post-title

Əlisa Nicat — Azərbaycanlı olmaqdan böyük faydasızlıq yoxdur

(Fəlsəfi söhbətlər)

 
 
Uşaq, bu balaca oğlan, çılpaq, təzəcə ayaq açan və başdan-başa sevinc saçan oğlan yalvarış dişini təzəcə çıxarmışdı. Ancaq onun yalvarışına baxmadılar, hansı bir it sürücü isə onu maşınla vurub öldürdü.
 
Sürücüyə heç nə etmədilər. Günahı 2 yaşlı oğlanın üstünə atıb, sürücünü bir az xərcə saldılar.
 
Bu hadisə anasının ağlamasından başqa heç bir reaksiya oyatmadı.
 
Bu hadisəni necə qiymətləndirmək, onu necə şərh etmək olar? Bəzi ədalətli ölkələrdə, məsələn, ABŞ-da müqəssiri güllələyirlər, başqalarına dərs olsun deyə. Və belə də olmalıdır.
 
Lakin belə olmur, xüsusilə bizdə.
 
Əslində, günahkarın cəzalandırılması da yalnız ana və ata üçün təsəllidən başqa heç nə deyil.
 
Yenicə diş çıxaran balaca insan. Sivilizasiya olmayanda belə şeylər olmurdu. Anasının bir hissəsi olan körpə uşaqları daş dövründə hamı qoruyurdu və ona ətrafda dolu olan zəhərli ilanlar, yırtıcı pələnglər və canavarlar belə, toxunmurdular.
 
Uşaq doğulubsa, o, yaşamalıdır. Yaşamaq onun haqqıdır. O, sevməlidir, ata və ya ana olmalıdır.
 
Lakin dövrümüzün yeganə yırtıcıları bu köməksiz «mələkləri» demək olar ki, hər gün məhv edirlər, bilərəkdən, ya bilməyərəkdən.
 
Mənim üçün təzəcə ayaq açan, diş çıxaran uşaqdan gözəl dünyada heç nə yoxdur. Kim bilir, o, nə olacaq? Hərçənd ki, daha çox kartofsatan olmaq şansı var. Nə olar ki, qoy böyüsün, onun üçün yaranmışları əldə etsin, sonra öldürün. Nə qədər ki körpədir, ona toxunmaq olmaz. Axı o, Üzeyir bəy, Bethoven, Qurban Səid və Mirzə Fətəli də ola bilər.
 
Sadəcə, buna görə ona toxunmaq olaz. Ona toxunmaq olmaz ki, o, müdafiəsizdir.
 
Bəs Təbiət, Allah?
 
Hər ikisi susur. Halbuki, istəsəydilər, elə bir qanun qoyardılar ki, uşağa qıyan dərhal zavala gələrdi. Amma istəmədilər. Onlar üçün uşaq, hər erkəyin gecə istehsal etdiyi 150 milyon quyruqlu spermatozoiddən biridir, vəssalam. Çünki onlar uzaqdadırlar, bu balaca insanın sevinc və həyat dolu gözlərini görmürlər.
 
Lakin şəxsən mən hələ uşaq yaşlarımdan azı, yüz dəfə labüd ölümün pəncəsindən qurtarmışam. Bəs, bunu kimin ayağına yazaq? Deməli, belə çıxır ki, Allah bəzən lazım olanları qoruyur. Amma, bəs lazım olmayanları? Bəs, onların ölümünü kimin hesabına yazaq?
 
Ümumiyyətlə, hazırda azərbaycanlı olmaqdan böyük faydasızlıq yoxdur.
 
Əlisa Nicat
Yuxarı