Bədii yaradıcılığa XX əsrin 20-ci illərində başlayan Qantəmir az sonra “Ağıl dəryası” (1930), “Şarlatan” (1934), “Kolxozustan” (1935) kitablarını nəşr etdirmişdir. Hekayələrini “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri əsasında yazmışdır.
Hekayə
Buğda quyusu
Adam da var, adam da. Kiminin dili var, qələmi yoxdur, kimininsə qələmi var, dili yoxdur. Və kiminin nə dili var, nə qələmi. Bucür adama bizlərdə kənd ağsaqqalı deyərlər. Alim məclisində, üləma yığıncağında ağsaqqal dinməz, danışmaz, qulaq asar. Ona baxar, qeyriləri də danışmaz. Böyük var, kiçik var, alim var, üləma var, axund var... Ölkə sahibsiz deyil ki! Dünya bir qıldan asılıdır və o qıl da qılıncdan kəskindir. Küləyi, suyu, daşı, torpağı, ağacı, heyvanı, əlbəttə, bir yaradan var. Su öz başına axmayır, külək öz-özünə əsməyir, yağış da öz-özünə yağmayır. Bunların bir hikməti, bir səbəbi, bir baisi vardır. Dünyada ən böyük çay Fərat ilə Nili-mübarəkdir. Nil Misirdədir, Fərat Ərəbistanda, heç bir tarixdə görünməyib, heç bir kitabda yazılmayıb, heç bir peyğəmbər xəbər verməyibdir ki, dünya bina tutandan bu günə qədər bu çayların suyu qurusun. Bəs bu qədər su hardan gəlir? Qulaq ver!
Həzrət Adəmdən yetmiş min il əvvəl xəlq olunan bir məlaikə müsibəti-Kərbəla üçün həmişə ağlayıb və bu çaylar onun göz yaşından əmələ gəlib. İndi ağlamayaqsanmı?!
Bu bir mövizənin müqəddiməsi, başlanğıcıdır. 15 il bundan əvvəl məhərrəmin səkkisinzi günü Əsseyid axund Mirzə Əbdülfərəci Şirazi Naxçıvanın köçəri və tərəkəmə bir kəndindən mövizəni belə başlamışdı. Bu adam nə seyid idi, nə axund, nə mirzə və nə də əbdül. Təkcə Fərəc idi. Hətta boğazı uzun və nazik olduğuna görə ona Uzunboğaz Fərəc deyərlərdi.
Fərəc təbrizli idi. Üç il yarım mədrəsədə oxuduqdan sonra hansı üzvüdənsə bir xəta çıxmış və Şiraza əzimətə məcburolmuşdu. Onun dəyərli və yumuşaq səsi vardı. Hansı ildə anadan olduğunu, uşaq vaxtı nə yediyini, on dörd yaşında hara getdiyini, neçə gündən bir dırnağını kəsdiyini, çox heyflər olsun ki, burada deməyəcəyəm. 15 il bundan əvvəl onun cibində on dörd tümən pulu vardı. Məşhur xanəndə əyyar İbrahim Şiraza gələndən sonra Fərəc ixtisara düşən bir müəllim vəziyyətində qalmışdı. Daha ona əhəmiyyət verilməyirdi. Daha o, çayçı dükanlarında oxumayırdı.
Fərəc çox düşündü, çox adamlarla məsləhətləşdi. Nəhayət, qərarını verdi. O il bir tək Şirazdan Arazın bu tərəfinə 46 mərsiyəxan keçmişdi. Fərəc düşünürdü: “Səsim var, saqqalım var, farsca qəzəl bilirəm; pulum da var ki, əba, çarıq və qurşaq alım. Nə üçün keçib Arazın o tayında mərsiyəxanlıq etməyim? Nə qədər az olsa, yenə də 400 manat qazanaram ki!..”
Məhərrəmliyin dördüncü günü göy çarıqlı, göy qurşaqlı, sarı əbalı, kiçik və dəyirmi üzlü, xurmayı saqqallı, incə və uzun boğazlı nabələd bir axund Naxçıvan şəhərinin bazar küçəsində gəzirdi. Bu möhtərəm şəxs – Əsseyid axund Mirzə Əbdülfərəci – Şirazi! İdi. Bir mərsiyəxan üçün məhərrəmin dördüncü günü bir müəllim üçün noyabrın 28-ci günü kimidir. Hər bir mərsiyəxan öz kəndini tapmış, hər kənd öz mərsiyəxanına qovuşmuşdu. Fərəc yenə naümid olmadı, Naxçıvanın görkəmli bir aliminə müraciət etdi. Alim qonaq sevən, ürəyi yumşaq və qəriblərə hörmət edən bir zat idi. Fərəcin sözünə qulaq asdıqdan sonra dedi:
- Oğul, gec gəlmisiniz. Hər kənd özünə mərsiyəxan tapıbdır. Daha bu ara-bərədə elə bir kənd bilməyirəm ki, orada mərsiyəxan olmasın. Bircə çarə tərəkəmə kəndlərinə qalıbdır. Hərçənd onlar bir növ avam və vəhşi tayfadırlar; əza məclisi və mərsiyəxan-zad tanımazlar, amma əlhəmdülillah yenə müsəlmandırlar. Bir kağız yazım, verim, get gör, bəlkə bir növ ilə onları yola gətirəsən.
Fərəc həm zirək idi, həm özünə güvənərdi, həm əlacsız idi. Bu təklifi dərhal qəbul etdi. Başqa adam belə işə çətin girişərdi. Alimin kağızını cibinə qoyub yola düzəldi.
Fərəc özü hər il məhərrəmdə məscidə gedərdi. Hər il minbərlərdə təkrar olunan Kərbəla vaqiəsini ən incə təfsilatına qədər bilirdi və yol uzunu bunları bir-bir xatirinə gətirirdi. Birdən-birə bir şeydən şübhələndi. “Əcabə, imam Həsən nə vaxt nə ilə şəhid edilmişdir?” Çox düşündü, mümkün deyil, xatirinə gəlməyirdi. “Ay rəhmətlik oğlu, mənim imam Həsənlə nə işim var? Abbas var, Zeynəb var, Ruqiyyə, Leyla, Qasim var. Heç imam Həsənin adını da çəkmərəm və 40 gün onlara söz danışaram”.
Axund məhərrəmin altıncı günü kəndə yetişdi. Yay fəsli idi, hər kəs xırmanda çalışırdı. Hamı yaylağa köçmək üçün xırmanı döyüb, buğdanı basdırmağa tələsirdi. Bu kəndin əhli, həqiqətən, çox avam idi. Mərkəzdən uzaq və köçəri olduqlarına görə, gəlib-gedən olmayırdı. “Hu-hiş” bilməzlərdi, mollaları yox idi. Ölü və kəbin üçün ətraf kənddən molla gətirərdilər. Təziyə məclisi qurmaq, ağlamaq baş yarmaq burada adət deyildi: bu adət get-gedə tərk olmuşdu. Çox yaşlı kişilərin “matəm” hadisəsindən xəbərləri vardısa da, yeniyetmələr əsla buna vaqif deildilər. “Allah bir, peyğəmbər haqq, 12 imam bərqərar, vəssalam, şüd tamam” – şəriətdən bildikləri ancaq bu idi.
Kəndin ətrafından axan kiçik və bulanıq sulu bir çayda çimən uşaqlar uzaqdan gələn axundu görüb:
- Axund gəlir, ay balam!
Yaxın gəlir, ay balam! –
deyə-deyə çırtma vurub, atılıb-düşməyə başladılar. Axund ürəyində deyirdi: “Nə vəhşi uşaqlardır, ada...”
Axund kəndin ortasında bir xırmanın başına yığılıb söhbətə məşğul olan iyirmiyə qədər adama salam verdikdən sonra soruşdu:
- Kərbəlayi Pirverdi əmi hansınızdır?
Qısaboylu, sol ayağının dizi içəri bükülmüş, bir gözü kor, ağsaqqal və çopur bir adam azca yaxına gəlib:
- Kərbəlayi Pirverdi mənəm, xeyir ola? – dedi.
- Xeyirdir inşallah, ərz olsun, bəndəni şəhərdən Hacı Mirzə Fəzail ağa göndərib və sizə də kağız yazıbdır.
- Hacı Mirzə Fəzail ağanı tanıyıram. Nə əcəb mənə kağız yazıbdır? Mənim yazım-pozum yoxdur, göndərib, çox yaxşı eləyibdir. Oxu görək, nə yazır?
Axund Fərəcin ürəyi gurp elədi. Heç ağlına gətirməmişdi ki, kağızı özünə oxutsunlar və kağızı da açıb bir-iki dəfə oxumamışdı ki, azdan-çoxdan bələd olsun. Kağızı açanda hamı da gözünün içinə baxırdı. Belə yerdə zıqqana-zıqqana kağız oxumaq çox ayıb olacaqdı. Bu, təsadüf etdiyi birinci təhlükə idi, bunu adlmaq lazım idi. Ürəyində öz qərarını tez verdi: “Burada kağız oxumaq bilən, yəqin ki, yoxdur. Kağızı açıb üzünə baxa-baxa özündən söz quraşdırmaq lazım”.
- Eybi yoxdur... Kərbəlayi əmi, mən oxuyaram, - deyə başladı:
“Nuri eynim Kərbəlayi Pirverdi! Bəd əs-səlam. Məlum ola ki, Tehran şəhərindən gələn Əs-seyid axund Mirzə Əbdülfərəci – Şirazi əleyhirrəhmani sizin kəndə və sənin üstünə göndərirəm. Biləsiniz ki, bu ay müərrəmulhəram ayıdır. Təziyə ayıdır. İmam Hüseynin şəhadət ayıdır. Həmin axund sizə təziyə məclisi qursun. Axırda ona pul yığıb verin, savabdır və bu axund özü də çox böyük alimdir. Buna çox hörmət edin. Vəssalam. Qol çəkdi: Hacı Mirzə Fazil ağa”.
“Pul yığıb verin” sözünü hər kəs anladı. Amma bu pulun əvəzində axundun bunlara nə verəcəyini heç kəs başa düşmədi.
Böyüklər kimi uşaqlar da lap yaxına soxulmuşdular. Axund kağızı büküb Kərbəlayı Pirverdiyə verdikdən sonra sözə başladı:
- Ərz olsun... bu məhərrəm ayı matəm və təziyə ayıdır. Evladi-peyğəmbəri bu ayda öldürüblər.
Uşaqlar səs-küy salmışdı, bir kəndli onlara acıqlanıb dedi:
- Ay bədsüdlər! Bir sakit olun, görək, adam öldürüblər deyirlər, qoyun eşidək. Görək ölən kimdir, dayna!
Kərbalayi Pirverdi çox danışmaq istəyən bir adam idi. Müxatəbinin sözünü yarımçıq qoymaq, münasibətli-münasibətsiz danışmaq bunun köhnə adətidir. Arada bir fürsət tapıb:
- İmam Həsən və Hüseyn peyğəmbərin qız nəvəsidir. Mən Kəlbəlaya gedəndə...
Hamı bir-birinə qarışmış, hər ağızdan bir səs çıxırdı. Nəhayət, kərbəlayi Pirverdi soruşdu:
- Alimin buyurduğuna görə, biz gərək sənə puldan-pənədən yığıb verək. Sonra bizim borcumuz nədir?
- Ərz olsun, mən günü sabahdan hər gün axşam və hər günorta gərək başlayam imamların şəhid olmasını sizə nağıl edəm. Mən danışdıqca, ərz olsun, gərək siz də ağlayasınız və sinə vurasınız. Məhərrəmin onuna kimi; onuncu günü gərək daha çox ağlayasınız. Ondan sonra 40 gün mən yenə sizə danışacayam. Siz yenə də ağlayacaqsınız. Sonra öz xumsunuzdan, fitrənizdən, ata-babalarınızın ehsanlarından bir şey yığıb verəsiniz, mən də aparıb Kərbəlayi-müəllada özümə ruzi edərəm.
- Axund ağa, doğrusu, mərdi-mərdanə bu kənd tərəkəmə kəndidir. Burada pul-mul olmaz. Amma buğda vermərik desəm yalan olar. Nə eləyək, cəhənnəmə. Elə bilək ki, bir-iki pud buğdamızı əkin yerində siçan aparıb yedi. Ancaq o ki qaldı sən deyən məsələ, məhərrəmidən sonra 40 gün söhbəti, buna bizim camaat durmaz. Mal-qaramız burada batıb tərk olar. Məhərrəmin o beşindən sonra bu kənddə bir quyruq bulayan tapa bilməzsən. Hamı buğdasını, dənini, duzunu quyulara doldurub yaylağa köçür.
Bir ayrısı:
- Bax, odur ha, lap düz dedi. Buğda verərik. Amma 40 gün dayana bilmərik.
Pirverdi:
- Daha əgər mən danışıramsa, sən nə danışırsan, qoy görək də!
Kənardan biri:
- Pirverdi düz deyir, o hamımızdan vəkildir. Dinməyin qulaq verin, qoyun kişi danışsın.
Pirverdi:
- Camaat! Gərək hər ev axunda bir pud, iki pud buğda versin.
Axund da imamlardan sizə nağıl edəcəkdir.
Bir kəndli:
- Buğdaya sözüm yoxdur. Ancaq mən bu şəmbədən o yana qala bilmərəm. Br nağıldır, nə qədər uzun çəksə, iki gün çəkər. Daha biz 40 gün nə üçün avara-sərgərdan qalaq?
Axund:
- Buğda özü də nemətdir. Sözüm yoxdur, çox razıyam.
...Axund məhərrəmin 8-ci günü uzun bir samanlıqda təziyə büsatını qurmuş və bir sınıq sandığı minbər əvəzinə altına qoymuşdu. Qorxurdu ki, Kərbəlayi Pirverdi minbərdə də bunun sözünü kəsib danışıq başlasın, ona görə də hekayəmizin başında yazdığımız müqəddimə ilə Pirverdinin boynuna ağsaqqallığı yıxmış və onu minnət altına qoymuşduq. Büsata bir dənə də olsa, arvad xeylağı gəlməmişdi. Amma uşaq-muşaqlar samanlığa doluşub çox qeyli-qal salırlardı.
Axund Fərəc, vəhşi adlandırdığı bu “qoduq” xalqı ağladacaq, onların qəlbini yumşaldacaq, riqqətə gətirəcək və sonra bütün acığını çıxacağını zənn edirdi. Müqəddimədən sonra rast üstündə oxuyurdu:
Ey on de, dər in cəhon zi xod bixəbəri!
Hər şamo-səhər dər tələbe-simo-zəri!
Sərmayeyi-to dər in cəhon yek kəfənəst;
Ura de, güman pist bəri, ya nə-bəri.
Bütün məharəti ilə beytin mənasını şərh etdi. Ancaq bunun camaat üzərində heç bir təsiri görünməyirdi, hətta zəngulə vuranda uşaqlar bir-birinə baxıb dişlərini ağardırlardı.
Sözü qəsdən Müslüman balalarına köçürdü. Yanıqlı, acıqlı bir surətdə anlatdı. Hər kəs buna bir nağıl kimi qulaq asırdı. Əgər axund Fərəc bu sözləri başqa bir məclisdə, ayrı bir camaata söyləyə idi, şübhəsiz ki, hamı qoyun-quzu kimi bir-birinə qarışıb mələşərdi.
Doqquzuncu gün Əli Əkbərdən danışdı, həzrət Abbasın şücaətindən bəhs etdi. Yalnız “Pah ...ato...nan” deyirdilər. Əhli-beytin susuzluğunu suzişli-suzişli nağıl etdi. Mümkün deyil, yenə də ağlamayırlardı. Axund həqiqətən, qəzəbləndi, coşdu, bağırdı, ağladı, saqqal uzunu yaş tökdü. Çarığını yerə vurdu. Ağlamaq nədir ki, hətta bəzi cahıl-cuhullar axundun bu hərəkətinə yavaşca gülürlərdi.
- Ay həzərat! Ay camaat! İmam Həsənlə imam Hüseynimizi qıyma-qıyma doğradılar. Qasimi öldürdülər. Abbasın mübarək qollarını kəsdilər. Zeynəb ağlaya-ağlaya saçlarını yoldu, tökdü yerə...
Ağlayan yox idi.
- Axund, burasını doğru demədin, imam Həsəni qıyma-qıyma doğramayıblar, ona zəhər verib öldürüblər.
Pirverdinin bu etirazına axund eyni danışdığı şiddətlə cavab verdi:
- Bəli... həzərat... imam Həsənə zəhər verdilər. O elə bir zəhər idi ki, onun bağırsaqlarını qıyma-qıyma doğradı. Ay ağammm... vayy!
Axund Fərəc hər halda camaatı ağlatmalı idi. 9-cu gün də belə keçdi. Belə güman edirdi ki, bəlkə bunları, “həzrət Abbas şəbehi” ağlada. Axşam lazım gələn hazırlığı gördü. Bir cavan çağırıb ona həzrət Abbas rolunu öyrətdi. Tərtibat belə idi: Cavan gedib samanlığın dalında qaranlıq bir yerdə dayanacaq. Axund özü imam Hüseyn olub onu iki ağız çağıracaq. O da gəlib imamın qabağında diz çökəcək. Sair rollar üçün də bir-iki adam hazırladı.
Axşam saat səkkizdə hamı samanlıqda cəm olunmuşdu. Axund öz yerində oturub oxudu. Ərəbcə, farsca yalan-yanlış bir qədər danışdı. Məclisə göz gəzdirdi. Səsinə bir məlahət, bir məhzunluq verməyə çalışdı. Həzrət Abbas olacaq cavan samanlığın dalında dayanmışdı. Axund xüsusi şivə və əda ilə:
- Ya... Abbas! – deyə səsləndi.
Cavab yox. Hər kəs sakit dayanmış, baxırdı. Bir az bərkdən yenə:
- Ya... Abbas! – dedi.
Yenə cavab yox. “Əcaba, eşitmirmi?” Lap bərkdən:
- Ya... Abbas! – deyə səsləndi.
Bu halda samanlığın qapısı cırıltı ilə açıldı. Hamı qapıya dönüb baxdı. Ayrı bir şəxs içəri girib gülümsünərək:
- Axund əmi, həzrət Abbas buğda quyusuna yıxılıb, - dedi.
Camaat arasında gülüşmə və qarışma düşdü. Hətta axund Fərəc də özünü saxlaya bilmədi, o da güldü. Hamı maraqla bir-bir çıxıb samanlığın dalına üz qoydu. Həzrət Abbas rolunu oynayacaq cavan samanlığın dalına gedərkdən gözü işığa düşüb, buğda quyusuna yıxılmışdı. Nə qədər çalışırdısa, çıxa bilmirdi. Həzrət Abbasın özü də quyuda gülürdü. Nərdivan gətirib lampa işığında onu bir təhər quyudan çıxardılar. O gecə kənd içində gülməyən bir adam qalmadı.
Ertəsi aşura idi. Axund minbərə çıxarkən axşamkı vaqiəni xatırlayanlar gülürdü. Axund o günü ağlaya bilmədi.
Məhərrəmin 11-ci günü axund Fərəc buğdasını yığıb Naxçıvana qayıdarkən kənd ağsaqqalları ilə salamatlaşdı. Camaat ona bu cür razılıq edirdilər.
- Axund, Allah atana rəhmət eləsin, o buğdadan sənə halal olsun! Yaxşıca bizi güldürdün. Bu iş nə qədər yadımıza düşsə, bizi gülmək tutacaqdır.
Kultura.az