Müəyyən mənada faşizm orta əsrlərin qalığıdır: faşizm feodalizmin bir neçə əsr qorunub dövrümüzə qədər çatmış əlamətidir. O elektrikləşmə, atom dövründə də ayaqda qalıb, hələ kosmik uçuşlar və süni intellekt dövründə də yaşamağa davam edəcək.
Ötüb keçən illərdə “faşizm” sözü Rusiyada ən çox işlədilən sözə çevrildi. Bu qavram haqqında tamam əks fikirli adamlar fərqli təriflər verir. Amma cəmi iyirmi il öncə 1995 –ci ilin aprelində, Boris Struqaçski məqaləsində yazırdı ki, “faşizm – sadə anlaşılan bir şeydir”. Bu gün “başıbəlalı 90-lardan” elə də uzağa gedə bilmədiyimizi görəndə, yenidən böyük yazıçının fikirlərini yada salmalı oluruq.
“Faşizm – çox sadədir. Epidemioloji yaddaş”
“Vəba evimizin içinə qədər gəlib. İndən belə onu sağaltmaq müşkül məsələdir, biz onunla iç-içəyik, ancaq hələ diaqnoz belə qoya bilməmişik. Ona yoluxanlar artıq yoluxub, xəstələndiklərinin fərqində deyillər.
Adama elə gəlir faşizm haqda hər şeyi bilir. Axı, faşizm deyəndə ağla qara SS mundiri, amiranə danışıq tərzi, roma salamından götürülmüş salamlama, svastika, qaralı qırmızılı bayraqlar, hamının bir nəfər kimi addımladığı sıralar, tikanlı məftillər arxasında acından bir dəri bir sümüyə dönmüş insanlar, krematoriyaların tüstü borularından çıxan qatı tüstülər, bapbalaca bığı olan qəzəbli fürer, gombul Göring, eynəyinin şüşəsi parıldayan Himmler və “Baharın 17 anı”, “Kəşfiyyatçının igidliyi”, “Berlinin süqutu” kimi filmlərdən yaddan qalan daha minlərlə parlaq fiqur gəlir”...
Ah, biz faşizmi ovcumuzun içi kimi tanıyırıq, özü də alman faşizmini. Bir adı da hitlerizmdir. Hardasa eyni murdarlıqda, eyni qorxuncluqda, amma özümüzə xas, xalqımızın yaratdığı bir faşizminin mövcud olduğu heç birimizin ağlına belə gəlməz. Yəqin buna görə o gözümüzün qabağındaca, ölkəmizin cismində, bədxassəli şiş kimi böyüyür, bizsə hələ ondan xəbərsizik.
Doğrudur runi yazıları arasına yerləşdirilmiş svastikanı da görürük. Yadellilərlə hesablaşmağa çağıran xırıltılı qışqırıqları da eşidirik. Bəzən binamızın divarına həkk olunmuş iyrənc şüarlar və rəsmlərin şahidi oluruq. Di gəl ki, bunun da bir növ faşizm olduğunu qəbul edə bilmirik. Elə bilirik faşizm qara eses mundiri, yad dildə amiranə nitq, krematoriyaların tüstü bacasından çıxan bulud kimi tüstülər, müharibə və s. Dir.
İndi prezidentin əmri ilə Elmlər Akademiyasında, faşizmin tərifini müəyyənləşdirmək üzərində gərgin iş gedir. Güman etmək olar ki, bu özündə hər şeyi ehtiva edən, hər vəziyyətə uyğun bir tərif olacaq. Əlbəttə, bunu müəyyənləşdirmək olduqca çətindir.
Əslində isə faşizm sadə anlayışdır. Olduqca sadə!
Faşizm millətçilərin diktaturasıdır. Daha dəqiq desək, faşist – bir millətin o biri üzərində üstünlüyünü fəal şəkildə müdafiə edən (həm də təbliğ edən), bununla belə totalitarizmin digər üzləri “dəmir yumruq”, “dəmir intizam”, “yejov əlcəyi” (1) və s kimi əməlləri dəstəkləyən adamdır. Vəssalam. Bundan başqa faşizmdə heç nə yoxdur. Diktatura üstəgəl millətçilik. Bir millətin qurduğu totalitar idarəetmə sistemi. Bütün qalanları – gizli polis, düşərgələr, kitab tonqalları, müharibə - ölümə aparan xərçəng hüceyrəsi kimi bu zəhərli toxumdan törəyib artır.
Paraquvaydakı Stroessner diktaturası, yaxud SSRİ-dəki Stalin diktaturası kimi dəmir yumruqla idarə olunan başqa diktaturalar da var, amma onların total ideyaları millətçilik (irqçilik) olmadığı üçün faşizm adlandıra bilmərik. Həmçinin tutaq ki, İsrail kimi milli ideyalara söykənən, ancaq diktaturanın əlamətləri (“dəmir yumruq”, demokratik azadlıqların boğulması, gizli polisə verilmiş hüdudsuz səlahiyyətlər) olmayan dövlətləri faşist saymırıq.
“Demofaşist” yaxud “faşist demokratiyası” da tamamilə mənasız və savadsızca bir ifadədir. “Qaynar buz” ya da “ətirli üfunət”in mövcud olmadığı kimi, demofaşist də mövcud deyil. Əlbəttə, demokrat müəyyən dərəcədə millətçi ola bilər, amma o hər cür diktaturanı özünə düşmən saydığı üçün, ona faşist deyə bilmərik. Həmçinin heç bir faşist, söz azadlığının, mətbuat azadlığının, mitinqlərin və nümayişlərin tərəfdarı, demokrat ola bilməz, o ancaq bir azadlığın tərəfdarıdır – “Dəmir Yumruq” azadlığı.
Əminəm ki, faşizm haqda fikirlərimi oxuyub, bir qədər şübhə ilə: “Belə çıxır, beş yüz, altı yüz il öncə yaşamış knyazlar, çarlar, senyorlar, vassallar hamısı faşist olub...” – deyən insanlar tapılacaq.
Mənsə soruşuram: “Niyə bizə soyqırımı soyqırım kimi, repressiynaı isə repressiya kimi qəbul etmək belə çətin gəlir?”.
Müəyyən mənada faşizm orta əsrlərin qalığıdır: faşizm feodalizmin bir neçə əsr qorunub dövrümüzə qədər çatmış əlamətidir. O elektrikləşmə, atom dövründə də ayaqda qalıb, hələ kosmik uçuşlar və süni intellekt dövründə də yaşamağa davam edəcək.
Feodal münasibətlər bir növ yoxa çıxdı, ancaq feodal mentalitet hələ də dipdiri və qüdrətlidir, görünür o buxardan da, elektrikdən də, kütləvi savadlanma və kütləvi kompyuterləşmədən də güclüymüş.
Sözsüz ki, onun belə dayanıqlılığının səbəbi, köklərinin feodalizmdən də qədimlərə, mağara dövrünə gedib çıxmasıyla bağlıdır. İbtidai dövrün bit basmış quyruqsuz meymun sürülərinin mentalitetinə görə, qonşuluqdakı meşədə yaşayan yad meymunların hamısı iyrənc və təhlükəlidir, sürünün başçısı isə ağlsığmaz dərəcədə rəhmsiz, müdrik və düşmənlərinə qarşı amansızdır. Görünür bu ibtidai mentallıq insan növünü hələ gec tərk edəcək. Buna görə də faşizm – bu günümüzün feodalizmidir, həm də sabahımızın.
Bircə allah eşqinə millətçiliklə vətənpərvərliyi qarışdırmayın! Vətənpərvərlik – öz xalqına sevgi deməkdir, millətçilik isə - başqa xalqlara nifrət! Vətənpərvərlər gözəl bilir ki, pis və yaxşı xalqlar yoxdur, pis və yaxşı insanlar var. Millətçi isə həmişə “özümüzünkü-başqaları”, “bizimkilər-yadlar”, “doğrular-oğrular” qəlibləri ilə düşünür, onlar uf demədən istənilən xalqa əclaf, yaxud axmaq, yaxud da quldur damğası vura bilər.
İnsanları bizimkilər və başqalarına bölmək faşist ideologiyasının önəmli əlamətidir. Stalin totalitarizmi də bu cür ideologiyaya əsaslanır, ümumiyyətlə bu iki ideologiya bir almanın iki yarısı qədər oxşardır. Bu iki rejim, qatil rejimlər, mədəniyyətə qənim kəsilən rejimlər, militarist rejimlərdir. Bircə fərq odur ki, faşistlər insanları irqlərə, stalinçilər isə siniflərə bölürdü.
Faşizmin ən mühüm əlamətlərindən biri yalandır
Əlbəttə, yalan danışan hər kəs faşist deyil, ancaq faşist olan kəs mütləq yalançıdır. O sadəcə yalan danışmağa məcburdur. Çünki, diktaturanı pis-yaxşı hansısa məntiqlə əsaslandırmaq mümkündür, millətçiliyi isə ancaq yalanla – hansısa saxta “Protokolla” yaxud “yəhudilər rus xalqını içkiyə öyrəşdirdi”, “bütün qafqazlılar anadangəlmə quldurdur” və s. kimi mülahizələrlə ayaqda saxlamaq mümkündür. Buna görə də faşistlər gopa basır. Daim gopla ayaqda qalıb. Yəqin hələ heç kim faşizmi Erenst Hemingway kimi dəqiq təsvir etməyib, o deyirdi: “Faşizm quldurların ortaya atdığı yalandır”.
Beləliklə, günlərin bir günü, “sizin xalq dünyanın bütün nemətlərinə layiqdir, yerdə qalanların isə canı cəhənəmmə” – həqiqəti “ağlınıza batanda”, sizə təbrik düşür, çünki faşizmə ilk addımı atıbsınız. Ya deyək ki, xalqınızın yüksək məqsədlərə ancaq dəmir intizamla, bir də azadlıq haqda sayıqlayan bütün qaraqışqırıqçı və cızmaqaraçıları susturmaqla nail olacağına inanırsınız. Ola bilsin, hələ bir könlünüzdən milli ideyalarınızın ziddinə hərəkət edənləri güllələmə divarına (məhkəməsiz və istintaqsız) düzmək, yadelliləri isə amansızca diz çökdürmək keçir...
Deməli, əgər bütün bunları qəbul etsəniz – prosess yekunlaşır, siz artıq faşistsiniz. Ola bilsinz, əyninizdə üzərində svastika olan qara mundir yoxdur. Ola bilsin “Hayl!” deyə qışqırmırsınız. Ola bilsin, həyatınız boyu ölkənizin faşizm üzərində qələbəsi ilə fəxr edibsiniz, bəlkə hələ özünüz də şəxsən bu qələbənin qazanılmasında iştirak edibiniz. Ancaq, millətçilərin diktaturası uğrunda mübarizə aparanların cərgəsindəsinizsə, deməli artıq faşistsiniz. Belə sadə! Belə dəhşətli sadə.
Deməyin ki, pis adam deyilsiniz, günahsız insanların əziyyət çəkməsini istəmirsiniz (bircə düşmənlər ucdantutma güllələmə divarına düzülməli, ya da qazamatın ən qaranlıq yerinə atılmalı), evdə nəvə-nəticəniz var, müharibəni görməyə gözünüz yoxdur... Artıq heç bir sözünüzün mənası yoxdur, elə indicə faşist andı içibsiniz.
Tarix gözü belə şeyləri çox görüb, tarixin məntiqi amansızdır, sizin füreriniz hakimiyyətə gələn kimi konveyer işə salınacaq: fərqli düşüncəli adamlar bir-bir dənlənəcək, qaçılmaz etirazlar boğulacaq, konslagerlər, dar ağacları qurulacaq, dinc iqtisadiyyat süquta uğrayacaq, militarizasiya, müharibə baş alıb gedəcək...
Günlərin biri ağlınız üstünüzə gəlib bu konveyeri dayandırmaq istəsəniz də, ən adi internasionalist-demokrat kimi məhv ediləcəksiniz.
İstər bayrağınız qrımızı-qəhvəyi olsun, istərsə də qara-narıncı, istər yığıncaqlarınızda “Hayl!”, istərsə də “Yaşasın!” deyə qışqırın fərq etməz. Rəhbəriniz ya Strumbannführer(2) olsun, ya da hansısa yasavul-briqadir faşizmin mahiyyəti dəyişmir. O - nasistlərin diktaturası, yalan, qan, müharibə deməkdir.
Biz təhlükəli dövrdə yaşayırıq. Vəba evimizin içinə qədər gəlib. O ilk növbədə alçaldılmış və təhqir olunmuşlara yoluxur, onların sayı isə indi xeyli artıb.
İbtidai dövrə qayıtmaq mümkündürmü? Yəqin ki, milyonlar istəsə mümkündür. Gəlin onda bunu istəməyək. Axı çox şey bizim özümüzdən asılıdır. Əlbəttə hər şey yox, amma çox şey.
8 aprel 1995
“Nevskoe vremya” qəzeti
Çevirdi: Namiq Hüseynli
1. 1936-38 -ci illər arası SSRİ daxili işlər kommisarı və qırmızı terrorun əsas təşkilatçılarından olmuş Nikolay Yejovun adıyla bağlı olan bu deyim – “daxili düşmənlərin Yejovun əliylə tapılıb cəzalandırılmasını” – ifadə edir.
2. Strumbannführer – Nasist SS ordusunda mayor rütbəsinin ekvivalenti