Bulqakovun üç ilham pərisi
Valeriy Rokotov
Birincisi Tanrıdan, ikincisi insandan, üçüncüsü şeytandan.
1918-ci ilin soyuq bir yanvar səhərində, Vyazm şəhərinin küçəsi boyu gənc bir qadın harasa tələsirdi. O bir aptekdən o birinə qaçır və morfi xəbər alırdı. Halı hal deyildi. İnqilabın aləmi başına götürdüyü bir ölkədə aspirin tapmaq müşkül idi, qaldı ki, morfi. Əczaçılar yalvarışla əzik-üzük respeti göstərən qadının halına acıyırdılar. O yerli xəstəxanın həkiminin arvadıydı. Özü də bu həkim morfi aludəçisiydi. Vyazm kiçik şəhərdir, burda, heç kimdən heç nəyi gizlədə bilməzsən.
Şəhərin ucqarlarında bir yerdə yanımcıl bir əczaçı həmin dəyərli dərmanı qadına satdı. Bədbəxt qadın evə tərəf götürülsə də, nə isə düşünüb dayandı. O darmadağın olmuş bir halda tutqun rəngli mayenin köpüklərinə diqqət kəsildi və ağlından keçdi ki, bu morfi dozası ərini öldürəcək. Elə o anda ağlına xilasedici bir ideya gəldi. Qadın apteka qayıdıb distillə olunmuş su da aldı. Növbəti həftə ərzində o morfi məhlulunu, su ilə əvəz edib ərinə verdi və bir möcüzə gerçəkləşdi. Əri amansız azarın caynaqlarından qurtulmuşdu. O ərini ölümün əlindən aldı.
Mişa atəş açır!
Nə vaxtsa kiyevli bir qaraçı Bulqakovun falına baxır: Üç dəfə evlənəcəksən. Həm də bəd-bəd arxasınca qışqırır: “Yadda saxla: birinci arvad – Tanrıdan, ikinci – insandan, üçüncü isə - şeytandandır”. Ondan Bulqakov bu kahinliyi eşidib gülmüşdü. Onda bu tibb tələbəsi üçün küçə falçıları, ucuz fırıldaqçılar kimi gəlirdi və bir-iki baxışdan insanın taleyini görən bu qaraçıya da sırf necə yalanlar danışacağını eşitmək üçün yaxınlaşmışdı.
Bulqakov daş döşənmiş Andreyevski enişi ilə, könül rahatlığı ilə evə tərəf addımlayırdı. Əlbəttə ki, bütün bunlar cəfəngiyyatdır, o heç vaxt sevimli Tasyası ilə ayrılmayacaqdı.
Tatyana Lapp Kiyevə 1908-ci ilin yayında varid olmuşdu. Burda hər şey onun üçün sakit Saratov əyalətinə nisbətən yeni və qeyri-adi idi, küçələrdə şən insanlar, teatrlar, operalar vardı. Buranın gəncləri də fərqli idi, fəal, ayıq düşüncəli. Və budur, özünü xəyalpərəst və məzəli qələmə verə bilən bir kiyevli gimnazist onun həyatına girə bildi. Onların xeyli ortaq yanları ortaya çıxdı. Hər ikisi ailələrinin ən böyük uşağı idi, hər ikisi opera vurğunu və sağa-sola pul səpməyi sevən gənclər idi.
Onun Andreyevski enişində yaşayan ailəsi, Tatyananı rahatlıqla qəbul etdi və bu şən çoxuşaqlı evi tərk edəndə Tatyana özü ilə orda səhnələşdirilən məzəli pyeslər, oyunlar, ziyafətlər, xorlar və pəncərədən bayıra yayılan səs-küylü şadyanalıqların xatirəsini apardı.
Yeni il ərəfəsində Kiyevdən vahiməli bir xəbər gəldi: “Gələcəyiniz haqda yalandan bir teleqraf yazın Tasi, yoxsa Mişa özünü güllələyəcək”. Teleqramı Mixayılın dostu yollamışdı, o dostuna demişdi ki, əgər yaxın günlərdə Tatyananı görə bilməsə özünü güllələyəcək. O ümidsizcə eşqə düşmüşdü. Univerisiteti atmış, ancaq onun haqda düşünür, gözləyir, Saratova can atırdı.
Teleqramma həm Saratovdakıları, həm də Kiyevdəkiləri qorxuya saldı. Valideynlər gəncləri nişanladılar. Qızı Smolenskə yolladılar, oğlana isə dönə-dönə tapşırdılar ki: ağlını başına yığ, yoxsa Tasini ancaq yuxuda görəcəksən.
Bu illər ərzində onlara olduqca az-az, özü də sərt nəzarət altında görüşməyə icazə verirdilər, ancaq bütün bunlara baxmayaraq Tatyana axır ki, özünü Kiyevə sala bildi, burda tarix-fəlsəfə kurslarına daxil oldu. Onlar tezliklə əlbir olub evləndilər. Bu 1913-cü ilin sakit bir aprel günündə gerçəkləşdi.
İti tikanlar.
Müharibənin başlaması xəbəri gəncləri Saratovda Tasinin valideynlərinin evində haqladı. Mixayıl dərhal yaralıların axışdığı bir xəstəxanaya düzəldi.
Daha sonra Kiyevə qayıtdı. Bulqakovdan tezliklə gəlib təhsilini başa vurmağı tələb etdilər, onun oxuduğu kursu vaxtından tez bitirirdilər.
16-cı ilin yazında Bulqakov artıq Cənub-Qərb cəbhəsində idi. Brusilovun ordusu cəbhəni yarıb keçmiş və tələsik qospitalın yerini dəyişmişdilər. Tasya isə ərinin arxasınca yollanmışdı. Çernoviçdə Mixayıl onu öz yanına tibb-bacısı düzəltmişdi. İlk əməliyyatında halı pisləşdi, o ayaq amputasiya edirdi. Sonradan həkimliyə öyrəşdi.
Tezliklə arxa cəbhədə də həkim çatışmamazlığı hiss olundu və onlar böyük məyusluqla, cahilliyin, kobudluğun siflisin və sonu görünməyən darıxdırıcılığın hökm sürdüyü yerlərə gəldilər. Burda Bulqakov difteriyaya tutuldu, uşağın boğazından şüşə boru ilə infeksiyanı sovurarkən gözlənilmədən xəstəliyə yoluxdu. Mixayıl özünə zərdab vursa da, onu dəhşətli gicişmə tutdu. Onun yuxusu ərşə çəkilmiş və onda ilk dəfə arvadından ona morfi vurmasını xahiş etmişdi.
Özünü birtəhər Vyazma çatdıranda, o artıq morfi aludəçisi idi. O günlərlə bağlı Bulqakovun arvadının bircə işıqlı xatirəsi də yox idi. “Mən morfidən başqa bir şey bilmirdim, - o deyirdi. Səhərin gözü açılan kimi durub aptekə qaçardım... Bunu yaxşı xatırlayıram. Yadıma başqa bir şey düşmür”.
18-ci ilin fevralında Kiyevə qayıdandan sonra belə Mixayıl hələ də onu apteklərə yollayırdı. O ağlayırdı, dozanı aşağı salması üçün dil tökürdü, amma əri bundan kükrəyib, yerə-göyə sığmırdı. Bir dəfə hələ yanan primusu götürüb arvadına qımcırlamışdı da. Sonra tapançanı götürüb, arvadına tuşlamış, səsə Mixaylın qardaşı gəlib, birtəhər tapançanı əlindən almışdı. O günlərdə arvadı morfi əvəzinə ona su vurmağa başlayır və onun necə bu azardan qurtarmasına tamaşa edirdi. Az sonra Bulqakov şəxsi müayinəxana açır və Tasya rahat nəfəs almağa başlayır. Axşamlar Mişa nəsə yazırdı. Arvadı maraqlansa da o arvadına göstərmirdi. Bu minvalla ilk qələm təcrübələri ortaya çıxır. Ömürünün sonuna kimi həkim olaraq qalası deyildi ki.
Unudulma və ölümsüzlük arasında
Həmin il aydın oldu ki, tarixdən gizlənmək olmaz. Əvvəlcə onu petlyurovçular hərbi xidmətə apardılar. O qaçıb canını qurtarsa da yenidən tutub apardılar. Növbəti dəfə artıq Denikinin ordusunda xidmət etməliydi.
Tale Bulqakovu Qafqaza atır, Tasya yenə də ərinin arxasında gedir. Arvadı olmasa müalicəsi yarımçıq qala bilərdi. O tif xəstəliyinə yoluxub Vladiqafqazda xəstəxanada yatanda, arvadı onu tərk etməli olur. Sağalandan sonra gecə-gündüz arvadını məzəmmətləyir: “Sən zəif qadınsan, mənə baş çəkə bilmədin”. Axı tif xəstəsinə necə baş çəkəsən?
Yeməyə bir şey tapmaq lazım idi və Mixayıl yerli teatr üçün pyeslər yazmağa başlayır. Həkimliklə isə birdəfəlik qurtarır. O kasıb bir daxmaya qapanıb, quru taxtanın üstünə, bir döşək atıb uzanır və taxta yeşiklərin üstündə onun ümidlə dolu, məzəli, tikanlı pyesləri ortaya çıxırdı.
Bu dövrdə o get-gedə daha çox xaricə getməyə can atırdı. O 21-ci ilin yayında əvvəl Tiflisə, ordansa Batuma gedir, ordansa böyük istəklə üzüb Konstantinapola getmək istəyir. Sonralar xatirələrində o sahildə o yan bu yana vurnuxub, qaçmaq yoxsa Rusiyada qalmaq gərəkdiyinə uzun müddət qərar verə bilmədiyini yazırdı. Paraxodların birinin ambarına girib aradan çıxmaq imkanı yaranmışdı.
Həmin gün o azadlıqla, məhbusluq arasında seçim etdi. O unudulmaqla ölümsüzlük arasında seçim etdi. Nə etməli: tarixdə qalmalı yoxsa ondan gizlənməli, xilas olma və rahatlığa can atma, alçalmaq və satqınlıq kimi qəbul olunmayacaqdı ki? Axı anbarda siçanların arasında, özü də Tasyasız getməliydi.
Bulqakov qalmağa qərar verir. Bir müddət sonra onun tapşırığı ilə Tasya kəşfiyyat üçün Moskvaya yollanır.
Tatyana Feodosiya və Odessanı keçib min-bir əziyyətlə Kiyevə, ordan da paytaxta yollanır, tezliklə Bulqakov özü də həmin yolla paytaxta gedir. Ancaq, bunu “getmək” adlandırmaq olmazdı. Çünki yolun bir hissəsini piyada getmiş və Moskvanın özünə dəmir yolu ilə gəlib çıxmışdı.
O zamanlar cütlük səfalət içində yaşayırdılar. Hətta üç gün sərasər ac qaldıqları vaxtlar da olurdu. Gündüzlər Bulqakov “İblisnamə” povestinin qəhrəmanı kimi idarələri gəzir, gecələrsə yazırdı. O zamanalar onlar “Master və Marqarita”da bəhs olunan tanınan Bolşoy Sadovoy, 10, mənzil 50 ünvanında yaşayırdılıar. Bulqakov pul qazanmaq xatirinə hər işdə işləyirdi. Hələ bir dəfə zəhməthaqqı əvəzinə bir yeşik kibrit də almışdı. Daha sonra Tasya onları bazarda satıb, ərzaqa çevirmişdi. O ciddi cəhdlə həyatını qaydaya salmağa çalışır, yoxsul otaqlarına əşyalar alıb yığır ki, heç olmasa itirilmiş şəraiti bərpa edə, bir müddətlik rahatlıq əldə etmək xatirinə mənzil hissi onun üçün son dərəcə lazımlı idi.
Bir müddət sonra o işə düzəldi. Mərhəmətsiz həyat günlərin bir günü bu əzmlə çalışan kiyevlinin üzünə baxdı, onun əlyazmalarını oxudular və istedadını etiraf etdilər. Qəzet və jurnallarda onun felyetonları, hekayələri getməyə başladı. Budur Berlində çıxan “Ərəfə” jurnalı Moskva readaksiyasından tələb edir: “Bulqakovdan daha çox əsər göndərin!”
Onun həyatına məna qatan daha bir şey vardı, o gecələr özünün ağ romanını yazırdı – bu xatirə romanı, vurğunluq romanı, “səmanı qızdıran roman” idi. O əldən çıxanlar, onun üçün müqəddəs olanlar və qalanlar haqqında yazırdı. Ağ dünya, onun dünyası, ancaq səmalara sığırdı və o bu dünyaya boylanıb, onun niyə başqalarının da gözünə görünmədiyini düşünürdü. Axı ora get-gedə böyüyür, yer isə get-gedə kiçilir. Bir neçə il keçəcəkdi və o anlayacaqdı ki, onun indi yaşadığı dünya, iblis oyunlarının meydanıdır, burda hər şey boş və iyrəncdir, hətta yer üzündə doğulan sevgi də, əvvəl axır səmada əbədiləşdir, onun əbədi evi, əbədi yurdu elə səmadır. Onda dünya onun gözündə iki yerə bölündü, səmalara çəkilmiş müqəddəs ağ dünya və fəlakətli gerçəkliyin yaşandığı qara dünya. Bu dünyaları onun əsas romanında da əks olunmuşdu.
Tasya onun uğurlarından ürək dolusu sevinirdi, amma bu sevinc həmişə bəd bir duyumla zəhərə dönərdi. İş orasındadır ki, Mişa tez-tez hara isə itirdi, evə gec qayıdır, sərxoş, narahar görünür və ondan ürəkbulandırıcı qoxular gəlirdi. Bu dəfə Bulqakov bohem həyatın aludəçisi olmuşdu, jurnalist məclistləri, ədəbi qiraət gecələri, teatrları onun arvadına vaxt ayırmasına mane olurdu. Arvadı isə bir qullquçu misalı evdə oturub, təmizləyir, yuyur, ütüləyir, yemək bişirirdi. Bir qədər sonra isə qorxduğu başına gəldi. Bulqakov ayrılmaq istəyini elan etdi.
Səs-səmirsiz ayırılığa baxmayaraq, Mixayılın içindən qara qanlar axırdı. O artıq keçmiş arvadı və sevgilisi qarşısında özünü günahkar hiss edir və tez-tez təkrarlayır ki: “Tanrı sənə etdiklərimin əvəzini verəcək”.
O bircə şeylə təskinlik tapırdı. İçində Tasyaya sevgi qalmamışdı, sevgisiz ailə isə mümkünsüzdür. Bulqakovun can atdığı, arzusunda olduğu həyatda mütləq və mütləq qadın sevgisi olmalıydı. Bu xoşbəxt olmaq üçün əsas şərt idi.
Tasya ona əşyalarını yığıb getməkdə və tək başına qalmaqda yardımçı oldu. Bulqakovun on bir illik sevgisi beləcə adi, sıradan bri ayrılıqla başa çatdı.
Yeni Sevgi (rus dilində “lyubov” – “sevgi” həm də qadın adıdır –tərc )
Lyubov Belozerskaya Moskvanın bomboz abu-havasında parlaq bir ulduz kimiydi. Bulqakov onu yazıçıların gecəsində görən kimi, dərhal vuruldu. O zamanlar Aleksey Tolstoyun başçılığı ilə xaricdən qayıdan mühacirlər Berlindən Moskvaya gəlməklərini qeyd edirdilər. Bu qələbəliyin içində gənc, gözəl təhsil almış, dildən natiq olan o qız da vardı. O gözəl və azad ruhlu idi. Belozerskaya Bulqakovu şifahi tanıyırı və onun “Ərəfədə” çıxan hekayələrindəki yeni dünya təsvirlərini oxuyub ürəkdən gülmüşdü. Həmçinin Berlindəki dostları Bulqakovun Moskvada ən yaxşı yazıçı olduğunu deyirdilər. Bulqakovu onunla tanışdıranda, o bu adamın Şalyapinə çox oxşadığını düşünüdü, amma Şalyapindən bir azca gülməliydi. Onu Mixayılın qara köynəyi və sarı rəngdə boyanmış çəkməsi cəlb etdi. Geyimindən onun kasıb olduğu dərhal anlaşılırdı.
Onların arasında baş qaldıran gizli sevgi macərası iki ay davam etdi. Onlar adədətən Patriarşix gölünün yaxınlığında görüşürdülər, elə orda da evlənmək qərarına gəlirlər.
Həmin il Bulqakov dumanlı da olsa Kiyevdə qarşısına çıxan qaraçını xatırladı, amma onun öncəgörməsi hələ də Bulqakova mənasız görünürdü. Cəfəngiyyatdır! İnsan taleyi idarə edir, tale insanı deyil. Bütün məsələ burdadır. Heç bir öncəgörmə mümkün deyil. İnsanı idarə edən ağıl və ürək deyilən şey var. Bir də qarşısında dayanılması çox çətin olan duyğular var. 1924-cü ildə Bulqakovun həyatında yeni sevgi doğdu və yenə də ona elə gəldi ki, bu sevgi həmişəlikdir. Onlar Obuxov döngəsində yerləşən, köhnəlib əyilmiş bir evdə müvəqqəti məskunlaşdılar. Birinci mərtəbədəki dar-darkeş otaqda Bulqakov özünün “Öldürücü yumurtalar” və “İt ürəyi” əsərlərini, “Ağ qvardiya” romanını və “Turbinlərin günü” pyesini yazmışdı.
Belozerskaya ona fədakarlıqla köməklik edirdi: redaksiyaları gəzir, əlyazmaları aparırdı. Köklü moskvalı olan, bu əsilzadə xanım qısa vaxtda ərinə əyalətdən qazandığı kobudluq və ifrat nəzakətlilikdən xilas olmaqda yardım etdi. O tərcüməçi kimi Molyerin əsərlərindən hissələr çevirib “Kabala mömün” pyesini yazmaqda köməklik göstərdi. Onun parlaq mühacirət xatirələri Bulqakova “Qaçış”ı yazmaqda kömək edir.
O arvadına olan sevgisinin necə şiddətlənməsindən danışır, bu haqda gündəliyində yazır: “Arvadım yavaş-yavaş hisslərimə hakim kəsilir. Bu həm yaxşıdır, həm fədakarlıqdır, həm şirindir, həm də dözülməsi çox çətindir. Elə bu gün xəstələnmişəm, o isə mənim üçün əldən-ayaqdan gedir... Bu gün evdən çıxmazdan əvvəl onun necə gizlincə yemək yediyini gördüm...
acıyaraq baxdım... tək başına, onsuz, artıq ağlımdan belə keçirə bilmirəm. Görünür, yamanca öyrəşmişəm”.
25-ci ildə “Rusiya” jurnalı “Ağ qvardiya”nın çapına başlayır. Bulqakov bu əsərini Belozerskayaya həsr edir. Keçmiş arvadıyla münasibətdə bu ədalətsizlik idi. Çünki nə vaxtsa məhz keçiş arvadında da roman həsr etməyə söz vermişdi. Özü də keçmiş arvadı buna layiq idi, o Bulqakovla birlikdə müharibələrdən, aclıqlardan çıxıb gəlmişdi. O ərini ölümün pəncəsindən xilas etmişdi. Axırda etdiklərinin əvəzi belə verilirdi. Bulqakov günlərin bir günü Tasyaya pul yardımı etmək və jurnalı vermək üçün onun evinə yollanır və bu görüş qalmaqalla başa çatır. Tasya jurnalda romanın kimə həsr olunduğunu görün kimi onu müəllifin üzünə çırpır. Bulqakovsa qayıdıb gedərkən dərindən nəfəs alıb deyir: yaxşı olur sənə.
7 may 1926-cı ildə Bulqakovun evində axtarış aparılır. Arvadı onu etiraz etməkdən zorla saxlayır, o yalvar-yaxar edirdi ki, əri səsini çıxartmasın, amma çekistlər Belozerskayanın sevimli kreslosunun içinə mil salıb xarab edəndə Bulqakov özünü saxlaya bilməyib deyir:
- Yaxşı, Lyubaşa, əgər sənin kreslonu güllələsələr səsimi də çıxarmayacam.
Hər ikisi acı-acı gülürlər.
Təqiblər
DSİ –dən (dövlət siyasi idarəsi) olan adamlar Bulqakovun “İt ürəyi” əsərinin əlyazmasını və gündəliklərini götürür. Ancaq iki il sonra Qorkinin işə qarışması ilə yazıçının bu əlyazamaları özünə qaytarılır. Bulqakova maraq artıq höküməti narahat etməyə başlamışdı. O özünü birbaşa təsdiqləmişi. “Öldürücü yumurtalar”, “İt ürəyi”, “Ağ qvardiya” dərhal dövrün ədəbiyyatı içərisində önə çıxır, nəzərə çarpırdı. Povestlərində Bulqakov elm adamlarını tərənnüm edirdi. Onun qəhrəmanları proletar ədəbiyyatın qəhrəmanlarına zərrəcə də bənzəmirdi. O öz fikirlərini qəhrəmanlarının dili ilə deyirdi, inqilaba fərqli münasibətini ortaya qoyurdu. O inanırdı ki, inqilab insanları yenidən tərbiyələndirmək prossesidir və əslində belə bir proses heç cürə mümkün deyildi. Bəli inqilab böyük ədələtsizlik ucbatından başlamışdı və bu ədələtsizlik ölkəni qana boyamışdı. Doğrudur ədalətsizlik qismən də olsa aradan qaldırılmışdı, amma onun yaratdığı şərait heç vaxt insanların yaddaşından silinməyəcəkdi. “Etdiklərinizin əvəzini ödəyin və vicdanla ödəyin və sosial inqilabı həmişə təkrar-təkar anın” – inqilabdan çıxarılacaq böyük və yeganə dərs bax budur.
Yerdə qalan hər şey boş xəyalpərəstlikdir. Rusiyanın bircə yolu var – yenidən himni, böyük səltənəti, gözqamaşdıran paqonu, zabit kodeksinə uyğun ləyaqəti, ziyalı kultuyla səsləşən davranışları, döngələrə qoyulan şəhər nəzarətçisi yaxud milisi ilə vərdiş edilmiş bir monarx (fərqi yoxdur qırmızı ya ağ olsun). Bax bu nurun içindən “Ağ qvardiya” süzülüb axır.
Bulqakovun pyeslərindən ibarət kitabı yuxarılar diqqətlə oxudular. Zabit obrazı və onun dövlətə sədaqətlə xidməti Stalinin xoşuna gəlmişdi. O özü də anlamışdı ki, artıq qırmızı at onu getmək istədiyi yerə apara bilməyəcək, artıq yeni, yüyrək, möhkəm, qarşısındakını əzib keçən, buna görə də qırmızı yox, ağ ata ehtiyac vardı. Açıq-açığına sovet təfəkkürünə zidd olsa da Stalin Bulqakovun “Turbinlərin günü” pyesinin səhnələşdirilməsinə imkan verir və tamaşada bir neçə dəfə şəxsən iştirak etməsi ilə müəllifə simpatiyasını da göstərir. Bu pyes Bulqakovun həyatda qalmasına kömək edir.
MBAT (Moskva Bədii, Akademik Teatrı) da “Turbinlərin günü” oynanılanda, Vaxtanqov teatrında “Zoykinin evi” oynanılırdı, bu müthiş məhşurluğuna görə axır ki, Bulqakov arvadı Belozerskaya ilə birlikdə insan kimi yaşamağa layiq görülür – onlara şəhərin yaxşı yerdinə Böyük Piroqovski küçəsində üç otaqlı mənzil verilir, sonradan bu mənzildəcə “Master və Marqarita” romanı doğulur. Lakin, yazandan az sonra o tələsik əlyazamalarını yandırır. Fikirləşir ki, əgər yenidən evində axtarış aparsalar başı ağrıya bilər. Yuxarıda Stalin kimi birisi tərəfindən qorunduğunu isə hələ bilmirdi.
Xoşbəxt anlar elə də uzun çəkmir. Kəskin proletar tənqidi Bulqakovun yaxasını buraxmır. Onların gözündə Bulqakov təkcə vecsiz, duyğusuz deyil, həm də ağ qvardiyaçı idi. O həm də zəhərli rişxəndçi kimi tanınırdı. Ona qarşı yönəlmiş minlərlə məqalə-donoslardan nifrət fışqırırdı. Bəzən Belozerskaya növbəti məqalənin müəllifini tapıb üzünə tüpürmək istəyirdi.
Məqalələr öz işini gördü, tezliklə Bulqakovun pyeselərini repertuarlardan çıxardılar, kitablarının nəşrini dayandırdılar.
29-cu ilin iyununda incidilmiş və hər cür tənqidə tuş gəlmiş, səfalətin astanasına çatan yazıçı, dövlət rəhbərinə müraciət edir: “Artıq yaşamağım mümkün olmadığından, təqiblərdən, nə ölkədə nə SSRİ hüdudlarından kənarda çap olunmayacağımdan Sizə müraciət edirəm, xahiş edirəm mənə arvadım Lyubov Yevgeniyevna Bulqakovanın müşayiəti ilə təcili surətdə SSRİ hüdudlarini tərk etmək əmrini versin”.
Onda Bulqakova cavab gəlmir, amma 30-cu ilin yayında daha bir məktub ünvanlayır və vəziyyət dərhal dəyişir. Məktubun ünvanlandığı şəxs oxuyur və müəllifə zəng vurur. “Bəlkə düz deyirsiniz, sizə ölkədən çıxıb getməyə şərait yaradaq? – Stalin soruşur. Nə olub, axı biz sizi bu qədərmi bezdirmişik?”
Qulaqcıqla söhbəti dinləyən Belozerskaya əmin idi ki, Mixayılın ölkədən kənara getməsinə imkan verəcəklər. Lakin Stalin başqa cür danışır: “Mən son zamanlar çox düşünürəm, görəsən rus yazıçısı vətəndən kənarda yaşaya bilərmi? Və mənə elə gəlir ki, yaşaya bilməz...”
Bulqakov yenidən illər əvvəl Qara dənizin sahillərindəki tərəddüdünü yada saldı, aravadı isə qəti anladı ki, heç kim onlara azadlıq verməyəcək.
İllər sonra Lyubov Belozerskaya Mixayılın necə xətrinə dəydiyini boynuna alırdı. O gecə-gündüz telefonla danışır, səs-küy salır, ayaqlarını yerə vurur və ərinin işləməsinə mane olurdu. Əri ona acıqlananda isə cavab vermişdi: “Sən ki, Dostoyevski deyilsən”.
Yəqin elə həmin gün aralarında bir uçurum yaranmağa başlayır.
Bulqakovun digər qadını general Şilovun arvadı oldu. Əvvəllər onların dost münasibətləri vardı, nə oldusa sonradan oldu. O həm də Belozerskayanın rəfiqəsiydi. Belə çıxır rəfiqəsi ərini əlindən aldı və o buna bir şey deyə bilmədi, çünki özü də vaxtilə belə davranmışdı. Əvvəlcə Tasya ilə dostluq etmiş, ona fokstrot rəqsi etməyi öyrətmiş, sonra isə ailəsini dağıtmışdı. Neynəyəsən Tanrının nəsibidir.
Mistik bağ
Yelena Şilovskaya Bulqakovla bir qonaqlıqda tanış olmuşdu. Stol arxasında oturarkən köynəyinin qolu qatlanmış və üzünü Bulqakova tutub demişdi: “Mişa zəhmət olmasa köynəyimin qolunu çırmalamağa kömək edərsinizmi?” Bununla da bir ovsunçu kimi onu özünə bağlamışdı.
General xəyanətdən xəbər tutanda, qalmaqal qopdu. O Bulqakovun üstünə yeridi, qışqırdı, revolverinə əl atdı. Olduqca qaynar və həyəcanlı bir səhnə yarandı.
Sonra general soyudu, evə qayıdıb arvadına əgər bu eşq macərasını bitirərsə hər şeyi unudacağına söz verdi. Yelena bir ilə qədər ev dustağına çevrildi. Günlərin bir günü isə evdən çıxmağa qərar verdi. Elə həmin gün də onunla üzbəüz gəldilər. Tale onları qovuşdurmaq üçün əlindən gələni edirdi. “Mən sənsiz yaşaya bilmirəm”, - deyə Bulqakov alovlu bir ehtirasla onun qulağına pıçıldadı. Elə həmin gün də oturub general Şilova Yelenanı ona verməsi ricasıyla bir məktub yazdı. General onların arasına girə bilməyəcəyini anlayıb boşanmağa razılıq verdi.
Bir dəfə bir kitabı götürüb vərəqləyərkən, Bulqakovun gözünə bu sətirlər sataşdı: “Birinci arvad – Tanrıdan, ikinci – insandan, üçüncü isə - şeytandandır”. O dərhal ona ilk dəfə bu sözləri deyən Kiyevdə qarşılaşdığı qaraçını xatırladı. Məlum oldu ki, bu deyimin xeyli yaşı var. Yazıq qoca düzünümü deyibmiş? Öncəgörməsi gerçəkləşmişdimi?
O fikrə getdi. Doğurdan da Tasya “Tanrıdan” idi. Onların kəbini göydə kəsilmişdi. O Bulqakovun qoruyucu mələyi olmuşdu. Lyubya isə “insandan” idi. O elə ilk dəfə Lyubyanı mühaciərtdən qayıdan yazıçıların məclisində görmüşdü. Deməli, Yelena “şeytandandır”? Axı ola bilməz! Onda şeytani nə var ki? Mehriban, şipşirin bir qızdır. Zamanla sular duruldu, hər şey ortaya çıxdı... onlar evlənəndən sonra hansısa sirli səbəbdən onun kitabları yanmağa başladı. Kitabların külündən şeytan haqda yeni roman ortaya çıxdı.
Yelenanın fikrinə görə Bulqakova ərə getmək tamam axmaqlıq idi. “Mən təmin olunmuş, qayğısız, xoşbəxt həyatımı məhv edib – deyə o xatırlayırdı - Mixayıl Afanasiyeviçin kasıb həyatına ortaq oldum, özümü naməlum bir boşluğa atdım”.
Sanki hansısa qüvvə onu içinə dartırdı. O hər şeyini atdı: general ərini, sütunlu gözəl binadakı böyük mənzilini qoyub, Bulqakovun ən çətin dolandığı bir dövründə ona qoşuldu. Stalinin zəngindən sonra Bulqkovu MBAT-a işə götürdülər, ancaq bu sevincin də ömrü uzun olmadı. MBAT onu əldən saldı, sifarişlər verməyə, danlaqlarla canını üzməyə başladı. O gözlədiyi aləmdən əsər-əlamət görmədi. Bu məyusluq tezliklə teatr aləmindən bəhs edən “Ölünün qeydləri” romanında əks olundu.
Otuzuncu illərdə Bulqakovun yazı masası pyeslərin məzarlığına çevrildi. O masanın üstündə “Qaçış”, “Al qırmızı ada”, “İvan Vasiliyeviç”, “Kabala mömin”, “Aleksandr Puşkin” kimi möhtəşəm pyeslər yatırdı. Tezliklə Bulqakovda əsəb gərginliyindən dəhşətli baş ağrıları yarandı. O qorxu tutmaları keçirirdi. O evdə tək qalmaqdan qorxurdu. Yelena hara getsə onu müşayət edər, teatra aparar, işdən sonra evə gətirərdi. 1934-cü ildə onlara xarici pasport verməkdən imtina etdilər və onlar bu ölkədə əsir kimi qaldıqlarını anladılar.
“Bizə pasport əvəzinə ağ kağız verdilər – bu rədd cavabı idi, - deyə Yelena gündəliyində yazırdı. – Küçədə birdən-birə Mişanın halı pisləşdi, onu çətinliklə aptekə aparıb çıxara bildim... Mişa deyirdi ki, onun heç vaxt dünyanı görə bilməməsi üçün bilərəkdən kor ediblər”.
Qəzəblənmiş Bulqakov hökumətə müraciət etdi: qoy heç olmasa arvadını xaricə buraxsınlar, o isə girov kimi SSRİ-də qalsın. O mütləq xaricə getməlidir. Berlində, Parisdə, Londonda onun pyeslərini səhnələşdirməli, kitablarını çap etdirməlidir. İndiki halda xaricdə onun fikirlərini təhrif edə, qonorarını verməyə bilərlər. Bu məktub cavabsız qaldı.
“Vətəndə oynamırlar, xaricdə oğurlayırlar”, - deyə Bulqakov acı-acı zarafatlar edirdi.
Yelena hər şəraitdə ona dəstək verirdi, daim ürək-dirək verirdi ki, böyük uğurun hələ irəlidədir. O bütün həyatını ərinə həsr etmişdi, evi dolandırır, əlyazmalarını oxuyur, onun imlası ilə yazır. Gecə gündüz bircə şey düşünürdü ki, onun ərini ancaq gələcək nəsillər oxuyacaq, indiki nəsil isə onun ən gözəl romanlarından xəbərsiz olacaq. Beləliklə Bulqakov pulsuz və ümidsiz bir şəraitdə, əvvəlcədən çap olunmayacağını bilə-bilə yeni romanını yazır. Bu roman Məsih və şeytandan, Ustad və onun gizli sevgilisindən bəhs edirdi.
Yelena dərhal özünü Marqarita obrazında gördü. O bu romana vuruldu. O dərhal anladı ki, bu Bulqakovun ən böyük əsəridir.
O illər Bulqakov Stalinlə görüş fürsəti axtarırdı, növbəti məktubunun cavabında Stalinin zəngini gözləyirdi, o isə susur, tək-tük hallarda sənətə gözlənilməz bir maraq göstərirdi. Bu ötəri maraq çox dəyərliydi. O günlərin bir günü “Turbinlərin” niyə tamaşaya qoyulmamasına təəcüblənmiş və pyesin tamaşası dərhal bərpa olunmuşdu. Soruşmuşdu ki, Bulqakov təzə nə yazır, və Yazıçılar Birliyi dərhal yazıçıya ev vermişdi.
Stalinin diqqəti fərəhliydi, amma yazıçının istəyi başqa idi. O 1930-cu ilin yayında ona vəd olunanı istəyirdi. Bu söhbət olduqca mühüm idi. O çox şeyin üstünü açmalı, çox şeyi aydınlaşdırmalıydı.
1936-cı ildə Bulqakovu işləmək üçün Böyük teatra dəvət edirlər. O bundan sonra liberettoçu işləməyə başlayır. Şəraitin dəyişməsi onu sevindirirdi, amma Yelena bunun da növbəti köləlik olduğunu anlayırdı. Mişanın iradəsi çataydı, teatrı və bütün bu zir-zibili bir yerə tərəfə ataydı və əsas işlə məşğul olardı.
O bütün gücünü ortaya qoymalı oldu, bacardığı qədər kölə xaltasına boynuna keçirməməyə çalışdı və işdən kənar vaxtlarında yenidən öz işləri ilə məşğul oldu.
Get-gedə Bulqakov Stalin üçün daha mühüm fiqura çevrilirdi. Stalin bu yazıçının düşüncəsinin inkişaf məntiqini anlayırdı. O yeni əsər üzərində işləyirdi və bu seminariyanı atıb inqilaba qarışan tezliklə ən böyük imperiyanın başına gələn bir gəncin hekayəsi idi. Bu düşüncələrin nəticəsində yeni pyes “Batum” ortaya çıxdı. Bu yeni dünyanı yaratmağa can atan, süquta uğramış mələk haqqına idi.
Pyesin qadağan edilməsi Bulqakovu əməlli-başlı silkələdi. O indi aydınca başa düşdü ki, onunla dostcasına davranan Stalin əslində, elə ona qadağalar qoyan adamdır və bilərəkdən onunla danışmaqdan boyun qaçırır. Kartlarının açılmasını istəmir. Mistik bağ vasitəsilə dialoqa girmək ümidi yerlə bir oldu. Sirli biliklərin qapısı Bulqakovun üzünə bağlı qaldı.
Bu ölümcül zərbə idi. Bu baş verənlərin nəticəsi kimi, əsəb gərginliklərindən irsi keçən xəstəlik – hipertonik nefroskleroza tutulur. Xəstəlik Bulqakovu yorğan-döşəyə salır.
Son vəd
Yelena öz-özünə təkrarlayırdı: “Mən onu vermərəm. Onun həyatda qalması üçün hər şeyi edərəm”. Lakin, xəstəlik güc gəldi, çünki böyük yazıçı artıq həyatda qalmaq ümidlərini tamam itirmiş, ölmək istəyirdi. O son gücünü toplayıb, sonuncu şedevrini bitirdi. Çoxdan gözlədiyi sakitliyə qovuşdu.
Dözülməz ağrılara baxmayaraq o ləyaqətlə öldü. Ölümqabağı o tez-tez sayaqlayırdı və daha sonra arvadı onun dilindən çıxan sözləri yazdı: “Yaxın gəl, səni öpüm və hər ehtimala qarşı xaç çəkim... Sən mənim arvadım olubsan, ən yaxşı, əvəzedilməz, cazibədarım olubsan... Mən səni sevirəm! Əgər yenə ömrüm qalsa, səni bütün ömrüm boyu sevməyə davam edəcəm...”
O bir də son olaraq Tasyanı görmək istədiyini deyir, ondan əhf dilmək istəyir. 1940-cı ilin martında Yelena Serqeyevna dul qaldı. Qarşıdan qorxulu illər gəlirdi, o olduqca uzun, əzablı yolları keçməli, ustadın arxivini qorumalı və son nəticədə kitablarının yenidən çapına nail olmalıydı. Nail olmalıydı ki, dünya onun adını tanısın.
Həyat ona Tayana və Lyubovdan daha az vəfa göstərdi. Tatyana 93 il, Lyubov 92 il yaşadı, Yelena isə 77 yaşında “Master və Marqaritanın” ilk senzura olunmuş versiyasının çapına nail olaraq dünyadan köçdü. Sanki, verdiyi sözü yerinə yetirən kimi, Bulqakov onu öz yanına aparmışdı.
Çevirdi: Namiq Hüseynli
Kultura.az