“Düz yeri bir yupyumuru şey qanır,
Həm də deyir sutkada bir fırlanır,
Ay dolanır, göy dayanır, gün yanır,
Kafirə bax, gör nə bədimandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!"
(Mirzə Ələkbər Sabir)
Səudiyyə Ərəbistanından bir müsəlman din xadimi - əslində orda başqa din xadiminin olması mümkün də deyil - təzəlikcə ərz eləyibdir ki, Yer kürəsi fırlanmır, bunlar hamısı Qərbin yalanlarıdır.
Doğrudan da Avropa və Amerika hər zaman biz şərqliləri, xüsusən müsəlmanları aldadıb var-dövlətlərini əllərindən almağa çalışıbdır. Bizi bir-birimizə qırdıran da onlardır. Misal üçün, Yezid Lənətullah əslən Amerikanın Texas ştatından, Hyuston şəhərindən olmuşdur. Bunlar hamısı risalələrdə, hədislərdə səhih şəkildə yazılıbdır.
Sözüm bunda deyil. Səudiyyəli imamın dərin məzmunlu astronomik kəşfi Qalileyi qəbirdə fırlatmaqla yanaşı Bakıda Qamət Süleymanovu da tərpətmişdir. Sələfilərin bu maraqlı lideri bəyan edib ki, imam doğru buyurur, Yer fırlanmır. Sitat: “Yer kürəsinin fırlanması haqda İslam alimləri deyib ki, fırlanmır. Onlar da Qurandakı bir neçə ayəyə istinad edib. Məsələn, ”Yer üzü sabitdir", “Göydə nə varsa, hamısı üzür” ayələrini misal çəkmək olar. Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda, Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə saata özü gələcək. Alimlərin gəldiyi nəticə budur". Sitatın sonu.
Əslində Qamət müəllimin bu dərin fikirləri məni o qədər də maraqlandırmır. Mən sadəcə yadıma saldım ki, bu adamın cümə moizələri olanda “Montin” tərəfdəki Əbubəkr məscidinə yığışan adamların, türkün sözü, quyruğu 28 maydan yalan olmasın Nərimanov metrosuna qədər uzanırdı. Gör indi o adamların elm, bilik səviyyəsi nə yerdə olubdur.
İkincisi, bəzi yoldaşlar həm imamı, həm Qamət müəllim kimilərini yalançı çıxartmaq üçün fizika elmindən, Yerin atmosferindən-filandan misal gətirirdilər. Hətta daha dərinə gedib yazırdılar ki, a kişi, atmosfer də Yerlə fırlanır, sən havaya qalxanda atmosfer yerində qalsaydı külək hər yerini dağıdardı. Məncə bu sonuncular - elmi izahat verənlər lap səfeh adamlar idilər. Ona görə yox ki, ərəb imama və Qamət müəllimə baş qoşmuşdular. Yox. Səbəb başqadır.
Səbəb odur ki, hər kəsin istədiyi elmə inanmaq hüququ vardır. İstəsən lap Yer kürəsinin üç öküzün buynuzunda, həmin öküzlərin də tısbağanın belində dayandığına inana bilərsən. Bunun başqalarına qəti dəxli yoxdur. Ona qalsa 20 ildir bizim orta məktəblərdə “YAP gəldi, Azərbaycan bəladan qurtuldu, yurdumuza Günəş doğdu” məzmunlu dərslər keçilir. Nəsə deyə, etiraz edə bilirsən? Beş-on nəfər etirazçı vardı, onların da yarısını türməyə saldılar, yarısı qaçıb qurtardı.
Üstəlik, dünyanın işlərinə bir az da milli bucağımızdan baxanda görürsən dindarlar doğru buyurur. Yer fırlansaydı bizdə də gecə gündüzlə əvəz olunardı. Ancaq 24 saat qaranlıqda bayquş kimi ulaşırıq.
Bunlar öz yerində. Ancaq Qamət müəllimin “Əgər Yer fırlansa Amerika özü sənin yanına gələrdi” cümləsində ciddi siyasi yanlışlıq var, “hesab edirəm” (Müsavat başqanı demişkən) hökumət buna qarşı tədbir görməlidir. Çünki Amerika nəinki bizim yanımıza gəlir, hətta analoqu olmayan xarici siyasətimizin donunun ətəyindən öpür! Azərbaycan mayası nur, qayəsi nur, hər daşından alov dilli ox olar-filan... Şair demişkən. Keçən həftə deputatxanada beş-on nəfər yapist yığışıb ABŞ-ı mələtdilər, bundan sonra amerikalılar Bakıya həm səfir, həm də xarici işlər nazirlərinin müavininin köməkçisinin katibəsini göndərdilər. Əfqanıstanda bin Ladeni biz satmasaq, bəlkə indiyəcən sağ idi. ABŞ həmişə bizim ayağımıza gəlməyə məhkumdur.
Qamət müəllim yaxşı olar misalı gələn dəfə Yaponiyadan çəksin. Amerikanı sındırmışıq.
Qaldı mənim bu fırlanma mövzusuna şəxsi movqeyim, onu başlıqda yazmışam.
Zamin HACI
Musavat.com