Keçmişə nəzərən gələcək zaman
Fikrən zamanda səyahət hamımızın tez-tez yaşadığı bir …
Montesinos Venezuelada həbs ediləndə müxtəlif bank hesablarında onun 300 milyon dollar pulu var idi. Tanınmamaq üçün üzünü plastik əməliyyat etdirmişdi. O məhkəmədə 63 ağır cinayət işi üzrə ittiham olunurdu. Adam öldürmə, dövlət əmlakını mənimsəmə, rüşvət, korrupsiya, qanunsuz silah və narkotik alveri. Bütün bunları o çox maraqlı və öhdəsindən ustalıqla gəldiyi hərbçi və nazir karyerası müddətində bacarmışdı.
Perulu Vladimiros Montesinos-a adını atası Leninin şərəfinə vermişdi. Onun karyerasının ən maraqlı hissəsi hərbçi olduğu dövrdən başlayır. Pərdəarxası əsas fiqur olmağın azarlısı olan Montesinos sevimli kəşfiyyat məşğuliyyətinə elə həmin Peru ordusundakı karyerasında başlayır. O müxtəlif illərdə vətənə xəyanət, hərbi sirri yayma ittihamları ilə, hərbçi kimi ölkə ərazini icazəsiz təkr etdiyinə görə ittiham olunmuşdu. Nəhayət, ordudan rusvayçı şəkildə uzaqlaşdırılmış və həbsə göndərilmişdi.
Həbsdən sonra Montesinos bir neçə ayın içində San Marcos Dövlət Universitetinin hüquq fakültəsi məzunu olur, daha sonra Lima Ali Məhkəməsində vəkil kimi qeydiyyata da düşə bilir. Vəkillik müddətində isə narkotik mafiyasının adamlarını və narkobiznesdə əli olan polisləri məhkəmədə vəkil kimi müdafiə eləməyi ilə yadda qalır.
Karyerasının ən yüksək və onun üçün sərhədsiz imkanlar açan pilləsinə isə 1990-ci ildə Perunun yeni prezidenti seçilmiş Alberto Fujimorinin onu Milli Təhlükəsizlik Naziri postuna təyin etməsi sayəsində çatır. Yeni prezidentlə tanışlığı Fujimorinin prezident seçkilərində namizəd olduğu ərəfəyə təsadüf edirdi. Həmin dönəmdə Fujimorinin adı saxta daşınmaz əmlak sənədləşməsində hallanırdı, Montesinos isə Fujimorinin prezidentliyə gedən yolundakı maneə çevrilmiş bu problemini özünün geniş əlaqələri sayəsində ört-basdır edə bilmişdi.
Beləliklə, Fujimorinin prezident seçilməsindən sonra Montesinos ölkənin təhlükəsizlik naziri oldu, ancaq elə o vaxtdan Peruda az qala hər kəs hesab edirdi ki, ölkəni prezident Fujimorinin adından hüdüdsuz səlahiyyətləri olan Montesinos idarə edir. Onların birgə fəaliyyəti nəticəsində Perunu o dönəmdə ölkəyə qənim kəsilmiş “Shining Path” adlı Maoçu terrorist qruplaşmalarından təmizləmək mümkün oldu. Daha sonra keçmiş prezidentdən miras qalmış ölü iqtisadiyyatı da dirçəltməyi bacarmışdı Fujimori höküməti.
Onun beynəlxalq təşkilatlarla razılaşmaları və islahatları nəticəsində Peru iqtisadiyyatı özünün ölüm yatağından qalxa bilmişdi. Ölkə üçün çox önəmli bu müvəffəqiyyət yeni hökumətin uğur hekayəsinə çevrildi.
Bu iki uğurlu siyasi xətt ölkə əhalisinin çoxluğunu yeni hökumətdən razı salan əsas faktor idi. Ancaq ümumilikdə də Peruda demokratik ölkə üçün vacib olan əsas təməl azadlıqlar mövcud idi. Əhali səs verir, məhkəmələr və media işləyir, müxalif partiyalar parlamentdə təmsil olunur, digər bir çox demokratik institutlar azad fəaliyyət göstərirmiş təsiri bağışlayırdı.
Ancaq bu, məsələnin üzdə olan hissəsi idi. Montesinos təhlükəsizlik naziri olduqdan sonra Perunun üzdə lazımı demokratik azadlıqlara malik olan, əslində bütün bu təsisatların amansızcasına məhv edildiyi nadir siyasi sisteminin müəllifi kimi tarixə düşdü. O prezident Fujimorinin adından idarə etdiyi ölkədə yaratdığı gizli avtoritarizmin sorğulanıb üzə çıxarılmasına mane olmaq üçün ağlasığmaz səy göstərmiş və nəyin bahasına olursa olsun buna müyyən müddət üçün nail olmuş, ölkənin yalançı demokratik mənzərəsini qorumağa müvəffəq olmuşdu.
O ölkəyə total nəzarət edirdi və hökumətin apardığı siyasi sistemin qarşısında duran hər kəsi, eləcə də hər bir demokratik təsisatı soyuqanlılıqla sıradan çıxarır, dekorativ demokratiyanı hər bir təhlükədən həssaslıqla qoruyur, çıxan hər bir səsi batırırdı. Bu yolda böyük pulları səxavətli xərcləyən Montesinos fiziki təhdidi çox bahalı və çox təhlükəli hesab edirdi, ona görə də daha çox özünün dediyi kimi hər şeydən öncə “əməkdaşlığa” çalışırdı.
Montesinos demokratiyanın əsas təməl mexanizmlərini medianı, məhkəmələri, siyasi partiyaları böyük pullar məbləğində satın alır, onların obyektiv fəaliyyətinə imkan vermirdi. Bununla da, hökumətin “demokratik” fəaliyyətinə heç bir şübhə yaranmırdı. Məsələnin maraqlı tərəfi o idi ki, Montesinos pulla satın aldığı adamları söhbətləri əsnasında videoya çəkir, sonra onlara müqavilə imzalatdırırdı. Özü də etiraf edirdi ki, bununla işini sağlama alır. Müqavilədə pul alan tərəf pul qarşılığında götürdüyü öhdəliklərə imza atırdı.
Montesinos adi məhkəmə hakimlərinə 2500-10.000 dollar arası aylıq pul verirdi. Ali məhkəmə hakimləri təqribən 25.000 dollar məbləğində aylıq ödəniş alırdılar. Ali məhkəmənin sədrinə isə Montesinos aylıq 35.000 dollar pul ödəyirdi. Bu, onun maaşından 4 dəfə çox idi. Milli Seçkilər Mərkəzinin hakimi Luis Serpa Segua da 45.000 dollara onunla razılaşmışdı. Ən böyük məbləğdə müqaviləyə isə aylıq 55.000 dollarla Məhkəmə Sisteminin Rəhbəri Ricardo Mendoza Torres imza atmışdı.
Siyasətçilərlə də Montesinos “əməkdaşlıq” edir, müqavilələr bağlayır, böyük məbləğdə pullarla onları mövcud ola-ola, həm də ölü bir şeyə çevirirdi. Müxalifətin liderləri, ayrı-ayrı partiya üzvləri aylıq 10.000-100.000 dollar məbləğində əsir götürülürdü. Beləliklə, müxalifətin vahid, birgə fəaliyyəti pozulurdu, bir qrup pulla alınmış adamlarla, həqiqi müxalif olan adamların birliyi effektsiz bir şeyə çevrilirdi.
Jose Luiz Caceres Velasques, Roger Caceres Perez, Mario Gonzales İgna-nın aylıq qiyməti 20.000, Ruby Rodriguez de Aguliar-ın aylıq qiyməti isə 50.000 dollar idi. 2000-ci ildə Montesinos Parlamentdə hakim partiyanın çoxluğunu təmin eləmək üçün 12 müxalif deputatı satın almışdı. Onlar Prezidentin adına ərizə yazıb “Fujimori 2000” partiyasına qoşulmuşdular. Əlavə 5 müxalif deputat da Montesinosla anlaşmışdı, pul qarşılığında aid olduqları partiyada qalıb, sadəcə informasiya ötürməli idilər.
Maraqlı məqamlardan biri də odur ki, Montesinosdan pul alan təkcə müxalif siyasətçilər deyildi. Sonuncu baş nazir Federico Salas da aylıq 30.000 dollar məbləğində müqaviləyə imza atmışdı. Bu fakt Fujimori və Montesinosun yaratdığı hökümətin necə pul üzərində qurulduğunun, heç bir normal təsisat və qurumun olmadığının bariz nümünəsidi. Milli təhlükəsizlik nazirin baş naziri pulla aldığı hökümətin necə bir sistemə malik olduğunu təsəvvür eləmək çətin deyil.
Montesinosun ən çox önəm verdiyi və ona görə də ən çox pul xərcləyib satın aldığı isə media idi. O bir çıxışlarının birində televiziyaya çıxmasına imkan vermədiyi müxalifətin fəaliyyəti haqqında deyirdi, “əgər bu televiziyada yayımlanmayıbsa, deməli, onu heç kim bilmir, belə şey olmayıb”. O ölkədə fəaliyyət göstərən özəl kanalların hamısı alınmışdı. Kanal 2 (Frequenca Latina) aylıq 500.000 dollar, ümumi 3 milyon dollardan artıq pul almışdı iki il ərzində. Əvəzində Montesinos həmin kanalın xəbərləri efirə getməmişdən əvvəl onları yoxlayır və ancaq o təsdiqlədikdən sonra yayımlanmasına icazə verirdi.
Ən çox baxılan Kanal 4 (America Television) aylıq 1.5 milyon dollar, ümumi 9 milyon dollar, Kanal 5 (Panamerican Television) ümumi 10 milyon dollara yaxın pul almışdılar Montesinosdan. Kanal 9 (ATV) iki əməkdaşını (Cecilia Valenzuela və Luis İberico) kanaldan uzaqlaşdırılması qarşılığında 500.000 dollar qazanmışdı. Bir videoda Montesinos deyir:”Lənətə gəlsin, hər kanala ayda bu qədər pul veririk, amma neyləmək olar, başqa yolu yoxdur, bunun sayəsində uduruq seçkiləri...”.
Çap mediasi ilə də vəziyyət eyni idi. Kiçik formatlı qəzetlər El Chato, La Chuci, müvafiq olaraq 2000, 8000 dollar həftəlik ödəniş alırdılar. Expreso-a ümumi bir milyon dollar verilmişdi, El Tio ümumi 1.5 milyon dollar pul almışdı. El Tio hər manşet xəbərinə görə 3000-4000, 5000 dollar isə bütov səhifəyə görə alırdı. Bu qəzetlər çoxluq tərəfindən oxunan kiçik formatlı qəzetlər olduğu üçün Montesinos onları tamamilə öz əlinə almışdı.
Ancaq La Republica, El Comercio qəzetləri və Caretas jurnalı Montesinosla əməkdaşlıq etməkdən imtina edən dərgilər idi. Onların oxucuları nisbətən orta təbəqə, oxumuş və imkanlı adamlar olduğu üçün onların fəaliyyəti o qədər qorxulu hesab edilmirdi. Ancaq bununla belə onlara da hər cür maneə yaradılırdı. Satılmış media tərəfindən təhqirlərdən tutmuş, tez-tez məhkəməyə verilməyə qədər.
Montesinos müstəqil qurumları və insanları razılığa gətirmək üçün bütün yollardan istifadə edirdi. Puldan əlavə, o əməkdaşlıq təklif etdiyi adamlara maşın, ev hədiyyə edir, bank və vergi sistemində qeyri-qanuni yardımlar edirdi. Məsələn, buna milas olaraq, o Milli Sekçi Komissiyasının idarə heyəti üzvü Romulo Munor Arce-nin arvadı və oğlunu işə düzəltmişdi, qızının isə Amerikadakı təhsilinin pulunu ödəyirdi. O, şantaj və hədə-qorxu ilə də istədiyini alırdı. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən quraşdırılmış gizli kameralarda adamların intim həyatları lentə alınır, sonra onlara qarşı istifadə edilirdi.
Bu işlərdə Montesinosun şəxsən rəhbərlik elədiyi komandaya 1600 nəfər perulu cəlb olunmuşdu. İnsanların şəxsi həyatı şantaj məqsədilə lentə alınırdı. Montesinosun özünün dediyinə görə, ümumilikdə 30.000 belə video var idi. Bəs sual yarana bilər ki, Montesinos bu qədər pulu hardan alırdı? Bu da ölkənin necə ibtidai üsulla parçalanıb-dağıdıldığının digər nümünəsiydi. Məsələ onda idi ki, Montesinosun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Naziriliyinin 10 il ərzində 50-60 dəfə artırılmış büdcəsi gizli idi və ümumilikdə yoxlanmırdı.
Hesablamalara görə 2000-ci ildə aylıq 1.5 milyon dollar təşkil edirdi nazirliyin gəliri. Bunun yalnız dörddə bir hissəsi nazirliyin işçilərinin əmək haqqlarına və başqa xərclərə gedirdi. Qalan məbləğ isə nəzarətsiz Montesinosun sərəncamında idi. Bundan əlavə Təhlükəsizlik Nazirliyinin mühasibi Matilde Pinchi-yə görə Peru Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Peru Ordusu və digər güc strukturlarından ümumulikdə Milli Təhlükəsizlik Nazirliyinə gələn pullar ayda 9 milyon dollar təşkil edirdi.
Və Son
2000-ci ildə, 14 sentyabr tarixində Peru Televiziyalarından biri Montesinosun müxalif deputat Alberto Kouri-yə aylıq 15.000 dollar verdiyi videonu yayımladı. Bununla da hər şey sona yetdi. Montesinos istefa verib, Panamaya qaçdı, prezident isə Milli Təhlükəsizlik Nazirliyini ləğv etmək haqqında sərəncam imzaladı. Ancaq ardınca “Vladividieolar” adlanan silsilə videolar yayımlanmağa başladı. Bu videolarda o müxtəlif adamları, müxalif siyasətçilər, hakimlər, telekanal rəhbərlərinə böyük məbləğdə pullar verirdi. 3 ay sonra Fujimori və Montesinosun höküməti çökdü. Onlar artıq hər ikisi ölkədən qaçmış, ancaq törətdikləri cinayətlərə görə axtarılırdılar. Nəhayət, 2005-ci ildə Fujimori də Çilidə həbs edilib, 2007-ci ildə Peruya ekstradisiya olundu.
Bununla da, Peru özünün qorxunc siyasi sistemindən yaxa qurtara bildi, ancaq onların yaratdığı və Perunu 10 il idarə etdikləri siyasi sistem nəticəsində ölkə hələ də davam edən böyük problemlər bataqlığına sürükləndi. Bunlar ölkə əhalisinin demokratik siyasi sistemə, məhkəmə və mediaya inamının itirilməsindən tutmuş, Fujimori hökümətinin başdan-sovdu özəlləşdirmə siyasəti nəticəsində ölkənin mühüm əhəmiyyətli obyektlərinin xarici şirkətlərə satılmasına qədər, həlli uzun zaman tələb edən böyük problemlərdi.