post-title

Qürub kinosu – vətəndaş müharibəsinin kabusu

Bu günlərdə bütün dünya silkələndi. Boris Nemtsovun Kremlin lap ağzında, nümayişkəranə və rəmzi qətli, daha doğrusu edamı milyonları sarsıtdı. Rusiyada və eyni zamanda onun dərin təsirində olan bütün “postsovet məkanı”nda qorxu atmosferinin kulminasiyası, apofeozu baş verdi. Bu qətlin tarixi mənada keçid nöqtəsi olması bir kimdə şübhə doğurmur. Bütün dünya mətbuatı hazırda bu haqda yazmaqdadır. İstibdad və total qorxu atmosferi artıq banal bir reallığa çevrilib.

 
 
Lakin incəsənət, xüsusən ədəbiyyat və kino, bu haqda öncədən sözünü demişdi. Nələr olacağı, bizi nə gözlədiyi haqda. Rus kinematoqrafına bu rakursdan nəzər salmaq üçün, tarixə kiçik bir ekskurs etmək gərəkdir.
 
Bir neçə gün öncə “Oscar” mükafatının təqdimetmə mərasimi olmuşdu. Səs-küyə səbəb olmuş A.Zvyagintsevin “Leviafan” filmi, bir qədər öncə “Bafta” mükafatında olduğu kimi, burada da iddia etdiyi yeri “İda” (rejissor Paweł Pawlikowski, 2013) polyak filminə güzəştə getməli oldu. Mükafat, gürcü-abxaz müharibəsi haqda müştərək gürcü-eston istehsallı “Mandarinlər” (rejissor Zaza Uruşadze, 2013) filimindən də yan keçdi. “İda” öz kinematoqrafik mahiyyəti və estetik dərinliyinə görə hər iki filmdən çox yüksəkdə dursa da, bizim, yəni bu coğrafiyanın sakinlərinin rəğbəti gürcü qonşumuzun, lap uzağı Zvyagintsevin yanında idi. Coğrafiya həyatımızda çox önəmli rol oynamaqdadır. Hətta kino və onun qəhrəmanları bu gün milyardlarla insan üçün alter ego (ikinci mən) rolunu və özlüyündə Zeitgeist - çağın ruhunu təcəssüm etdirsə belə...  
 
Nobel mükafatı dərəcəsində siyasiləşmiş bu tədbirdə, mükafatın nədən “Leviafan”a və ya “Mandarinlər”ə verilmədiyi gün kimi aydın idi.
 
'Дурак' ('Səfeh') filmindən səhnə, rejissor Yuri Bıkov, 2014
 
 
Hakimiyyətə gəlişi zamanı Putin, nədənsə mənə imperator Diocletian’ı xatırladırdı. Atası azad edilmiş qul olan Diocletian xidmətə sadə legioner kimi başlayaraq tədricən yüksəlmiş, hakimiyyətə  isə Roma İmperiyasının artıq qürubunda gəlmişdi. O imperiyanın bərpası uğrunda var gücü ilə çalışır və buna qismən nail də olmuş, dövlətin siyasi və hərbi qüdrətini möhkəmlətmək üçün islahatlar keçirmişdi. Onun dövründə imperiyadakı bütün xalq üsyanları və ucqarlardakı separat hərəkatlar yatırılmış, imperiyadan ayrılmış əyalətlər geriyə qaytarılmışdı. Lakin bütün bunlar imperiyanın qüdrətini qismən bərpa etsə də, onu yaxın gələcəkdə parçalanmadan saxlaya bilməyəcəkdi. Bəlkə də imperator bu cəhdlərinin zaman qarşısında əbəs olduğunu anlayıb, ömrünün sonuna yaxın hakimiyyətdən könüllü getmiş, son günlərini Adriatika sahillərində xatirələrdə keçirmişdi.  
 
Putin, hakimiyyətə 1999-un həyəcanlı yayında, dağılmış SSRİ-nin varisi Rusiyanın ən qarışıq və böhranlı bir dövründə, zatən ölkədə ikinci Qafqaz müharibəsi başlayan zaman gəlmişdi. Bundan öncə ölkədə çox dərin iqtisadi böhran yaşanmış, bir neçə baş nazir bir-birini əvəz etmiş (prezidentdən, bu “canlı ölü”dən danışmağa ümumiyyətlə dəyməzdi), ölkədən faktiki ayrılmış separat bölgə (İçkeriya) açıq-aşkar quldur mərkəzinə çevrilmiş və bütün rus cənubu üçün çox böyük destabiliszasiya mərkəzi olmuşdu. 1994/96-cı ilin dağıdıcı müharibəsindən yenicə çıxan ölkənin, onsuz da çox ağır durumda olan iqtisadi vəziyyətini 1998-ci il defoltu özülünədək titrətdi. Cənubda başladılmış yeni müharibə, Tatarıstanda, Uzaq Şərqdə peyda olan seperatist ideyalar, başqa bölgələrdəki narazılıqlar, cəmiyyətdə birləşdirici ideyanın olmaması və s. faktorlara görə tam aydın idi - ölkəni faktiki parçalanma gözləyirdi. Bundan başqa öncələr Rusiyanın satelliti olmuş yeni ölkələrdən gələn xəbərlər də yaxşı bir şey vəd etmirdi. Bu yeni dövlətlərin bir çoxu tərəddüdsüz zəngin və cəlbedici qərbə artıq inteqrasiya etmiş, qalanları da bunun üçün fürsət gəzir, NATO isə rus sərhədlərinə yaxınlaşmaqda idi. Kommunizmin ideologiya kimi tam iflasından sonra keçmiş müstəmləkələri isə yenidən yığmağa nə ideya, nə də yetərincə güc vardı. Keçmiş “Varşava müqaviləsi”nin  “dost və müttəfiqlər”indən, Rusiyanın beynəlxalq nüfuzundan isə heç danışmağa dəyməzdi.
 
'Груз-200' filmindən səhnə, rejissor Aleksei Balabanov, 2007
 
 
Nəticədə dərin təhqir hissi və revanşizm ideyaları tədricən bütün rus cəmiyyətini sarır. 1993-cü ildə Proxanovun tək-tənha “Zavtra” qəzetində bunları yazarkən, əslində bir kimsənin bu ideyaların uzun illər sonra rus cəmiyyətində dominanta çevriləcəyini bilməzdi. Hələ sıfırıncı illərdə belə Dugin, Limonov, başqa “imperialist”lər marginal olaraq qalmaqda idilər.   
 
Məhz bu zaman hakimiyyətə xüsusi xidmət organlarından gəlmiş, iradəli xarakter nümayiş etdirən (məşhur «мочить в сортире» ifadəsi) bir adam gəlir. Onun qarşılaşdığı bu dərin böhran həm də ona verilən carte-blanche çevrilir. Hakimiyyətinin növbəti illərində KGB məktəbinin kifayət qədər sinik bu məzunu, cəmiyyətin “dəmir əl”ə olan dərin təlabatına öz idarəçilik üsulu ilə çox gözəl qarşılıq verir. Təkliflə-tələb üst-üstə düşür və nəticədə şahidi olduğumuz 15 illik proses və hazırkı sonuc baş verir.
 
Bu illər ərzində ölkə-imperiyanın dirçəlişi üçün edilən səylərin başlıca cəhəti, onların heç də həqiqi deyil, simulacre, yəni həqiqinin yerinə süni, əvəzləyici olmasıdır. Hazırda Rusiya hakimiyyəti tərəfindən tələsik cəhdlərlə edilənlər, dağılmaqda olan imperiyanı səliqəsiz tikişlərlə yamamaq və ən zəif bənd olan cəmiyyəti faktiki faşist ideologiyası ilə hipnoz halına gətirməkdir. Moskva küçələrində onminlərlə keçən icazəli mitinqlədəki “xunbeyvin”-sifətlər bunun əyani sübutudur. Maraqlıdır ki, 1917-ci il inqilabından öncə də belə bir situasiya vardı – onillərlə mütləqiyyətin inqilabçılara qarşı qoyduğu «Чёрная Сотня» (qaragüruh ifadəsi də buradan yaranıb) məhz belə lümpenlərdən təşkil edilmiş müxtəlif dəstələr idi və təbii ki, tarixin ilk həmləsindəcə dağılışdılar. 
Paradoks burasındadır ki, dünyanın ilk ateist və ən beynəlmiləl dövlətinin əsasını qoymuş ölkədə hazırda qaragüruhla birgə istənilən növdən olan klerikallar at oynatmaqdadır.   
 
'ДухLess' filmindən səhnə, Betman obrazı, rejissor Sergey Minaev, 2011
 
 
Rusiyada indi bərqərar olmuş quruluş, şübhəsiz ki, Sovet İttifaqının faktiki 70-ci illərdən başlanmış dağılma prosesinin növbəti bir mərhələsidir. Bu dağılma və erroziya indi də davam etməkdədir, çünki çox böyük imperiyalar bir dəfəyə və birdən dağılmır, bu proses uzun illər çəkir. Misal gətirdiyimiz Roma imperiyası, Şərqdə isə tutalım Osmanlı imperiyası (1299-1922), və ya Teymurilər dövləti (1370-1507) buna sübut ola bilər. Bu dövlətin yaradıcısı Əmir Teymurun (1336-1405) ölümündən sonra həmən dağılma prosesi başlanmış, ilk öncə dörd yerə parçalanmış imperiya, sonra uzun illər aqoniya içində dağılmışdı.
 
XIX əsrdə rus imperiya təfəkküründə dominant ideya olan “slavyan birliyi” bütün XX əsr ərzində puça çıxsa da, ona sonuncu balta keçən il, artıq Rusiya-Ukrayna müharibəsi ilə vuruldu. Hazırda Ukrayna Krımı itirsə də, onun ordusu ağır təlafat verərək ölkənin şərqindən geri çəkilsə də, burada faktiki məğlub, 40 milyonluq ən vacib slavyan ölkəsini və 300 illik müttəfiq bir xalqı qatı düşmən kimi qazanan Rusiyanın olduğu şübhəsizdir. Rus hakimiyyətinin və ideoloqlarının Avrasiya İttifaqı və Gömrük ittifaqı kimi süni birliklərin ideyası sadəcə Zamanla mübarizədən başqa bir şey deyil. Azad maliyyənin mövcudsuzluğu hökm sürən cəmiyyətlərin iqtisadi əsaslarda birləşməsinin mümkünlüyü ən absurd məchuldur. Rusiyaya 1991-ci ildə verilmiş kiçik bir şans vaxtında lüstrasiyanın keçirilməməsi və kommunizmin ifşasının edilmədiyi üçün zaman koordinatlarının itirilməsinə və dalana gətirdi.
 
Nemtsovun qətlindən sonra isə ölkə, artıq Vətəndaş Müharibəsi kabausu ilə üzləşib.
 
 
İmperiyanın erroziyası davam etməkdədir və bu proses bütün ətraf ölkələrdə, o cümlədən Azərbaycanda da özünü büruzə verir. Qafqaz regionunun nə qədər həssas bir yer olduğunu nəzərə alsaq, bu təhlükələr çox real və kifayət qədər qorxunc bir xarakter daşıyır. Manat və larinin də ard-ardınca uçqunvari çöküşü yeni mövsümün açılışının bəyanı kimi qəbul edilə bilər.  
 
Hadisələrin növbəti inkişafı xaotik olduğu səbəbindən heç bir təhlilə sığmır, lakin onların kinematoqrafdakı təzahürü çox öncələrdən başlanmışdı. Çünki yuxarıda qeyd edildiyi kimi Zeitgeist - çağın ruhu, özünü məhz kinoda parlaq ifadə edir.  Əslində rus kinematoqrafı sonsuz  bir zülməti ifadə edən bu tematika, Aleksandr Zvyagintsevin səs-küylü “Leviafan” filmindən çox əvvəl başlamışdı.
 
1991-ci ildən imperiyanın qəfil dağılışından sonra rus kinematoqrafında sanki qıc halında bu apokaliptik hissdən azad olmaz üçün “pozitiv” mövzu (faktiki milli ideya) axtarışı başlanmış, lakin bəzi sosial reklam çarxları (“Bizdə hər şey alınacaq”) və bir neçə uğurlu komediyadan («Окно в Париж», 1993, rejissor Yuri Mamin, “Старухи”, 2003, rejissor Gennadi Sidorov və s.) başqa bir şey alınmamışdı.
 
 
 
Hətta öz filmlərində dəfələrlə milli ideyanı burtal-maskulin güc vasitəsilə pozitivə gətirmək kimi bir resept təqdim edən («Брат», 1997; «Брат-2», 2000; “Müharibə”, 2002) məşhur rejissor Aleksey Balabanov  da sonda xəyal qırıqlığına uğrayıb, artıq 2007-ci ildə «Груз 200», sonra isə “Ocaqçı” (2011) kimi müdhiş bir sonluğa gəlir. O zaman bu filmlərdəki vəhşət dolu səhnələri seyr edənlər dərin sarsıntı keçirmişdi, lakin böyük sənətkarlar daima zamanı öncədən görmüşlər və bu reallıqdır. Balabanov öz faicəli sonluğunu da son filmlərində (“Morfi”, 2008 və “Mən də istəyirəm”, 2012) öncədən ifadə etmişdi.
 
Balabanovdan fərqli olaraq çıxışı dini-mistik tematikada görən başqa bir görkəmli rus rejissoru Pavel Lungin bu mövzuda ən güclü filmini (“Ada”) 2006-cı ildə təqdim etmiş, lakin az sonra o da xəyal qırıqlığında məşum “Çar” (2009) filmini ərsəyə gətirmişdi. Burada özünün son rolunu ifa edən əfsanəvi aktyor Oleq Yankovski, mitropolit obrazında çıxış edərək çar İvan Qroznını (Pyotr Mamonov) irrasional qəddarlıqdan çəkindirməyə, mərhəmətə və şəfqətə dəvət etsə də, heç nəyə nail olmayaraq edam edilir.
 
Bu iş rəmzi olaraq aktyorun son işi olur, filmin çəkilişi bitməmiş o öz qəhrəmanı tək həyatdan gedir. Maraqlıdır ki, bu filmdə məhdudiyyətsiz hakimiyyətdən ağlını itirmiş müstəbidin nələrə gətərə biləcəyini lentə almış və imperiyanı böyük bir şər kimi ifadə edmiş bu rejissor, keçən ilin martında Ukrayna hadisələri ilə bağlı Rusiyanın görkəmli sənət adamlarının bir qrupunun dövlət siyasətinə, dolayısı Putinə dəstəyi ifadə olunan petisiyaya tərəddüdsüz imza atmışdı.
 
Elə totalitarizmi 12 il ərzində (1999-2011) davamlı olaraq ortaya gətirdiyi tetralogiyasında («Молох» - «Телец» - «Солнце» - «Фауст») amansızcasına ifaşı edən məşhur rejissor Aleksandr Sokurov da sözdə Putini dəstəklədiyini demişdi. Görünür öncəgörmələri yerində olan bu sənət adamlarına koqnitiv dissonans kimi hisslər yaddır. Bu tetralogiyada faktiki Rusiyanın müdhiş gələcəyi, xüsusən hakimi-mütləq birinin ağlagəlməz oyunları,  Putinin hakimiyyətə gəldiyi 1999-cu ildə lentə alınmış “Molox” (uşaqların qurban edildiyi qədim semitik tanrı) filmində özünə yer alıb.
 
Orta nəsil rejissorlardan olan Kirill Serebrennikov apokoliptik hissləri ilk dəfə “qara yumor”, sosial satira və sürrealistik  “Изображая жертву” (“Qurbanı təsvir edərkən”, 2006) filmində təsvir etmişdi. Lakin az sonra bu rejissor da ümidsiz antiutopiyalara - «Юрьев день», (2008) və “Xəyanət” (2012) filmlərinə gəlir. Sonuncu filmdə xəyanətin intihara gətirilən anatomiyası süjetdə iştirak edən az qala bütün iştirakçıların ölümü ilə nəticələnir. Xəyanətdən doğan ölümün bir kabus təki hamını və hər kəsi izlədiyi sonsuz dərəcədə ağır və çıxılmaz atmosfer, sanki hazırkı reallığın birbaşa ifadəsidir. Maraqlıdır ki, bu filmin hətta bəstəkarı yoxdur, musiqi müşaiyəti isə rəmzi olaraq məşhur rus bəstəkarı Sergey Rahmaninovun “Ölülər adası” simfonik poemasından götürülüb.
 
Gənc nəslin nümayəndəsi olan “Durak” (2014) (Səfeh) filminin rejissoru Yuri Bıkovun 33 yaşı var, amma bu da ona süjeti az qala “Leviafan”ı təkrarlayan bir əsəri ərsəyə gətirməyə mane olmadı. Çıxılmazlıq bir mühitinin dözülməz atmosferində, sənət insanı bütün reseptorları ilə öndəki apokalipsisi hiss edirsə, bu zaman məşhur müğənni xanım demişkən, “yaşın nə fərqi var ki?”.  
 
Maraqlıdır ki, bu illərdə fantastik kinonya çox az hallarda müraciət edilib. Müasir dövrdə bu nadir misallardan biri kimi, Aleksandr Zeldoviçin məşhur yazar Sorokinin ssenari müəllifi olduğu “Hədəf” filmini göstərmək olar. Rusiyanın 2020-ci ilinin təsvir edildiyi bu filmdə, baş qəhrəmanlar əbədi gənclik axtarışları ilə uzaq şərqə, keçmişdə nücə partlayışları təcrübəsi meydanına yollanırlar.  Burada, keçmişin və çağdaş zamanın kəsişməsində, Moskvanın göydələnlərlə əhatə edilmiş dözülməz mövcudluğu şərtlərində, çinlilərin ağalığı alleqoriyadan daha çox reallığa bənzəyir – filmdə hamı çin dilini öyrənməyə çalışır. Əbədi gənclik əldə etmiş qəhrəmanların bu reallıqda müqəddəratı labüd ölümə məhkumluqdur.
 
'Tanrı olmaq çətindir' filmindən səhnə, rejissor Aleksey German, 2013
 
 
Lakin rus kinematoqrafında ən böyük anti-utopiya, artıq həyatının sonunda canlı klassikə çevrilmiş Aleksey Germanın Struqatski qardaşlarının məşhur romanına çəkdiyi remeyk “Трудно быть богом” (“Tanrı olmaq çətindir”, 2013) filmidir. Seyrçiyə onun gələcəyi haqda heç bir çıxış qoymayan bu sənət əsərinə baxış, az qala fiziki olaraq mümkünsüzdür. Gələcək haqda düşüncələrində sənətkarın intuisiya-qəddarlığı son həddədir. Stalinin ölümü zamanı Beriyanın məşhur frazasından o dövrün canlı manifaestini («Хрусталёв, машину!», 1998) yarada bilmiş sənətkar, bu əsərlə sanki özünün və gələcək nəsillərin artıq rekviemini oxuyur.     
 
Yeri gəlmiş, Ukrayna kinosunda da belə öncəgörmələr mövcud olub. Son illərin məşhur rejissoru Sergey Loznitsanın, 2010-cu ildə Ukraynanı Kann festivalında təmsil edən «Счастье моё» (“Mənim səadətim”, 2010) filmi bu sıradandır. Road-movie janrında lentə alınmış bu film, sanki rejissorun gələcək haqda qəlbinə hakim olmuş ümidsiz, qəddarlıq və zorakılıq dolu düşüncələrin ən tutqun boyalarda verilməsidir. Lakin hətta rejissorun burada canlandırdığı dəhşət anatomiyası belə Ukraynada illər sonra baş verəcək gələcəyin zülmətində çox sadəlöhv görünür.
 
Çox maraqlıdır ki, bu illər ərzində Putin obrazı rus kinematoqrafında,  müstəsna olaraq sosial satira ruhunda yaradılıb. Bədii təxəyyül onu Mixail Seqalın "Hekayətlər"ində (2012) korrupsiya ilə mübarizə haqda nitq söyləyən yerdə, rejissor Roman Prıqunovun “Duxless” (2011) filmində isə daha komik, narkotiklərlə bihuş olmuş baş qəhrəmanın gözünə xilaskar-betman obrazında göstərir. 
 
'Leviafan' filmindən səhnə, rejissor Andrey Zvyagintsev, 2014
 
Əlbəttə ki, bunlardan kənarda, rus kinematoqrafında son illərdə “böyük imperiya sənəti” yaradan rejissorlar da mövcuddur. Hələ 1996-cı ildə imperiyanın nostaljisi üzərində, rejissorun fikrincə gözəl keçmişin rekonstruksiyasından ibarət olan “Sibir bərbəri” (1996) filmi ilə çıxış edən Nikita Mixalkov, son illərdə özü dediyi kimi “böyük müharibə haqda böyük kino” (“İntizar”, 2010 və “İstehkam”, 2011) yaradır. Eyni şeyi Karen Şahnazarov (“Ağ pələng”, 2012) və Fyodor Bondarçuk (“Stalinqrad”, 2013) haqda da demək olardı. Vladimir Xotinenkonun “İmperiyanın məhvi” (2004) teleserialının və rejissor Dmitri Mesxiyevin yenicə lentə aldığı “Batalyon” (2015) filmi də bu qəbildəndir. Ümumiyyətlə müharibə mövzusu təbliğatın şinelindən çıxmış sovet kinosu üçün çox ənənəvidir. O üzdən bu filmləri kommersial olmaqla yanaşı, ənənəvi olaraq təbliğati filmlər sırasına da daxil etmək olardı.  
 
Bu anlamda təbliğat kinosunun lüstrasiyası, Qriqori Aleksandrovun məşhur “Volqa-Volqa” (1938) filminin dekonstruksiyası zamanı baş verdi. Rejissorlar Andrey Silvestrov və Pavel Labazov, eyni zamanda baş rolda çəkilən konseptualist rəssam Vladislav Mamışev-Monro bu filmin əsasında yeni bir əsər yaratdılar. Bu iş nəinki rus, yəqin ki, bütün kino tarixində ən ilginc bir remeykdir. Məsələ burasındadır ki, Aleksandrovun filmi olduğu kimi saxlanılıb, sadəcə baş rolda çıxış edən sovet kinosunun ulduzu Lyubov Orlovanın başını və səsini, həyatı boyu çox böyük sayda müxtəlif obrazlara girmiş Mamışev-Monronun başı və səsi əvəz etmiş, nəticədə filmin səsləndilirməsi və süjet xətti dəyişilmişdir. Dadaistik üslubda edilən bu deconstrution, totalitar sovet kinosunun sanki daxili anatomiyasını, pardaq və bəzəkdən ibraət olan ilğımın zahirinin müdhiş batinin açılmasıdır.  
 
Bütün yuxarıda adı çəkilən bu əsərlərdə yəqin ki, şüuraltı, qeyri-ixtiyari hissi elementlər, yaradıcı insan fəhmi üstünlük təşkil edir. Antiutopik gələcək modellərin öncəgörməsində  kinematoqraf bu illər rus ədəbiyyatı ilə bir yerdə addımlamışdı. Lakin bu Kassandra komplesinin çağırışları hər zaman olduğu kimi səssiz qaldı.
 
 
Bu illər ərzində ildırım sürətilə keçən və qəddar reallığı ilə istənilən təxəyyülü geridə qoyan həyat, bütün sənət əsərlərindən öte bir antiutopiya yaratdı. Hazırda gözlərimiz önündə yaranmış gerçəkliyin həqiqi olduğuna kimsə inana bilmir. Bunun qorxunc bir yuxu və ya Hanekenin növbəti filmi olduğunu düşünmək istəyir. Bir-birini əvəzləyən hadisələrin dəhşətli fonunda artıq incəsənət aciz duruma gəldi.
 
Hazırda Rusiyanı gözləyən reallıq Vətəndaş Müharibəsi kabusudur. Bu baş versə, Azərbaycanda bunun necə bir əks-səda verəcəyini düşünmək belə dəhşətlidir. Necə ki, kinematoqrafımız da uzun illər ərzində həyatin ekzistensiya məsələlərində demək olar ki, heç bir refleksiya verməyib. Xalq müdrikliyi deyir ki, “susmaq qızıldır”. Topal Teymur pyesindəki Dəmirqaya demişkən: “Nəmə lazım, mən qarışmam”.   
 
Elmir Mirzəyev
 
Meydan Tv
Yuxarı