Erkin Qədirli yazısında həm öz siyasi mövqeyini müdafiə etməyə çalışır, həm siyasi tezislərini müdafiə edərkən akademik ritorikadan uzaqlaşmadığını göstərmək istəyir, həm də, bu ritorikadan istifadə etməklə “sol” tezisləri tənqid etməyə çalışır. Məzmun olaraq Erkin Qədirlinin münasibətini iki hissəyə ayırmaq olar. O, 1) əvvəlcə elmi fəlsəfəyə istinad edərək, siyasi mövqenin elmi əsaslandırmağa ehtiyacı olmadığını iddia edir və 2) “sol”a istiqamətlənmiş bir sıra qarışıq ittihamlar irəli sürür. Uyğun olaraq, mən I hissədə Erkinin irəli sürdüyü elmi fəlsəfə məsələsini daha detallı müzakirə etməklə ümumi müzakirə çərçivəsi yaratmağa çalışıram. II hissədə bu çərçivə əsasında Erkinin irəli sürdüyü səbəb-nəticə əlaqələrini və “sol”-a dair ittiahamlarını müzakirə edirəm.
I
Bir halda ki, Erkin Qədirli elmi fəlsəfədən başladı və bununla mövqeyini nisbədən rahatlaşdıracağını düşünür, o zaman biz də elmi fəlsəfə müzakirə etməliyik. Hər bir elmi yanaşmanın ontoloji, epistemoloji mövqeyi və metodoloji aləti olur. Erkin Qədirlinin təklif etdiyi Sadələşdirmək üçün bunu aşağıdakı kimi təsəvvür edə bilərik:
Elmi-fəlsəfi kateqoriyalar
|
Bilik və müşahidə arasında münasibət (Ontologiya)
|
Faktlar obyektivdir, ölçüləbiləndir (Ontoloji obyektivlik)
|
Faktlar obyektiv, ölçülə- bilən deyil (Ontoloji subyektivlik)
|
Öyrənənlə öyrənilən arasında münasibət (Epsitemologiya)
|
Faktlar və onların bir-birinə təsiri təcrid edilib öyrənilə bilər (Epistemik obyektivlik)
|
Pozitivizm
|
Tənqidi realizm
|
Faktlar və onların arasında münasibətlər bizim təfəkkürümüzdən kənarda, təcrid edilib obyektiv olaraq öyrənilə bilməz (Epistemik subyektivlik)
|
Analtisizm
|
Refleksivlik
|
Bu cədvəl bizə göstərir ki, istənilən elmi yanaşmanın epistemoloji və ontoloji mövqeyi olur və bu mövqe həmin yanaşmanı cədvəlin aşağı-sağ tərəfində dörd xanadan birində kateqoriyalaşdırır.
- Pozitivizm ontoloji və epistemoloji obyektivdir – ətrafımızda baş verən faktların və hadisələrin aydın sərhədləri var və biz onlar arasında əlaqələri əlimizdə olan məlumatlara əsasən obyektiv ölçə bilərik.
- Əgər biz ontoloji mənada subyektiv, yəni faktların və hadisələrin aydın sərhədlərinin olmadığını, amma onlarıninsan təfəkküründən və kimliyindən kənar öyrənməyin mümkün olduğunu hesab ediriksə, biz tənqidi realistik.
- Əgər biz ətrafımızdakı faktlar və hadisələrin obyektiv olduğunu, yəni, insandan kənar mövcud olduğunu, amma, onları öyrənərkən məhz insanın təcrübəsi çərçivəsində öyrəndiyimizi və öz təfəkkürümüzdən ayıra bilmədiyimizihesab ediriksə, bu zaman biz analitisizm mövqeyində dayanırıq. Yəni, bizim üçün statistik araşdırmalar əhəmiyyət kəsb etmir, amma elmi araşdırma üçün digər metodlar mövcuddur.
- Ən sonda, əgər biz həm ontoloji və həm də epistemoloji subyektiviksə, yəni fakt və hadisələrin sərhədlərinin qarışıq olduğunu, təfəkkürümüzdən kənarda mövcud olmadığını hesab edir və onları öyrənərkən öz təcrübə və təfəkkürümüzün bu araşdırmaya təsirlərini ayıra bilmiriksə, deməli, biz refleksivizmdə qərarlaşmışıq və elmi araşdırmalarda hər zaman öyrənənənin öyrənilənlə münasibətini müzakirə etməli və bu münasibətdən agah olduğumuzu bildirməliyik.
Məsələ burasındadır ki, Erkin Qədirlinin irəli sürdüyü iddialar pozitivist sferaya aiddir. Bir sağçı, məsələn, refleksivist ola bilməz. Çünki, refleksivist biri ailə dəyərlərindən danışmır. Erkin Qədirli özünün iddialarının pozitivist yanaşma çərçivəsində səbəb-nəticə əlaqəli olduğunu deyil, analitisizm çərçivəsində olduğunu irəli sürür. Hətta bunu qəbul etsək belə, yenə də onun yanaşması akademik çərçivədən kənara çıxa bilməz. Başqa sözlə, əxlaq fəsləfəsi sferası yenə də müəyyən elmi yanaşma tələb edir. Bu mənada, “Mənim iddialarım siyasidir, Nicatın yazdıqları isə akademik” nə deməkdir? Yəni, əgər siyasətci səbəb-nəticə əlaqəsi irəli sürürsə və bu iddia üzərindən siyasət aparmaq istəyirsə, necə ola bilər ki, onun qurduğu səbəb-nəticə əlaqəsinin heç bir elmi əsası olmadan hansısa mücərrəd siyasi mənada həqiqətə çevrilsin? Bildiyimiz qədərilə, siyasətci əgər “Xarici miqrantlar bizim vətəndaşların iş yerlərini mənimsəyir” deyirsə, o bunu hansı araşdırmaya əsaslanaraq deyir? Axı, kimsə siyasətciyə “Bunu necə sübut edə bilərsən?” sualı verə bilər. Siyasətci nə cavab verəcək? Ki, mənim dilim siyasi dildir, mən etimal edirdim, siz məndənelmiəsaslandırma tələb etməyin? İstənilən halda Erkin Qədirli müəyyən elmi epistemoloji və ontoloji mövqedən çıxış edir və bu onun fikirlərini yuxarıdakı xanalardan birində qərarlaşdırır ki, bu fikirlərin heç biri akademik yanaşmadan kənara çıxa bilməz və elmi (!) əsaslandırma tələb edir.
Dialektik materializm pozitivist deyil və marksizm faktların ölçüləbilən olduğunu hesab etmir. Məsələn, “əməyin dəyəri” ölçüləbilən deyil və onu pozitivist metodla ölçməyə cəhd etmək marksizmin elmi prinsiplərinə uyğun gəlmir. Buna baxmayaraq, “sol” daxilində pozitivist diskurs geniş yayılıb. Bunun səbəbi, milliyyətçi və mühafizəkarların irəli sürdüyü iddiaların üzərində qurulduğu fərziyyələri (assumptions) qəbul etsək belə,həmin iddialarının ziddiyyətli olduğunu göstərmək istəyindən qaynaqlanır (hərçənd ki, bu onların vecinə də deyil). Başqa sözlə, əgər mühafizəkar siyasətçi deyirsə ki, “insan təbiətcə yalnız özünü düşünən varlıqdır və hər kəsin öz maddi mənafeyini güdməyi rəqabətli bazarın köməyilə bütün cəmiyyətə xeyir verir,” marksist deyəcək ki, biz insanın təbiətcə öz maraqlarını güdən varlıq olduğunu qəbul etsək belə, yenə də sizin qurduğunuz nəzəriyyə [felan-felan səbəblərdən] problemlidir. Baxmayaraq ki, marksist üçün bu iddiaların fərziyyələrini rədd etmək kifayət edir və adətən belə uzun müzakirələrə qoşulmağa ehtiyac görmürlər.
Erkinin iddialarıelmi yanaşma tələb etdiyi üçün, yalnız elmi metodlarla təqzib edilə bilər.Məsələn, “Azərbaycan Xalq Cumhuriyyəti 28 may 1918-ci ildə elan olunub” cümləsi sadəcə olaraq faktın ifadəsidir. Bu cümlə heç bir ontoloji yaxud epistemoloji mövqe fərz etmir. Bu cümlə o zaman ontoloji, yaxud epistemoloji mövqe fərz edir ki, bu fakt münasibətdə ifadə edilsin. Məsələn, “Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci ildə elan olunması bizim bugünkü müstəqilliyimizi mümkün etdi” cümləsi kimi. Bu, faktın sadəcə ifadəsi deyil,səbəb-nəticə əlaqəsininifadəsidir.“AXC-nin 1918-də elan olunması” və “bizim bugünkü müstəqilliyimiz” iki ayrı hadisədir və bunlar arasında səbəb-nəticə əlaqəsinin olması iddia olunur. “Özəl mülkiyyətin [sağ nəzəriyyədə verilmiş tərif çərçivəsində] mövcud olub-olmaması insanların kişiliyinə təsir edir” iddiası da, eynilə, ontoloji və epistemoloji mövqe fərz edir və elmi əsaslandırma tələb edir. “Özəl mülkiyyət ləğv olunmuşdu, işçi nə üçün işləməli olduğunu anlaya bilmirdi, beləliklə, çalışqanlıq və məsuliyyət yarana bilmirdi” iddiası da, səbəb-nəticə iddiasıdır. “Əgər-bəlkə” münasibəti elə səbəb-nəticə münasibətidir, sadəcə olaraq ehtimal azdır. İstənilən halda, əgər belə bir səbəb-nəticə əlaqəsi mümkündürsə, deməli müzakirə və mübahisə oluna bilər, məhz ona görə ki, sosial elm iki mövhum arasında münasibəti və səbəb-nəticə əlaqəsini laborator izolyasiya edə bilmir və varılan nəticələr tədbiq edilən metodlardan birbaşa asılıdır. Ona görə də, iddianın özünü aşağıda ayrıca müzakirə edirəm, amma, “özəl mülkiyyət kişilik problemi yaradır” cümləsi əsaslandırıla bilməz – bu psevdo-elmdir və spekulyasiyadır.Əgər O, iddia edirsə ki, “kişilik” anlayışı ölçüləbilən deyil, bu zaman o analitizm çərçivəsində yuxarıdakı iddiasını əsaslandırmalıdır – bunun üçün riyazi olmayan akademik metodlar var. Amma “kişilik” anlayışını tərif etməyə cəhd etmək onu normativ mövqeyə sıxışdıracaq və bu müzakirədən “seksist” olmadan çıxmaq çətin olacaq. Təbii ki, Erkinin “mənim mövqeyimm obyektivdir, çünki iqtsiadiyyat cinsiyyətsiz deyil” kimi sol ritorikasına sığınmaqdan başqa çıxış yolu qalmayacaq. Amma, bu iddianın “seksist” olmağını ləğv etmir. Başqa sözlə, siyasətə iddialı biri bunu dilinə gətirməməlidir. Bir anlıq oxşar iddianı David Kamerunun söylədiyini düşünün – özünü gülməli vəziyyətə salmış olacaq.
II
Dinc və demokratik yumşaq demək deyil. Bu, Erkin Qədirlinin təfsiridir. Çünki, ona “Dinc və demokratik sol = yumşaq sol” bərabərliyi sərf edir. Sağçılar üçünsolun “yumşaq”-lığı o deməkdir ki, sol gərək bizim, bir qrup milliyyətçi mühafizəkarın istədiyi kimi olsun. Bizə və bizim həyata keçirmək istədiyimiz neoliberal islahatlara mane olmasın. Otursun yerində soçuluğunu etsin, biz də ölkə idarə edək. Başqa sözlə, məsələ yumşaq solun nədən ibarət olmağında deyil; məsələ yumşaq solun “sağçıların istədiyi kimi” olmağındadır. Yəni, əgər sabah sağçılar sosial demokraları radikal hesab etsələr, bu zaman onlar “bizə sosial demokratlar lazım deyil, bizə yumşaq sol lazımdır” ritorikasına sığınacaqlar. Üstəlik, “bunu Erkin Qədirlinin dilindən eşitməmişik” heç də onun belə düşünməməsi anlamına gəlmir, üstəlik, bu yazı həm də mənim fəal çevrələrdə gedən müzakirələrə reaksiyamdır. Fikrim təkcə onun yazısını cavablandırmaq olsa idi, ondayazdıqlarımıona şəxsi göndərərdim. O ki, qaldı mənim özümü aid hesab etdiyim “sol”-un xarakterinə, bu barədə keçən yazıda yazmışdım və onu diqqətlə oxumaq lazım idi. Yenə də, keçən dəfə yazdığım paraqrafı buraya köçürürəm:
“Özəl mülkiyyət hüququ məsələsi bugün hətta ən radikal “sol”-un gündəmində “olum ya ölüm” məsələsi deyil. Müasir sol təşkilat və hərəkatların özəl mülkiyyətə qarşı ən kəskin etirazları ekoloji və kəskin gəlir və var-dövlət bərabərsizliyi əsaslarındadır ki, birincinin həlli üçün sənayedə yeni tullantı kvotalarının müəyyənləşdirilməsi və atmosferi çirkləndirən şirkətlərə əlavə vergilərin tətbiq olunması, ikincinin həlli üçün isə proqressiv verginin tətbiqi ilə gəlirin yenidən bölüşdürülməsi təklif edilir. Bugün demokratik seçki yolu ilə hakimiyyətə gəlmək istəyən bütün sol partiyalar əslində “kapitalistlərdən daha çox kapitalist olmaq” iddiası ilə çıxış edirlər.”
Bir daha təkrar etmək istəyirəm: bugün bolşevizm yoxdur. Bugün bolşevizm təfəkkürü də yoxdur. Bu bir keçmişdir və bolşevizm tarixdən qopardılaraq mühakimə edilə bilməz. Eyni zamanda, bugün Erkin Qədirlinin misal çəkdiyi Sosial Demokratlar da yoxdur. Özlərini Sosial Demokrat adlandıran, məsələn, İngiltərənin İşçi Partiyası yaxud Almaniyanın SDP-i daha çox mərkəzçi partiyalardır. Bir partiya ki, İraqın işğalını ikiəlli dəstəkləyirdi və keçmiş rəhbəri Mərkəzi Asiyanın və Qafqazların avtoritar hökümətləri ilə qolf oynayır, Avropada onların lobbiçiliyini edir, bugün onlara Sosial Demokrat demək ədalətsizlik deyilmi? Həqiqətən də, Toni Bleyer oportunist deyilmi? Bugün Sosial Demokrat adına iddialı olan partiyalardan Almaniyanın Die Linke, İspaniyanın Podemos, Yunanların Syriza-sı misal ola bilər. Məhz bu partiyalar Avropada sol hərəkatın önündə gedirlər. Onlar hər biri demokratik seçkilərdə iştirak edir, parlamentarizmi qəbul edir, bu seçkiləri qazanır və öz iqtisadi siyasətlərini konsensusla (!) həyata keçirməyə çalışırlar. Onların məqsədləri orta və xırda sahibkarlığı inkişaf etdirmək, monopolist oliqarxların dövlət siyasəti və iqtisadiyyat üzərində təsirlərini aradan qaldırmaq, Avropa Birliyi bürokratiyasının insanların həyatına müdaxiləsini önləməkdən ibarətdir və adını sadaladığım bu partiyaların heç biri özəl mülkiyyət hüququnu ləğv etmək istəməyib. Buna baxmayaraq, yenə də, onlar “siz yumşaq sol deyilsiniz!” “Bizə yumşaq sol lazılmdır!” kimi absurd iddialarla üzləşirlər. Bəs yumşaq solçu necə olmalıdır? Büdcə Kəsirlərini dəstəkləyən, Nursultan Nazarbayevlə kımız içən Fransua Holland kimi? Ümid edirəm ki, artıq “Nicat düşdüyü çevrənin təsəvvürlərinə cavab verməli olur” kimi absurd iddialara cavab verməyimə ehtiyac qalmır. Mənim siyasi iddiam yoxdur və yalnız məntiqimin və əxlaqımın şərtlərinə cavab verməyə çalışıram. Əksinə, Erkin Qədirli və ətrafının çıxışları və bəyanatları isə onların daha ifrat milliyyətçilik yolunda mətinli addımlarla irəlilədiyini göstərir.
Özəl mülkiyyət məsələsinə mən hansı mənanı verməli idim? Qəribədir. Axı, mən özəl mülkiyyətə elə Erkin Qədirlinin verdiyi mənanı verirəm və elə buna görə də Marksist iqtisadi siyasəti doğru hesab edərək özəl mülkiyyətə prinsip olaraq qarşı çıxıram. Mümkündürmü ki, marksist iqtisadi siyasəti həqiqi hesab edən biri özəl mülkiyyətə başqa məna versin? Axı, kapitalizmin ən yaxşı tənqidi elə Marks yoldaşın dediyi kimi, onun bütün fərziyyələrini qəbul edib modellərinin yanlış olduğunu iddia etmək deyilmi? “Korrupsiya özəl mülkiyyətin olmamasından doğur” – gülməli iddiadır. O qədər gülməlidir ki, bilmirəm buraya Transparency İnternational-ın “Corruption Perception İndex” listindəki kapitalist ölkələrin korrupsiya reytinqinə görə sıralamasınımı qoyum, yoxsa...yenə də Toni Bleyerdənmi danışım. Üstəlik, “nəyinsə olmaması başqa bir şeylə nəticələnir” formasında səbəb-nəticə əlaqəsi ola bilməz. Hələ bir də, “sağ” və “kapitalizm” anlayışlarını qarışdıran və solçuları “Siz sağçıların yaratdığı facebookda solçuluqla (artıq o solçuluq nədirsə) məşğul olursunuz” deyən tiplər var. Adam “sağ” anlayışı ilə kapitalizm anlayışının fərqini belə bilmir, gəlib müzakirəyə qoşulmağa özündə cəsarət də tapır. Yəni, dəvə ilə flamasteri müqayisə eləyəcək qədər kateqoriyaları qarışdırıb. Halbuki, iki dənə kitab oxusaydı özünü gülməli vəziyyətə salmazdı.
Erkin Qədirli yazısında bir neçə məsələni bilərəkdən başqa cür fərz edir. Yəni, tarixi təhrif edir.
Birinci təhrif, 20-ci əsrin əvvəllərində sosial demokratla bugünkü sosial demokrat arasındakı ideoloji və siyasət fərqini görməməkdir. 1918-ci ilin Sosial Demokratı 2015-ci ilinsosialistindən daha radikal idi. Menşeviklər demokratik seçkini vacib hesab edirdi və parlamentarizmə inanırdı. Necə oldu ki, ideoloji olaraq Sosial Demokratlardan daha solda dayanan Menşeviklər özlərindən solda olan Bolşeviklərlə düşmən idilər, eyni zamanda, Bolşeviklər özlərini həqiqi sosial demokrat hesab edirdilər, digər sosial demokratları isə oppurtunist? Aydındır ki, bu kateqoriyalara xətti baxmaq mümkün deyil. Məsələn, mən desəm ki, Karl Kautski mənim razılaşdığım fikir adamlarındandır, aman Erkin Qədirli məni radikal hesab etməsin birdən.
İkinci təhrif, “sol” çətirinin altnda onlarla fərqli cərəyanın olduğunu və bəzən bu cərəyanların arasında təbii olaraq ciddi ideoloji və dəyər fərqinin olduğunu görməmək, yaxud görməzdən gəlməkdir. Məsələn, “Hitlerin hakimiyyətə gəlməsində Bolşeviklər ciddi rol oynayıb” iddiasını götürək. Bunu ki, ilk dəfə, Lev Trotski deyib. Yəni, Erkin Qədirli bu cümləni iddia etməklə Stalini onun məhv etdiyi bolşeviklərdən ayıra bilmirmi görəsən? Üstəlik, “Bolşeviklər sosial-demokratları sol adına ləkə hesab edirdilər” məsələsi axı Hitlerin hakimiyyətə yolunun açılmasından təxminən 15 il əvvəlin söhbətidir, yox? Bu o zaman aktual idi ki, Bolşeviklər inqilabdan əvvəl Avropada Sosial Demokrat partiyaları ilə qızğın debatlarda Sosial Demokratların əslində kapitalizmi ləğv etmək deyil, onun ömrünü daha da uzatmağa xidmət etməkdə ittiham edirdilər. Ona görə də, Lenin Almaniya, Fransa, Avstriya Sos-Demlərinə “Oportunist” deyirdi, yəni, onları inqilab imkanı olduğu halda dəyərlərini siyasi ambisiyalarına qurban verməkdə itiham edirdi. 1933-cü ildə belə bir qarşıdurma aktual deyildi. Alman sosial demokratları ilə alman bolşeviklərinin koalisiyasına gəldikdə, alman sosial demokratları cəmi 10 il əvvəl rəhbərlərini və sol düşərgənin ən əhəmiyyətli iki fikir adamını güllələdiyi bolşeviklərlə koalisiyaya girməyə hazır idimi? Stalin-Trotskizm münaqişəsini kontekstdən çıxarmaq, təbii ki, Erkin Qədirliyə tənqidini formalaşdırmaqda sərf edir. Təəssüf ki, Erkin Qədirli özünün başqalarını hər zaman ittiham etdiyi –kontekstdən çıxarmaq tendensiyası bütün yazı boyu səngimək bilmir.
Üçüncü təhrif, Marksistlərin Kapitalistləri tamahkar, simic, xəsis(“greedy”) olmaqda ittiham etmək məsələsidir. Bilmirəm bu məlumatsızlıqdan qaynaqlanır, yoxsa yüngülvari “provokasiyadır.” Das Kapital əsəsrinin “ilk paraqrafında” oxumaq olar ki, Kapitalizmin tamahkarlıqla heç bir əlaqəsi yoxdur. Tamahkarlıq fərziyyəsi məhz liberal və neoliberal nəzəriyyələrin fərziyyəsidir – tamahı bazar vasitəsilə sağlam rəqabətə çevirək deyə. Marksizmin belə bir fərziyyəsi yoxdur. Marksizmə görə tamahkarlıq insan təbiətində yoxdur və kapitalizmin problemi də tamahkarlıqla bağlı deyil. Düşünün, əgər Markzim “Kapitalizm ona görə pisdir ki, bankirlər tamahkardır” desə idi, bu zaman bankirləri tamahkar olmayan insanlarla əvəz edərək kapitalizmi dhaa yaxşı etmək olardı.
Erkin Qədirlinin yazdığı hər bir məsələyə cavab vermək uzunçuluq yaradacaq, xüsusilə nəzərə alsaq ki, burada birbaşa sol-sağ mövzularının müzakirəsi deyil, yanaşma müzakirəsi gedir. Buna baxmayaraq, aşağıda onlara qısamünasibət bildirmişəm:
- Sovet Hökumətinin iqtisadi planlama sisteminin müzakirəsi barədə geniş ədəbiyyat var. Koase teoremi arqumenti planlı iqtisadiyyata qarşı çox zəifdir. Hətta iqtisadi məktəblər arasında, xüsusən də sağ libertarian məktəb bu teoremi ciddi əsaslarda rədd edir. Bu teorem “İqtisadiyyata Giriş” kitablarında sadəcə olaraq hökumətin müdaxiləsi olmadan kənar neqativ təsirlərin (externatilities) iki bazar subyekti arasında həll olunması kimi müzakirə olunur. Planlı iqtisadiyyatın ən tutarlı tənqidi isə L.V. Misesin iqtisadi hesablama debatında səsləndirdiyi arqumentlər idi. Bu isə, başa müzakirənin mövzusudur.
- Bugün “sol” partiyalar özəl mülkiyyəti ləğv etmək iddiasında deyil. Əgər belə bir iddiada olarlarsa, bu zaman onlar ümumiyyətlə parlamentarizmi və demokatik seçkini qəbul etməyəcəklər. Ona görə də, tairxən özəl mülkiyyəti qəbul etməyən kommunist partiyalarının demokratik seçkilərdə iştirak etməsi formal xarakter daşıyıb – o zaman iştirak ediblər ki, onlar parlamentarizmi güc yolu ilə dəyişmək imkanına sahib deyildilər. Belə bir imkana sahib olan kommunist partiyaları zatən demokratik sistemi ciddiyə almayacaqlar, ona görə də, bu arqument əsassızdır. Yəni, kommunist partiyasının demokratik seçkidə iştirakı strateji məsələdir, ideoloji prinsip deyil. Parlamentarizmi və onun əsasında dayanan “əksəriyyətin seçimi vacibdir” prinsipinin asanlıqla saymamazlığa qoyulacağına inanmayan sol partiyalar isə, dəfələrlə bu seçkilərdə iştirak etmiş və dəfələrlə də qalib gəlmişlər. Məsələn, elə yanvarda Syrizanın qalib gəlməsi, yaxud Cənubi Amerikadan onlarla oxşar misal gətirmək olar. Üstəlik, demokratik seçki sisteminə etinasız yanaşan sağ partiyalar tarixdə kifayət qədərdir. Ona görə də, bu müzakirənin sol-sağ debatına elə də aidiyyatı olmadığını düşünürəm.
- Özünü hansısa formada marksist fikir məktəbinə aid edən birini iqtisadiyyatın “cinsiyyətsiz” olduğuna inanmaqda ittiham etmək gülməlidir. Sadəcə Rosa Lüksenburqun yazılarını oxumaq və marksist feminizm hərəkatının tarixi tezislərinə nəzər salmaq bunun nə qədər gülməli olduğunu göstərə bilər. Qadınların cəmiyyətdə roluna – təbiət belədir, biz nə edək? – kimi yanaşma yalnız bir patriarxat milliyyətçidən gözlənilərdi. Düşünürəm ki, sivil dünya artıq bu arqumentləri XIX əsrdə həll edib bitirib. Bu kimi determinist (hərçənd Erkin Qədirli özünün determinist olmadığını tez-tez vurğulayır) yanaşma II Dünya Müharibəsindən sonra yaradılmış sosial rifah sistemlərində aparılmış islahatlar nəticəsində öz mahiyyətini itirib. Bikini və modelyer söhbəti isə çox qeyri-ciddidir. İddianın qeyri-ciddilik dərəcəsinə baxın siz: “pul kişilərdə olduğu üçün (təklif), iqtisadiyyatda və həyatın başqa sahələrində müvafiq tələb yaranır və qadınlar həmişə bu tələbə uyğunlaşmağa çalışırlar.” İqtisadi tələb-təklif qanunun başı üstə çevrilməsi bir tərəfə, bu cümlədən heç cür “həyat daha mürəkkəbdir” nəticəsinə gəlmək mümkün deyil.
- Eynilə, iqtisadçılar digər bütün elm adamları kimi müəyyən fərziyyələrlə işləyirlər. Onlar arasında yalnız bir qrup “insanlar rasionaldır” fərziyyəsini əsas tutur və bunu əsas tutanların bir qrupu riyazi modellərlə işləyir (hər halda, riyazi modellərin iqtisadi nəzəriyyələrin formalaşmasında rolunu inkar etməyəcəyik). O ki qaldı digər “mif”-lərə, bunların hər biri iqtisadiyyatda geniş müzakirə mövzusudur, onlara aid tomlarla kitablar yazılıb və bu fərziyyələrin hər biri kifayət qədər tənqid edilib. Xüsusilə Marksist iqtisadçılar bazarın azad olduğunu və risklərə nəzarət etməyin mümkün olduğunu iddia edə bilməzlər. Marksist bir kənara, Keynezin bütün nəzəriyyəsi bazarın azad olmaması və risklərin idarə olunmasının mümkünsüzlüyü üzərində qurulmurmu? Qısası, “iqtisadçılar” deyə bütün iqtsisadiyyatla məşğul olan adamları eyni kateqoriyaya aid etmək və sanki iqtisadçıların bu tənqidlərdən xəbərləri yoxmuş kimi davranmaq nəyə lazımdır?Əksinə, liberal iqtsiadi siyasətin kəskin dəstəkləyicisi olan Erkin Qədirlinin bu arqumentlərdən öz xeyrinə istifadə etməsi maraqlı fenomendir. Çünki, bu arqumentlər məhz sol təfəkkürlü insanlar tərəfindən neoliberal siyasətə qarşı işlədilir.
- “Kapitalizmə qədər iqtisadiyyat ehtiyacların ödənilməsi üzərində qurulurdu. Kapitalizm yaranandan sonra istəklər ehtiyacları üstələməyə başladı.” Xeyr. Belə bir klassifikasiya doğru deyil. İstəklər vs. Ehtiyaclar qarşıdurması deyə bir şey yoxdur. Problem sistem problemidirsə, “istək”kimi kateqoriyalar kapitalizmdə, eləcə də ondan əvvəlki iqtisadi sistemlərdə rol oynamır. Eləcə də, tamah, xəsislik kapitalizmin inkişafında rol oynamır.
- Marksın “Əmtəə-Pul-Əmtəə” məsələsini isə anlamadım. Necə yəni ehtiyaclar və istəklər? Bu düstur bir tərəfdən Marksın inkişaf etdirdiyi əmək-dəyər nəzəriyyəsi, digər tərəfdən isə özünün irəli sürdüyü pulun tarixən rolu və mənşəyi nəzəriyyələrindən doğur. Pulun pul üçün istənilməsi də “pul-əmtəə-pul” düsturundan deyil, kapitalist istehsal sisteminin rəqabətdən dolayı yaratdığı ziddiyyətlərdən doğur. Pul-Əmtəə-Pul Marksın “Kapital”-ının ilk fəsillərində sadəcə olaraq pulun əmtəəyə və əmtəənin pula necə çevrilməsini izah etmək üçün istifadə edilir, ticarətin və istehsalatın formalarını müəyyənləşdirmək üçün “identity” rolunu oynayır. Bu düsturun əmtəə-əmtəə, pul-pul. əmtəə-pul, pul-əmtəə və s. variyasiyaları var və bu makroiqtisadiyyatda ÜDM düsturuna oxşar bir düsturdur.
- Qreşem Qanunu barədə Erkin Qədirlinin paylaşdığı mənbədəki məqaləni oxudum. Münasibətimi “cığallıq” adlandıracağını bilsəm də, münasibət bildirirəm. Bugün istənilən nəzəriyyə, fakt, fenomen haqqında elmi araşdırma tapmaq mümkündür. Məsələn, “yadplanetlilər tərəfindən oğurlandığını düşünən insanlar yadplanetlilər tərəfindən həqiqətən də oğurlanıblar” kimi ciddi akademik araşdırmaya əsaslanan yazılar var. Doğrudur, mən relativist deyiləm, amma Erkinin xeyrinə hesab edirəm ki, bu akademik araşdırmaların hansının “həqiqi” hansının “yalan” olduğunu iddia etmək çətindir. Həmçinin, özüm tələb etdiyim üçün, Erkin Qədirlinin paylaşdığı Qreşem Qanunun siyasi sferaya tədbiqini araşdıran məqaləni kateqorik inkar edə bilmərəm. Buna baxmayaraq məqaləninin “ifadə azadlığının məhdudlaşdırılması dəyərli söz sahiblərini dövriyyədən çıxardır və dəyərsiz söz sahiblərini dövriyyədə çoxaldır” cümləsinə aidiyyatı yoxdur. Məqalə iddia edir ki, istənilən demokratik cəmiyyətdə informasiyanın fərdlər üçün qeyri-bərabər paylanması(assimmetriyası) səbəbindən seçicilərin dürüst siyasətçini dəyərləndirmək imkanı çox aşağıdır və nəticədə dürüst olmayan siyasətçilər qalib gəlir. Informasiya assimmetriyası ifadə azadlığının səviyyəsindən asılı deyil. Yəni, məqalədəki səbəb-nəticə əlaqəsi ifadə azadlığının mövcudluğunu fərz edir. Digər bir məqalənin (Mcguire, M; Afzar, O. The Natural Economic Advantage of Dictatorship over Democracy: A “Gresham’s Law of Governance” International Tax and Public Finance, v.9, issue 4, 451-463; 08.2002)gəldiyi nəticələr isə, Erkin Qədirlinin iddialarına daha yaxındır. Amma, nəticəsi Erkin Qədirlinin iddiasının əleyhinə işləyir. Təəssüf ki, daha detallı müzakirəyə vaxt yoxdur.
- Sonda, o hansı dəyərdir ki, kommunistlər gəlib onu məhv etdilər? Bəylərin-xanların hansı dəyələri var idi ki, onların təbii inkişafı fərqli nəticələr törədəcəkdi? Əgər Erkin Qədirli iddia edirsə ki, Azərbaycan kommunistlər tərəfindən işğal olunmasa idi, bugünkü Çexiya olacaqdı, deməli bunun əksini də ehtimal etməlidir. Bəlkə, Tacikistan, Türkmənistan, Əfqanıstan olacaq idi? Silki cəmiyyət ərəb ölkələrində, Türkiyənin şərqində, Əfqanıstanda yox oldumu? Niyə yox olmadı öz ətaləti ilə? Əgər Erkin Qədirli deyirsə ki, bunlar olmayacaqdı, deməli deterministdir. “Pul azad dövriyyədə olanda insanlar arasında sosial məsafəni azaldır və silkləri məhv edir” cümləsi ilə tamamilə razıyam. Yaxşı, Azərbaycan kommunistlər tərəfindən işğal olunmasa idi, pul azad dövriyyədə olacaqdımı? Bəs pul azad dövriyyədə olanda, məsələn ABŞ-dakı kimi, bu zaman hədsiz gəlir bərabərsizliklərinin yaranması yeni, hətta daha pis silklərin yaranmasına gətirib çıxarmırmı? Üstəlik, Azərbaycanın bugün öz ətaləti ilə inkişafı həqiqətən də nəticədə Türkmənistana doğru mətinli addımlarla irəliləməsi təsirini bağışlayır. Bəli, ola bilsin ki, bu məhz Sovetlərin siyasətinin nəticəsidir ki, biz bugün bu istiqamətdə gedirik. O zaman sual yaranır: Sovetlərin işğal etdiyi digər ölkələr arasında bu tendensiyanı yaşamayanlar mövcuddur, onları necə izah edək? Sovet təcrübəsi bizdən tarixən uzaqlaşdıqca niyə Azərbaycan daha demokratik ola bilmir? Keçən dəfə yazdığım kimi, “sovetlər olmasa idi, o zaman belə olardı” iddiasını istənilən istiqamətə yönəltmək olar və burada yüzlərlə faktor rol oynayır. Sovet təcrübəsi bu faktorlardan sadəcə olaraq biridir. Düzü, “milli-mənəvi dəyərlər” və “milli ənənələr” kimi arqumentin bu müzakirədə istifadəsini gözləmirdim.
Erkin Qədirli mənim nəyə inandığımı - prinsip etibarilə və praktik mənada necə bir ideologiyanı dəstəklədiyimi yaxşı bilir. Amma, təkrar etmək zərər olmaz: mən prinsip etibarilə marksistəm. Praktik mənada, mən özümü sosial demokrat hesab edirəm. Heç bir sosial demokrat özəl mülkiyyətin ləğv olunmasını, yaxud demokratik seçkinin əhəmiyyətsizliyini iddia etmir. Ona görə ki, marksist nəzəriyyənin iddiaları nə qədər həqiqət olsa da, doqmatik deyil və “əksəriyyətin seçim hüququ” hətta prinsip etibarilə asanlıqla kənara qoyula bilməz. Nəzəriyyə reallığı tam əks etdirə bilməz və bunun əksini fərz edən sistemlərin, məsələn Sovet Hökumətinin hansı iqtisadi və siyasi çətinliklərlə üzləşdiyini tarixən müşahidə etmişik. Üstəlik, prinsip olaraq özəl mülkiyyətə qarşı olmaq heç də praktik mənada onun ləğvini dəstəkləmək demək deyil. Çünki heç kimin, hətta o insanın mütləq mənada həqiqətin bilicisi olduğunu fərz etsək belə, əksəriyyət üzərində onların yerinə və onların iradəsinin əksinə olan qərarlar verməyə haqqı yoxdur. Yenə də, bu o demək deyil ki, “kommunistlər gəldi bizim kişiliyimizi əlimizdən aldı” kimi əsassız, populist, absurd iddialara göz yumulmalıdır.
Nicat Qarayev
Kultura.az