post-title

Elçin Mann: İt Ürəyi

Yaza-yaza o da yadıma düşdü nə vaxtsa “əlyazmalar yanmır” sözünü də eşitmişdim, ya da oxumuşdum, dəqiq yadımda deyil. Yəqin onu eşitməyən adam olmaz. Sonralar bir tanışım ədəbiyyata olan marağımı görüb mənə əl boyda, səhifələri qocalmış rusca bir kitab verdi. Üstünə baxdım: “Master i Marqarita” yazılmışdı.

 

Dünyanın ən humanist obrazı İsa peyğəmbər deyirdi: bağışla, sev, incitmə. Kim deyib ki, gözəlliyi təsvir etmək olmaz? Hansı kölə deyib ki, azadlıq boş şeydir? Hansı bədbəxt adam deyib ki, həqiqət xəyaldır, xeyir və şər mövcud deyil? Hansı sevgi yaşamamış məxluq deyib ki, əsl sevgi yoxdur. Qoy danışsınlar, sən isə ardımca gəl, oxucu. Mən sənə sevgidən, gözəllikdən üstəgəl sənət və azadlıq yanğısından ərsəyə gəlmiş əsər haqda danışacam.

Deyəsən, giriş bir az sentimental oldu. Ona görə də emosionallıq və lirika hələlik bu qədər bəsdir. Əvvəlcə kiçik bir fleşbek – yəni yaddaşda səyahətə keçək. Bulqakovun dünyası ilə tanışlığımın tarixçəsi haqda yazmaq istəyirəm. İndiki avaraların yadına gəlməz. Hərçənd, elə də uzağın söhbəti deyil. Bakının göbəyində qeyri-adi bir universitet vardı. İndi qapısı ədəbi bağlanmış həmin azad universitet haqda hərənin bir söz dediyi yaxşı yadımdadır. Biri deyirdi ora azad gənclərin toplaşdığı yerdir. Digəri deyirdi harada avara var ora yığışıb, ora avaraxanadır. Başqa biri deyirdi orada gəncləri yoldan çıxarırlar, başlarını doldururlar. Daha birisi deyirdi onlar Amerikanın agentləridir, ölkədəki solun axırına çıxmaq istəyirlər və sair ilaxır, amerikanlar demişkən bla bla bla. Mən sadaladığım fikirlərin heç birinə şərik çıxmıram, təkcə onu bilirəm ki, ora maraqlı yer idi, çünki maraqlı adamlarla rastlaşırdım. Bir yerdən ki maraqlı nəsə öyrənirəmsə, götürürəmsə, maraqlı adamlarla ünsiyyətdə oluramsa o yer niyə də maraqlı olmamalıdır axı? Maraqlı mühazirələr olurdu. Kontinget qarışıq idi. Tələbələr, gənc və perspektivli yaradıcı adamlar, gənc və perspektivli avaralar, sağlar, sollar, sağlarla solların qarışığı hibridlər, aktivistlər, aktivistkalar, qlamurlar və başqalarını görmək olardı. Orada mühazirələrdən başqa kino seansları da olurdu. Həftənin bir günü yığışıb kinoya baxırdıq. Pulsuz kino göstərirdilər. Belə deyim, mini kinoteatr idi. Gözəl bir şans idi düşmüşdü. Yadıma salıram. Əvvəlcə cazibədar bir xanım çıxıb kino haqda qısaca danışır, məlumat verirdi. Daha sonra işıqları keçirirdilər, proyektor işə düşürdü, kinonu izləyirdik. Sonda müzakirə etmək üçün imkan da varıydı. Mən orada bir yığın kinoya baxmışam. Onlardan biri “İt ürəyi” kinofilmi idi. Doğrusu, kinolardan elə də başım çıxmasa da, o, çox xoşuma gəlmişdi. Bununla da mənim Bulqakovun yaradıcılığı ilə dolayısı da olsa tanışlığım başlayır. Düzdür, könül istərdi ki, bu tanışlıq birbaşa kitabla olsa daha yaxşı olardı, neyləməli zaman geri qaytarmaq olmaz. Povestin özü isə, şübhəsiz, şedevrdir.

Kiçik haşiyə. Şəhərdə gəzəndə küçədə bir xeyli it gəzdirən adam görürəm. Müşahidəm deyir ki, bəziləri iti yox, it onları gəzdirir, sürüyüb aparır. Görünür bunda mənim bilmədiyim hansısa bir zövq var. Hər nə isə. Hər cürəsi var itlərin. Onları belə təsnif etmək olar: balaca siçovula oxşayan, arıq, haski, tüklü, paltarlı, paltarsız, xaltalı, xaltasız, qucaqda gəzən... Ələlxüsus, yay aylarında qarşıma çıxır. Hərdən avara, yiyəsiz itlərə də rast gəlirəm. Onların üzündən titanik kədər yağır. Elə bil həyatın mənasızlığını dərk etmiş, öz-özünü sürgün etmiş tənha filosoflardır. Bəzən itlərlə amansız rəftar edən, onları əzən adamlar görəndə Bulqakovun əsəri gəlib durur gözümün qabağında. Fikirləşirəm, görəsən o adamlar üstəlik o it gəzdirən vətəndaşlar “İt ürəyi”ni oxuyublarmı? Oxuyublarsa çox yaxşı. Əlbəttə, heç kəsin oxumaq kimi öhdəliyi yoxdur, sadəcə bir söhbətdir də edirəm.

Söhbətimizə davam edək. O zamana qədər Bulqakovun adını eşitmişdim, ya jurnalda oxumuşdum, xatırlamıram, dəqiq o xatirimdədir ki, həftəlik qəzet səhifəsində getmiş bir kitab siyahısında adını görmüşdüm. Adlarını çəkmək istəmədiyim iki nəfərin hazırladığı siyahıda 8-ci müəllif Bulqakov və onun magnum opusu idi. Bir dəfə də Viktor Pelevinin müsahibəsində oxumuşdum, bilmirəm nə dərəcədə həqiqətdir, Pelevin deyirdi ki, o, Master və Marqaritanı 14 yaşında kitabxanada jurnallarda oxuyub. Roman o zaman hələ kitab şəklində çıxmamışdı. Yazıçı müsahibədə qəribə bir müqayisə aparır, deyir Soljenitsinin kitabları hamısı anti-sovet idi, ancaq o əsərlər adamı azad eləmirdi, əksinə daha da kölələşdirirdi, çünki Soljentsin sovet adamının nə qədər kölə olduğunu, onun köləlik səviyyəsini təsvir edirdi. Bulqakovun kitabı isə əksinə adamı azad edə bilirdi. Yadımıza salaq ki, Soljenitsinə Nobel veriblər.

Yaza-yaza o da yadıma düşdü nə vaxtsa “əlyazmalar yanmır” sözünü də eşitmişdim, ya da oxumuşdum, dəqiq yadımda deyil. Yəqin onu eşitməyən adam olmaz. Sonralar bir tanışım ədəbiyyata olan marağımı görüb mənə əl boyda, səhifələri qocalmış rusca bir kitab verdi. Üstünə baxdım: “Master i Marqarita” yazılmışdı. Tanışım olan qız filologiya fakultəsində oxuyurdu, mənə dedi kitabı oxu, orada toppuş, qara gülməli pişik var xoşuna gələcək. O vaxtdan zarafatyana Master və Marqaritanın adını pişik haqda roman kimi yadımda saxlamışdım. Əlbəttə, oxuyana qədər. Əsərin ən dadlı yeri, yəqin çoxları bununla razılaşar, Begemotun çıxardığı hoqqalardır, onun danışığıdır (bir misal: “Dostoyevski ölməzdir!”). Kitab oxuduğum yerdə hərdən mənə elə gəlirdi ki, stolun altından həmin pişik çıxacaq, nəsə bir zibil qaynadacaq. Bulqakov elə bil qəsdən həmin obrazı əsərə daxil edib ki, roman yorucu və sıxıcı olmasın.

Bulqakov öz “qürub romanı”nın üzərində 11 il işləyib. On bir il, oxucu, sənə az görünməsin, on bir ili vur on iki aya, onu da vur otuz günə hesabla... Yazıçı əsəri yazmaq üçün çoxsaylı ədəbiyyatdan istifadə edib. Mən o kitabları görəndə dəhşətə gəldim, yazıçının çəkdiyi əzablar, məşəqqətlər, yuxusuz gecələr xəyalən bir anlıq gözümün önünə gəldi. Bu qədər informasiyadan sonra ilham pərisi haqda danışanlara adamın səmimi surətdə yazığı gəlir, həqiqi sözümdür, o adamların belə söhbətlərdən xəbərləri yoxdur, bilmirlər. Düz ölənə qədər diktə edib Bulqakov. Eyni zamanda başqa əsərlər yazıb. Əgər mən təsadüfən Bulqakovun yaradıcılığı haqda kitabları oxumasaydım elə bilərdim ki, roman başdan ayağa uydurmadır. Sən demə, romanda bir dənə də olsun uydurma yoxdur. İstər-istəməz adamın yadına “bütün əsərlər avtobioqrafikdir” fikri düşür. Məsələn birini deyim, qalanlarını özünüz tapıb oxuyun: Ryuxin obrazı şair Mayakovskinin prototipidir. Bulqakovla Mayakovskinin arasında dostluq vardı, aradabir görüşüb bilyard oynayırmışlar. Yazılanlara inansaq, Mayakovski bilyardda yaxşı oynayırmış, hərdən də masterə deyirmiş ki, özünüzə şəxsi bilyard alın, gəlim sizə dərs keçim.

Əsərin dini, mistik, mifoloji, fəlsəfi, rəmzi qatlarından xeyli danışmaq, romanın strukturu, dili haqda çox yazmaq olar. Doktor pasiyenti cərrahiyə masasına uzadıb, skalpellə yarıb içinə baxdığı kimi, əsərin içinə eləcə girmək olar. Mübahisələr etmək olar ki, məsələn, Məsih yunanca bilirdimi, sonra Allahın varlığı haqda sübutlardan (tarixi, kosmoloji, teleoloji, ontoloji, məntiqi, əxlaqi), Kantdan nə bilim Nitsşenin fəlsəfəsindən, Herbert Uellsin təsirindən, cahanşümul Faustdan, personajların adları və onların mənasından, simvollardan (qızılgüllər, qızıl nal, qızıl balıq, Volandın qapağında almaz üçbucaq olan saatı, Matveyin altında oturduğu əncir ağacı, şahmat lövhəsində canlı fiqurlar və b.), Volandın dəstəsinin adamları cəzalandırmasının səbəblərindən, demonologiya, metamorfoza, hiperbolizasiya, qrotesk, parodiya, təhkiyəçinin dili haqda oturub saatlarla, doyunca çənə döymək praktiki olaraq mümkündür. Çox uzatmaq istəmirəm, bunun üçün başqa yazılar var. Qoy bu işlə biliyi, həvəsi, marağı və səbri olanlar məşğul olsun. Mən tərcümə haqda bir az danışmaq istərdim. Tərcüməsi yaxşıdır, hərçənd bəzi yerlərdə tərcümə axsayır.

26-cı səhifədə romanın ikinci fəslinin ilk cümləsində orijinalda “...шаркающей кавелерскиой походкой...” sözləri dilimizə “...əyri ayaqlarını sürüyə-sürüyə...” kimi tərcümə olunub. “Süvari yerişi” sözləri istifadə olunmayıb, əvəzinə “əyri ayaqlar” yazılıb. Bu, maraqlı nüansdır, belə ki Pilat at üstündə çox vaxt keçirdiyinə görə ayaqları əyilmişdi, yazıçı bu fikri çatdırmaq üçün “süvari yerişi” sözlərini, türkün sözü, kullanıb. Romanın ingiliscə tərcüməsinə nəzər yetirdim, orada da orijinal dəsti-xətti saxlamaq üçün “cavalryman’s walk” yəni “süvari yerişi” saxlanıb.

37-ci səhifədə “Светильники зажег...” “Məşəllər yandırdı...” kimi tərcümə olunub. Məşəl yerinə şam olmalıdır. İlk baxışda əhəmiyyətsiz görünən sözün arxasında o zamankı hüquq sisteminin incəlikləri dayanır. İsa zamanında bir nəfəri təqsirləndirmək üçün iki nəfər şahidi gizlicə “günahkarın” evinə pusmağa göndərirdilər. Bu zamanda “günahkarı” şərləyən başqa birisi (burada İuda) içəridə onunla söhbət zamanı iki şam yandırırdı ki, gizlənmiş iki adam “təqsirkarı” yaxşıca görə bilsinlər. Pilat Məsihi soruşdurarkən İudanın şam yandırıb-yandırmadığını öyrənmək istəyir, bu vaxt gözləri parlayır.

145-ci səhifədə Master necə aşiq olmasından danışarkən “Так поражает молния, так поражает финский нож.” cümləsi istifadə edir, bu, dilimizə “İldırım belə vurur, ölüm adamı bu cür qəfil yaxalayır.” kimi tərcümə olunub. “Fin bıçağı” sözləri buraxılıb. Burda da ilk baxışda böyük fərq duyulmur. Bulqakov burada Masterlə Marqaritanın sevgisini İuda ilə Nizanın sevgisinə qarşı qoyur, qabaqcadan işarə edir. İudanı fin bıçağıyla öldürürlər, ölüm onu qəfil yaxalayır. Marqarita sevgisinə görə fədakarlıq etdiyi halda, Niza sevgilisi kimi satqınlıq edir. Ərli qadın Niza, sən demə, Afraninin (Pilatın məxfi idarəsinin rəisi) agenti imiş.

208-ci səhifədə “На парчовой скатерти стояла множество бутылок – пузатых, заплесневевших и пыльных.” cümləsi “Süfrəyə çoxlu yumru, toz basmış butulka düzülmüşdü.” kimi çevrilib. “Qarınlı və kif basmış” sözləri buraxılıb, əvəzinə haradansa “yumru” sözü əlavə edilib. Bu, Bulqakovun üslubudur, antropomorfizmdir, qalmalıdır. Tərcümə haqda, məncə, bu qədər kifayətdir.

...Bulqakov üç dəfə Stalinə məktub yazıb ki, onu xaricə buraxsınlar. Səhv etmirəmsə iki dəfə də Qorkiyə namə yazıb ki, vəziyyəti ağırdır. Cavab gəlməyib, heç xarici pasport belə verməyiblər. Bu elə bir dövr idi ki, Bulqakov bir sətir belə çap etdirə bilmirdi. Mətbuatda əleyhinə qərəzli yazılar gedirdi. Master bəzi əlyazmalarını oda atıb yandırmışdı. Gözlənilmədən bir gün Stalinin zəng gəlir, rəhbər yazıçıyla telefonda qısa söhbət edir. Bulqakov rəhbərə “rus yazıçısı vətənindən kənarda yaşaya bilməz” sözlərini deməyə məcbur olub. Ondan sonra yazıçını bədii teatra işə götürüblər. Vəziyyəti nisbətən yüngülləşib, yazmağa davam edib. Ümumiyyətlə, Bulqakovun Stalin repressiyalarından sağ çıxması özü bir möcüzədir. Mandelştam kimi onu da məhv edə bilərdilər. Elə təkcə “İt ürəyi” haqda yazılan donoslar bəs idi.

Resenziyaların axırında adətən oxucular “yazıçı bu əsərlə nə demək istəyirdi? mesajı nədir?” tipli suallara cavab istəyirlər. Kitabda mesaj çoxdur. Mən birini dəqiq bilirəm, odur ki, yazının sonunu əsərdən götürdüyüm cümlə ilə bitirmək istəyirəm: Hər kəsə öz əqidəsinə görə veriləcək, kim nəyə inanırsa, axırı da o cür olacaq.

Elçin Mann

Kultura.az

 

Yuxarı