dərmanı verib, deyirlər „gülə-gülə“.
Düzdür, bu arqumentə də bizim həkimlərin cavabı belədir ki, „xəstəyə az dərman verəndə, deyir, həkimin başı boşdur, heç nə bilmir, bu nədir, iki dərman verib yola salır məni!“. Ona görə də məcbursan bir-iki ciddi, „tematik“ dərman yazasan, üç-dörd dənə də vitamindən, mineraldan ki, pasient əlindəki torbanın ağırlığını hiss eləsin. Bu da bir başqa, bizə xas qəribəlik.
Kor-kor, gör-gör – Azərbaycanda təhsil nə gündədir ki, bunun ayrı-ayrılıqda tibbində, mühəndisliyində, memarlığında, incəsənətində və s., keyfiyyətli, layiqli təhsil olsun? Ola bilməz. Hər şey və hər kəs vahid və eybəcər sistemin parçasıdır, bir zəncirin həlqələridir. Odur ki, Baycan „Tibb universitetində təhsil verilmir“ deyirsə, bunu qəribçiliyə salmaq lazım deyil. Adam düz deyir. Tələbənin şəxsi marağı, təşəbbüsü, həvəsi olmasa, bütün illərini orada rüşvətlə yola versə, sonda diplom almayacaqmı? Alacaq. Bir yerə işə düzəlməyəcəkmi? Düzələcək. Sonra kompyuterin qarşısına keçib, sosial şəbəkələrdə Seymur Baycana nifrətini izhar etməyəcəkmi? Edəcək.
Mən zatən iki gündür onların yazdıqlarını oxuyuram və dəhşətə gəlirəm. Sizə savadsız deyilincə, niyə özünüzdən çıxırsınız ki? „Ş“ hərfi yerinə „W” yazan, “Ç” hərfi yerinə “4” yazan həkimlər, siz haranın bəlasısınız, nə müsibətsiniz belə? Bunlar yazmağın qaydasını bilmirlər, qalxıb Seymura etiraz edirlər. Adam elə sizin kimiləri nəzərdə tutub da, niyə özünüzü yandırırsınız? Barı susun, sakit oturun, görək başımıza nə gəlir.
Söyüş, təhqir, qarğış – budurmu Azərbaycan həkiminin tərbiyəsi, təmkini, ciddiliyi? Qoyublar ağızlarını allah yoluna, bir yazı ilə darmadağın olublar, kin-nifrət qusurlar. Hələ biri də nömrə qoyub, müəllifi razborkaya çağırıb ki, “gəl mən sənə başı salım həkim nətəər olur.” Bu nədir? Sən həkimsən, yoxsa lotuşkasan? Qərəz, yazıda özlərini görənlər düşüblər əl-ayağa.
Qaldı ki, Azərbaycanda bütün həkimlər “ağ xalatlı cəllad” deyil. Heç Seymur da bunu nəzərdə tutmayıb, əminəm. Sayğı ilə “doktor” deyə müraciət etdiyi bir neçə həkimi şəxsən özüm tanıyıram. Bu sadə həqiqəti anlamamaqdan ötrü, gərək elə onun nəzərdə tutduğu qafada həkim olasan.
Şəxsi təcrübəmdən bir əhvalat danışım, yazını bitirim. Türkiyənin bəlalı avqust (1999) zəlzələsi məni İstanbulda yaxalamışdı. Köhnə evimiz əyilmişdi, evə girə bilmirdik. Parklarda gecələyirdik. Sonra da episentr Gölcükdə dağıntılar altından meyid çıxarmaqda xilasedicilərə kömək üçün, universitetdə könüllülərdən ibarət bir dəstə yığdılar, mən də ora yazıldım. Gəldik Gölcükə. Orada, iki gün ərzində yaşadıqlarımı burada yazmayacam. İstəsəm də yaza bilmərəm. Avqust günəşinin altında şişən, iylənən minlərlə meyidin əhatəsində adam hansı vəziyyətdə olarsa, elə mən də həmin vəziyyətdə idim.
İki gün sonra İstanbula qayıtdım. Halım çox pisləşdi, yatağa düşdüm. Məndə (üzr istəyirəm) elə bil ishal başladı ki, on kilo birdən arıqladım. Bədənimdə maye tükənmişdi, litrlərlə su içsəm də, kömək olmurdu. Xəstəxana, həkim qalmadı ki, getməyim. Yalan olmasın, beş-altı fərqli həkimin qəbulunda oldum – müayinələr, analizlər, iynələr, dərmanlar, yataq rejimləri – həç birinin köməyi olmadı. Aylar ayları əvəzlədi, mənim ishalıma bir çarə tapılmadı.
Ovurdu çıxmış, üz-göz sapsarı vəziyyətdə, üç ay sonra qayıtdım Bakıya. Mənə bir həkim məsləhət gördülər, getdim qəbuluna. Bütün əhvalata qulaq asdı – zəlzələ, Gölcük, meyidlər, xəstəlik, getdiyim həkimlər, içdiyim dərmanlar, analizlər filan. Barmaqlarını masada taqqıldatdı, sonra da qayıtdı ki, sənin fizioloji heç bir problemin yoxdur. Gördüklərini mən görsəydim, indi ishal nədir, xərçəng tapardım. Qərəz, sənə psixiatr lazımdır. Yəni mədə-bağırsaq sistemini yox, beynini müalicə eləmək lazımdır. Bu da sənə psixiatrın nömrəsi, get onunla söhbət elə.
Elə də oldu. Psixiatrla görüşdüm, əsəb dərmanları yazdı, bir-iki terapiya seansı filan – bir həftə içində ishal getdi işinin dalınca. İndi mənə də maraqlıdır – bu boyda İstanbulda, niyə bircə dənə terapevt tapılmadı ki, məni psixiatra göndərsin? Nə üçün mən bu dərdlə orda aylarla əziyyət çəkdim, amma Bakıya gələn kimi Azərbaycan həkimləri məni sağaltdı? Yəni bizim həkimlər haqda bədgüman deyiləm. Heç Seymur da deyil.
Lakin uman yerdən küsərlər. Vicdansız həkim və vicdansız müəllim bağışlanmaz. Bu iki müqəddəs peşəni biabır eləyənlər, hələ bir dilləri də var, danışırlar.
Musavat.com
Əli Əkbər
Kultura.az